4 Mart 2025

Çərşənbə axşamı, 17:30

«TRAMP 2.0»

Dünya siyasətində yeni dövr başladı?

Müəllif:

01.02.2025

Yanvarda bütün dünyanın diqqəti ABŞ-yə yönəlmişdi. Donald Tramp rəsmən Ağ Evə qayıdaraq, Birləşmiş Ştatların 47-ci prezidenti kimi fəaliyyətə başlayırdı. O, andiçmə mərasimindəki çıxışında Amerika üçün yeni «qızıl əsr» vəd edib. «Məni azadlıqdan da məhrum etmək istədilər, həyatdan da, lakin Allah məni qorudu ki, Amerikanı yenidən qüdrətli dövlətə çevirim», - deyə D.Tramp qeyd edib. Bununla, o, üzərinə «böyük missiya» götürüb.

Oval kabinetin şahidi digər səs-küylü vədlər ilə yanaşı, ölkəsinə «ənənəvi dəyərləri» qaytaracağını, daxili və xarici siyasətdə yeni təməllər atacağını da söyləyib. Xarici siyasət dedikdə isə indi planetlərarası məkan da nəzərdə tutulur. Trampın planları arasında nə az, nə çox – Marsda ABŞ bayrağı ucaltmaq da var.

 

Yeni və köhnə

İnauqurasiya mərasiminə artıq keçmiş prezident və Trampın barışmaz siyasi rəqibi Co Bayden də qatılıb, üstəlik, ənənəyə uyğun olaraq, məzmunu açıqlanmayan vida məktubu da yazıb. Amma görünən odur ki, Tramp onun sözlərinə o qədər də önəm verməyib. Hər halda, sabiq-yeni prezident səlahiyyətlərinin icrasına başlar-başlamaz, sələfinin 78 qərarını ləğv edib. Müşahidəçilər bildirirlər ki, yeni dövlət başçısının qərarlarında kifayət qədər ziddiyyət var və onlar çoxlarını narazı salır.

Aydındır ki, yeni administrasiyanın qərarları qanunverici hakimiyyətin müqaviməti ilə üzləşəcək. Belə ki, məsələn, Sietldən olan federal hakim Con Koenur artıq Trampın ABŞ-də doğulmuş uşaqlara avtomatik vətəndaşlıq verilməsi qərarının ləğvinə dair fərmanına müvəqqəti məhdudiyyət qoyub. O, bu qərarı «qeyri-konstitusion» adlandırıb. Ağ Evin yeni rəhbərinin hüquq müdafiəsi təşkilatlarının etirazları ilə qarşılaşacağına da şübhə yoxdur.

Trampın ləğv etdiyi qərarlar arasında ən önəmliləri süni intellekt, hökumət senzurası, Dövlət Effektivliyi Nazirliyinin əsasnaməsi, Ədiyyə Nazirliyində islahatlar, ölkə iqtisadiyyatında və sənayesində miqyaslı islahatlar, ticarət və vergi sistemində dəyişikliklər, «yaşıl siyasət» və sairlə bağlıdır. Məsələn, ABŞ «Qaz, bala, qaz» prinsipi ilə yenidən neft istehsal edən ölkəyə çevrilmək, ucuz qiymətə enerji daşıyıcıları ixrac etmək niyyətindədir. Vaşinqtonun ÜST və Paris İqlim Sazişindən çıxmaqla bağlı gözlənilən, lakin buna baxmayaraq, çoxlarını şoka salan qərarları da əsasən bu məqamla bağlıdır.

Trampın COVID-19 pandemiyası və səhiyyə sahəsindəki digər qlobal böhranlara münasibətə də etirazı var. O hesab edir ki, ÜST siyasi təsirlərdən çox asılıdır və ümumiyyətlə, amerikalılar digər ölkələrlə müqayisədə bu quruma həddindən artıq çox ödəniş edirlər.

«Yaşıl» kursa gəlincə, D.Tramp onu «israfçılıq» adlandırıb. «Biz insanlara istədikləri avtomobilləri almaq imkanı yaratmağı düşünürük», - deyə o, bildirib.

Yeni prezidentin daha bir şok addımı gender və irqi siyasətlə bağlıdır. O, ABŞ-də yalnız iki cinsin olduğunu rəsmən bəyan edib – kişi və qadın. Dövlət başçısı deyib ki, ölkədə qadınlar arasında keçirilən idman yarışlarına kişilər, orduda isə transgenderlər ola bilməz, transgender əməliyyatları isə bundan sonra Amerikada nadir hadisəyə çevriləcək. Tramp hesab edir ki, keçmişdəki kimi, bundan sonra da əsas ölçü vahidi insanın dərisinin rəngi, cinsi və ya seksual oriyentasiyası deyil, insanın xidmətləri olacaq. Yəni müxtəliflik, bərabərlik və inklüzivlik siyasəti faktiki olaraq ləğv edilir.

 

Birmənalı olmayan siyasət

Trampın artıq təsdiqlədiyi və anonsunu verdiyi önəmli xarici siyasi məsələlər də var. Görünən odur ki, onun Panama kanalına nəzarət, Kanadanın ABŞ ştatlarından birinə çevrilməsi, Danimarkaya məxsus Qrenlandiya adasının satın alınması ilə bağlı inauqurasiya mərasiminədək və ondan sonra səsləndirdiyi bəyanatlar heç də populizm deyilmiş. Ağ Ev sahibi bu niyyətlərində ciddidir. Onların nə qədər real olması başqa mövzudur. ABŞ Prezidentinin bu fikirləri davamlı olaraq təkrarlaması çox şeydən xəbər verir.

ABŞ-nin Meksika ilə sərhədində miqrasiya böhranı ilə əlaqədar fövqəladə vəziyyətin elan olunması ilə bağlı deyilənlər də da bu qəbildən olan bəyanatlardandır. Amerika Prezidenti bildirib ki, Latın Amerikasında fəaliyyətdə olan narkokartellər xarici terror təşkilatları kimi tanınacaq, eyni zamanda Birləşmiş Ştatlarda qeyri-leqal yaşayan insanların ölkədən çıxarılmasına başlanılacaq. Elə bu bəyanatların ardından Kubanın Bayden tərəfindən ləğv edilmiş «terroru maliyyələşdirən ölkə» statusu bərpa olunub. Artıq Meksika körfəzi də rəsmən Amerikanındır. Bütün bunlar isə vahid regionun konturlarını müəyyənləşdirir. Söhbət ABŞ-nin yeni administrasiyasının Vaşinqtonun strateji maraqlar zonası saydığı regiondan gedir. Bəli, hər şey göründüyündən daha ciddidir. Ən azı sözdə.

Dəfələrlə ABŞ-nin əsas strateji rəqibi adlandırılan Çinlə münasibətlərə gəlincə, Trampın ritorikası bir qədər yumşaq xarakter daşımağa başlayıb (Panama kanalı məsələsini, Cənubi Çin dənizində və Tayvanda bitmək bilməyən gərginliyi, eyni zamanda Çin məhsullarına istisnasız yüksək rüsum və əlavə tariflərin tətbiq olunacağına dair davamlı təhdidləri nəzərə almasaq). Donald Tramp ölkəsində Çinin «TikTok» tətbiqinə qoyulmuş qadağanı 75 gün müddətinə təxirə salaraq, Pekinə səfər etməyə hazır olduğunu da bildirib. Bununla yanaşı, o, Tayvanın Amerikanın maraqlarına zidd çip biznesi ilə məşğul olduğunu dilə gətirib.

İndi Çində böyük biznes maraqları olan iş adamı İlon Maska da böyük ümidlər var. O, Trampın Çinə sanki mehriban münasibətinə ciddi dəstək ola bilər. Digər yandan Tramp və onun administrasiyasının bəzi üzvlərinin (xüsusilə Marko Rubio və Mayk Valtsın) Pekinə münasibətini, eyni zamanda Ağ Evin yeni sahibinin impulsivliyini bilən əksər dairələr Vaşinqton-Pekin münasibətlərinin gələcəyi ilə bağlı o qədər də böyük xülyalar qurmur. Məsələn, Britaniyanın ən ciddi analitik mərkəzlərindən sayılan «Chatham House» hesab edir ki, ABŞ Prezidentinin Çinlə bağlı «birmənalı olmayan siyasəti» Tayvan və Cənubi Çin dənizi ətrafında təsadüfi eskalasiya riskini artırır. Onun siyasətinin Pekinin dünya liderliyi iddialarını daha da artırdığı fikri də var.

 

Dünyaya – sülh?

Tramp Yaxın Şərqdə İsrailin müttəfiqi olaraq qalır, Səudiyyə Ərəbistanı ilə strateji tərəfdaşlığa çalışır, həmçinin o, yəqin ki, Qətər qazının tranziti üçün Suriya ərazisindən istifadəyə çalışacaq. İrana münasibətdə onun necə davranacağı isə hələ də dəqiq bəlli deyil. Bəzi dairələr bildirir ki, burada Amerika İrana hərbi zərbələr endirmədən, yeni nüvə razılaşması əldə etməklə keçinə bilər. Bunun hər iki tərəf üçün faydalı olması bu versiyanı daha da gücləndirir. Ümumilikdə isə Ağ Evin yeni sahibi sülhməramlı olacağını, hazırda dünyada gedən müharibələrə son qoyacağını deyir.

Bu gün dünyada davam edən əsas müharibə, təbii ki, Rusiya-Ukrayna savaşıdır. Görünən isə odur ki, bu münaqişə ətrafında gedən geosiyasi oyun dünya düzənini dəyişə bilər. Tramp inauqurasiya mərasimindəki çıxışında Moskva və Kiyevdən danışmasa da, sonradan bu mövzuya qayıdıb. Mediada yer alan məlumatlara görə, əvvəlcə ABŞ və Rusiya prezidentləri arasında telefon danışığı olacaq. Tramp münaqişəni dayandırmaq istəyir, çünki ABŞ büdcəsindən bu münaqişəyə milyardların axmasından narazıdır. Amma eyni zamanda, o, Vladimir Putinə hər hansı güzəştə getmək istəmir və gedə bilməz. Belə bir vəziyyətdə Ağ Ev sahibi rusiyalı həmkarına öz sevimli iqtisadi və maliyyə fəndlərinin köməyilə təzyiq etməyi düşünür – neftin ucuzlaşması, yüksək rüsumlar, Rusiyadan alınan bütün mallara vergi tətbiqi və sanksiyalar. «O, razılaşmaya getməlidir. Düşünürəm ki, o, buna getməməklə Rusiyanı dağıdır», - deyə Tramp bildirib. ABŞ Prezidenti həmkarının onu dinləyəcəyinə ümid edir. Problem ondadır ki, Putin «hər şeydən əvvəl biznesmen deyil».

Bununla yanaşı, mümkün Moskva-Vaşinqton dialoqu ilə bağlı qeyri-müəyyənliklər hələ də çoxdur – Kiyevin mövqeyi və gələcək imkanları, Avropanın prosesə cəlbi səviyyəsi, Çinin iştirakı, danışıqlar üçün mümkün məkan və s. Ən əsası isə müzakirələrin mümkün detalları bəlli deyil. ABŞ Prezidenti Danimarka və Kanada kimi müttəfiqlərinə qarşı faktiki olaraq ərazi iddiası irəli sürürsə, bu, çoxlarını narahat etməlidir və edir. Bütün bunların fonunda isə Tramp İsrail və Misir istisna olmaqla, bütün ölkələrə yardımların 90 gün müddətinə dayandırılması haqda qərar qəbul edib ki, bu da kifayət qədər mənfi qarşılanıb.

D.Trampın xarici siyasətindən danışarkən Dövlət İdarəçiliyinin Effektivliyi Departamentinin rəhbəri, milyarder İlon Maskı yada salmamaq mümkün deyil. O, prezidentdən heç də az nəzərə çarpan və az ziddiyyətli şəxs deyil. Buraya istər onun imkanları (o cümlədən blokçeyn və kriptovalyuta sahəsində, həmçinin yeni administrasiyanın daha ciddi yatırım etməyi düşündüyü süni intellektlə bağlı), istərsə də əməlləri (jestləri daxil) aiddir. Trampın inauqurasiya mərasimindəki çıxışı zamanı Mask insanları nasistlərin salamını xatırladan jestlə salamlayıb və bu, əməlli-başlı müzakirələrə yol açıb. Sonda hər kəs bu qənaətə gəlib ki, bu, Amerika tarixində «Bellami salamı» kimi tanınan jest idi. Amma tərəddüdlər qalır…

Amma əsas məsələ bunda deyil. Jest hər bir halda sadəcə, jestdir. Məsələ Trampla Maskın münasibətlərinin necə inkişaf edəcəyindədir. Hər halda, söhbət iradəsi, iddiaları, fikirləri, əməlləri fərqlənən, ən əsası isə təxminedilməz iki şəxsdən gedir. Onlar zamanla problem yaşamağa başlayacaq, yoxsa əksinə, Mask Trampın gələcək varisidir? Hər halda, prezident Co Baydeni yaşına görə nə qədər tənqid etsə də, özü də gənc deyil…

Beləliklə, Oval kabinetə yeni rəhbərin gəlişi ilə ABŞ-ı və əlbəttə ki, bütünlükdə dünyanı nə gözləyir? Amerikanın Trampın elan etdiyi yenilənmə üçün gücü və resursları varmı? Trampın daha bir prezidentlik dönəmi dünyanın ən nüfuzlu ölkəsinə necə bir miras, necə bir istiqamət vəd edir? O, anti-Bayden qərarları ilə ABŞ dövlətçiliyinin əsas dayaqlarına (daxili, xüsusilə də xarici siyasətdə davamlılıq) artıq zərbə vurub. Başqa sözlə, ABŞ-də hər yeni administrasiya özündən əvvəlkinin işlərinin, qərarlarının üzərindən xətt çəkəcəksə, Vaşinqtona inam qalacaqmı? Yoxsa biz, həqiqətən, beynəlxalq siyasətdə meyarların, prinsiplərin fərqli olacağı dönəmə qədəm qoyuruq?



MƏSLƏHƏT GÖR:

33