
ZƏNGƏZUR DƏHLİZİ VƏ ERMƏNİ OYUNLARI
Nikol Paşinyanın «təşəbbüs»ləri niyə sülh müqaviləsinin ləngidilməsinə yönəlib?
Müəllif: Namiq H. ƏLİYEV
«Biz Azərbaycana konkret təklif vermişik. Orada həm Ermənistanın, həm də Azərbaycanın mövqeyi nəzərə alınır. Biz təklif edirik ki, Qərbi Azərbaycandan (Şərqi Zəngəzur – red.) Naxçıvana və əksinə dəmir yolu daşımaları Ermənistan, Mehri vasitəsilə təşkil olunsun. Çünki Azərbaycanla digər dəmir yolu əlaqəsinin – Tavuşu nəzərdə tuturam – bərpası böyük investisiyalar tələb edir. Amma bu prinsiplə: Yerasxdan Naxçıvan vasitəsilə Mehriyə», - deyə Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanda keçirdiyi mətbuat konfransında bildirib. Bununla yanaşı, o, Bakının bu təklifi qəbul edəcəyinə ümidini dilə gətirib: «Yük daşımaları, əlbəttə ki, bizim ölkəmizin yurisdiksiyasında olmalıdır».
Baş nazirin bu sözləri əldə edilmiş razılaşmaların məğzinə və ruhuna nə qədər uyğundur? Bakı Zəngəzur dəhlizinin müqabilində Naxçıvan vasitəsilə marşruta razılıq verəcəkmi?
Kartlar yenidən qarışır
Birincisi, Ermənistan ərazisi hələ ki, Sovet İttifaqının dağıldığı anda olduğu vəziyyətdə qalır. Mehri ilə Yerasxı sərhəd ayırmır və onlar Ermənistan vasitəsilə birləşir. Belə bir halda yüklərin asanlıqla Ermənistan ərazisi ilə hərəkətinin mümkün olduğu halda onlar niyə Azərbaycan ərazisi ilə daşınmalıdır? Paşinyanı qorxudan nədir? Qərbi Zəngəzur (ermənilər «Sünik» adlandırır) və Göyçədən 1980-ci illərin sonlarında deportasiya olunmuş 300, həmçinin SSRİ Nazirlər Sovetinin «Azərbaycan milliyyətindən olan kolxozçuların və digər azərbaycanlıların Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında» 23 dekabr 1947-ci il tarixli 4083 nömrəli qərarı əsasında, Stalinin imzası ilə 1948-1953-cü illərdə köçürülmüş 100 min azərbaycanlı hələ ki, geri qayıtmayıb. Bununla yanaşı, xatırladaq ki, həmin vaxt azərbaycanlılara qarşı etnik təmizləmə Stalin rejiminə xas qəddarlıqla dövlət səviyyəsində həyata keçirilib. Bu, faktiki olaraq, Sovet İttifaqı vətəndaşlarının öz hökuməti tərəfindən tarixi torpaqlarından deportasiyası idi, prosesin ideoloqu və əsas təhrikçisi isə SSRİ-nin hər kəsin yaxşı tanıdığı rəhbərlərindən olan Anastas Mikoyan idi.
İkincisi, Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təmin olunmasına Ermənistan Respublikasının zəmanət verməsi «hərbi əməliyyatların dayandırılması və kapitulyasiya şərtləri»ndəndir. Bu, altında Paşinyanın da imzası olan 9/10 noyabr 2020-ci ilə tarixli Üçtərəfli Bəyannamədə əksini tapıb. Bu sənəd müzakirə olunmur və Ermənistanın bu öhdəliyini yerinə yetirməsi ilə bağlı ona heç bir əlavə şərt irəli sürülmür. İrəvanın yerdə qalan istək və arzuları isə yalnız sözügedən bəndin tələbinin icra olunmasından sonra nəzərdən keçirilə bilər… Bəlkə də yox.
Bu gün hüquq fakültəsinin sadə tələbəsinə də məlumdur ki, «hərbi əməliyyatların dayandırılması şərtləri»nin yer aldığı bəyanata tərəflərdən biri əməl etmirsə, ondan qarşı tərəf də imtina edir. Bundan başqa, Ermənistan KTMT-yə üzvlüyünü «dondurub»sa, ona üzvlük ödənişlərini etmirsə, KTMT də İrəvan qarşısında hərbi-siyasi öhdəliklərini yetirnə yetirməyə məcbur deyil. Yəni bu halda avtomatik olaraq, onlar da «dondurulmuş» hesab olunur. Bu halda Azərbaycan 9/10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyannamənin 9-cu maddəsini təkbaşına icra etmək, Zəngəzur dəhlizini öz gücü ilə açmaq qərarına gələ bilər. – vaxtilə BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini icra etdiyi kimi. Bakının bu istəyinə mane olmaq üçün heç kimin əlində hüquqi əsas yoxdur.
Üçüncüsü, tarix və bugünkü təcrübə göstərir ki, Ermənistan tərəfinin verdiyi sözün, həmçinin bu ölkə liderlərinin imzasının heç bir qiyməti yoxdur. Təsəvvür edin ki, bir ölkənin (Ermənistanın) baş naziri beynəlxalq sənədə imza ataraq üzərinə öhdəlik götürür, ötən 5 il ərzində onu yerinə yetirmir, sonda isə yeni «bazarlıq» açır, üstəlik, Azərbaycanın üzərinə sənəddə yer almayan hansısa tələbləri qoymaq istəyir, bununla da, guya, «sülhpərvər mövqe» göstərir. Bu, şəxsin nəinki özünə, həm də təmsil etdiyi dövlətə qarşı hörmətsizliyidir!
Sülh prosesinin uzadılması və revanşizm
Faktlara əsasən belə qənaətə gəlmək olar ki, Nikol Paşinyanın bütün bu çıxışları və «təşəbbüs»ləri sülh müqaviləsinin imzalanmasını ləngitmək məqsədi güdür. O, gah deyir ki, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları yoxdur, əksinə, Azərbaycan Konstitusiyasında «Ermənistan ərazilərinə iddialar yer alır», gah da Ermənistan Konstitusiyasını dəyişməyin vaxtının çatdığını deyib bu sənədlə ölkənin gələcəyinin olmadığını bildirir. Günlərin birində Paşinyan dünyaya hesç bir perspektivi olmayan «Sülh kəsişməsi»ni təklif edir, halbuki Azərbaycansız onun reallaşdırılması mümkün deyil, Bakı isə buna razılıq verməyəcək. Və ən əsası, Paşinyan bütün bunları yaxşı bilir. Demək, onun yeganə məqsədi prosesi uzatmaq, vaxt udmaqdır.
Ümidlərindən əl çəkməyən revanşist qüvvələrin baş nazirə ciddi təsir etdikləri də məlumdur. Aqressiv erməni diasporunun Ermənistanın silahlandırılması məsələsindəki təsiri, bunun üçün yardımlar göstərdiyi davamlı olaraq, beynəlxalq mediada və sosial şəbəkələrdə yazılır. Vaşinqtonun erməni icmasının bir çox üzvünün Paşinyanla bu il fevralın 3-də keçirilmiş görüşdə iştirakdan imtinası da birmənalı qarşılanmayıb.
Ermənilər arasındakı revanşist əhvalın daha bir təsdiqi kimi, erməni əsilli türkiyəli siyasətçi, Xalqların Demokratik Partiyasından 27-ci çağırış Türkiyə Parlamentinin deputatı olmuş Qaro Paylanın bəyanatını göstərmək olar. Paylan bildirib ki, Ermənistan Azərbaycanla münasibətlərin normallaşdırılması prosesi adı altında vaxtı uzadaraq, Fransa və ABŞ-dən silah alır. Bununla yanaşı, o, «Ermənistanın Azərbaycana müqavimət göstərə bilməsi üçün 3-5 il zamana ehtiyacın olduğunu» da deyib. Yeri gəlmişkən, Paylan vaxtilə fəal diaspor fəaliyyətinə görə Ermənistanın sabiq prezidenti Serj Sarqsyan tərəfindən medalla təltif olunmuşdu.
Bundan başqa, Kəlbəcər, Basarkeçər və Göyçə rayonlarının peykdən çəkilmiş yeni fotolarında ermənilərin yeni atəş nöqtələri yaratdığı görünür. Ağır silahlar üçün hazırlanmış nöqtələr şərti sərhədin cəmi bir neçə kilometrliyində yerləşir. Burada dislokasiya olunmuş texnika Ermənistanın Basarkeçər rayonu və Zod kəndindəki hərbi hissələrinə məxsusdur. Texnikanın bir hissəsinin üzəri örtülüb. Orada hava hücumundan müdafiə vasitələrinin və hücum silahlarının yerləşdirildiyi istisna deyil. Bənzər atəş nöqtələri bütün şərti sərhəd boyu müşahidə olunur. Görəsən, müşahidəçi missiya nə düşünür? Bu, Cənubi Qafqazda sülhün möhkəmlənməsinə xidmət edirmi?
Qarşıdurma və ya Zəngəzur dəhlizi
Ermənistanında müşahidə olunan silahlanma və yeni təcavüzə hazırlıq sülhpərvərlik göstərməyə çalışan Paşinyanın bəzi bəyanatları ilə də üst-üstə düşür. Onun səyləri Üçtərəfli Bəyannamənin 9-cu maddəsinin icrasına deyil, əksinə, onu unutdurmaq, ortaya yeni «ideyalar» atmaq niyyətinə köklənib. Baş nazirin addımları İrəvanın Azərbaycana qarşı ərazi iddialarından imtina etməyi, ölkə konstitusiyasını dəyişməyi düşündüyünü deyil, revanşizm niyyətini, qarşıdurmanın getdikcə artmaqda olduğunu göstərir. Ermənistan hökumətinin hər yeni addımı, yeni «ideya»sı, sərhəddəki missiyanın genişləndirilməsi və müddətinin uzadılması qarşıdurmanı və inamsızlığı daha da artırır. Paşinyanın Aİ missiyasının sərhədlərin delimitasiya olunmuş hissəsinə yerləşdirilməməsi təklifi isə danışıqlar prosesi və sərhədlərin delimitasiyasında Bakıya təzyiq cəhdindən başqa bir şey deyil.
Əminliklə demək olar ki, bu siyasət Cənubi Qafqazda sülh atmosferinin yaradılmasına, sülh müqaviləsi üzrə danışıqların irəli aparılmasına xidmət etmir. Halbuki Zəngəzur dəhlizinin, ardınca isə gələcəkdə digər kommunikasiyaların açılması, Ermənistanın münasibətləri normallaşdıraraq, inam yaradaraq mövcud transsərhəd layihələrinə qoşulması regionda sülhü möhkəmləndirərdi.
Tövbə vaxtı
Qonşularının Ermənistana inamsızlığı ermənilərin Azərbaycan ərazilərinə köçürülməsi, etnik təmizləmə aparılması, azərbaycanlıların əzəli torpaqlarından qovulması, Qafqazda monoetnik erməni zonalarının yaradılması ilə özü tərəfindən formalaşıb. Ermənistan «sıxılaraq» sülh müqaviləsini imzalasa belə, bu inamsızlıq aradan qalxmayacaq. Bunun üçün mentalitet dəyişməli, ermənilər fərqli düşünməyi, başqa xalqlarla birgə yaşamağı öyrənməlidir.
MƏSLƏHƏT GÖR: