
«YUMŞAQ GÜC»ə QARŞI ƏKS-TƏDBİRLƏR
Trampın USAID-in qapadılması qərarı beynəlxalq yardımlara və qlobal əməkdaşlığa necə təsir göstərəcək?
Müəllif: NURANİ
ABŞ Prezidenti Donald Tramp Ağ Evə ikinci rəhbərliyi dönəminin ilk 100 günündəcə rezonans doğuran qərarlarının sayı ilə rekorda doğru gedir. O, vəzifəsinin icrasına başladıqdan dərhal sonra xarici yardımlarla bağlı çoxsaylı əməliyyatların 90 gün müddətinə dondurulması ilə bağlı qərar qəbul edib. İndi isə Tramp Birləşmiş Ştatların başqa ölkələrə yardımlar göstərən ən böyük təşkilatı olan USAID-+i qapadır.
Bəli, USAID fəaliyyətini dayandırıb, əməkdaşlar məcburi məzuniyyətə göndərilib. Hələlik agentliyə formal olaraq dövlət katibi Mark Rubio başçılıq edir. Növbəti addımların nə olacağını isə hələlik ən təcrübəli müşahidəçilər belə, söyləyə bilmir. Aydındır ki, Vaşinqton öz siyasətində ayrı-ayrı ölkələrə humanitar yardımların göstərilməsi alətindən, ümumiyyətlə, imtina etməyəcək. Lakin bu proqramlara yenidən baxılacağı və onların ciddi şəkildə ixtisar olunacağına şübhə yoxdur. USAID kadrlarını gözləyən «sekvestrasiya» da öz yerində.
Azərbaycan Prezidentinin doğrulan proqnozu
Bu gün Bakıda Donald Trampın qərarını şərh edən əksər ekspertlər diqqəti bir məqama çəkirlər: Azərbaycan Prezidenti İlham Əliyev USAID-in buraxılacağını əvvəldən görürdü. O, 2024-cü il dekabrın sonunda Dmitri Kisilyova verdiyi müsahibədə demişdi ki, «burada, bizim ölkəmizdə qrantla qidalananların və qrant verənlərin özlərini ağa kimi apardıqları dövr var idi, amma biz bunun qarşısını aldıq. Ona görə də hər hansı qurumun, istər Azərbaycan və ya xarici olsun, verdiyi istənilən qrant qeydiyyatdan keçməlidir və müvafiq orqanlar icazə verib-verməməyi nəzərdən keçirməlidir». Bundan başqa, İlham Əliyev bildirmişdi ki, «yardım asılılıq yaratmamalıdır. Ona görə də Bayden administrasiyası tarixdə, o cümlədən nə ilə yadda qalacaq? Bir çox məsələ, amma o cümlədən bir göstərici ilə. Bu, yaxadan asılmaqdır. Biz sizə kömək etmək istəyirik. Biz isə deyirik: sağ olun, ehtiyac yoxdur. Onlar təkid edirlər. Bax, onların USAID adlı strukturu var. Yardım etmək istəyir, amma nədənsə bizə lazım olan məsələdə deyil». Kisilyovun «o, Rusiyada qadağan edilib» qeydinə dövlət başçısı belə cavab vermişdi: «Bizdə hələ qadağan edilməyib, amma zənnimcə, Tramp onu qadağan edə bilər».
İndi Vaşinqtondan gələn xəbərlər göstərir ki, Azərbaycan Prezidenti haqlı imiş. Tramp, həqiqətən də, USAID-i bağladı. Bu agentliyin Azərbaycandakı əməkdaşları «gizlənərək» jurnalistlərin suallarını cavablandırmaqdan qaçırlar. Halbuki qurumun Azərbaycandakı fəaliyyəti ilə bağlı sual, həqiqətən, çoxdur. Onlar xüsusilə ona Samanta Pauerin başçılıq etdiyi son illərə aiddir. Bu mənada, USAID-in siyasi təxribatlarla məşğul olan müxtəlif QHT-lərə və digər qrant strukturlarına ayırdığı maliyyəni xatırlatmaq kifayətdir. Amma bir məsələ xüsusi qeyd olunmalıdır – «Vardanyan işi».
«Azərbaycan Nürnberqi» və USAID
Azərbaycanda devrilmiş işğalçı xuntanın keçmiş rəhbərliyi üzərində gedən məhkəmə prosesi yerli mediada, o cümlədən «R+»tərəfindən geniş şəkildə işıqlandırılır. Törətdiyi əməllərə görə bu gün Azərbaycan hakimləri qarşısında cavab verənlərin sırasında keçmiş «Kremlin oliqarxı» Ruban Vardanyan da var. Ona qarşı təcavüzkar müharibə aparma, hakimiyyətin zorla ələ keçirilməsi, terrorçuluğun maliyyələşdirilməsi, qanunsuz silah ticarəti və s. daxil olmaqla, kifayət qədər ciddi ittihamlar irəli sürülüb.
Ruben Vardanyan «Rusiyadakı qızıl dövrü»ndə «Avrora» mükafatı təsis etmişdi. Mükafat «soyqırımıdan sağ çıxa bilmiş», dünyanın yarısını dolaşaraq, ABŞ-də məskunlaşmış, orada isə «Parçalanmış Ermənistan» adlı kitab yazmış Avrora (Arşaluys) Mardiqanyan adlı bir qadının şərəfinə adlandırılıb. Mükafatın rəmzi İrəvanın hərbi sahə də daxil olmaqla, müxtəlif sahələrdə fəal istifadə etdiyi «erməni əbədiliyi nişanı»dır. O, humanitar sahədəki nailiyyətlərə görə sanki «erməni soyqırımından» sağ çıxmış insanların adından» verilir.
2018-ci ildə bu mükafatın seçim komissiyasının heyətinə… Samanta Pauer də daxil edilib. Bu, həm də «Cəhənnəmdən gələn problem: Amerika soyqırımı əsrində» kitabının müəllifi olan Pauerdir. Söhbət, əlbəttə ki, «erməni soyqırımı»ndan gedir.
Bu, artıq maraqlar toqquşması üçün ciddi əsas idi. Məlumdur ki, Vardanyan həm də Rusiya ölçüləri ilə belə, çox nəhəng sayılacaq «pul yuyan» «Troyka Dialoq» investisiya şirkətinin təsisçisi və sahibidir.
Ruben Vardanyanın işğalçı xuntada «dövlət naziri» postu tutmaq üçün Qarabağa köçməsi isə artıq Samanta Pauer üçün yalnız maraq toqquşması deyildi. Amma Co Bayden administrasiyası USAID direktoru ilə təxribatçı oliqarx arasındakı yaxın tərəfdaşlıqda şübhəli heç nə görmürdü. Bu isə təbii ki, Bakının USAID-ə münasibətinə öz təsirini göstərirdi.
Vədəsi yetişmiş qərarın sensasion effekti
Donald Trampın USAID-in buraxıldığını elan etməsi çoxlarını şoka salıb. Məsələ ondadır ki, bu agentlik uzun illərdir Amerikanın «yumşaq güc»ünün az qala əsas aləti sayılırdı. USAID 1961-ci ildə Prezident Con Kennedinin sərəncamı ilə yaradılmışdı. O, özündə xarici yardım proqramları həyata keçirən, həmçinin demokratiya və Amerikanın maraqlarını təşviq edən müxtəlif təşkilat və agentlikləri birləşdirirdi.
USAID kifayət qədər ciddi büdcəyə malik idi. Onun həyata keçirdiyi bütün proqramları, payladığı qrantları izləməyə cəhd belə, olunmurdu. Qurum bir dövrdə Mərkəzi Kəşfiyyat İdarəsi əməkdaşlarının fəaliyyətini «pərdələməkdə» də ittiham olunub. Yeri gəlmişkən, kəşfiyyatda belə «pərdə»lərdən istifadə ənənəvi haldır. Yəni USAID ilə bağlı kəşfiyyatın işini «maskalaması» ilə bağlı qalmaqal yaranardısa belə (məsələn, «Kondor» əməliyyatı, «İran-kontras» fırıldaqçılığı və s. kimi ifşa faktları ortaya çıxardısa), bu, yəqin ki, «normal» qarşılanardı. Amma bu agentlik ətrafındakı qalmaqal tam fərqli oldu. Trampın komandası vergi ödəyicilərinin ödədikləri pulların konkret nəyə xərcləndiyini müəyyənləşdirmək qərarına gəldilər.
Nəticələr inanılmazdır! Ağ Ev USAID-in ən absurd xərc və proqramlarını ictimaiyyətə elan edib. Məlum olub ki, agentlik 2,5 milyon dolları yalnız Serbiyada DEI proqramının («Fərqlilik, bərabərlik və inklüzivlik») irəli çəkilməsinə xərcləyib. İrlandiyada DEI müziklının səhnələşdirilməsinə 70 min, Kolumbiyada transgender operasının oynanmasına isə 47 min dollar ayrılıb. Amerikalı vergi ödəyicilərinin daha 32 min dolları transgenderlərlə bağlı Peruda komiksin nümayişinə yönəldilib. Qvatemalada LGBT fəallarının dəstəklənməsinə və cinsiyyət dəyişikliyi əməliyyatlarına 2 milyon, Misirdə turizmin inkişafına isə 6 milyon dollar xərclənib. Halbuki Misirin turist problemi USAID dəstəyi olmadan da yox idi.
Bu da son deyil. Agentlik «Əfqanıstanda xaşxaş becərilməsi və heroin istehsalına görünməmiş dəstək məqsədilə suvarma kanallarının tikintisi, kənd təsərrüfatı avadanlıqlarının və gübrələrin alınmasına» yüz milyonlarla dollar ayırıb. Bu, əlbəttə ki, «Taliban»ın xeyrinə olan məsələdir. Ağ Ev administrasiyasından bildirirlər ki, «bu siyahını az qala sonsuzadək uzatmaq mümkündür və bütün bunlar onilliklərdir davam edir». İndi Trampın komandası bu vəziyyətə son qoymaq qərarına gəlib.
«Qızım, sənə deyirəm, gəlinim, sən eşit»
USAID ABŞ-də xarici yardımla məşğul olan ən nəhəng təşkilat olsa da, yeganə belə qurum deyil. Bu sahədə işlərin heç də yaxşı olmadığını hələ Trampın seçkini qazanması və İlon Maskı komandasına daxil etməsindən əvvəl də deyirdilər. Tənqid atəşinə tuş gələnlər isə Amerikanın sevimli ailələrindən sayılan qeyri-hökumət təşkilatlarıdır.
Amerikanın Əfqanıstanda iflasa uğradığını yada salaq. ABŞ qoşunlarının bu ölkəni taliblərin ümidinə qoyaraq tərk etməsindən sonra Vaşinqtonda məsələnin araşdırılmasına başlayıb. O zaman Birləşmiş Ştatların müdafiə naziri Robert Geyts son dərəcə maraqlı bəyanatla yadda qalmışdı: «Biz və koalisiyadakı tərəfdaşlarımız, həmçinin qeyri-hökumət təşkilatlarımız Kabildə və bütün ölkə ərazisində hansı inkişaf layihələrinə dəstək verilməli olduğunu əfqanlarla məsləhətləşmədən, müstəqil şəkildə müəyyənləşdirirdilər. Onlarla iş aparılmır, onların nəyə ehtiyacının olduğu soruşulmurdu». Azərbaycandakı vəziyyətə bənzəmirmi?
Amerikanın xarici proqramlarında çox şeyin dəyişməli olduğunu hələ Bayden dövründə dilə gətirirdilər. Dövlət katibi Entoni Blinken deyirdi ki, «biz demokratiyanı bahalı hərbi müdaxilələr və ya avtoritar rejimlərin güc yolu ilə devrilməsi vasitəsilə yaymayacağıq. Keçmişdə buna çalışmışıq və bu, işə yaramayıb. Niyyətlərimiz nə qədər düzgün olsa da, bu, işləməyib. Əksinə, bu səylər «demokratiyanın yayılması» anlayışına ləkə vurub».
Doğrudur, Vaşinqtonun bəyanatları ilə əməlləri arasında ciddi fərq var idi. Amma artıq sabiq dövlət katibinin sözləri göstərir ki, ABŞ siyasi sinfinin xarici yardım siyasətində səliqə-sahman yaratmaq cəhdləri Donald Trampdan əvvəl də olub. Hər halda, onun ikinci prezidentliyinədək. Çünki bir şeyi görməmək mümkün deyildi: Vaşinqtonun bütün ağla gələn və gəlməyən problemləri çözməyə çalışdığı alətlər artıq sadəcə, işləmir.
Bir xoşagəlməz məqam da var. USAID əvvəlcə Amerikanın nüfuzunu yaymaq üçün alət olaraq yaradılıb. Lakin agentliyin ətrafında son illər baş verən silsilə qalmaqallar göstərib ki, Samanta Pauerin rəhbərlik etdiyi bu təşkilat əksinə, Birləşmiş Ştatların mövqelərinə ciddi zərbə vurub. Üstəlik, bu, daha çox Vaşinqtonla əməkdaşlığın əleyhinə olmayan ölkələrdə baş verib. Klassik nümunə kimi, Gürcüstanı göstərmək olar. Məlum olub ki, USAID bu ölkədə seçki üçün 100 milyon dollardan artıq vəsait xərcləyib, lakin bu məbləğ faktiki olaraq, seçkisonrası iğtişaşlara və təxribatlara xərclənib. Bu isə təbii ki, Tbilisinin Bayden administrasiyası ilə əməkdaşlıq həvəsinə öz təsirini göstərib. Halbuki Gürcüstan uzun illərdir ümumilikdə qərbpərəst siyasi kurs yürüdüb və yürüdür.
Uzun illər ərzində Vaşinqtonla Bakı da uğurla əməkdaşlıq edib. Burada da geriləmə Bayden administrasiyasının gəlişi ilə baş verib ki, səbəblər arasında USAID-in fəaliyyəti heç də sonuncu yerdə deyil.
Bütün bunların fonunda Donald Trampın USAID-i buraxmaq qərarı heç də təəccüblü görünməməlidir.
MƏSLƏHƏT GÖR: