4 Mart 2025

Çərşənbə axşamı, 17:34

QEYRİ-HƏRBİ İTTİFAQ

Rusiya ilə İran «hərtərəfli strateji tərəfdaşlar»a çevrildilər

Müəllif:

01.02.2025

Rusiya ilə İran arasında yanvarın 17-də Moskvada imzalanmış Hərtərəfli strateji tərəfdaşlıq haqqında Müqavilə ayın ən səs-küylü beynəlxalq hadisələrindən biridir. O, son illərdə, hətta onillikdə bu iki dövlətin yaxınlaşmasının daha bir təsdiqi olub. Amma bu, Moskva ilə Tehran arasında imzalanmış sənədin regional, xüsusilə də beynəlxalq siyasətə mütləq şəkildə ciddi təsir göstərəcəyi anlamına gəlmir.

 

Ümumi maraqlar

Müqavilənin imzalanmasından sonra Rusiya və İran prezidentləri Vladimir Putin ilə Məsud Pezeşkian birgə mətbuat konfransı keçiriblər. Putin bildirib ki, tərəflər «əldə olunanlarla kifayətlənməyərək, münasibətləri keyfiyyətcə yeni səviyyəyə yüksəltmək əzmindədir». Rusiya liderinin sözlərinə görə yeni müqavilənin imzalanması da bundan qaynaqlanır. «Bu sənəd qarşımıza iddialı hədəflər qoyur, siyasət, təhlükəksizlik, ticarət-investisiya, humanitar sahələrdə uzaq perspektiv üçün ikitərəfli əməkdaşlığın dərinləşdirilməsinin oriyentirlərini müəyyənləşdirir», - deyə V.Putin bildirib.

20 il müddətinə imzalanmış və daha sonra 5 illik intervalla davamlı olaraq uzadılması nəzərdə tutulan müqavilənin maddələri, məsələn, birgə hərbi təlimlərin keçirilməsini, öz ərazilərində qarşı tərəfin sabitliyinə və ərazi bütövlüyünə təhdid yaradacaq separatçı hərəkatların baş qaldırmasına imkan verilməməsini, beynəlxalq terrorçuluqla mübarizəni və s. nəzərdə tutur. Birtərəfli məcburetmə tədbirlərindən çəkinməklə bağlı maddəyə ayrıca diqqət çəkmək yerinə düşər. Xatırladaq ki, bu siyasət istər Moskva, istərsə də Tehran tərəfindən beynəlxalq hüquqa zidd addım kimi qiymətləndirilir. Sənəddə bildirilir ki, Rusiya və İran hər hansı üçüncü dövlət tərəfindən onlardan birinə qarşı tətbiq olunmuş və ya olunacaq sanksiyaya qoşulmayacaq. Müqavilənin əsas maddələrindən birində isə deyilir: «Müqaviləni imzalamış tərəflərdən biri təcavüzlə qarşılaşarsa, digəri təcavüzkara hər hansı hərbi və ya digər yardım göstərməyəcək…».

Beləliklə, müqavilə Rusiya ilə İranın Qərbin sanksiyalarına birgə səylərlə müqavimət göstərəcəkləri anlamına gəlir. Bundan başqa, Moskva ilə Tehran üçüncü tərəfin onlardan hər hansına qarşı atacağı hərbi-siyasi addıma dəstək göstərməyəcəklərinə də zəmanət verirlər. Demək, İran Ukrayna savaşında Rusiyaya qarşı çıxmayacaq, Moskva isə ABŞ və İsraillə Yaxın Şərqdə getdikcə qızışan qarşıdurmasında iştirak etməyəcək.

Müqavilədə tərəflərin xüsusilə 2022-ci ilin fevralında Rusiya-Ukrayna müharibəsinin başlamasından sonra tərəflərin hərbi-texniki sahədə bu zamanadək görünməmiş səviyyədə əməkdaşlıq etdiyi faktı da əksini tapıb. Qlobal güc mərkəzləri arasında köhnə dünya düzəninin qorunub saxlanması və ya yenisinin formalaşdırılması uğrunda mübarizənin qızışdığı yeni geosiyasi reallıqda Rusiya ilə İranı Qərbin istər iqtisadi sanksiyaları, istərsə də hərbi-siyasi təzyiqlərinə müqavimət marağı birləşdirir. Məsələ ondadır ki, bu təzyiqlər nəticəsində onlar həyati əhəmiyyətli maraqları olan regionlarda mövqelərini davamlı olaraq itirirlər.

Bəs Rusiya ilə İranın bu ümumi marağı artıq strateji məzmun qazanmış ikitərəfli tərəfdaşlıq münasibətlərini daha yüksək səviyyəyə, hərbi-siyasi sahədə müttəfiqliyə yüksəldəcəkmi?

 

Pezeşkian, Putin və Trampın kölgəsi

Rusiya-İran razılaşmasında qarşılıqlı hərbi yardım və müdafiə haqqında maddə yoxdur. Bu, Moskva ilə Tehranın yaxınlaşmasına strateji müttəfiqliyə aparan yol kimi yanaşmaq imkanı vermir. Məsələn, Rusiya ilə Şimali Koreya arasında imzalanmış eyniadlı sənəddə belə maddə yer alır. V.Putinin Pxenyana 2024-cü il iyunun 19-da etdiyi səfər çərçivəsində imzalanmış sənəddə məsələn, tərəflərdən birinin təcavüzlə qarşılaşacağı təqdirdə digərinin ona yardım göstərməsi öhdəliyi də var. Həmin müqavilədə açıq şəkildə bildirilir ki, «tərəflərdən biri hər hansı dövlətin və ya bir neçə dövlətin silahlı hücumuna məruz qalaraq müharibə şəraiti ilə üzləşərsə, digər tərəf BMT Nizamnaməsinin 51-ci maddəsinə, həmçinin Koreya Xalq Demokratik Respublikası və Rusiya Federasiyasının qanunvericiliyinə uyğun olaraq, ona dərhal bütün vasitələrlə hərbi yardım göstərəcək». Şimali Koreya hərbçiləri Rusiya tərəfdən Ukraynaya qarşı, yəqin ki, məhz bu maddəyə əsasən vuruşurlar.

Rusiya-İran müqaviləsində isə buna bənzər məqam yoxdur. Orada söhbət sadəcə, «qarşılıqlı maraq doğuran bütün sahələrdə münasibətlərin dərinləşdirilməsi və genişləndirilməsi, təhlükəsizlik və müdafiə sahəsində kooperasiyanın möhkəmləndirilməsi»ndən gedir. Buradan belə çıxır ki, tərəflər hərbi sahədə qarşılıqlı silah tədarükü ilə kifayətlənməyi düşünür. Yeri gəlmişkən, onların bu istiqamətdəki addımları artıq dünyada ciddi rezonans yaradıb. Söhbət Rusiyanın İrandan «Şəhid» dronları və Qərbin iddiasına görə, «Fəth-360» ballistik raketləri almasından gedir. Rusiya mətbuatı isə Tehranın «Su-35» qırıcıları və S-400 hava hücumundan müdafiə sistemlərinə diqqət göstərdiyini bildirir. Lakin ikitərəfli müqavilədə qarşılıqlı müdafiə haqda maddənin olmaması yanvarın 17-də imzalanmış müqavilənin məzmununun məhdud olduğu, orada miqyaslı strateji iddiaların əks olunmadığı qənaətinə gəlməyə imkan verir.

Rusiya ekspertləri bildirirlər ki, sənədin hazırlanması zamanı belə «ehtiyatlı» davranış İranda hakimiyyətə Məsud Pezeşkianının islahatçı komandasının gəlişi ilə bağlıdır. Yəni o, Qərb ilə dialoqa meyilli olduğundan, Rusiya ilə münasibətlərin bu prosesə mane olacaq səviyyəyə yüksəlməsini istəmir. Halbuki İranın ötən ilin mayında aviaqəzada dünyasını dəyişmiş sabiq prezidenti, mühafizəkar-klerikal  İbrahim Rəisi (Rusiya ilə strateji tərəfdaşlığa dair müqavilənin təşəbbüskarı məhz o idi) Moskva ilə hərbi sahədə maksimum yaxınlaşmaq istəyirdi.

Daha bir maraqlı məqam: Şimali Koreyadan fərqli olaraq, İran Krımı, həmçinin Moskvanın ələ keçirdiyi digər Ukrayna torpaqlarını Rusiya ərazisi hesab etmir. Bu, 2025-ci il yanvarın 17-də imzalanmış müqavilənin Moskva ilə Tehranın mövqelərinin və maraqlarının tam üst-üstə düşdüyünü göstərən sənəd olmadığını bir daha təsdiqləyir.

Müqavilənin imzalanma vaxtı da çox şeydən xəbər verir. Bu, ABŞ-nin yeni prezidenti Donald Trampın səlahiyyətlərinin icrasına başlamasına bir neçə gün qalmış baş verib. Trampın Rusiya ilə Ukrayna tezliklə sülh əldə etmələri, həmçinin İranın nüvə proqramını dayandırması, Yaxın Şərqdə nüfuzunu tam itirməsi üçün hansı addımları atacağı dəqiq məlum deyil. Sonuncu məqamdan danışarkən Suriyada Əsəd rejiminin devrilməsi və İsrailin hərbi əməliyyatları nəticəsində Livanda iranpərəst «Hizbullah»ın zəiflədilməsi ilə Tehranın bölgədə mövqeyini xeyli itirdiyini də yada salmaq lazımdır. Yəni Trampdan gözləntilər müxtəlifdir. Onun dəfələrlə dilə gətirdiyi kimi, İran ərazisinə önləyici zərbələr endirəcəyini belə, istisna etmirlər. Belə bir vəziyyətdə İranla Rusiya strateji tərəfdaşlığa dair müqavilə imzalamaqla, Ağ Evin yeni administrasiyasının mümkün «sürpriz»ləri qarşısında siyasi-diplomatik mövqelərini gücləndirməyə çalışırlar.

 

Şimal-Cənub və Azərbaycanın rolu

Rusiya-İran müqaviləsində iqtisadi əməkdaşlıq elementləri daha konkret göstərilib. Tərəflər qarşılıqlı maraq doğuran bütün sahələrdə ticarət-iqtisadi əməkdaşlığı dəstəkləmək qərarına gəlib. Məsələn, söhbət üçüncü tərəflərdən asılı olmayan ödəniş infrastrukturunun yaradılmasında əməkdaşlıqdan gedir.

İqtisadi əməkdaşlığın əsas istiqaməti isə enerjidir. Müqavilədə bildirilir ki, Rusiya ilə İran dinc atom sahəsində birgə layihələrdə, o cümlədən nüvə enerjisi obyektlərinin inşasında əməkdaşlıq etməkdə maraqlıdırlar. Burada söhbət İranda Rusiyanın tikdiyi «Büşəhr» AES-in iki yeni blokunun inkişaf etdirilməsi layihəsindən gedir. Putin hesab edir ki, bu AES «İranın enerji təhlükəsizliyinin təmininə böyük töhfə verir».

Müqavilədə əksini tapmış daha bir vacib iqtisadi məqam Azərbaycana da aiddir. Sənəddə Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat kommunikasiya və enerji dəhlizlərinin formalaşdırılmasında əsas bənd kimi göstərilir. Müqaviləyə əsasən, Rusiyadan İrana uzanacaq qaz xətti Azərbaycan ərazisindən keçəcək. Rusiyanın enerji naziri Sergey Sivilev bildirib ki, boru xəttinin marşrutu artıq razılaşdırılıb və hazırda qiymətlə bağlı danışıqlar final mərhələsindədir. Üstəlik, ilkin mərhələdə ildə 2 milyard kubmetr qazın nəql olunacağı boru xəttinin ötürücülük gücünün sonradan 55 milyard kubmetrədək artırılması da razılaşdırılıb.

Daha bir önəmli razılaşma Şimal-Cənub nəqliyyat dəhlizi ilə bağlıdır. Söhbət Rusiyadan Baltik dənizi və Fars körfəzindən keçməklə, Hindistanadək uzanan dəmir yolu marşrutundan gedir. Bu məsələyə münasibət bildirən Vladimir Putin deyib ki, hazırda layihə çərçivəsində İranın Rəşt şəhərindən Azərbaycanın Astara rayonunadək olan dəmir yolu xəttinin tikintisi layihəsi müzakirə edilir.

Maraqlıdır ki, Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Birgə Dövlətlərarası Komissiyanın yanvarın 22-də Tehranda keçirilən 16-cı iclasında İranın yol və şəhərsalma naziri Fərzanə Sadeq Tehran, Bakı və Moskvanın Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin təkmilləşdirilməsinə dair razılığa gəldiklərini açıqlayıb. Söhbət regional və beynəlxalq logistikanı möhkəmləndirəcək əsas marşrutdan gedir. «Rəşt-Astara dəmir yolu bu dəhlizin inkişafında strateji rol oynayır. Bugünkü razılaşma İran, Azərbaycan və Rusiya arasında yük daşımalarında Azərbaycanın vacib bənd rolunu təsdiqləyir. O, nəqliyyat axınlarının optimallaşdırılması, tərəflər arasında əməkdaşlığın möhkəmlənməsi üçün yeni imkanlar açır», - deyə iranlı nazir qeyd edib.

Şimal-Cənub dəhlizinin inkişafına dair müzakirə yanvarın 28-də üç ölənin nəqliyyat nazirləri arasında Moskvada keçirilmiş görüşdə də davam etdirilib. Bütün bu proseslər böyük Avrasiya geosiyasəti və geoiqtisadiyyatında Azərbaycanın artan rolunu göstərir. Moskvada imzalanmış müqavilə ilə bir daha təsdiqini tapmış Rusiya-İran yaxınlaşması isə qlobal gərginliyin getdikcə artdığını göstərməklə yanaşı, həm də regional əməkdaşlığın vacib komponentlərindən biri sayıla bilər.



MƏSLƏHƏT GÖR:

65