XXI ƏSRİN «OYUN»LARI
Nadir torpaq metalları uğrunda mübarizə yüzilliyin geosiyasi vektoru kimi
Müəllif: İrina XALTURİNA
Nadir torpaq metallarının hasilatı son dövrlərin əsas geosiyasi mövzularından birinə çevrilib. Onların uğrunda mübarizə o qədər kəskindir ki, artıq bunu «XXI əsrin böyük oyunu» adlandırırlar.
Məsələnin qiyməti
Nadir torpaq metalları (NTM) və ya başqa adı ilə nadir torpaq elementləri (NTE) bir çox yüksək texnologiyalı məhsulun istehsalında əsas xammaldır: elektronika (kompüterlər, smartfonlar və s.), günəş panelləri, külək turbinləri, elektromobillər, tibbi qurğular, həmçinin yerüstü və müdafiə sənayesi, aerokosmik sahə. NTM-in özəllikləri nəinki hazırlanan məhsulun effektivliyini və uzunömürlülüyünü təmin edir, həm də onların ölçüsünü, çəkisini azaltmaq imkanı yaradır. Nəzərə alsaq ki, NTM-ə, ilk növbədə, IT sənayesində və hərbi-sənaye kompleksində tələbat var, söhbət prinsipcə, milli təhlükəsizlikdən gedir. Bu mənada, ABŞ-də Donald Tramp administrasiyasının hakimiyyətə gəlişi ilə NTM-in hasilatı və emalı məsələsinin ciddi şəkildə Vaşinqtonun siyasətinin başına qoyulması təəccüblü deyil. Söhbət «Amerikanı yenidən qüdrətli etmək» hədəfi ilə yola çıxmış Trampdan gedir. Lakin problem ondadır ki, bu gün NTM bazarı praktik olaraq, tamamilə Çinin əlindədir. Dünyada NTM hasilatının 60, emal və tədarükünün isə 85-90%-i Pekinə məxsusdur. ABŞ Geoloji Xidmətinin son məlumatına görə, 2024-cü ildə Çin 270 min ton nadir metal istehsal edərək, son 5 ildə bu həcmi iki dəfə artırıb. ABŞ böyük fərqlə ikinci yerdədir – 45 min ton. Bir sözlə, bu sahədə bugünkü qüvvələr nisbəti belədir. NTM ehtiyatının həcminə gəlincə, Çindən sonrakı yeri Braziliya tutur. Daha sonra Hindistan, Avstraliya, Rusiya, Vyetnam, ABŞ, Qrenlandiya, Tanzaniya gəlir… NTM istehsalına görə də ilk yerdə Çindir. Sonrakı yerləri ABŞ, Myanma (Çinlə həmsərhəd olan bu ölkə faktiki olaraq, elə Pekin üçün işləyir), Avstraliya, Tailand (faktiki olaraq, o da Çinə işləyir), Hindistan, Rusiya, Vyetnam tutur…
Ekspert xülasələrində bildirilir ki, Çin bu sahədə fəaliyyətin genişləndirilməsinə 1980-ci illərdə başlayıb. Lakin onilliklər əvvəl bu, o qədər də kritik təsir bağışlamırdısa, bu gün Vaşinqton qəflətən anlayıb ki, dünya arenasında getdikcə əsas rəqibindən asılı vəziyyətə düşür. Həqiqətən, ABŞ ilə Çin arasında sanksiya müharibəsi əməlli-başlı qızışarsa, Pekin bu işə əlində ciddi rıçaqlarla girəcək – Çin məhsulları üçün tariflərin artırılmasının qarşılığında son dərəcə vacib metalların ixracına hər zaman məhdudiyyət qoyula bilər. Çin lideri Si Cinpin əbəs yerə NTM-i «vacib strateji resurs» adlandırmayıb. Maraqlıdır ki, yalnız öz NTM yataqlarına nəzarətlə kifayətlənmir, həm də Afrika, Mərkəzi Asiya, Cənubi Amerika, ilk növbədə, isə Myanma və Tailanddan belə məhsulların ixracı ilə məşğul olur. Bir sözlə, ABŞ da daxil, hər hansı ölkənin bu sahədə Çini yaxalaması asan olmayacaq.
Bununla yanaşı, bir məqamı anlamaq lazımdır ki, əslində NTM-in əksəriyyəti hərfi mənada nadir deyil. Sadəcə, onlar bir yerə nadir hallarda hasilatı gəlirli edəcək həcmdə toplanmış olur. Hər halda, indiyədək belə olub.
Nadir torpaq paradoksu
NTM hasilatı və emalı çətin, bahalı texnologiyalar tələb edir. ABŞ-nin bu işdə Çindən bu qədər geri qalmasının izahını da burada tapmaq olar. Yaxud, məsələn, ABŞ ilə Ukrayna arasında NTM ilə bağlı səs-küylü razılaşma ilə bağlı bu qədər fərqli, ziddiyyətli fikirlərin səbəbi nədir?
Bütün NTM Çində hasil olunmur. Amma onların böyük hissəsinin emalı məhz bu ölkədə həyata keçirilir. Çindən kənarda nadir elementlərdən sənaye miqyasında oksidlər almaq bacarığının olduğu cəmi bir neçə zavod var. Məsələ ondadır ki, bir neçə il əvvələdək bu çətin və ağır işə heç kim «bulaşmaq» istəmirdi. Bu, bahalı, çətin, ekologiya üçün zərərli iş idi. Odur ki, Çinin bu işə hamının əvəzinə girişməsi hər kəsi məmnun edir, razı salırdı. Nəticədə, ABŞ-də müvafiq müəssisələrin öz işləri ilə məşğul olduqları dövrdə Pekin NTM-in hasilatı, parçalanması və emalı üçün lazımi texnologiyaların əldə olunmasına girişmişdi. Zamanla çoxları üçün xammalın emal üçün Çinə göndərilməsi daha sərfəli olub. Yeri gəlmişkən, paradoks da elə bundadır – son dərəcə çətin ekoloji tarixi olan sahə indi iqlim dəyişikliklərinin fəsadlarının yumşaldılmasında həlledici amilə çevrilir. Donald Trampın «yaşıl gündəm»ə o qədər də həvəs göstərməməsinin daha bir səbəbi də burada gizlənir.
Pekin isə daha da irəli gedib – o, nəinki NTM-in effektiv hasilatını və emalını öyrənib, ondan effektiv istifadə bacarıqlarına da yiyələnib. Hələ 2004-cü ildə Çin istehsal etdiyi NTM-in yarısını istehsala yönəldirdisə, bu gün o, bu yolla bütün dünyada etibar qazanan, ciddi tələbatın olduğu yüksək texnologiyalı məhsullar yaradır.
Bundan başqa, mütəxəssislər bildirirlər ki, Çin başqa ölkələrin onunla rəqabət aparmasını çətinləşdirmək üçün NTM-in qiymətini özünə lazım olan səviyyədə qoruyub saxlayır. Çətin texnoloji proses, ekoloji məsələ və qloballaşma prosesi nəticəsində indiki vəziyyət yaranıb və o, daha çox geosiyasi məsələdir.
«Nadir» sözü heç kimi çaşdırmamalıdır. NTM dünyada kifayət qədər yayılıb. Amma onların hasil, daha sonra isə emal, istehsala tətbiq etmək hər kəsin bacaracağı iş deyil. Xüsusilə də NTM, məsələn, Qrenlandiya kimi çətin iqlim şəraitində çıxarılmalıdırsa.
Tərəfdaş, yoxsa düşmən?
Buna ən parlaq nümunə Rusiyadır. Bu ölkənin kifayət qədər ciddi NTM ehtiyatı olsa da, onların əksəriyyəti Arktikada, Uzaq Şərqdə və İrkutsk vilayətində yerləşir. Əlbəttə ki, Moskva ümumilikdə prosesi sürətləndirə, genişləndirə bilər. Son məlumatlardan belə bəlli olur ki, bu, onun planları arasında da yer alır. Rusiya ən azı daxili tələbatı tam ödəmək üçün bu addımı atmağı düşünür. Bunu fevralda ölkə başçısı Vladimir Putin də dilə gətirib. Amma prezident ölkə daxilində ciddi tənqidlərə yol açmış daha bir bəyanat səsləndirib. O, deyib ki, Rusiya nadir torpaq metalları ilə işə xarici tərəfdaşlarını, o cümlədən ABŞ-ni də dəvət edə bilər. Aydındır ki, Moskvanın sürət yığması üçün sanksiyalardan qurtulmasına, eyni zamanda texnologiyalara və investisiyalara ehtiyacı var. Bunu isə ya çinlilər verəcək, ya amerikalılar.
ABŞ, çətin ki, Çinin faktiki monopoliyası ilə barışsın. Hər halda, onun öz perspektivli yataqları (Kaliforniyada, Alyaskada, Vayominq, Corciya və Texasda) və istehsalı olmasına baxmayaraq, kənarda fəal axtarış işləri də davam etdirilir. Nəticədə, NTM uğrunda əsas geosiyasi mübarizənin harada başlayacağını və ya artıq başladığını ehtimal etmək olar. Bu, Cənubi Amerika (Braziliya, eyni zamanda Argentina, Boliviya və Çilidən ibarət «Litium üçbucağı»), Mərkəzi Asiya, Əfqanıstan, Monqolustan, Hindistan, Afrika ölkələri və əlbəttə ki, Ukraynadır.
NTM mövzusu Ukrayna münaqişəsilə də sıx bağlı hala gəlib. Birincisi, bu müharibə göstərib ki, müasir döyüş əməliyyatlarında süni intellektsiz, dronlarsız, yeni materiallarsız, robotlarsız və s. keçinmək mümkün deyil. İkincisi, Prezident Donald Tramp ölkəsinin Ukraynanın NTM ehtiyatlarına maraq göstərdiyini açıq şəkildə dilə gətirib. ABŞ-nin yeni administrasiyasında hesab edirlər ki, Kiyevdə NTM hasilatına dair razılaşmanın əldə olunması Ukraynaya göstərilmiş hərbi yardımların əvəzinin ödənməsi üçün yaxşı imkan yaradacaq. Amma Birləşmiş Ştatlar üçün ən vacibi Çinin NTM sahəsindəki monopoliyasını dağıtmaq istiqamətində addımların atılmasıdır. Ukraynanın özünün qiymətləndirməsinə görə, dünyanın kritik NTM ehtiyatının təxminən 5%-i onun ərazisində yerləşir. Buraya milyonlarla ton qrafit ehtiyatı da daxildir. Avropanın litium yataqlarının üçdə biri, Avropanın titan tədarükünün isə 7%-i də Ukraynanın payına düşür. Ölkənin öyrənilməmiş ehtiyatlarının ümumi dəyəri 220 milyard dollar təşkil edə bilər. Bununla yanaşı, Ukrayna NTM ehtiyatlarına malik ən zəngin 10 ölkə sırasında deyil. Bəzi ekspertlər düşünürlər ki, Kiyevin malik olduğu ehtiyatlara dair proqnozları çox nikbindir. Onlar hesab edirlər ki, əslində, ölkənin ehtiyatları emalı iqtisadi səmərəli səviyyəyə çatdıracaq həddə deyil. Üstəlik, bu strateji resursların bir hissəsi artıq Rusiyanın nəzarətində olan ərazilərdədir. Lakin ən əlverişli şəraitdə belə, bu istiqamətdə geoloji kəşfiyyat işlərinə nə qədər vaxtın, lazımi istehsal müəssisələrinin və müvafiq infrastrukturun yaradılmasına nə qədər vəsaitin tələb olunacağı bəlli deyil. Bəzi yataqlar isə infrastruktur obyektlərinin – yolların, yaşayış məntəqələrinin, elektrik xətləri şəbəkəsinin və s. altına düşür.
Bənzər problemlər NTM ehtiyatlarının olduğu düşünülən digər ölkələrdə və regionlarda da var. Hasilat və emala mane olacaq daha bir amil isə daxili qeyri-sabitliklər və silahlı münaqişələrdir (Ukrayna, Əfqanıstan, eyni zamanda CAR, Ruanda, Konqo, Burundi və s. kimi Afrika ölkələri).
Daha bir maneə çətin iqlim şəraiti və ya iqtisadi zərərin qarşısını almağın mümkünsüzlüyüdür (Kanada, Rusiya, Qrenlandiya, İpitsbergen, Alyaska, İsveç, Norveç, Yaponiyanın Sakit okeandakı iqtisadi zonası, Əfqanıstan və s.). Məsələ ondadır ki, NTM-in əldə olunduğu mədənlərdə bir çox halda torium və urana rast gəlinir. Belə işlər zamanı bu radioaktiv maddələr qurunt sularına və ya bulaqlara qarışa bilər. Eyni zamanda hasilat və emal üçün böyük həcmdə su və enerji də tələb olunur. Bu zaman ətraf mühitə hansı həcmdə zərərin dəydiyini artıq Cənubi Çin və Şimali Myanma dağlarında aşkar şəkildə görmək mümkündür. Çinin Daxili Monqolustan regionunda yerləşən və ən böyük NTM yatağı olan «Bayan-Obo» dünyanın ən çirkli yerlərindəndir. Yeri gəlmişkən, NTM-in çıxarılması və təmizlənməsinin ekoloji təmiz, iqtisadi effektiv yolunu tapa biləcək hər bir ölkənin bu işdə irəliləmə şansı var.
Nəhayət, «nadir torpaq elementləri uğrunda savaş»ın ən vacib məqamlarından biri logistikadır. Bu, beynəlxalq ticarət yollarından dənizlərlə ayrılan regionlar (Mərkəzi Asiya, Monqolustan, Əfqanıstan) üçün xüsusilə aktualdır. Aydındır ki, yalnız hasilat yerlərinin deyil, tədarük zəncirlərinin də şaxələndirilməsinə ehtiyac var. Güman ki, son zamanlar yeni ticarət marşrutları uğrunda geosiyasi mübarizənin kəskinləşməsi də buradan irəli gəlir…
Mədən yanacağı ehtiyatlarının aşkarlanmasının ötən əsrin formalaşmasına təsiri kimi, NTM uğrunda yarış da XXI əsri formalaşdırır. Bu sahədə irəliləyiş olmadan hər hansı ölkənin texnoloji suverenliyi mümkün görünmür. Demək, bu məsələ beynəlxalq geosiyasi arenada əhəmiyyətini getdikcə artıracaq.
MƏSLƏHƏT GÖR:



139

