22 Aprel 2025

Çərşənbə axşamı, 14:37

MÜHARİBƏDƏN SÜLHƏ VƏ ƏKSİNƏ

Qəzza zolağında atəşkəs razılaşmasının elan olunmasından dərhal sonra İsrail İordan çayının qərb sahilində antiterror əməliyyatına başladığını bəyan edib

Müəllif:

01.02.2025

Ağ Evdə demokrat administrasiyasının səlahiyyət müddətinin bitməsinə bir neçə gün qalmış HƏMAS ilə İsrail müharibənin dayandırılması və girovların azad olunması haqda razılığa gəldiklərini bəyan ediblər. O anda çoxları dərindən nəfəs alaraq, regionu bürümüş dəhşətin, nəhayət, geridə qaldığını düşünsə də…

 

Administrasiyaların rəqabəti şəraitində

Razılaşmanın əldə olunması ilə həmin vaxt hələ ABŞ Prezidenti olan Co Bayden ilə bu posta yeni seçilmiş Donald Tramp bu nailiyyəti öz aktivlərinə yazmağa çalışıblar. Onların hər ikisi təxminən ilyarım davam etmiş və on minlərlə insanın həyatına son qoymuş müharibənin dayandırılmasında öz rolunu qabartmaq üçün əllərindən gələni ediblər. İsrailin baş naziri Binyamin Netanyahu isə intriqanın daha da dərinləşməsini istəməyərək, dəstəyə görə hər iki liderə təşəkkürünü bildirib.

Amma regionda baş verənləri çox dərindən izləməyənlər belə, razılaşmanın əldə olunmasında həlledici rolu Trampın oynadığını düşünür. Onun Netanyahuya müstəsna təsir imkanlarının, tərəflər arasında illərə söykənən yaxın münasibətlərin olduğunu nəzərə alsaq, belə qənaətə gəlmək olar ki, Tramp amili olmadan müharibəni dayandırmaq, çətin ki, baş tutardı.

«Atəşkəsə dair bu tarixi atəşkəs razılaşmasına yalnız bizim noyabrda əldə etdiyimiz qələbə sayəsində nail oluna bilərdi. Belə ki, bu qələbə dünyaya mənim administrasiyamın bütün amerikalıların və bizim müttəfiqlərimizin təhlükəsizliyinin təmini üçün sülhə, dialoqa çalışacağı mesajını verib», - deyə Tramp sosial şəbəkə hesabında yazıb. Prezident qeyd edib ki, onun Yaxın Şərq üzrə yeni xüsusi nümayəndəsi Stiv Vitkoff «Qəzza sektorunun bir daha terrorçu yuvası olmaması üçün İsrail və digər müttəfiqlərimizlə sıx əməkdaşlıq edəcək».

Lakin ədalət naminə qeyd olunmalıdır ki, razılaşmanın əsasını «Bayden planı» təşkil edib. Prezident özü bildirib ki, razılaşma bu planın «dəqiq konturları»na uyğun əldə edilib. Söhbət Baydenin hələ mayın sonlarında irəli sürdüyü plandan gedir. «Bu, yalnız HƏMAS-a inanılmaz təzyiqlərin, regionda Livanda atəşkəsə nail olunması və İranın zəiflədilməsindən sonra yaranmış vəziyyətin deyil, həm də Amerikanın inadkar, ağır diplomatiyasının nəticəsidir», - deyə Bayden bildirib.

Dövlət başçısı sonradan Ağ Evdəki çıxışında deyib ki, ötən dövrdə onun administrasiyası razılaşma ilə bağlı danışıqlar aparıb, Trampın komandasına isə bu planın gələcək icrası həvalə olunub. Bununla Bayden Vitkoffun danışıqlarda tərəfdaş olduğuna eyham vurub: «Son bir neçə həftə ərzində biz bir komanda kimi işləmişik».

Bu, səlahiyyət müddəti başa çatan və yeni administrasiyaların maraqlarının əsasən üst-üstə düşməsi nəticəsində mümkün olub. Bayden ümumilikdə o qədər də məmnunedici olmayan xarici siyasətinin fonunda ortaya hansısa uğur qoya bilmək üçün Qəzzada sülhə nail olmağa çalışırdı. Tramp üçün isə səlahiyyətlərinin icrasına başlayanadək qlobal gərginlik ocaqlarının heç olmasa birinin söndürülməsi vacib idi ki, Ağ Evdə digər belə problemlərlə daha rahat məşğul ola bilsin. Belə şəraitdə onun üçün ən vacib hədəf Ukrayna böhranına son qoyulmasıdır.

 

Barışıq yalnız başlanğıcdır

Lakin barışıq haqda razılaşmanın əldə olunması, əlbəttə ki, kifayət deyil. Bayden planının ikinci və yəqin ki, daha önəmli hissəsi Qəzzanın bərpası və idarə olunması ilə bağlıdır. Bu məsələlərin həllinə daha çox vaxt tələb olunur – aylar, bəlkə də illər. Planın bu hissəsinin həyata keçirilməsi isə tam şəkildə Donald Tramp administrasiyasının üzərinə düşür. Hər bir halda, bir neçə mərhələdən ibarət razılaşmanın qarantı Birləşmiş Ştatlardır.

Bu gün narahatlıq yaradan məqamlardan biri razılaşmanın pozulması riski ilə yanaşı, yeni administrasiyanın Qəzza üçün son bir il ərzində hazırlanmış postmüharibə planını ləğv edə biləcəyilə bağlıdır.

Planın ilk hissəsi özü üç mərhələdən ibarətdir. İlk mərhələ 6 həftə davam etməlidir və o özündə atəşin dayandırılmasını, İsrail qoşunlarının bölgədən çıxarılmasına, girovların azad olunmasına start verilməsini nəzərdə tutur. İkinci mərhələdə girovlar azad olunması və İsrail hərbçilərinin bölgədən çıxarılması prosesi başa çatdırılmalı, regionda dayanıqlı sülh təmin edilməlidir. Üçüncü mərhələdə isə öldürülmüş girovların cəsədləri yaxınlarına qaytarılmalı, sektorun bərpasına başlanılmalıdır.

ABŞ-nin artıq sabiq dövlət katibi Entoni Blinkenin təqdim etdiyi plan ümumilikdə Fələstin administrasiyası ilə əməkdaşlıq üçün Qəzzada və İordan çayının qərb sahilində beynəlxalq mövcudluğu, sektorun idarə edilməsi və bərpasında yerli administrasiyaya yardım göstərilməsini nəzərdə tutur. Planda İsrailin təhlükəsizliyinin təmini üçün ərazidə müvəqqəti olaraq xarici təhlükəsizlik qüvvələrinin yerləşdirilməsi də əksini tapıb.

Xatırladaq ki, demokratların administrasiyası elə öz partiyalarının daxilindəki fələstinpərəst qrupların ciddi təzyiqi ilə üz-üzə qalmışdı. Onlar Vaşinqtonun İsrailə silah tədarükünə embarqo qoymasını tələb edirdilər. Lakin ABŞ-nin Təl-Əvivlə bağlı siyasəti ümumilikdə dəyişməz qalıb. Entoni Blinkenin vida mətbuat konfransı da təsadüfən pozulma həddinə çatmamışdı. Jurnalistlər onun sözünü davamlı olaraq kəsir, Fələstin xalqına qarşı soyqırımında təqsirləndirir, Netanyahuya təslim olmaqda günahlandırırdılar. Bununla yanaşı, Dövlət Departamenti Konqresə İsrailə 8 milyard dollarlıq silah satışına hazırlaşdıqlarını da bildirib.

Demokratlar administrasiyasının vacib nailiyyətlərindən biri də ərəb dövlətlərinin Qəzza müharibəsinə müdaxilə etməməsidir. Baydenin İsrailə silah satışının dayandırılması tələbini rədd etməsi isə saysız-hesabsız fələstinli və livanlının ölümünə, iztirabına yol açsa da, HƏMAS və «Hizbullah»ın ciddi şəkildə zəiflədilməsinə də səbəb olub. Amma bütün bunlar ABŞ-nin artıq keçmiş administrasiyasının vicdanına yazılıb və indi Tramp hər şeyə sıfırdan başlamaq imkanı qazanıb.

 

Yeni qüvvələr nisbəti

Barışıq razılaşmasının əldə olunması, eyni zamanda Türkiyənin regionda rolunun və əhəmiyyətinin nə qədər artdığını da göstərib. Belə ki, HƏMAS danışıqlardan çıxmaq qərarı verdikdə Amerika tərəfi məhz Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana müraciət edərək, onu «HƏMAS-ın danışıqlar masası arxasına qaytarılması, razılaşmanın əldə olunması üçün öz nüfuzundan istifadəyə» çağırmışdı. Bunu ABŞ-nin dövlət katibi Entoni Blinken keçirdiyi mətbuat konfransında açıq şəkildə dilə gətirib.

İsrailin özündə isə barışıq xəbərini böyük şübhə ilə qarşılayıblar. Onu məğlubiyyət adlandıranlar belə, var. Hər halda İsrail mediasının böyük hissəsi, həmçinin sağçı düşərgə danışıqların nəticəsini məhz belə qiymətləndirir. İddia olunur ki, İsrail Qəzzada qarşısına qoyduğu hədəflərdən heç birinə nail olmayıb. Hələ müharibədən əvvəl Təl-Əviv, o cümlədən şəxsən Binyamin Netanyahu bildirirdi ki, hədəf HƏMAS-ın tam məhvi və israilli girovların azad edilməsidir. O vaxtdan 15 ay ötür, lakin HƏMAS məhv olmayıb. Entoni Blinken isə bu qruplaşmanı məhv etməyin mümkün olmadığını, HƏMAS-ın gücünü bərpa etdiyini bildirib.

Sonrakı hadisələr göstərib ki, ABŞ-nin yeni prezidentinin inauqurasiyası ərəfəsində barışıq razılaşmasının imzalanması və girovların mübadiləsi istiqamətində ilk addımlar Vaşinqtonun siyasətinin effektivliyini göstərmək üçün atılmış addımlardır. Baş nazir Netanyahu bununla köhnə dostunu dəstəkləmək qərarına gəlib. Tramp inauqurasiya nitqində bu məqama xüsusi diqqət çəkərək bildirib ki, əldə olunmuş razılaşma onun Yaxın Şərqdə savaşa ən qısa zamanda son qoyacağı vədinin nə qədər real olduğunu bir daha təsdiqləyib. Belə ki, razılaşma hələ yeni administrasiya fəaliyyətə başlamamış əldə olunub.

Maraqlıdır ki, Tramp yanvarın 20-də keçirdiyi brifinq zamanı razılaşmanın qorunub saxlanacağına, onun hər üç mərhələsinin reallaşdırılacağına inanıb-inanmadığı haqda suala birmənalı cavab verməyib: «Əmin deyiləm. Bu, bizim müharibəmiz deyil, onların müharibəsidir». Cəmi bir sutka sonra isə İsrailin baş naziri İordan çayının qərb sahilində «Dəmir sədd» adlı antiterror əməliyyatına başladıqlarını bəyan edib və onu təhlükəsizliyin möhkəmləndirilməsi üçün vacib adlandırıb.

Bu addım, güman ki, yəhudi dövlətinin Nazirlər Kabinetindəki qatı sağçıları sakitləşdirmək üçün atılıb. Məsələ ondadır ki, həmin qüvvələr HƏMAS-la razılaşmanın şərtlərini qəbul etmir, hökuməti tərk edə biləcəklərini bildirirlər.

 

Münaqişədən münaqişəyə

İsraillilər yeni əməliyyatın ilk saatlarındaca onlarla fələstinlini saxlayıblar. Əsasən Cenin əyalətində keçirilən hərbi əməliyyatlara ordu hissələri, MAQAV (sərhəd polisi) və Ümumi Təhlükəsizlik Xidməti (ŞABAK) cəlb olunub. Cenin Fələstin Milli Administrasiyasın nəzarətində olan ərazidir. Lakin burada vəziyyətə real olaraq İsrailə düşmən mövqeyi ilə tanınan «Cenin» batalyonu nəzarət edir. Qəzzada barışığın əldə olunması üçün yəhudi dövləti üçün bu batalyonun məhvi ön plana çıxıb. Lakin burada hərbi əməliyyatların aparılması əhəmiyyətli dağıntılara, çoxsaylı insan tələfatına səbəb ola bilər. Bu isə regionda yeni daimi gərginlik ocağının yaranması deməkdir. Artıq çoxları Cenində əməliyyatların asan olmayacağını bildirir.

Netayahunun məqsədi, bəlkə də, elə budur. Beləliklə, o, hökumətinin daha radikal üzvlərinə hərbi aktivlikdən imtina etmək niyyətində olmadığını göstərməyə çalışır. Baş nazir bununla demək istəyir ki, əksinə, yəhudi dövlətinin təhlükəsizliyinə istənilən təhdidlə mübarizə strategiyası bundan sonra da davam edəcək.

İsrail hökumətindəki qatı sağçı siyasətçilər Qəzza sektorunda atəşkəs razılaşmasının imzalanmasına baxmayaraq, nəinki radikal HƏMAS qruplaşmasının tamamilə məhv edilməsini, həm də İsrailə təhdid yaradan bütün digər strukturların darmadağın olunmasını istəyir. Məsələn, atəşkəs razılaşmasının elanından sonra ultrasağçı «Yəhudi gücü» partiyasının lideri, milli təhlükəsizlik naziri İtamar Ben-Qvir hakim koalisiyadan çıxdıqlarını bildirib. Onunla birlikdə irs naziri Amixay Eliyaqu və Neqevanın, Qaqileyanın inkişafı və milli dayanıqlılıq naziri İshak Vasserlauf da postlarını tərk ediblər.

Ben-Qvirin partiyası Knessetdə cəmi 6 mandata sahib olsa da, koalision çoxluq məhz onun nəticəsində əldə edilmişdi: 52 deputata qarşı 68 mandat. İndi hakim koalisiyada yer alan deputatların sayı 62-yə düşüb. Onu legitimliyi itirməkdən cəmi 1 səs ayırır – bunun üçün 61 mandat tələb olunur. Belə bir vəziyyətdə Netanyahu daha radikal müttəfiqlərinin istəyinə etinasız yanaşa bilməz. Onların loyallığına isə yalnız hərbi əməliyyatlarla nail olmaq mümkündür. Əks təqdirdə «Likud» və onun lideri üçün arzuolunmaz nəticələr verə biləcək yeni seçki qaçılmazdır.



MƏSLƏHƏT GÖR:

57