AVROPA ORDUSU: MİF, YOXSA REALLIQ?
Ukrayna müharibəsi və ABŞ ilə münasibətlərdəki dəyişiklik Avropada müdafiə alyansının yaradılmasına dair diskussiyaları necə aktivləşdirdi?
Müəllif: İlqar VƏLİZADƏ
Hazırda Avropa siyasətində ən çox müzakirə olunan mövzu yəqin ki, qitə ölkələrinin müdafiə alyansının yaradılması məsələsidir. Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen hələ ötən ilin noyabrında bildirirdi ki, Avropa təhlükəsizliyinin təmini üçün NATO-dan başqa, öz təhlükəsizlik və müdafiə ittifaqının yaradılması haqda düşünməlidir. Martın əvvəllərində isə o, «Avropanın yenidən silahlanması» («ReArm Europe») planını ortaya qoyub. Planın məqsədi Avropa İttifaqının müdafiə xərclərinin artırılmasıdır. Fon der Lyayen hesab edir ki, Avropa bu məqsəd üçün təxminən 800 milyard avro ayıra bilər.
Beləliklə, «Köhnə dünya» bu yaxınlaradək mümkünsüz kimi görünən hədəfə nail olmaq üçün müntəzəm və ardıcıl yol axtarır. Bəli, artıq söhbət Avropanın tamhüquqlu hərbi birlik yaratmasından gedir. Martın əvvəlində iflasla nəticələnmiş Zelenski-Tramp görüşü və Vaşinqtonun Ukraynaya hərbi yardımları dayandırmaq qərarı bu mövzu ətrafında diskussiyaların qızışmasına yol açıb.
Məsələnin əvvəli
Avropanın vahid ordusunun yaradılması ideyası Avropa layihəsinin lap başından, «soyuq müharibə»nin ilk illərindən bəri zaman-zaman müzakirə edilir. Bir vaxtlar Eyzenxauer administrasiyası Avropa liderlərini buna razı salmağı da bacarmışdı. O zaman taleyin hökmündən, bu ideyanın reallaşmasını Fransa parlamenti əngəlləmişdi.
1948-ci il martın 17-də Qərbi Avropa ölkələri olan Belçika, Böyük Britaniya, Lüksemburq, Niderland və Fransa Brüssel paktı (Qərbi Avropa İttifaqı) adlı razılaşmanı imzalamışdılar. Onun əsas məğzini mümkün təcavüzkara (ilk növbədə, SSRİ-yə) qarşı «kollektiv özünümüdafiə»nin təşkili idi. Bir çoxları Brüssel paktını NATO-nun sələfi də adlandırır. Məhz Şimali Atlantika Alyansının yaradılması ilə digərinin təşkili, yəni, alyans içərisində alyansın qurulması zərurəti aradan qalxmışdı. Qərbi Avropa İttifaqı formal olaraq, mövcudluğunu 2011-ci ilədək davam etdirib və həmin ildə mövcudluğuna son qoyub.
Vahid Avropa ordusunun yaradılması ideyası 1990-cı illərdə, Avropa İttifaqı yaranan zaman ortaya atılıb. Lakin ABŞ-nin müqaviməti və iştirakçı ölkələrin NATO çərçivəsində əməkdaşlığa sadiqliyi səbəbilə konsepsiya populyarlığını itirib. Bir də ABŞ-də Donald Tramp administrasiyasının hakimiyyətə gəlişi və müttəfiqlərinə qarşı müdafiə büdcəsinin artırılmasına dair sərt tələblərlə çıxış etməyə başlamasından sonra vəziyyət yenidən dəyişib. Ukrayna müharibəsi isə Avropanı müdafiə konsepsiyasına ümumiyyətlə yenidən baxmağa vadar edib.
Yeni çətin reallıq
Birləşmiş Ştatlar getdikcə daha aydın şəkildə göstərir ki, o, bundan sonra Avropanın təhlükəsizliyinin qarantı kimi çıxış etmək istəmir. Bu kontekstdə Vaşinqton Avropa ölkələrinə öz təhlükəsizliklərinin qayğısına qalmalarını təklif edir. İndi Aİ üçün əsas məqsəd ən azı 25 ayrı ordudan ibarət olan və yumşaq desək, məqsədi Avropanın qorunması olmayan pərakəndə müdafiə landşaftının birləşdirilməsidir. Brüssel ən azı vahid müdafiə büdcəsinin formalaşdırılmasında üzv dövlətlərin sıx koordinasiyalı şəkildə işləməsini istəyir. Bununla yanaşı, islahatlar da aparılmalı, Avropa orduları yeni hədəflərə inteqrasiya olunmalıdır.
Mütəxəssislər əmindirlər ki, Avropanın yaxın perspektiv üçün hədəfi ABŞ ordusunu əvəz etmək deyil. Bunadək kənardan gələcək hər hansı ciddi təhdidə müqavimət göstərə biləcək effektiv təhlükəsizlik sistemi yaradılmalıdır. Bəziləri isə düşünürlər ki, Vaşinqtonun Kiyevə dəstəyi dayandırması fonunda Avropa Ukraynanın Rusiyanı maksimum zəiflədəcək, tükəndirəcək hərbi əməliyyatları davam etdirə biləcəyinə əmin olmalıdır. Ekspertlərin fikrincə, bu, Avropaya Moskva ilə gələcək qarşıdurmalara hazırlaşmağa zaman qazandıracaq. Bu müddətdə Avropa hərbi-texniki potensialındakı çatışmazlıqları aradan qaldırmalıdır. Məsələn, onun daha çox sursata ehtiyacı var və bu istehsal daha sürətli templərlə həyata keçirilməlidir. Eyni zamanda Avropa öz silahlı qüvvələrini mümkün qədər birləşdirmək istiqamətində də sürətli və effektiv addımlar atmalıdır.
Uzaq persprektivdə isə Aİ ABŞ ordusunu əvəzləyə biləcək vahid Avropa qüvvələrinin yaradılması ilə ciddi şəkildə məşğul olmalıdır. Söhbət, güman ki, hibrid qüvvələrdən gedə bilər. Hesab olunur ki, Avropa İttifaqı daimi əsaslarla ümumi silahlı qüvvələr yaratmalı və o, Brüsseldəki mərkəzi komandanlığa tabe olmalıdır. Yeri gəlmişkən, hələ onun özünün də yaradılması lazımdır.
Ümumavropa qüvvələrinə Toni Bleyer, Jak Şirak və Sen-Malonun hələ 1998-ci ildə yaradılmasına dair razılığa gəldikləri 60 minlik çevik reaksiya qüvvələri nümunə ola bilər. O zaman söhbət bu qüvvələrin Avropada deyil, ondan kənardakı münaqişələrdə iştirakından gedirdi. Ənənəvi ordulardan fərqli olaraq, yeni yaradılacaq hərbi birlik daha çox dəniz piyadalarına bənzəyə bilər.
İddia olunur ki, söhbət Aİ-nin milli ordu hissələrinin rotasiyası ilə formalaşdıracağı daimi hərbi birlikdən gedəcək. Amma bu haqda danışmaq başqa, onu reallaşdıra bilmək başqa. Belə qüvvələrin yaradılması üçün Avropana şərti hərbi komissarlıq olmalı, bütün Avropadan müqavilə qarşılığında hərbi xidmət keçəcək şəxslərin orduya cəlb edilməsini o həyata keçirməlidir. Amma onun özünün belə, formalaşdırılmasına ehtiyac var. Bununla yanaşı, orduya xüsusilə kasıb regionlardan cəlb olunacaq şəxslərə qaneedici əməkhaqqı verilməlidir. Zabitləri isə işə Avropanın mövcud ordularından cəlb etmək olar. Məsələn, Avropanın Xarici Əlaqələr Xidməti kimi. O, işçiləri bütün Avropa ərazisində fəaliyyət göstərən diplomatik xidmətlərdən yığır.
Dilə gəlincə, bu, artıq problem deyil. Ordu sıralarına yeni cəlb olunacaq şəxslər Aİ-nin faktiki ünsiyyət dili olan ingilis dilində danışmalıdır ki, onu isə avropalılara demək olar ki, doğulduqları andan öyrədirlər.
Yeni ordu və NATO-da parçalanma
Amma bütün bunlar yalnız ehtimallardır və bu, əslində, Avropa ordusunun yaradılmasına aparan yolun nə qədər çətin, ağır ola biləcəyini göstərir. Üstəlik, bir sıra Avropa ölkələrində əvvəlkitək hesab edirlər ki, belə ordunun yaradılmasına ehtiyac yoxdur və təhlükəsizliyin təmini üçün NATO daha effektiv mexanizmdir.
Bəzilərinin fikrincə, Avropa ordusunun yaradılması NATO-nu parçalaya, Birləşmiş Ştatların, həmçinin onun Polşa, Rumıniya, Baltikyanı ölkələr və bir sıra Avropa dövlətləri kimi əsas hərbi-texniki tərəfdaşlarının Alyansı tərk etməsinə stimul verə bilər. Bununla yanaşı, Avropa ordusunun yaradılması üçün hər bir ölkənin razılığı, demək, referendumların keçirilməsini də tələb edir. İdeyanın hamı tərəfindən dəstəklənəcəyinə isə heç bir zəmanət yoxdur. Məsələn, Aİ-nin vahid komandanlığının yaradılması məsələsi illərdir müzakirə olunur. Blokun sülhməramlı missiyaların idarə olunması üçün komandanlığa çevrilməli olan strukturunun «rüşeym»i də var. Lakin onun NATO-nun fəaliyyətini təkrarlayacağı ilə bağlı narahatlıq və ABŞ-nin müqaviməti bu ideyanın reallaşdırılmasına imkan vermir.
Tənqidçilər əmindirlər ki, Avropa İttifaqının sırf iqtisadi birlikdən yarımhərbi bloka çevrilməsini nəzərdə tutan bu qədər miqyaslı islahat Avropa müqaviləsinin özündə də dəyişiklik tələb edəcək. Bununla yanaşı, Aİ-də yer alan üç ölkə – İrlandiya, Avstriya və Malta NATO üzvləri deyillər və onlar hərbi bloklarda yer almaqdan çəkinir, neytrallığa üstünlük verirlər. Belə dövlətlər Aİ-nin iqtisai birlikdən az qala hərbi bloka çevrilməsinə razılıq verəcəklərmi? Bəs məsələdə konsensus əldə olunmayacaqsa, Brüssel öz ordusunu yarada bilərmi?
Hesab edilir ki, Avropa müqaviləsində belə mübahisəli məqamların aşılmasına imkan verəcək «əl yeri» var. Məsələn, Avropa ordusu Avropanın «Frontex» adlı sərhəd və sahil agentliyinin formalaşdırıldığı hüquqi səlahiyyətlər çərçivəsində yaradıla bilər. «Frontex» missiyasının işi «üzv dövlətlərin sərhədlərinin qorunmasına dəstək verməsi»dir. Bu missiyanın artilleriya qurğuları, dronları və gəmiləri var. Əlbəttə, onu heç kim «Aİ-nin dəniz piyadaları» adlandırmır. Ona «Aİ-i- sərhədlərinin bütövlüyü və təhlükəsizliyinin təmini üzrə gücləndirilmiş xidmət» deyilir. Amma bu, məsələnin məğzini dəyişmir.
Qanundakı «əl yeri»
Avropa İttifaqı haqqında Müqavilənin 42.7-ci maddəsi vahid ordunun yaradılması prosesinə formallıq qazandırılması üçün dönüş nöqtəsi ola bilər. Orada bildirilir ki, üzv dövlətlər silahlı təcavüzə məruz qalmış üzvlərə köməklik göstərmək üçün «əllərində olan bütün vasitələrdən istifadə etməlidir». Aİ-ni məhz üzv dövlətlər yaratdığından və onu idarə etmək səlahiyyəti bu dövlətlərin əlində olduğundan, Aİ ordusunun yaradılması və ondan istifadə «əldə olan bütün vasitələrdən istifadə» anlayışına aid edilə bilər.
Bəs Avropa ordusunun yaradılması NATO-da parçalanmaya yol aça bilərmi? Bu halda Şimali Atlantika təhlükəsizlik sisteminin aqibəti necə olacaq? Bu suallara dəqiq cavab yoxdur. Nikbinlər iddia edirlər ki, Aİ-nin vahid ordusu NATO qüvvələrinin bir hissəsinə çevrilə, Avropa hərbi komandanlığının rəhbəri isə Alyansın baş katibinin müavini kimi fəaliyyət göstərə bilər. Amma bu halda artıq söhbət təşkilatın yenidən formalaşdırılmasından gedəcək. Bunun üçün NATO-nun bütün üzvlərinin razılığı lazımdır. Belə bir vəziyyətdə razılığa gəlinməsi mümkündürmü?
Türkiyə uzun illərdir Aİ üzvlüyünə iddialıdır. Prezident Rəcəb Tayyib Ərdoğan Aİ-yə üzvlüyün Ankara üçün prioritet olduğunu dəfələrlə dilə gətirib. «Türkiyə olmadan, Avropanın təhlükəsizliyini təmin etmək mümkün deyil. Avropa İttifaqının Türkiyəsiz qlobal aktor kimi çıxış etməsi getdikcə daha mümkünsüz hala çevrilir», - deyə Ərdoğan qeyd edib. Bununla o, demək istəyir ki, Ankaranın iştirakı olmadan, Avropanın ümumi təhlükəsizlik sisteminin yaradılması da mümkün deyil.
Bu gün Türkiyə NATO-da ABŞ-dən sonra ən böyük orduya malik dövlətdir. Onun böyük hərbi-sənaye kompleksi, Suriya və İraqda savaş təcrübəsindən çıxmış döyüş qabiliyyətli ordusu var. Belə bir vəziyyətdə Ankara Aİ-dən, o cümlədən Avropa ordusunun yaradılması prosesindən kənarda qalarsa, NATO üzvü kimi, çətin ki, bu ideyanın gerçəkləşdirilməsinə imkan versin.
MƏSLƏHƏT GÖR:




136

