
QƏZZA UĞRUNDA DÖYÜŞ
Ərəb dünyası ABŞ-nin Yaxın Şərq nizamlanması ilə bağlı yeni planlarından heç də məmnun deyil
Müəllif: Samir VƏLİYEV
Fevralın son günlərində HƏMAS altı israilli girovu azadlığa buraxıb və bu, Qəzza sektorunda müvəqqəti atəşkəsə dair yanvarın 17-də əldə olunmuş razılaşmanın ilk mərhələsinin sonu olmalı idi. Eyni zamanda qruplaşma dünyasını dəyişmiş dörd girovun cəsədini də qarşı tərəfə təhsil verməyi planlaşdırırdı.
Məlum olduğu kimi, razılaşma üç mərhələdən ibarətdir: altı həftəlik atəşkəs müqabilində əsirlərin mübadiləsi həyata keçirilməli, girovlar azad olunmalı və müddətsiz atəşkəs rejiminə keçilməli, həmçinin İsrail qüvvələri Qəzzadan çıxarılmalı, sektorun 3-5 ilə başa çatmalı olan bərpasına başlanılmalıdır.
Lakin həyat hər zaman planlara öz düzəlişlərini edir və bir çox hallarda bu heç də konstruktiv düzəlişlər olmur. Qəzzanın gələcəyi ilə bağlı plana siyasi proseslərin əsas iştirakçılarının yanaşmaları ciddi ziddiyyət təşkil edir.
Fələstinlilərsiz Qəzza?
ABŞ Prezidenti Donald Tramp İsrailin baş naziri Binyamin Netanyahu ilə fevralın 4-də keçirdiyi görüşdə onun fələstinlilərin təhlükəsiz, «xoşbəxt yaşaya biləcəkləri» yerlərə köçürülməsi ideyasını dəstəkləyib. Tramp Qəzzada «Yaxın Şərqin Riviyerası»nın tikintisi təklifini də irəli sürüb. Məlum olduğu kimi, bu bəyanat dünyanın bir çox ölkəsinin sərt tənqidinə səbəb olub. Söhbət, ilk növbədə, fələstinlilərin köçürülməsi nəzərdə tutulan Səudiyyə Ərəbistanı və Misirdən gedir. İordaniya daha neytral mövqedən çıxış etsə də, o da Amerika liderinin təklifini heç də məmnunluqla qarşılamadığını göstərib.
Müxtəlif qiymətləndirmələrə görə hazırda Qəzzada təxminən 2,2-2,5 milyon insan yaşayır. Onların əksəriyyəti sektorun cənubunda məskunlaşıb. Bu insanların yaşamaq üçün ən elementar imkanları və sektoru tərk etmək imkanı belə, yoxdur. Bəli, Qəzza Yaxın Şərqin humanitar problemləri getdikcə artan nəhəng rezervasiyasına çevrilir. Məlum olduğu kimi, hərbi əməliyyatlar nəticəsində sektorun jiloy fond, sosial obyektləri və təsərrüfat infrastrukturu tamamilə məhv edilib. Region əhalisinin mütləq əksəriyyəti məcburi köçkünə çevrilib, müharibə qurbanlarının sayı isə 60 mini ötür. Hazırda Qəzzada işləmək, yaşamaq, təhsil və müalicə almaq üçün normal şərait yoxdur. Sektorun bərpası üçün isə on il vaxta və nə az, nə çox – düz 100 milyard dollara ehtiyac ola bilər.
Qəzzada nəinki humanitar, həm də ekoloji fəlakət yaşanır. Hazırda burada ən azı 30 milyon kubmetr tikinti tullantısı var. Onların ümumi çəkisi təxminən 50 milyon ton qiymətləndirilir. Söhbət yalnız beton bloklar və digər tikinti tullantılarından yox, həm də xarabalıqlar içərisində qalmış partlayıcı maddələrdən və insan cəsədlərindən gedir.
Qazanc naminə bərpa
Aydındır ki, İsrail Qəzza problemini təkbaşına çözmək gücündə deyil. Amma o, bu əraziyə nəzarətdən imtina etmək də istəmir. Belə vəziyyətdə Birləşmiş Ştatlar bir yandan Təl-Əvivin Qəzzaya nəzarəti əlində saxlamasına kömək edəcək, digər tərəfdən isə bərpanın sponsoru kimi çıxış edəcək ölkə kimi önə çıxır. Lakin Trampın davranışlarından məlum olur ki, o, bu zaman öz maraqlarının ziddinə getməyi düşünmür və bərpa prosesindən konkret qazanc əldə etmək haqda fikirləşir. Amerika Prezidenti bu haqda planlarından «Fox News» telekanalına müsahibəsində danışıb. O, Qəzzanın idarə olunmasına investisiya layihəsi kimi baxdığını söyləyib. Həmin plana əsasən Qəzza müvəqqəti olaraq Vaşinqtonun nəzarətində qalmalıdır. Yəni ABŞ faktiki olaraq, bu ərazini uzun müddətə icarəyə götürməyi, ondan investisiya üçün obyekt kimi istifadə etmək niyyətindədir. Bu yolda yeganə maneə isə investisiyalara təhdid yarada biləcək yerli sakinlərdir. Qəzzada yaşayan fələstinlilərin əksəriyyətinin «Müsəlman qardaşlar» ideologiyasına sadiq HƏMAS hərəkatına simpatiya bəslədiyi sirr deyil. Müşahidələr göstərir ki, sektorda radikal əhval çox yüksəkdir. Bu, İsrailin Qəzzanı dağılmasından, insanların çəkdiyi son iztirablardan sonra daha da güclənib. Bəzi proqnozlara görə belə vəziyyətdə HƏMAS bu ərazilərdə yenidən dirçəlmək şansına malikdir. Odur ki, ABŞ və İsrailin «Qəzzanın dirçəldilməsi» ilə bağlı istənilən layihəsi riskli görünə bilər.
Fələstinlilərin Qəzzadan köçürülməsi ideyası məhz buradan qaynaqlanır. Görünən odur ki, söhbət uzunmüddətli planların icrasından, ardıcıl tədbirlərdən, bu çərçivədə sektorun «bərpası» üçün xüsusi fondun yaradılmasından, bəlkə də, bu işə nüfuzlu maliyyə institutlarının cəlbindən gedə bilər. Hazırda Amerika lideri öz mövqeyini açıqlamaqda regional və beynəlxalq oyunçuların əhvalını «test etməyə» də çalışa bilər. Yəni Tramp bununla bəlkə də beynəlxalq siyasi dairələrin onun planına necə yanaşdığını müəyyənləşdirmək istəyir.
Bununla yanaşı, hazırda onun planına real plan kimi yanaşmaq kifayət qədər çətindir. Ərəb dünyası «Müsəlman qardaşlar»ı dəstəkləyən və ya bu hərəkatın üzvü olan çoxsaylı insana qucaq açmağı arzulamır. Bu, sosial-iqtisadi xarakterli çətinliklərlə yanaşı, həmin ölkələrdə radikal əhvalı da yüksəldə, bununla da, qeyri-sistem müxalifətinin siyasi bazasını gücləndirə bilər.
Eyni zamanda ərəb dünyasının heç bir ölkəsi «Tramp planı»na əsasən de-fakto Qəzza zolağında həyata keçiriləcək etnik təmizləmədə iştirak etmək istəməz.
Vaşinqtona ərəb cavabı
Belə bir şəraitdə ərəb ölkələri prosesin autsayderinə çevrilməmək üçün Qəzzanın bərpası ilə bağlı öz planlarını hazırlayırlar. Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi, baş nazir Məhəmməd ben Salman Əl Səudun dəvəti ilə fevralın 21-də Bəhreyn, Misir, İordaniya, Qətər, Küveyt və Bəirləşmiş Ərəb Əmirliklərinin rəhbərləri Ər-Riyadda bir araya gəliblər. Görüşdə Qəzzadakı vəziyyət müzakirə olunub. Səudiyyə Ərəbistanının dövlət televiziyasının məlumatına görə, bu, «qardaşlar arasında keçirilən adi qeyri-formal görüş» olub. Məlumatda Qəzza sektorunun adı çəkilməyib, Trampın planından və ya ərəblərin bərpa planından bəhs edilməyib. Bununla yanaşı, toplantının əsas mövzusunun Qəzzanın bərpası olduğu məlumdur. Misirin hökumət qəzeti olan «Al Ahram Weekly» yazır ki, Qətər tərəfi görüşdə Qəzza sektorunun Fars körfəzi dövlətlərinin maliyyəsi hesabına bərpası ilə bağlı 10-20 illik planın qəbulu təşəbbüsü ilə çıxış edib. Bu zaman sektorun 2,1 milyonluq əhalisi elə orada qalmalı, HƏMAS isə anklavın idarəçiliyindən uzaqlaşdırılmalıdır.
Məlumatlı mənbələr bildirir ki, bu təşəbbüs hələ ki, ərəb ölkələri tərəfindən tam dəstəklənmir. Çünki onların öz aralarında da Qəzzanın idarə olunması şəkli ilə bağlı fikir ayrılıqları var.
Misirin baş naziri Mostafa Madbuli bildirib ki, onun ölkəsi üç il ərzində Qəzza sektorunu tam bərpa edərək, «əvvəlkindən yaxşı vəziyyətə» gətirə bilər. Amma o, buna necə nail olacaqlarını açıqlamayıb. Misir tərəfi hesab edir ki, yaxın aylarda Qəzzada müddətsiz atəşkəs razılaşması əldə edilərsə, onlar bərpa planını Trampın prezidentlik müddətinin başa çatmasınadək həyata keçirə bilərlər. Vəziyyətin qiymətləndirməsi isə göstərir ki, anklavın tam yenidən qurulmasına daha çox vaxt lazımdır.
Dünya Bankı, Avropa İttifaqı və BMT-nin birgə bəyanatında deyilir ki, Qəzzada səhiyyə, təhsil daxil olmaqla sadəcə ictimai xidmətlərin bərpasına, həmçinin dağıntıların yığışdırılmasına ən azı 3 il vaxt lazımdır. Ankalavın tam dirçəldilməsi isə 10 ilə başa gələcək və bunun üçün 50 milyard dollar tələb olunur. Məlumata görə, yalnız mənzil fondunun bərpasına 15 milyard dollar lazımdır. Amma deyəsən, bu, Misiri qorxutmur. Hər halda, baş nazir Qahirənin planlarında bütün bunların nəzərə alındığını bildirir.
Burada, təbii ki, Misirin də öz maraqları var. Misirli inşaatçıların Qəzzanın bərpasında iştirakı milyardlarla dollar dəyərində müqavilələrin bağlanacağı anlamına gəlir. Misir coğrafi mövqeyinə görə Qəzzaya daha yaxındır. Odur ki, tikinti materiallarının daşınması, həmçinin ixtisaslı briqadaların oraya yollanması zamanı logistika problemi olmayacaq.
Amma ərəb dövlətlərinin Trampın qarşısına ciddi əks təkliflər qoymaq cəhdlərinə baxmayaraq, mütəxəssislər bunun «uzun və çətin» yol olduğunu bildirirlər.
Bərpa bəhanədir?
Bundan başqa, hesab olunur ki, Qəzzada əldə edilmiş kövrək barışıq pozularsa və müharibə bərpa olunarsa, bu istiqamətdə heç bir cəhd fayda verməyəcək. Planları faktiki olaraq sektora nəzarət edən İsrailin əməkdaşlıqdan imtinası da poza bilər. İsrail Trampın Qəzzadan əhalinin köçürülməsi təşəbbüsünə hələ də dəstəyini ifadə etməyib, yəhudi dövlətinin Müdafiə Nazirliyi isə «Qəzza sakinlərinin oranı könüllü tərk etməsi üçün direksiya» yaratmaq niyyətini açıqlayıb. İsrail tərəfi iddia edir ki, bu, Qəzza əhalisinin emiqrasiyası üçün prosedurların yüngülləşdirilməsi üçün lazımdır.
Bununla yanaşı, Qəzza əhalisinin mütləq əksəriyyəti doğma evlərini tərk etmək niyyətində deyil. İordan çayının qərb sahilində yerləşən Fələstin Administrasiyası isə Qəzzaya nəzarət etməyə hazır olduğunu bildirir. Qeyd edək ki, Təl-Əviv bu təklifi dəfələrlə rədd edib.
HƏMAS-a gəlincə, hərəkatın rəhbərliyi bildirir ki, Qəzzanı kimin idarə edəcəyini onlar özləri müəyyənləşdirəcəklər. Bununla yanaşı, HƏMAS nümayəndəsi Xazem Kasem qruplaşmanın «hakimiyyətdən yapışmadığını» bildirib. Yəni qruplaşma rəhbərliyi göstərir ki, lazım gələcəyi təqdirdə onlar anklavın gələcəyilə bağlı danışıqlara hazırdırlar.
Misirdə isə hesab edirlər ki, Qəzzanın gələcəyini onun sakinləri müəyyənləşdirməlidirlər. Üstəlik, yekun qərar gözlənilmədən artıq orada Qəzzanın bərpası prosesinə nəzarət üçün müvəqqəti komitənin formalaşdırılmasına başlanılıb.
Digər ərəb dövlətləri də gözləmə mövqeyində qalmağı düşünmür. Məsələn, Qəzzaya uzun müddət maliyyə dəstəyi vermiş Qətər rəhbərliyi bəyan edib ki, sektora gələcəkdə kimin nəzarət edəcəyini fələstinlilər müəyyənləşdirməlidirlər. Bölgənin bərpasında oynayacağı rolu nəzərdən keçirməyi BƏƏ də düşünür. O, bunun şərtlərini də müəyyənləşdirib: ölkə prosesə islahatların aparıldığı Fələstin Administrasiyasının dəvəti ilə qoşulmalı, İsrail isə üzərinə gələcəkdə Fələstin dövlətini tanıyacağı haqda öhdəlik götürməlidir.
Ərəb ölkələrinin niyyəti nə qədər xoş olsa da, HƏMAS sektorun bərpası planlarına müəyyən ehtiyatlılıqla yanaşır. Qruplaşmada hesab edirlər ki, qeyd olunan planların reallaşdırılmasından sonra onlara regionda yer qalmayacaq. Məhz bu səbəbdən HƏMAS tələsik xəbərdarlıq bəyanatı da verib: Qəzzada Təl-Əvivi əvəz edəcək hər bir gücə İsrailə göstərilən münasibət bəslənəcək. Qruplaşma region dövlətlərini «Təl-Əvivin agenti olmamağa» da çağırıb.
MƏSLƏHƏT GÖR: