
ANKARA BAŞLAYIR VƏ QALİB GƏLİR
Yaxın Şərq və Afrikada Türkiyənin rolunun güclənməsi regional münasibətləri dəyişir
Müəllif: İlqar VƏLİZADƏ
Suriyada Bəşər Əsəd rejiminin çökməsi Türkiyənin nəinki Yaxın Şərqdə, həm də Şimali Afrika və Afrika Buynuzunda mövqelərinin indiyədək görünməmiş həddə güclənməsinə, nüfuzunun son dərəcə artmasına səbəb olub. Bu, şübhəsiz ki, özünü bütünlükdə regional dinamikada göstərəcək, regional münasibətlər sisteminin yenidən formalaşmasına yol açacaq.
Yeni rol
Türkiyə rəhbərliyi faktiki olaraq, 2010-cu illərin əvvəllərindəki uğursuzluğunun əvəzini çıxıb. O zaman «ərəb baharı»nın lap başlanğıcında «Müsəlman qardaşlara» dəstək verən Ankara bu təşkilatın məğlubiyyətə uğraması ilə az qala, regionun aparıcı dövlətlərinin düşməninə çevrilmişdi. Söhbət, ilk növbədə, Misirdən gedir. Ankaranın Qətər böhranında Dohanı dəstəkləməsi isə Türkiyəni regionda daha dərin təcrid vəziyyətinə salmış, Səudiyyə Ərəbistanı və Birləşmiş Əmər Əmirlikləri ilə münasibətlər son dərəcə korlanmışdı.
Sonradan Türkiyə rəhbərliyi «Müsəlman qardaşlar»a dəstək məsələsində sərt mövqeyindən tədricən geri çəkilməyə başlayıb, bu isə onun adları çəkilən dövlətlərlə münasibətlərinin bərpasına imkan verib. Amma qeyd edilənlər son 15 ilin Ankara üçün itirilmiş dövr olduğu anlamına da gəlmir. Bütün bu illər ərzində o, Qətərlə siyasi alyansı möhkəmləndirib, öz hərbi kontingentinin bu yarımadaya yerləşdirilməsinə nail olub. Suriya müxalifətinə dəstək verən Türkiyə bu ölkə ilə sərhədində təhlükəsizlik zolağı yaratmağa nail olub, İraqın şimalındakı kürd muxtariyyəti ilə əlaqələrini gücləndirib, Bərzani hökumətini terrorçu Kürd Fəhlə Partiyası (PKK) ilə mübarizədə öz müttəfiqinə çevirib. Bundan başqa, Livanın BMT tərəfindən tanınan müvəqqəti hökuməti ilə də münasibətləri müttəfiqlik səviyyəsinə qaldırıb.
Ankara ötən illər ərzində Afrika Buynuzunda da əhəmiyyətli nailiyyətlər əldə edib. 2024-cü ilin fevralında Somalinin mərkəzi hökuməti ilə Türkiyə arasında 10 illik müdafiə paktı imzalanıb. Razılaşmaya əsasən bu dövr ərzində Türkiyə Hərbi Dəniz Qüvvələri bir sıra daxili və xarici münaqişələrin iştirakçısı olan bu Afrika ölkəsinin ərazi sularını mühafizə edəcək. Bunadək isə Ankara daxili nifaqlar nəticəsində parçalanmış Somalidə humanitar və infrastruktur layihələrinin icrasına qoşulmuşdu.
Məlumdur ki, Türkiyənin Afrikadakı ən böyük səfirliyi məhz Somalinin paytaxtı Moqadişodadır. Orada əslində hərbi baza olan təlim-tədris mərkəzi də inşa edilib və bu bazada 700-dək kursanta təlim keçirilir. Bundan başqa, Moqadişonun Aden Adde aeroportunu və dəniz limanını Türkiyə şirkətləri idarə edir.
Ankara Afrika Buynuzunda
Ankaranın Moqadişoya müstəsna təsiri Somali ilə Efiopiya arasında qanlı ərazi mübahisəsinin həllinə imkan yaradıb. Bu isə regionda Türkiyənin nüfuzunu daha da artırıb.
Efiopiya Eriteriya ilə çoxillik münaqişənin 2018-ci ildə başa çatması ilə dənizə çıxışdan məhrum olub. Efiopiya hökuməti bu çıxışı qonşu Somalidəki qeyri-sabitlikdən istifadə edərək qaytarmaq qərarına gəlib. 2024-cü ilin əvvəlində Əddis-Əbəbə Berbera limanı vasitəsilə Qırmızı dənizə çıxmağın müqabilində Somalinin bir hissəsi olan tanınmamış Somalilend dövləti ilə münasibət qurub. Moqadişo bu addımı öz suverenliyinə təhdid kimi qiymətləndirərək, cavab addımı atmaq qərarına gəlib – o, Efiopiyanın köhnə düşməni olan Misirlə müqavilə imzalayıb.
Bütün bu aylar ərzində Ankara mövqelərinin güclü olduğu Efiopiya ilə fəal danışıqlar aparıb. Qeyd edək ki, Türkiyə, eyni zamanda bu ölkədə əhəmiyyətinə görə ikinci xarici investordur. Bundan başqa, Ankara Misirlə münasibətlərin tam normallaşması fonunda bu işdə Qahirənin də dəstəyini alıb. Nəticədə, 2024-cü ilin dekabrında «Efiopiya Federativ Demokratik Respublikası ilə Somali Federativ Respublikası arasında Türkiyə Cümhuriyyətinin köməyi ilə Ankara Bəyannaməsi» imzalanıb. Bu, 2024-cü il dekabrın 11-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Somalinin dövlət başçısı Həsən Şeyx Mahmud və Efiopiyanın baş naziri Abiy Əhməd Əli ilə Ankarada keçirdiyi görüş zamanı baş verib. Somali və Efiopiya liderləri o zaman bir-birlərinin suverenliyinə, birliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə hörmətlərini təsdiqləyib, beynəlxalq hüquqda, BMT Nizamnaməsində və Afrika Birliyinin təsis aktında yer alan prinsiplərə sadiqliklərini bildiriblər. Onlar Efiopiyanın Somalinin ərazi bütövlüyünə hörmət etməklə dənizə təhlükəsiz çıxışının potensial faydalarını etiraf ediblər. «Efiopiya ilə Somali həmçinin ikitərəfli qaydada qarşılıqlı faydalı kommersiya razılaşmalarının imzalanması üçün əməkdaşlıq etmək haqda razılığa gəliblər. Buna müvafiq sənədlərin imzalanması, icarə və digər analoji vasitələrlə nail olunacaq, bu isə Efiopiya Federal Demokratik Respublikasının Somali Federativ Respublikasının suveren yurisdiksiyası altında dənizə etibarlı, təhlükəsiz və dayanıqlı çıxışda faydalanmasına imkan yaradacaq. Tərəflər bu hədəflərə nail olmaq üçün 2025-ci il fevralın sonlarından gec olmayaraq, Türkiyənin köməyi ilə texniki danışıqlara başlanılması, müzakirələrin 4 ay ərzində başa çatdırılması və yekun sənədin imzalanması haqda razılığa gəlib», - deyə Bəyannamədə bildirilir.
Bununla yanaşı, tərəflər Türkiyənin dəstəyini alqışlayıb, müəyyənləşdirilmiş öhdəliklərin icrası ilə bağlı yarana biləcək istənilən fikir ayrılığının sülh yolu ilə, dialoq vasitəsilə həll olunacağını bildiriblər.
Görüşün sonunda Ərdoğan deyib ki, bundan sonra Türkiyə, Efiopiya və Somali atılacaq addımlarla bağlı qərarları birlikdə qəbul edəcək, sülhün möhkəmlənməsinə, region xalqlarının rifahına yönəlmiş birgə layihələr həyata keçirəcəklər.
Ankara və yeni hərbi ittifaqlar
Maraqlıdır ki, Somali ilə Efiopiya arasında münaqişənin həlli praktik olaraq, Suriyada Bəşər Əsəd rejiminin devrilməsi ilə eyni vaxta təsadüf edib. Məlum olduğu kimi, orada Əhməd əl-Şaraanın (Culani) rəhbərlik etidiyi keçid hökuməti də Türkiyənin yaxın müttəfiqi sayılır.
Son aylarda Ankaranın nüfuzunu və təsir imkanlarını ciddi şəkildə artırması nəticəsində indi ona sudandaxili vətəndaş münaqişəsinin həllində də moderator kimi baxılır. 2025-ci il yanvarın əvvəlində Sudanın xarici işlər naziri Əli Yusif bildirib ki, Ankaranın təklifi ölkədə 20 ildir davam edən vətəndaş müharibəsinə son qoya bilər.
Ötən ilin dekabrında Ərdoğan Sudan ordusunun Ali Baş Komandanı Abdel Fəttah əl-Burhan ilə telefon danışığında Sudanda «sülh və sabitliyin bərqərar edilməsi» üçün ölkəsinin yardımını təklif edib. Ərdoğan bildirib ki, Ankara bu ölkədəki mübahisələrin həllinə kömək etməyə, «Sudanı xarici investisiyalar üçün əlverişli məkana çevirməyə» hazırdır. Yanvarın 4-də isə Port-Sudanda Türkiyə xarici işlər nazirinin müavini Burhanetdin Duran ilə əl-Burhan arasında görüş olub. Sonuncu «Sudan rəhbərliyinin Türkiyənin təşəbbüsünü alqışladığını» bəyan edib.
Belə bir vəziyyətdə, Sudan münaqişəsində müxalifətçi Çevik Reaksiya Qüvvələrinin tərəfini tutan BƏƏ Yeni il ərəfəsində Ankaranın «bu ölkədə böhrana son qoyulması üçün» göstərdiyi səylərə dəstəyini ifadə edib. «BƏƏ Türkiyə ilə əməkdaşlığa hazırdır və onun Sudanda münaqişəyə son qoyulması, böhranın hərtərəfli həlli yolunun tapılması üçün irəli sürdüyü bütün diplomatik təşəbbüsləri dəstəkləyir», - deyə BƏƏ Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir.
Hələlik konkret nəticəyə gəlmək tez olsa da, güman etmək olar ki, Ankaranın səyləri burada da öz müsbət nəticələrini verəcək.
İstənilən halda, Ankaranın Afrika qitəsinin şərq hissəsində rəqiblərini uğurla sıxışdırmaqda olduğu ortadadır. Suriyada mövqelərini gücləndirməsi bu işdə Türkiyənin özünə inamını daha da artırır. Belə ki, Ankara ilə Suriyanın müvəqqəti hökuməti artıq hərbi əməkdaşlıq və strateji tərəfdaşlıq sahəsində bir neçə əhəmiyyətli razılıq əldə ediblər. Razılaşmanın əhəmiyyətli maddələrindən biri Dəməşqdən şimalda və Hüoms səhrasında iki nəhəng hərbi bazanın inşası ilə bağlıdır. Güman edilir ki, bu bazalardan xüsusilə İsrail Hərbi Hava Qüvvələrinin intensivləşmiş hücumlarının qarşısının alınması məqsədilə müasir hava hücumundan mühafizə sistemlərinin quraşdırılmasında istifadə olunacaq.
Suriyadan Liviyaya
Hesab olunur ki, Suriyanın şimal-şərqinin PKK və Xalq özünümüdafiə dəstələrinin terrorçularından təmizlənməsi əməliyyatının başa çatmasından sonra Türkiyə öz ordusunu İdlibdən çıxaracaq. Bununla da, həmin ərazilərə nəzarət yeni Suriya ordusuna keçəcək. Bu, Suriyanın ərazi bütövlüyünün bərpası istiqamətində atılacaq vacib addım olacaq.
Türkiyənin artan rolundan danışarkən onun Liviyada da mövqelərini gücləndirdiyi vurğulanmalıdır. Regionda yaşanan son hadisələrin də təsiri ilə bu ölkədə köhnə münaqişə yenidən qızışıb. Söhbət Milli Keçid Şurası ilə devrilmiş diktator Müəmmar Qəddafinin tərəfdarları arasında Sirt şəhərində yaşanan qanlı toqquşmalardan gedir. Şura qüvvələri Qəddafinin doğma şəhəri olan Sirtin böyük hissəsinə nəzarəti ələ alıblar. Yeni Liviya hökumətinin dəstələri indi Beni-Valid şəhərinə kütləvi hücuma hazırlaşır. Hazırda bu şəhər də Qəddafi tərəfdarlarının nəzarətindədir. Liviya paytaxtı Tripolidən 400 km cənub-qərbdə yerləşən Beni-Validin ələ keçirilməsinə bundan əvvəl edilmiş cəhdlər ciddi müqavimət nəticəsində baş tutmayıb.
Sirtə gəlincə, o, Liviyada davam edən vətəndaş müharibəsində hər zaman müstəsna rol oynayıb. Bu şəhərin strateji əhəmiyyəti əsasən onun nəhəng «Cufra» aviabazasının 300 kilometrliyində yerləşməsi ilə bağlıdır. Suriyada mövqelərini itirdikdən sonra Afrikada güclənməyə çalışan Moskvanın da bu baza ilə bağlı müəyyən planları var. Bəzi məlumatlara görə, «Cufra»da 14 ədəd «MiQ-29» və «Su24» təyyarəsi var və ona Suriyanın «Hmeymim» aviabazasının əvəzi kimi baxılır.
Belə bir vəziyyətdə Sirt arxasında Ankaranın dayandığı hökumət qüvvələrinin əlinə keçərsə, Moskva «Cufra» ilə bağlı planlarına da yenidən baxmalı olacaq. Bundan başqa, Sirt Liviyadan neft ixracının 60%-nin həyata keçirildiyi «Liviya ayparası»nın açarı da sayılır.
Liviya ilə Suriyanın fərqi ondadır ki, Liviya heç bir halda Yaxın Şərq deyil. O, Şimali Afrikadır. Moskva da burada məsələni hökumət qüvvələri ilə deyil, qiyamçılarla həll etməlidir. Amma Bəşər Əsədi kimi, qiyamçıların da müttəfiqlik məsələsində vahid mövqeyi yoxdur. Haftar Misir, BƏƏ, hətta Fransa ilə dostluğa isti yanaşır. O, yəqin ki, bu məsələdə Suriya liderinin acınacaqlı taleyini də nəzərə almağa çalışır.
MƏSLƏHƏT GÖR: