
SAĞA DÖNÜŞ?
Miqrasiya böhranı Almaniyada seçki kampaniyasının əsas maddəsi kimi
Müəllif: İrina XALTURİNA
Almaniyada fevralın 23-nə təyin olunmuş növbədənkənar parlament seçkisi kampaniyası ən qızğın dövrünü yaşayır. Artıq siyasi dairələrdə həyəcan pik həddədir. Debatların əsas mövzuları isə miqrasiya siyasətində böhran, iqtisadi vəziyyət və hərbi xərclərdir. Seçicilərin bu məsələlərə yanaşması elədir ki, artıq əvvəlki hakimiyyət sxemləri işləmir. Məhz bu səbəbdən ekspertlərin başdan perspektiv vəd etmədikləri «İşıqfor koalisiyası», nəhayət, dağılıb və özündən sonra çoxsaylı ziddiyyətlər qoyub. Hazırda Avropa İttifaqında və Almaniyanın özündə seçki üçün heç də uğurlu vaxt olmasa da, artıq hər şeyi olduğu kimi saxlamaq mümkünsüzdür. Bununla yanaşı, görünən odur ki, Berlin üçün daxili və xarici siyasətdə effektiv olacaq lazımi reseptlər hələ də tapılmayıb. Məhz bunun nəticəsidir ki, Olaf Şolts təmsil etdiyi Almaniya Sosial-Demokrat Partiyasının (ASDP) özündə belə, şəxsinə münasibətdə şübhələrin, narazılıqların olmasına rəğmən, yenidən kanslerliyə can atır. Sorğularda ilk sırada yer alan mühafizəkarların namizədi, Xristian-Demokrat İttifaqının (XDİ) lideri Fridrix Merts ölkənin siyasi elitasını şoka salan addımlar atır. Qatı sağçı, populist, kimsənin yaxın getmək istəmədiyi «Almaniya üçün alternativ» (AüA) partiyasında isə hesab edirlər ki, bu gün məhz onlar «tarixi zəfər» dövrünü yaşayırlar.
«Əl sıxmağa da layiq olmayanlar»
Seçki kampaniyasının ən səs-küylü qalmaqalı Xristian-Demokrat İttifaqı ilə Xristian-Sosialist İttifaqından ibarət mühafizəkar müxalifətçi blokun (XDİ/XSİ) Bundestaqda miqrasiya siyasətinin sərtləşdirilməsi məsələsini səsverməyə çıxararaq, bu işdə AüA-nın dəstəyinə arxalanması olub. Bu addım faktiki olaraq, AüA-nı siyasi təcriddən çıxarıb və sağçı populistlərin ideyalarına tələbatın yarandığını ortaya qoyub. Eyni zamanda, bu, onların artıq kifayət qədər güc topladıqlarını da göstərib.
Digərləri üçün bunu dərk və qəbul etmək asan olmayıb. Çünki Almaniyada İkinci Dünya müharibəsindən sonra formalaşmış siyasi sistemin vacib elementlərindən biri qatı sağçılarla əməkdaşlıqdan imtinadır. Xatırladaq ki, Almaniya Federal Konstitusiya Müdafiəsi Təşkilatının qərarı ilə AüA sağçı ekstremizmdə şübhəli bilinən təşkilatlardan hesab olunur. Çoxları hesab edirlər ki, belə təşkilatlar ölkənin Konstitusiya quruluşuna təhdiddir.
Beləliklə, bu qalmaqal Mertsin ciddi şəkildə tənqid atəşinə tutulmasına səbəb olub. Vəzifəsini tərk etməyə hazırlaşan kansler Olaf Şolts baş verənləri «bağışlanmaz səhv» adlandırıb, Solçu Partiyanın üzvləri isə vətəndaşları «faşistlərə qarşı barrikadalar qurmağa» çağırıb. Sabiq kansler, Almaniya siyasətinin «anası» Angela Merkel belə, «susqunluğunu pozaraq», tənqidçilərə qoşulub. Amma bu, heç də təəccüblü deyil. Belə ki, əksəriyyətin fikrincə, ölkənin miqrasiya siyasətinin üzləşdiyi hazırkı problem məhz Merkelin 2015-ci ildən yürütdüyü siyasətin nəticəsidir.
Maraqlıdır ki, bütün narazılıqlara rəğmən, AüA-nın fəaliyyətinin qadağan olunması proseduru hələ də işə salınmayıb. Ola bilsin ki, səbəblərdən biri qatı sağçıları «qurban» rolunda göstərməmək, bununla da, onların əlavə dəstək qazanmasına imkan verməmək istəyidir. Partiyadan olan deputat Peter Beringer isə deyir ki, rəqiblər onların seçicilərini «demokratik, azad səsvermə hüququ»ndan məhrum etmək istəyir. Hər halda, sosioloji sorğular göstərir ki, AüA nəinki sağçı-ekstremist düşərgəyə aid təşkilat sayılır, o, həm də ölkənin… ən populyar partiyaları sırasında yer alır. Almanların, təxminən, 20%-i növbədənkənar seçkidə məhz onu dəstəkləməyi düşünür. «Alternativ» artıq praktik olaraq, Bundestaqın bütün torpaq parlamentlərində yer alır. Partiyanın üzvləri ideologiyalarının irqçiliklə əlaqəsini qəti şəkildə rədd edir, partiyada miqrantların və onların nəslindən olan insanların yer aldığını deyirlər. Yeri gəlmişkən, ultrasağçıların tələbləri arasında avrodan imtina, ənənəvi dəyərlərə dəstək, məcburi hərbi xidmətin bərpası kimi məsələlər də var. Bu məsələlərdə isə orta xətt olmur – ya «hə», ya da «yox».
Miqrant «barometr»i
Fridrix Merts qatı sağçılarla əməkdaşlıqdan qaçmaq ənənəsini pozmaq qərarını belə əsaslandırıb ki, o, «Almaniyada insanların təhdid olunmasını, öldürülməsini, şikəst edilməsini sakit müşahidə edə bilmir». Maraqlıdır ki, Mertsin təklifinin məğzi əsasən sağçı populistlərin ideyaları ilə üst-üstə düşür. Bu, xüsusilə Almaniya sərhədlərinə total polis nəzarətinin təşkili (bu, faktiki olaraq, vətəndaşların sərbəst hərəkətini nəzərdə tutan Şengen zonasının əhəmiyyətini sıfra endirir) və qeyri-leqal miqrantların ölkə ərazisinə buraxılmaması (ölkəsindən Almaniyaya giriş üçün viza alanlar istisna olmaqla) haqda təklifə aiddir. Odur ki, bu təşəbbüsün AüA tərəfindən dəstəklənməsi sadəcə, situativ həmrəylikdir. Amma bu belə, çoxlarında ciddi qorxu yaradıb...
Hakim koalisiyanın dağılması və ölkənin növbədənkənar seçkiyə gedəcəyi məlum olduqdan sonra miqrasiya böhranı seçki kampaniyasının əsas mövzusuna çevrilib. Yanvarın 22-də Bavariyanın Aşaffenburq rayonunda Əfqanıstandan olan və siyasi sığınacaq istəyinə rədd caabı verilmiş qaçqının bir kişiyə və 2 yaşlı uşağa hücum çəkməsi ilə vəziyyət daha da qarışıb. Bu, son dövrlərdə Almaniyada miqrantlarla əlaqəli baş vermiş çoxsaylı insidentlərdən yalnız biridir. Söhbət köhnə, çətin, eyni zamanda alman ictimaiyyətini daha da qütbləşdirmək potensialına malik ciddi problemdən gedir. Bundestaqda bu mövzuda baş tutmuş qalmaqallı debatlardan sonra Hamburq, Leypsiq, Bremen, Auqsburq və digər şəhərlərdə minlərlə insan nümayişə çıxıb. Etirazçıların şüarları arasında «Faşistlərlə əməkdaşlıq edənlər bizim müqavimətimizi gözləsin» kimi fikirlərə də rast gəlinir. Bununla yanaşı, bəzi aksiyalarda hədəf yalnız AüA olub. Noy-İzenburqda təxminən 9 min insanın qatıldığı nümayiş buna misaldır. Münxendə isə fevralın 8-də küçəyə artıq 250 min insan çıxıb (təşkilatçılar onların sayının 320 mindən artıq olduğunu bildirir). Eyniməzmunlu etiraz aksiyaları Hannoverdə, Rostokda və digər şəhərlərdə də keçirilib. Nümayişçilər «sağçı ekstremizmə», «nifrət yaradan, demokratik düzənin əsaslarını şübhə altına qoyan insanlar»a etirazlarını bildiriblər. Maraqlıdır ki, aparılan sorğular Almaniya vətəndaşlarının təxminən 60%-nin Bundestaqın miqrantlara qarşı qanun qəbul etməsinə müsbət yanaşdığını göstərir. Kansler Şoltsun başçılıq etdiyi ASDP seçicilərinin ən azı yarısı da belə düşünür (XDİ/XSİ tərəfdarları arasında belə fikirdə olanlar 71%-dir). Əks fikir yalnız «Yaşıllar» (74%) və «Solçular» (78%) arasında müşahidə olunur.
Aydındır ki, bu, yalnız Almaniyanın problemi deyil. Berlinin miqrant böhranına necə yanaşacağı bütünlükdə Avropa İttifaqına təsir göstərəcək. Almaniyanın xarici işlər naziri və «Yaşıllar» partiyasının üzvü Annalena Berbok XDİ/XSİ-nin miqrasiya siyasətilə bağlı planını bu səbəbdən sərt tənqid edir. O, ittifaqı populist şüarlardan imtinaya, Avropa qanunvericiliyinə sadiq qalmağa, tərəfdaşların inamını sarsıtmamaq üçün təkbaşına davranmamağa çağırıb. Nazir düşünür ki, Mertsin yanaşması sərhəddə böhrana yol aça, hətta Polşa ilə Almaniya arasında münaqişəyə səbəb ola bilər.
Belə bir vəziyyətdən ən ağıllı çıxış yolu bəlkə də solçu mühafizəkarların lideri Sara Vaqenknextin variantıdır. O, miqrant siyasəti sahəsində gələcək kursla bağlı referendum keçirilməsini təklif edir. Qəribədir ki, bu, indiyədək başqa siyasətçilərin ağlına gəlməyib. Bəlkə səbəb onların belə səsvermənin mümkün nəticəsindən qorxmalarıdır?
Müharibə və iqtisadiyyat
Almaniyada seçkiqabağı dövrün daha bir vacib mövzusu müdafiə xərcləridir. Ekspertlərin əksəriyyəti Bundesverin ciddi investisiyalara ehtiyac duyduğu qənaətindədir. Onların fikrincə, Almaniya hər hansı xarici hücuma məruz qalarsa, bunun qarşısında cəmi bir neçə gün duruş gətirə bilər. Müdafiə naziri Boris Pistorius hesab edir ki, ölkənin müdafiə qabiliyyətinin dəstəklənməsi üçün silahlı qüvvələrə ildə əlavə 28-30 milyard avro lazımdır. Bəs ordunun müasirləşdirilməsi üçün tələb olunan bu vəsaiti haradan əldə etmək olar? Bu iş elə görülməlidir ki, sosial xərclər azalmasın, ölkə kreditlər götürməli olmasın. Məlum olduğu kimi, Almaniya Silahlı Qüvvələrinin geri qalmaması üçün 2022-ci ildə dövlət vəsaiti hesabına 100 milyard avroluq xüsusi fond yaradıb. Bu proqram 2027-ci ildə başa çatacaq və o zaman Berlin müdafiə büdcəsində 30-40 milyard avroluq defisitlə üzləşmək riski ilə qarşı-qarşıya qalacaq – ölkə NATO-nün ÜDM-in 2%-nin müdafiə xərclərinə yönəldilməsi hədəfinə əməl etməlidir. Bir sözlə, müdafiə qabiliyyətinin gücləndirilməsi məsələsi yalnız almanların deyil, bütünlükdə Avropanın problemidir.
Belə bir vəziyyətdə Almaniyada gedən siyasi mübarizənin daha bir kəskin mövzusu iqtisadi kurs və ölkənin sənayesizləşməsi (istehsalın başqa ölkələrə, ilk növbədə ABŞ-yə daşınması) məsələsidir. Xüsusilə emal sənayesi və Almaniya iqtisadiyyatının əsas sektorlarından olan avtomobil istehsalında problemlər özünü daha ciddi göstərir. 2024-cü ilin nəticələrinə görə Almaniyada ÜDM cəmi 0,2% artıb. Bu il o, 0,4%-ə çata bilər. Perspektivdə isə Almaniyada ÜDM artımının 0,8-0,9% ola biləcəyi bildirilir.Almaniya iqtisadiyyatına əvvəlcə pandemiya mane olub, daha sonra ona enerji böhranı da qoşulub.
Bütün bunlarla yanaşı, Ukrayna müharibəsinin başlamasından bu yana Berlin Kiyevə təxminən 44 milyard avro yardım ayırıb. Bunu Almaniya hökumətinin nümayəndəsi Şteffen Xebeştrayt rəsmən bəyan edib. Burada söhbət yalnız hərbi dəstəkdən yox, həm də maliyyə yardımından, qaçqınların qəbulu və təminatından gedir. Bütün burlar əlbəttə ki, dövlət büdcəsinə əlavə yükdür. Amma ölkə iqtisadiyyatının qiymətləndirilməsində seçki ehtiraslarını kənara qoyaraq sahələrə ayrı-ayrılıqda nəzər saldıqda hər şeyin o qədər də pis olmadığını görmək mümkündür. Məsələn, Almaniyada təyyarə, gəmi, qatar və hərbi texnika istehsalı artıb, əczaçılıq sənayesində vəziyyət çox yaxşıdır. Almaniya iqtisadiyyatındakı problemlərdən danışılarkən faktiki olaraq söhbət daha çox siyasi və lobbi maraqlarından, həmçinin qaçılmaz struktur dəyişikliklərindən gedir. Görünür, ona heç də hamı hazır deyil.
Bununla yanaşı, məsələn, Fransadakı kimi, Almaniyada da siyasi və iqtisadi mənada hər şeyin sabit olmadığı faktdır. Seçicilər isə buna vərdiş etməyib. Yaranmış vəziyyət, əlbəttə ki, həm də son illərdə bütün dünyanı çalxalayan geosiyasi hadisələrlə bağlıdır. Donal Trampın Ağ Evə qayıtması ilə isə bu çalxalanma daha da artmağa başlayıb. Məhz bu reallıqdan irəli gələrək, yanvarın ortalarında Berlində yalnız AüA-ya qarşı deyil, həm də… ABŞ Prezidenti Donald Tramp və onun köməkçisi, sahibkar İlon Maska qarşı kütləvi etiraz aksiyası keçirilib. Maskın AüA-ya dəstək verməsindən Olaf Şolts belə, qəzəblənib. O, bunu Avropa demokratiyası üçün təhlükəli və iyrənc hal adlandırıb.
Sağa dönüş?
Müxtəlif sorğuların nəticələri göstərir ki, Almaniyada XDİ/XSİ-yə seçicilərin təxminən 29-30%-i rəğbət bəsləyir. İkinci yerdə 21-22% ilə AüA gəlir. 15-18% seçicinin dəstəklədiyi ASDP üçüncüdür. «Yaşıllar»ı 12-14, Sol Partiyanı 5, «Sara Vagenknext İttifaqı – Ağıl və ədalət uğrunda» partiyasını 6-8% seçici dəstəkləyir. Azad Demokrat Partiyası isə Bundestaqa düşə bilmir. Yəni xristian-demokratlar çoxluğu qazanır, ASDP isə hakimiyyəti itirir. Müxtəlif məlumatlara görə, ASDP-nin həmsədri Lars Klinqbayl kansler Olaf Şoltsu dəfələrlə hökumət başçısı postuna namizəd olmamağa, Almaniyanın ən populyar siyasətçiləri reytinqinə liderlik edən müdafiə naziri Boris Pistoriusu dəstəkləməyə çağırsa da, Şolts bundan imtina edib. Odur ki, deyəsən, partiyanı həm də ciddi daxili çəkişmələr gözləyir. Belə bir vəziyyətdə almanların üçdə biri Fridrix Mertsin işlək hökumət yarada biləcək «yaxşı» kansler olacağını düşünür.
Mümkün koalisiyalarla bağlı isə bir neçə versiya var. Birincisi, XDİ/XSİ ASDP və ola bilsin ki, «Yaşıllar»la tərəfdaşlıq çərçivəsində hökumətin başına keçir. Bu, Almaniyada onilliklər ərzində sabitliyi təmin etmiş böyük koalisiyaya – ikipartiyalı modelə qayıdış deməkdir.
İkinci variant: XSİ sədri Markus Zyodor «Yaşıllar»la, hətta ASDP ilə belə, koalisiyaya getmək istəmir, bu məsələdə Merts ilə eyni mövqedən çıxış etmir. Bu halda necə deyərlər, günah onun özündə olacaq. Çünki belə olarsa, Mertsin AüA ilə koalisiyaya getməkdən başqa yolu qalmır. Bəlkə də merts miqrasiya ilə bağlı təşəbbüsü zamanı elə bunu düşünüb. Yəni Merts AüA ilə situativ ittifaqa getməyə hazır olduğunu göstərməklə yanaşı, dolayısı ilə partiyasının siyasi çevikliyini də nümayiş etdirməyə çalışıb. Üstəlik, o, bu yolla AüA elektoratının partiyaya yaxın olsa da, radikal, hətta faşist adlanmaq istəməyən hissəsini özünə çəkə bilər.
Üçüncü variant – Merts partiya lideri postunu daha liberal birinə güzəştə gedir, bununla da sosial-demokratlarla koalisiyaya yol açır.
İstənilən halda, görünən odur ki, Almaniyada kompromislərə əsaslanan hökumət koalisiyası qurulmalı olacaq. Bu, ən yaxşı haldır. Hər halda, mühafizəkar partiya olaraq qalan XDİ artıq qatı sağçı əhvala düşməkdən qorxmadığını nümayiş etdirib. Bu isə qatı sağçıların populyarlığının artması fonunda baş verir.
Həqiqətənmi Almaniya sağa dönüş edir? İtaliyada, Macarıstanda, Slovakiyada, Finlandiyada, Niderlandda olduğu kimi. Üstəlik, güman ki, tezliklə Avstriya və Çexiyada da belə dönüş baş verəcək.
Yeri gəlmişkən, fevralın 8-də Madriddə Avropa İttifaqının ultrasağçı partiyalarının mitinqi keçirilib. Mitinqdə onlar Avropa siyasətində köklü dəyişikliklərə çağırışlar ediblər. Aksiyanın «Avropanı yenidən güclü edək» şüarı çox tanış gəlir… Ekspertlər artıq xəbərdarlıq edirlər ki, belə vəziyyətdə solçu düşərgənin müqaviməti labüddür. Almanların çox yüksək qiymətləndirdikləri sabitlik üçün bu qarşıdurma çox pis xəbərdir. Bu, əlbəttə ki, təməl daşlarından birinin Almaniya olduğu Avropa İttifaqı üçün də yaxşı xəbər deyil.
MƏSLƏHƏT GÖR: