
UKRAYNASIZ DANIŞIQLAR?
Ukraynanın yeraltı sərvətləri onun Rusiya ilə münaqişəni ABŞ-nin vasitəçiliyi ilə başa çatdırmasına kömək edəcəkmi?
Müəllif: İlqar VƏLİZADƏ
Ukraynada müharibə və sülhün taleyilə bağlı mümkün danışıqlar ətrafında vəziyyət hələ də dumanlıdır. Vaşinqtonun diplomatik səylərinə baxmayaraq, Donald Trampın müharibənin başa çatacağı müddətlə bağlı sözlərinə skeptik yanaşma var. Belə bir vəziyyət də ABŞ Prezidenti Kiyevə dəstək üçün xərclənən vəsaitlərin qarşılığında Vaşinqtonun bu ölkənin nadir metal ehtiyatlarına sahib çıxmalı olduğuna dair bəyanatla dünyanı şoka salıb. Daha bir şok isə Trampın atəşkəslə bağlı müzakirə üçün Vladimir Putinlə bir neçə dəfə telefonla danışdığı haqda açıqlaması olub.
Vaşinqton Ukraynadan seçki tələb edir
ABŞ Prezidentinin Ukrayna və Rusiya üzrə xüsusi elçisi Kit Kelloq fevralın 1-də bəyan edib ki, Kiyev müharibəyə baxmayaraq, parlament və prezident seçkisinə getməlidir. «Demokratik ölkələrin əksəriyyəti müharibə vaxtı seçki keçirir. Düşünürəm ki, bu, vacibdir. Bunun demokratiyaya faydası var. Şəffaf demokratiyanın gözəlliyi elə bundadır – sizin yarışa qatılacaq bir yox, daha çox namizədiniz var», - deyə «Reuters» agentliyinin məlumatına görə Kolleq bildirib.
Daha əvvəl Rusiya Prezidenti Vladimir Putin demişdi ki, O, Vladimir Zelenski ilə mümkün sülh müqaviləsi imzalamaq fikrində deyil, çünki Ukrayna Konstitusiyasına görə Zelenskinin səlahiyyət müddəti başa çatdığından onu legitim dövlət başçısı saymır.
Görünən odur ki, Vaşinqtonla Moskva arasında Ukrayna müharibəsinə son qoyulması ilə bağlı şərtlərin müəyyənləşdirilməsi istiqamətində danışıqlara artıq start verilib. Təsdiqlənməmiş məlumata görə, ABŞ və Rusiya prezidentləri arasında telefon danışığı da olub.
Vaşinqtonla Moskvanın gələcək razılaşma ətrafında müzakirələrə başladıqlarını, indiki mərhələdə bunu Ukraynanın iştirakı olmadan etmək qərarına gəldiklərini Donald Trampın açıqlaması da təsdiqləyir. Ağ Ev rəhbəri bildirib ki, onun administrasiyası artıq müharibəyə son qoyulması ilə bağlı Rusiya ilə «son dərəcə ciddi» danışıqlar aparır.
Baş verənlərə münasibət bildirən Vladimir Zelenski isə deyib ki, Kiyevin danışıqlardan kənarlaşdırılması «çox təhlükəli»dir. O, komandasının Tramp administrasiyası ilə təmasda olduğunu, lakin bu mühakirələrin «ümumi səviyyədə» aparıldığını söyləyib. Zelenski hesab edir ki, yaxın zamanlarda daha detallı müzakirələrin aparılması üçün şəxsi görüşlər keçiriləcək.
«Sülh partiyası» gündəliyi irəli sürür
Rusiya ilə ABŞ 2021-ci ilin sentyabrında da Ukrayna ilə bağlı Kiyevin iştirakı olmadan danışıqlar aparmışdılar. O zaman Kiyev bunu «görməzliyə» vurmuşdu. Cəmi iki il əvvəl isə hələ sabiq prezident olan Tramp vəziyyətin ağırlaşdığına diqqət çəkərək, bəşəriyyətin Üçüncü Dünya müharibəsinə yaxınlaşdığını bildirmişdi. Həmin vaxt o, faktiki olaraq ölkəsinin Ukraynaya silah tədarükünün məhdudlaşdırılması, Rusiya ilə təmaslara başlanılmasına meyilli olan siyasi isteblişmentinə istinad edirdi. Tramp bununla özünü qlobal nüvə müharibəsi riskinin azaldılmasını vacib sayan qüvvələrlə eyni cəbhədə göstərmək istəyirdi. Sabiq prezident müharibənin dayandırılması üçün Putin ilə münasibətlərini gündəmə gətirməyə çalışırdı.
O zaman bu bəyanat Trampın seçki kampaniyasının bir hissəsi kimi qəbul edilmişdi. O, bununla göstərmək istəyirdi ki, Amerika elitasında nəinki Moskva ilə konstruktiv dialoq təcrübəsi olan, həm də müsbət nəticələrə imza atmış yeganə şəxsdir. Başqa sözlə, Donald Tramp demək istəyirdi ki, təkrar prezident seçiləcəyi təqdirdə Ukraynada savaşı dayandıra biləcək.
Yeni şəraitdə isə Amerika lideri vədlərini yerinə yetirmək iqtidarında olduğunu göstərməyə çalışır. Yeri gəlmişkən, Tramp bu bəyanatı Co Baydenin Kiyevə 2023-cü ildə etdiyi tarixi səfərdən 2 həftə əvvəl səsləndirmişdi.
Mümkün Rusiya-Ukrayna danışıqlarından gözlənilmədən ABŞ-nin Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri general Mark Milli də bəhs etməyə başlayıb. O, «Financial Times» nəşrinə fevralın 16-da verdiyi açıqlamada müharibənin böyük ehtimalla, danışıqlar masası arxasında başa çatacağını söyləyib. «Rusların siyasi məqsədlərinə hərbi yolla çatması praktik olaraq, mümkünsüzdür. Rusiyanın Ukraynanı ələ keçirməyə çalışacağı ehtimalı azdır. Bu, baş verməyəcək», - deyə Milli qeyd edib. O, bunu «həddindən artıq çətin iş» sayır: «Ukrayna rus qoşunlarını işğal olunmuş bütün ərazilərindən qovmalıdır. Demək olmaz ki, bu mümkünsüzdür… Amma çox çətindir. Bunun üçün Rusiya ordusu iflasa uğramalıdır». Amerikalı general məhz bu səbəbdən düşünür ki, tərəflərin hədəflərinə tam nail olması mümkün deyil və müharibə danışıqlarla başa çatdırılmalıdır.
Bu, Amerikanın ali hərbi komandanlıq təmsilçilərinin müharibənin danışıqlarla başa çatacağını söylədiyi ilk hal deyil. 2022-ci ilin noyabrında amerikalı general ukraynalıların Rusiyanın itkilərindən münaqişənin dinc yolla həlli danışıqlarında öz maraqları naminə istifadə etməli olduqlarını söyləməklə, Kiyevin qəzəbinə yol açmışdı. Sonradan o, sözlərinə düzəliş edərək bildirmişdi ki, «Ukrayna Rusiya ilə danışıqlar aparıb-aparmayacağını, necə və nə vaxt aparacağını özü müəyyənləşdirməlidir».
Bununla yanaşı, o, məsələ ilə bağlı yekun mövqeyini dəyişməyib. Üstəlik, Milli hər zaman Donald Trampın qatı tənqidçisi kimi tanınıb. General Milli ABŞ-nin Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri postunu Trampın ilk prezidentliyi dövründə tutub. Amma bu, ötən müddətdə onun dövlət başçısını dəfələrlə tənqid etməsinə, müsahibələrindən birində isə hətta faşist adlandırmasına mane olmayıb. Amma belə mövqe Millinin nəinki vəzifəsini, hətta nüfuzunu da itirməsilə nəticələnib.
Avropaya zəif ümidlər
Söhbət heç də tramppərəst və ya anti-Tramp yanaşmasından getmir. Söhbət yaranmış vəztiyyətin obyektiv qiymətləndirilməsindən gedir. Praqmatik siyasətilə fərqlənən ABŞ Prezidenti Ukraynanın dəstəklənməsinə ayrılan vəsaitə qənaət edilməsini, qlobal eskalasiyanın qarşısının alınmasını vacib sayır. O anlayır ki, bu vəziyyətdə məsələ xərclərin artımı ilə bitməyə, Birləşmiş Ştatların silahlı münaqişəyə cəlbi ilə yekunlaşa bilər.
Ukrayna rəhbərliyinə gəlincə, Trampın münaqişəyə tezliklə son qoymaq niyyəti Kiyev üçün gözlənilməz olmasa da, o, belə iti addımlara hazır deyildi. Belə bir vəziyyətdə Ukrayna liderinin ümidi lap əvvəldən Kiyevə hərbi-siyasi dəstəyin verilməsi kursunu götürmüş, indi də hər şeyə rəğmən, Rusiyaya qarşı hərbi əməliyyatların davam etdirilməsini vacib sayan avropalı müttəfiqlərinə qalır. Brüsselin və Avropanın aparıcı paytaxtlarının münaqişənin sülh yolu ilə həllinə dair planı, yaxud razılaşdırılmış təklifləri yoxdur. Onların hamısı vaxtilə Prezident Zelenskinin sülh planına dəstək ifadə ediblər. Həmin sülh planını artıq heç kim yada salmasa da, rəsmi Kiyev avropalıların fərqli sülh təşəbbüsü ilə də olsa, danışıqlarda iştirakını vacib sayır.
Onların mövcudluğunun nəyisə dəyişəcəyinə ümid etmək çətindir. Lakin belə şəraitdə Kiyev heç olmasa, azlıqda qalmayacaq. Üstəlik, indi Avropa ölkələrinin özləri Vaşinqtonun yalnız iqtisadi deyil, həm də hərbi-siyasi müstəvidə ciddi təzyiqləri ilə üz-üzədirlər. Bu vəziyyətdə onların narahat gözləntiləri getdikcə qərbə doğru yönəlir.
Trampın Qrenlandiya ilə bağlı bəyanatı fonunda Paris Danimarkaya məxsus bu adanın Vaşinqtonun mümkün hücumundan müdafiəsi üçün hətta adaya öz qoşunlarını göndərə biləcəyini deyir. Danimarkanın son zamanlaradək tez-tez Kiyevin qonağı olan, Ukraynaya hər imkanda lazımi dəstək vədi verən baş naziri Mette Fridriksen isə indi özü müttəfiqlərinin dəstəyini axtarır. Necə deyərlər, indi Ukrayna onun yadına düşmür.
Baş verənlər fonunda cəbhədə vəziyyəti təhlil edən NATO bildirir ki, Ukrayna cəbhədə «yanlış istiqamətdə gedir». Bunu Almaniyanın «Bild» nəşrinə müsahibəsində Alyansın baş katibi Mark Ryutte deyib. Aydındır ki, söhbət Rusiyanın Ukraynanın şərqindəki irəliləməsindən gedir. Baş katib bildirib ki, Kiyevin müttəfiqləri Rusiyanın hədəflərinə çatmasına mane olmalıdır. Bununla yanaşı, Ryutte gələcək sülhdən də danışaraq, müvafiq razılaşmanın imzalanmasının dayanıqlı sülhə yol aça biləcəyini söyləyib.
Kiyevin cavabı və Vaşinqtonun reaksiyası
Ukraynada ABŞ-nin Rusiy ailə atəşkəs razılaşmasının ardından seçkinin keçirilməsi çağırışı mənfi qarşılanıb. Ukrayna Prezidentinin kommunikasiya üzrə məsləhətçisi Dmitri Litvin deyib «plan elə bundan ibarətdirsə, bu, iflasdır».
Amma Amerikanın yeni administrasiyasının Ukrayna rəhbərliyinə «sürpriz»ləri bununla bitmir. Belə ki, Donald Tramp ölkəsinin Ukraynaya yardımları bir halda davam etdirə biləcəyini söyləyib: əvəzində, Ukraynanın nadir metal mədənlərindən hasil olunan xammal Birləşmiş Ştatlara tədarük edilməlidir. Prezident Zelenskinin buna cavabı da bir o qədər gözlənilməz olub. Ukraynanın dövlət başçısı bildirib ki, Trampın təklifi onun hələ 2024-cü ilin sentyabrında anonsunu verdiyi «sülh planı»nın tərkib hissəsidir. Zelenski deyib: «Bizim metal ehtiyatlarımız kifayət qədərdir. Görürsünüz ki, Rusiya bizim torpaqlarımızı hələ 2014-cü ildə işğal edib. Orada həqiqətən də böyük həcmdə faydalı qazıntılar var. Biz həmin ehtiyatların bizə toraqlarımızın müdafiəsində yardım göstərəcək tərəfdaşlarımızla birgə işlənməsinə açığıq (…) Bu, tam ədalətlidir. Mən bu haqda hələ sentyabrda, Prezident Tramp ilə Nyu-Yorkda keçirdiyim görüşdə danışmışam». Vladimir Zelenski öz «sülh planı»nı bu cür orijinal yolla yenidən aktuallaşdırmaqla yanaşı, həm də Donald Trampı dolayısı ilə də olsa, Kiyevi dəstəkləməyə çağırıb.
Mümkün sövdələşmənin qarşılığında Ukrayna sülh müqaviləsi danışıqlarının fəal iştirakçısına çevrilə bilər. Üstəlik, Zelenski fürsəti əldən verməyərək, ölkəsinə nüvə silahının verilməsi təklifi ilə də çıxış edib. Britaniyalı jurnalist Mirs Morqana müsahibəsində Zelenski deyib ki, Ukraynanın NATO-ya qoşulmayacağı təqdirdə onun üçün təhlükəsizlik zəmanəti məhz nüvə silahı ola bilər.
Amma görünən odur ki, Vaşinqton Kiyevlə sövdələşmə haqda düşünmür. Ağ Evin Milli Təhlükəsizlik Şurasının mətbuat katibi Brayan Hyuz bildirib ki, Birləşmiş Ştatlar üçünr Ukraynaya yardım məqsədi ilə xərclənmiş və ya xərclənməkdə olan pulun əvəzini əldə etmə vacibdir. O, hazırda bu əvəzləmənin ən yaxşı yollarının müzakirə edildiyini, lakin hələ belə bir qrafikin formalaşdırılmadığını söyləyib.
Tramp isə daha konkret danışır. «Biz Ukraynaya yardım məqsədilə təxminən 300 milyard dollar, Avropa isə 200 milyard dollar az xərcləyib. <...> Bayden heç vaxt onlardan pul tələb etməyib. O, sadəcə pul paylamaqla məşğul olub», - deyə ABŞ Prezidenti qeyd edib. Ağ Ev sahibi hesab edir ki, Avropa Ukraynaya Birləşmiş Ştatlardan daha çox vəsait xərcləməlidir. O, Ukrayna ilə ABŞ-ni okeanın ayırmasına rəğmən, Vaşinqtondan Kiyevə «pul axıtdığını» bildirib: «Avropa ölkələri isə Ukraynaya daha yaxındırlar və demək, onlar üçün Kiyevə yardım göstərilməsi daha vacibdir».
Bu bəyanatı ritorik saymaq, yaxud Ukraynanın sahib olduğu milyardlarla dollar dəyərində nadir metalla bağlı «sövdələşmə»nin bir hissəsi hesab etmək olmaz. Bu, daha çox Vaşinqtonun şərtinə və müasir siyasətin reallığına bənzəyir.
MƏSLƏHƏT GÖR: