5 Dekabr 2025

Cümə, 10:03

NOVRUZ HƏMİŞƏ OLUB

Şakir ALBALIYEV: «…Azərbaycanda Novruzun öz siması, öz təkrarolunmaz ənənələri var. Bunlar onu əsl xalq bayramına çevirir»

Müəllif:

15.03.2025

Sanki Novruz hər zaman bizimlə olub – istər qadağan edildiyi illərdə, istər insanların bayram əhvali-ruhiyyəsində olmadıqları dövrlərdə. Hətta ateist Sovet İttifaqı dövründə onu aşkar şəkildə qeyd etməyin mümkün olmadığı bir vaxtda belə, evlərdə yenə də səməni bəslənilir, ətirli paxlava, şəkərbura, qoğal bişirilir, şam yandırılırdı. İnsanlar bu bayrama hazırlığın özündən belə, sövq alır, sevinc dolu hisslər yaşayırdılar.

Novruzu ən «dadlı» bayram adlandırırlar – yalnız açılan süfrələrə görə yox, həm də onun yaratdığı daxili rahatlığa, yenilənməyə, gətirdiyi ümidlərə görə. Bu qədim bayramın məğzi, onun niyə illərdir hələ də hər birimizin qəlbində yaşaması haqda filologiya elmləri namizədi, folklorçu Şakir ALBALIYEV ilə söhbətləşmişik.

- Novruz bahar bayramı, təbiətin yenilənməsi, canlanması bayramıdır. Bəs bu bayram necə yaranıb? Baharın belə təntənə ilə qarşılanması qərarına ilk dəfə kimlər gəlib?

- Əla sualdır. Düşünürəm ki, bu suala birmənalı cavab vermək mümkün deyil. Çünki bu ənənənin kökləri çox qədimdir. Novruz bayramı o qədər qədimdir ki, bizdə nə onun yarandığı dəqiq tarix var, nə də adına yazacağımız konkret xalq.

Lakin bir şeyi dəqiq demək olar: Novruz insanın təbiəti müşahidə etməyə başlaması, baharda gecə ilə gündüzün bərabərləşməsindən sonra gündüzün gecədən daha uzun olmağa başladığını, demək, həyatın yeni mərhələyə qədəm qoyduğunu anlaması ilə yaranıb. Bu, sadəcə, təqdim faktı deyil. Bu, insanlığın dərin məna verdiyi obrazdır, rəmzdir. Qədimlərdə bahar sadəcə, mövsüm dəyişikliyi kimi qəbul edilməyib. O, məhsul, nəslin davam etməsi, rifah vəd edib. «Yeni gün»ün – Novruzun məhz bu günlərdə, gecə ilə gündüz birləşdikdə qeyd olunması qərara alınıb.

Artıq XI əsrdə sultan Cəlalüddövlə vəd-din Məlikşahın dövründə Günəş təqvimi rəsmən qəbul edilib və orada ilin ilk günü kimi, gecə ilə gündüzün bərabərləşdiyi gün götürülüb. Beləliklə, Novruz nəinki dövlət statusu qazanıb, həm də zamana elmi yanaşmanın bir hissəsinə çevrilib. Astronomiya, mifologiya, poeziya və xalq ənənələri bir bayramda birləşib.

Sonralar Novruz müxtəlif mərhələlərdən keçib. O, ya dövlət təqvimlərinə daxil edilib, ya qeyri-rəsmi qeyd olunub, amma heç vaxt itməyib. Hətta XX əsrdə, dini və xalq bayramlarının qadağan olunduğu ateist ideologiyası dövründə belə, insanlar Novruzdan imtina etməyib. O, nəsillərdən-nəsillərə ailə ənənələri vasitəsilə ötürülüb. Azərbaycanın müstəqillik əldə etdiyi 1990-cı illərdən sonra isə o, yenidən rəsmi bayram kimi, təqvimdə öz qanuni yerini tutub. Lakin ən vacibi, Novruz əvvəlkitək yaşayır. Onu gözləyir, ona hazırlaşırlar. Bu bayramın mənası aydın və hələ də aktualdır. Novruz sadəcə təqvim günü yox, bizi əcdadlarımızla, təbiətlə, kosmosla bağlayan mədəni koddur.

- Zamanla Novruz bayramının keçirilməsi ənənələrində hansı dəyişikliklər baş verib? Nələr olduğu kimi qalır, nələr unudulub?

- Novruzun tarixi qədim parça kimidir: orada qədim dərinliklərdən gələn saplar da var, zamanla yaranmış yeni naxışlar da. Bu bayram qədim etiqadlar və ənənələr əsasında yaranıb, hər ötən nəsil isə oraya nələrisə əlavə edib – bəzən bilərək, bəzən isə zamanın ruhuna uyaraq, təsadüfən.

Bayramlar, xüsusilə xalq bayramları insanlarda yaşayır. Onlar yaddaşlarda qorunur, atadan oğula keçir, nənədən nəvəyə ötürülür. Doğma kimi yox, ailə ənənəsi kimi. Bayram hissi, bişirilən şirniyyatların ətri, yaxud Novruz axşamı qalanan tonqalın çatıltısı kimi.

Bəli, çox şey dəyişib. Məsələn, vaxtilə Novruz bayramınadək yeddi çərşənbə qeyd olunurdusa, indi onlardan yalnız dördü qalıb: su, od, yel və torpaq. Digər üçü unudulub. Bəlkə də onlar elə də əhəmiyyətli olmayıb, amma bir zamanlar ümumi mənzərənin bir hissəsi sayılıb. Bu gün həmin çərşənbələri yalnız xüsusi ənənəsi olan, bu qədim bayramın bütün detallarının həssaslıqla qorunub saxlandığı regionlarda xatırlayırlar.

Daha bir vacib məqam zamanla və şəraitlə əlaqəli baş vermiş dəyişikliklərdir. Qarabağda, Qərbi Azərbaycanda Novruz əsl xalq bayramı olub: mahnılar, rəqslər, yarmarkalar, Kosa, Keçəl və sair. İnsanlar bu doğma torpaqlarını tərk etdikdə, başqa yerlərə köçmək məcburiyyətində qaldıqda, evlərini, qonşularını itirdikdə özləri ilə yalnız əşyalarını deyil, həm də xatirələrini götürüblər. Amma yeni şəraitdə qədim ənənələrin heç də hamısı yaşaya bilmir.

Belə ənənələrdən biri Məhəmməd Hüseyn Şəhriyarın təsvir etdiyi şərf mərasimi. Cənubi Azərbaycanda Novruz bayramında evlərin bacasından içəriyə uzun şərf və ya kəmər sallayarlarmış, ev sakinləri hədiyyələri onun içərisinə qoyarmış. Oğlanlar bu yolla sevdikləri xanımlara diqqətini göstərər, xanımlar isə buna öz əlləri ilə hazırladıqları şeylərlə cavab verərlərmiş.

Bütün bunlar müəyyən memarlıq dövründə, həyat ritmində aktual olub. Yəni o vaxt evlər fərqli, bacalar gündəlik məişətin bir hissəsi idi. Bu gün evlər də başqadır, adətlər də. Bu üzdən də həmin ənənənin yaşaması mümkün deyil.

Eyni sözləri papaq atmaq ənənəsi haqda da demək olar. Bu gün gənclər onu çox az xatırlayır. Halbuki o, Novruz bayramının ən sevimli adətlərindən biri idi.

Yəni bəzi detallar tədricən itir. Onu dərhal hamı hiss etmir, bu, zamanla, tədricən, demək olar ki, hiss olunmadan baş verir. Onilliklər sonra isə tarixçilər və ya entoqraflar qədim yazılara, yaxud şifahi nağıllara baxdıqda əvvəllər çox şeyin nə qədər fərqli olduğunu görün, hətta bundan təəccüblənirlər.

Amma Novruzun məğzi qorunub saxlanılır. Bayramın mənası yenilənmə, ümid, işıqdır və bu, dəyişməzdir. Bir bayramı gözləyirlərsə, demək, o, yaşayır. Nə qədər ki, cəmi bir ailədə şamlar yandırılır, səməni becərilir, tonqalın üzərindən atılırlar və hər «Yeni gün»ün həyata sıfırdan başlamaq şansı olduğuna inanırlar, demək, bu bayram yaşayır.

- Novruz bayramını ilk olaraq hansı xalqlar qeyd etməyə başlayıb və o, dünyaya necə yayılıb?

- Bu suala hər kəs «birinci biz olmuşuq» cavabını vermək istəyir. İranlılar, türklər, ərəblər, kürdlər, hətta bəzi slavyan xalqları – hər kəs baharın gəlişini müxtəlif vaxtlarda, müxtəlif formada qeyd edib. Odur ki, Novruzun yaranması ilə bağlı mübahisələr bitmir. Amma bu mübahisələr daha çox elmi yox, emosionaldır. Çünki bayram mədəniyyətin bir hissəsinə çevrildikdə, insanlar onu özününkü saymaq istəyir.

Əslində isə Novruz dünyanın insanların qədim zamanlarda təbiətlə sıx ünsiyyətdə yaşadığı hissəsində yaranıb. Əkinçiliyin, Günəşin, mövsüm dəyişikliklərinin insanların həyatında önəmli rol oynadığı yerlərdə. Hələ zərdüştilik ənənələrinə görə gecə ilə gündüzün birləşdiyi bahar günü xüsusi an – işığın kölgə, həyatın ölüm üzərindəki qələbəsi kimi qəbul olunurdu.

Amma Novruz qısa zamanda bir xalqın, bir mədəniyyət və ya dinin hüdudlarını aşıb. Bu bayramın universallığı onun hər bir insana aydın olan mövzulara xitab etməsindədir: yenilənmə, təbiətin oyanışı, sülh, ailə, ümid. Bu dəyərlərin dili yoxdur. Məhz bu üzdən Novruzu, o cümlədən İslam dünyası, xüsusilə onun şərq qanadı – Türkiyə, Azərbaycan, İran, Əfqanıstan, Pakistan, Özbəkistan, Tacikistan – qəbul edib... Bu bayram Hindistana, hətta Balkanlaradək gedib çıxıb, sadəcə öz yeni mədəni çalarları ilə. Məğz isə dəyişməyib.

- Xristianların əslində bütpərəstliyə aid Maslenitsanı qeyd etdikləri kimi, Novruzu da daha çox islamla əlaqələndirirlər. Niyə?

- Artıq qeyd etdiyim kimi, Novruz Şərq düşüncəsinin məhsuludur. Lakin VII əsrdən islamın son din olmasından sonra müsəlman dünyası bu bayramı sanki özününküləşdirməyə başlayıb, ona öz çalarlarını qatıb. O, tədricən islam ölkələrinə yayılıb və bu ölkələrin sakinləri tərəfindən xüsusi qeyd edilməyə başlayıb. Lakin bir şeyi bilmək vacibdir: hər şey bu qədər birmənalı olmayıb. İslam ilk əsrlərdə Novruza ehtiyatla yanaşıb, onu atəşpərəstlərin bayramı, bütpərəstlərdən qalma bir şey sayıb. Ortaya praktik suallar da çıxıb. Axı islamın Ay təqvimində günlərin yeri hər il dəyişir, Novruz isə gecə-gündüz bərabərliyinin olduğu Günəş təqviminə aiddir. Fikir ayrılıqlarına səbəb olan məqamlardan biri də bu olub. Lakin zamanla Novruz islam obrazları ilə də assosiasiya edilməyə başlayıb. Məsələn, xəlifə Əli ilə. Deyirlər ki, o, Novruz bayramı günü taxta çıxıb və ya həmin gün qırmızı rəngli geyimlər geyirmiş. Bütün bunlar göstərir ki, Novruz universal dəyər daşıyır. Onun islam dünyasında mövcud olmasına da məhz bu dəyərlər imkan verib.

- Novruz bayramı ilə Maslenitsa arasında ümumi cəhətlər çoxdur – tonqal, Günəş rəmzləri, qonaq qəbul etmək. Baharın qarşılanması ilə əlaqəli bayramlar hansı səbəbdən hələ də aktualdır?

- Haqlısınız, Novruzla Maslenitsa arasında həqiqətən bənzərliklər var. Ruslarda yumru blinlər, bizdə qoğal. Onların hər ikisi dairəvi forması ilə Günəşin rəmzi sayılır. Hər iki bayramda bayrampayı vermək, qonaq qəbul etmək var.

Belə olduqda ortaya sual çıxır: necə olur ki, bu bayramlar yaşamağa davam edir? Minilliklərin gətirdiyi dəyişikliklərə baxmayaraq, onlar mənasını niyə itirmir? Cavab çox sadədir. İnsan milliyyətindən asılı olmayaraq, təbiətin bir hissəsidir. İlin fəsillərinin dəyişməsini biz hamımız eyni cür hiss edir, Günəşin çıxmasına eyni cür sevinir, Günəşə, istiyə eyhtiyac duyuruq. Bizi ayıran hər şeyi – millətçi zehniyyəti, dini dözümsüzlüyü – kənara atsaq, aydın olur ki, daxildə hamımız eyniyik. Məhz bu səbəbdən də müxtəlif xalqlarda bənzər ənənələr, nümunələr yaranır. Bu, yalnız bayramlara aid deyil. Tarixdə yazıçıların, filosofların və ya alimlərin bir-birlərini tanımadan eyni fikrə gəldiklərinə, eyni ideyalarla çıxış etdiklərinə, eyni kəşfləri ortaya qoyduqlarına dair çox nümunə var. Bu, dünyanı insanların eyni qəbul etməsinin nəticəsidir.

Novruz və Maslenitsa ilə bağlı məsələ də belədir. Onlar universal tələbatı əks etdirirlər – baharın qarşılanması, həyatın oyanması. Bu, xüsusilə qışın uzun və sərt keçdiyi şimal regionlarında hiss edilir. Belə ki, biz Günəşi xüsusi həvəslə gözləyirik.

Yer kürəsinin tarixi ilə bağlı bir qədər də dərinə getsək, iqlim dəyişikliklərinin qoyduğu izləri də görərik. Bəşəriyyət buzlaq dövrü də yaşayıb, istiləşmə dövrü də, nəsil kəsilmə dövrü də. Bütün bunların əsasında isə Günəş durur. O, bizə həyat verib, istilik verib. Odur ki, Günəş kultu, ona hörmət sadəcə rəmz deyil, həm də qədim psixo-mifologiyanın bir hissəsidir. Bahara, Günəşə aid bayramlar bu səbəbdən belə uzunömürlüdür. Çünki onlar bizim bir hissəmizdir.

- Bəs Novruzu milli ənənə saymaq olarmı?

- Məsələ ondadır ki, Novruzu çox xalq qeyd edir. O, müstəsna olaraq, həmin xalqlardan hər hansına məxsus deyil. Amma sualınızdan məntiqi nəticə də yaranır: bəli, Novruz tamamilə haqlı olaraq, Azərbaycan xalqının bayramı adlandırıla bilər. Onun əsasında, ruhunda türkçülük var. Türklərin tarixinə, onların həyat tərzinə, mentalitetinə, ənənələrinə nəzər salsaq görəcəyik ki, digərlərini boğmaqla imperiya qurmuş bir çox xalqdan fərqli olaraq, türklər ədalət, mərdlik prinsiplərinə əsaslanıblar. Bu, daxili koddur – xeyirxahlıq, başqalarına hörmət, dostluğa cəhd. Bütün bunlar Novruzun da ruhunda var. O, sülh, humanizm, yenilənmə və rifah bayramıdır. Bu dəyərlər isə türk mədəniyyətinin əsası ilə sıx bağlıdır. Odur ki, bizim Novruzu Azərbaycan xalqının milli bayramı saymağımız üçün bütün tarixi və mədəni əsaslarımız var. O, bizim xalqın həyatında çoxdan xüsusi yer tutur.

Bu bayramın müxtəlif ölkələrdə necə qeyd edildiyinə nəzər salsaq görəcəyik ki, Azərbaycanın Novruzunun öz siması, öz təkrarolunmaz ənənələri var. Bu isə onu sadəcə beynəlxalq təqvimin bir parçası olmaqdan çıxararaq, Azərbaycan üçün əsl xalq bayramına çevirir.

- Novruzun ən əhəmiyyətli rəmzləri hansılardır və onların mənası nədir?

- İlk növbədə qeyd olunmalıdır ki, Novruz sadəcə təqvimdə bir gün deyil. O, öz adətləri, ənənələri, ayinləri olan böyük bir mədəni dünyadır. Azərbaycan xalqı yüz il boyunca bu bayramı öz rəmzləri ilə zənginləşdirib və onların hər birinin öz mənası var. Onlardan ən vacibinin hansı olduğunu demək, əlbəttə ki, çətindir. Çünki bu rəmzlərin hər biri vacibdir. Novruzu konstruksiya kimi hissələrə ayırmaq olmaz. O, ənənələri, mətbəxi, mahnıları, tonqalları, yaşıl səmənisi ilə birlikdə yaşayır.

Burada Məhəmməd Füzulinin məşhur «Söhbətül əsmar» əsərini yada salmaq yerinə düşər. Orada müxtəlif meyvələr onlardan hansının daha vacib olduğu haqda mübahisə edirlər. Hər biri iddia edir ki, «mən olmasaydım, həyatın mənası olmazdı». Amma sonda hamı razılaşır ki, hər meyvənin öz dadı, öz dəyəri var. Novruzun rəmzləri də belədir – hər birinin öz rolu, öz yeri var. Onlardan birini ayırmaq, digərini qiymətdən salmaq olmaz.

- Azərbaycanda müxtəlif dinlərin təmsilçiləri sülh şəraitində yaşayır, bir-birlərinə hörmətlə yanaşırlar. Bu, bu torpaqlarda vaxtilə zərdüştçülüyün, sonra xristianlığın, daha sonra isə islamın mövcudluğu ilə əlaqəli ola bilərmi?

- Çox yerinə düşən sualdır. Bəli, bizim torpaqlarımızda ta qədimdən müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələri yaşayıblar. Biz onlara hər zaman hörmətlə yanaşmışıq və bu, təsadüf deyil. Düşünürəm ki, bu münasibətin əsasında, həqiqətən də, nəsildən-nəslə keçən tarixi yaddaş, bəlkə də genetik yaddaş adlandıra biləcəyimiz daha böyük amil dayanır.

Müxtəlif dövrlərdə burada zərdüştçülüyə itaət olunub, sonra xristianlığa və nəhayət, mənəviyyatımızın bir hissəsinə çevrilmiş islam. Bu dinlər bir-birini qəflətən əvəzləməyib, sanki laylara çevrilərək, mədəniyyətdə, məişətdə, xalqın dünyanı qavramasında öz izlərini buraxıblar. VII əsrdə bu torpaqlara islam gəldikdə o da təbii yolla qəbul olunub. İnsanlar islamda əvvəlki ənənələrin davamını, inkişafını görüblər.

İslam özündə əvvəlki dinlərin çalarlarını, faydalarını cəmləşdirmiş son dünya dinidir. İslamın mükəmməlliyi həm də ondadır ki, o, özündə zərdüştçülüyə xas humanizmin, xristianlığa xas etnik başlanğıcın elementlərini birləşdirir. Amma məsələ yalnız dində deyil. Söhbət türk xalqının səmimi xarakterindən gedir. Onlar hər zaman hər kəsə xeyirxah, səmimi münasibət göstərib, hamı ilə bərabər olmağa çalışıblar. Bu, nəsillərdən-nəsillərə keçən daxili səmimiyyətdir, hamya qarşı doğmalıqdır. Artıq qeyd etdiyim kimi, bütün bunlar – sülhsevərlik, qarşılıqlı hörmət, mehriban qonşuluq ruhu – Novruz bayramında yaşayan hisslərdir. Biz onu həmin günün atmosferində də hiss edirik, ənənələrində də, ruhunda da.

Bizdə yaxşı bir məsəl var: «Niyyətin hara, mənzilin də ora». Bizim xalqımız hər zaman xeyir istəyib, ona görə də xeyir tapıb. Məhz bu üzdən bu gün Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri Novruzu bizim torpaqlarımıza xas ümumi sülhün, qarşılıqlı hörmətin göstəricisi kimi, bir yerdə qeyd edə bilir.

- Qayıdaq atəşpərəstlərə. Atəşgah Muzeyi bizim torpaqlarımızdakı zərdüştçülük rəmzidir. Abşeron ərazisində zərdüştilərin başqa izləri də varmı?

- Əlbəttə. Suraxanı qəsəbəsində Atəşgah məbədinin yerləşməsi faktının özü atəşpərəstlərin burada mövcud olduqlarını göstərən ən parlaq nümunələrdən biridir. Bu, bizim torpaqlarımızda zərdüştçülüyə ibadət olunduğunun aşkar sübutudur. Atəşgah sadəcə memarlıq abidəsi deyil. O, bir zamanlar burada alovun xüsusi sitayiş obyekti olduğunu göstərən ciddi dəlildir. Abşeronda daha bir məkan var ki, qədim zamanlarda o, hər kəsi çox təəccübləndirib – Yanardağ. Bu təbii fenomen – əbədi məşəl qədim insanlar üçün möcüzə olub. Zərdüştçülük dövründə o, şübhəsiz ki, dini məkan, ilahi ilə canlı əlaqə məkanı kimi qəbul edilib. Bundan başqa, tarix üzrə fəlsəfə doktoru Aygün Məmmədova bildirir ki, Bakıda və onun ətrafında VII əsrə aid gümüş sikkələr tapılıb. Söhbət Səsanilər dövründən gedir. Bu sikkələr də zərdüştçülük inancının aşkar rəmzlərini daşıyırlar. Bu isə bizim torpaqlarımızda zərdüştçülüyün nəinki yayıldığını, həm də rəsmi xarakter qazandığını göstərən daha bir vacib dəlildir. Belə ki, sikkə dövlət nişanıdır və onun üzərində zərdüştçülük rəmzlərinin yer alması çox şeydən xəbər verir.

Beləliklə, Atəşgah və Yanardağ, həmçinin qeyd olunan sikkələr vahid bir zəncirin bəndləridir. O, zərdüştçülüyün Azərbaycan tarixinin mənəvi parçası olduğunu təsdiqləyir.

- Beləliklə, muzeyimiz də var, bayramımız da… Bəs zərdüştilərimiz varmı?

- Sualınız konkret olduğundan, çalışacağam onu konkret cavablandırım. Bəli, var. Məsələn, ötən əsrin sonlarınadək, yəni bu yaxınlaradək yaşamış filosof Asif Ata. O və davamçıları özlərini «ocaqçılar», yəni ocaq insanları adlandırırlar. Bu sözün özü çox şey deyir. Ocaq “alov” deməkdir. Onların inancında alova hörmət, onu müqəddəsliyin başlanğıcı kimi qəbul etmək yanaşması var. Biz islamı təxminən 13 əsr əvvəl qəbul etmişik və bu gün Azərbaycan müsəlman ölkəsidir. Lakin artıq qeyd etdiyim kimi, mənəvi yaddaşımızda əvvəlki inancların da izləri qalıb. Şüurumuzun dərinliklərində işıq, isti, həyat rəmzi kimi, alova hörmət davam edir. Bunu gündəlik ünsiyyətlərdə də eşitmək mümkündür: «ocaq haqqı», «işığa and olsun», «evində işıq söhnməsin». Bu ifadələr təsadüfən yaranmayıb. Onlar qədim zamanlarda oda müqəddəs yanaşıldığını göstərən və oradan gələn sözlərdir. Odur ki, bəli, xalqın mədəni yaddaşında zərdüştçülüyün izləri yaşayır – sakit, dərin, lakin aydın.

- Əcdadlarımız Novruz bayramlarında mahnı oxuyub, rəqs ediblərmi? Hansı mahnıları oxuyublar, hansı rəqsləri ediblər?

- Əlbəttə ki, söhbət bayramdan, xüsusilə Novruz kimi bayramdan gedirsə, onu şənliksiz, şadlıqsız təsəvvür etmək mümkün deyil. O, sanki işıq, musiqi, gülüş və adətlərdən hörülmüş al-əlvan xalçadır. Sevinc olan yerdə isə musiqi də var. Musiqi ruhun dili, rəqs isə onun hərəkətidir. Odur ki, mahnılar və rəqslər hər zaman Novruz mərasimlərinin təbii bir parçası olub.

Məsələn, götürək «Yallı» rəqsini. Onu dairə şəklində, birgə rəqs edirlər və bu, öz-özlüyündə birlik rəmzidir. Bu, sadəcə, rəqs deyil, həmrəyliyin, dostluğun, yekdilliyin ifadəsidir. Novruzun ruhuna isə məhz bu uyğundur.

Sadə, bahara, təbiətin oyanmasına həsr edilmiş şən mahnılar da olub. “Novruz-Novruz bahara, güllər – güllər nübara” kimi. Bayram personajları olan Kosa ilə Keçəl haqda oxuyublar. Bu mahnıların hamısı xalq yaradıcılığı, bayram mədəniyyəti olub.

- Çox sayda xalqın mədəniyyətində niyə məhz Novruz vacib yerlərdən birini tutur?

- Öz xalqımızın nümunəsində cavab verim. Novruz bizim mədəniyyətimizdə və məişətimizdə o qədər dərin köklər salıb ki, onu yox etmək mümkün deyil. Novruz xalqın həyata baxışıdır, obrazdır, mifdir, fəlsəfədir. O, xalqa mənəvi və fiziki güc verən, yenilənmə gətirən enerji mənbəyidir. Novruzla yalnız bahar yox, həm də ümid, inam, daxili oyanış gəlir.

Qış ehtiyatlarının bitdiyi, insanların çatışmazlıqlarla üz-üzə qaldığı bir dövrdə Novruz xüsusi əhəmiyyət qazanır. Bahar gəlir, Novruz gəlir və onunla birlikdə həyat sevgisi geri qayıdır.



MƏSLƏHƏT GÖR:

146