TƏHLÜKƏSİZLİK UĞRUNDA SAVAŞ
Aİ sammiti təhlükəsizlik məsələlərindəki fikir ayrılıqlarını və Makronun liderlik iddialarını ortaya çıxardı
Müəllif: Samir VƏLİYEV
Avropa İttifaqının təhlükəsizlik məsələləri və Ukraynaya dəstəyə həsr olunmuş sammiti Avropa siyasətində bir çox problemli mövzuların olduğunu göstərib. Birləşmiş Ştatların qitədə hərbi mövcudluğunu azaltmaq qərarının ardından Avropa ölkələri ABŞ-nin gedişi ilə yaranacaq vakuumu dolduracaq optimal təhlükəsizlik modeli yaratmaq zərurəti ilə üz-üzə qalıblar.
Fransanın «çətiri altında»
Yaranmış vəziyyəti tamamilə əsaslı olaraq, «Avropanın təhlükəsizliyi uğrunda savaş» adlandırmaq olar. Sammitdən sonra Aİ rəhbərliyi videokonfrans keçirərək, Böyük Britaniya, Kanada, Türkiyə, Norveç və İslandiya liderlərinə toplantının nəticələri haqda məlumat verib. Məsələn, onlar Avropa Komissiyasının Avropanın militarizasiyası planının («ReArm EU») işə salındığını bildiriblər. Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen «Aİ-nin müdafiəsini gücləndirmək», eyni zamanda Ukraynaya uzunmüddətli dəstək vermək niyyətlərini qarşı tərəfin nəzərinə çatdırıb.
Maraqlıdır ki, Avropanın gələcək təhlükəsizlik konsepsiyasını yalnız 27 ölkə müzakirə edib. Avropanın hərbi güc baxımından ən güclü dövlətlərindən olan iki NATO üzvü – Böyük Britaniya ilə Türkiyə müzakirələrdə iştirak etməyib.
Belə vəziyyətdə Aİ-nin nüvə başlıqlarına malik yeganə üzvü olan Fransa Aİ-nin təhlükəsizliyinin qarantı kimi çıxış etmək imkanı qazanır. Avropanın təhlükəsizliyinin təminində vacib rol oynamaq istəyən Britaniya ilə Türkiyənin isə praktki olaraq, belə şansı qalmır. Bu, ən azı ilk baxışdan belə görünür. Qazandığı üstünlükdən istifadə etməyə çalışan Fransa Prezidenti Emmanuel Makron da öz növbəsində, Londonla Ankaranı ikinci plana atmağa çalışır. Bu məqsədlə o, tərəfdarlarından ibarət «dəstək qrupu» yaratmaq, onlara qarşı şirnikləndirici jestlər etmək istəyir. Fransanın «nüvə çətiri» yaratmaq ideyası da bu qəbildən olan təşəbbüsdür. Makron bu ideya ilə xalqa son sammit ərəfəsində müraciət edib. Fransanın iddialı lideri artıq avropalı tərəfdaşları ilə strateji debatlara başlayıb. Bununla o, Fransanın nüvə yayındırıcılığı imkanını bütün Aİ-yə yaymaq istəyir.
«Çətir»dən «çətir»ə fərq var
Avropada nüvə silahına yalnız iki ölkə malikdir: Fransa və Böyük Britaniya. Parisin üstünlüyü Fransa hökumətinin nüvə yayındırıcılığı məsələsində böyük suverenliyə malik olmasındadır. Bu mənada, Birləşmiş Krallığın vəziyyəti tam fərqlidir. London nüvə arsenalını Birləşmiş Ştatlarla sıx əməkdaşlıq çərçivəsində yaradıb. Odur ki, onun tam həcmdə yerləşdirilməsi üçün London ABŞ-nin infrastrukturuna və yardımına ehtiyac duyur.
Bəzi ekspertlər hesab edirlər ki, Vaşinqtonun razılığı olmadan Britaniya öz nüvə başlıqlarından istifadə edə bilməz. Yəni Britaniya öz arsenalı üzərində tam suverenliyə malik deyil. Nüvə silahından istifadə qaydalarında da fərqlər var. Belə ki, Britaniyanın nüvə başlıqları yalnız sualtı qayıqlardan atıla bilər. Eyni imkan Fransada da var. Lakin Paris bununla yanaşı, eyni addımı qırıcılar və bombardmançılar vasitəsilə də ata bilər.
Fransanın nüvə yayındırıcılığını genişləndirməsi dərin siyasi və doktrinal dəyişikliklərə də yol açacaq. Paris «həyati əhəmiyyətli maraqları»nın təhlükə ilə üzləşəcəyi təqdirdə nüvə silahından istifadə etmək niyyətindədir.
Fransanın nüvə yayındırıcılığı coğrafiyasını genişləndirməsi onun funksionalının yenidən bölüşdürülməsi zərurətini də yaradacaq. Yeni şəraitdə Fransanın «nüvə çətiri» Avropanın strateji muxtariyyəti (Makron bu ideyanın qatı tərəfdarıdır) ideyasına konkret forma qazandıra bilər. Maneə ondan ibarətdir ki, reallıqda Fransanın «nüvə çətiri» Avropanın yox, Fransanın strateji muxtariyyətinə aiddir. Amma Avropa həmrəyliyi, ümumi məsuliyyət haqda bütün səs-küylü bəyanatların, fikirlərin arxasında Parisin bütünlükdə Aİ-nin hərbi-siyasi liderinə çevrilmək iddialarını görməmək mümkün deyil. Yəni o, bütünlükdə ittifaqın maraqlarını öz geostrateji hədəflərinə aid etmək istəyir. Fransanın nüvə yayındırıcılığı sistemində əsas məqam nüvə silahından nə vaxt və necə istifadə olunacağına kimin qərar verəcəyi məsələsidir. Makron əmindir ki, bu qərarın qəbulu səlahiyyəti yalnız Fransa Prezidentində olmalıdır.
«Ağılsız»ın planı
Yəni 26 Aİ üzvü, həmçinin onun rəhbərliyi bu qədər həyati əhəmiyyətli məsələdə bir şəxsin – Fransa Prezidentinin iradəsindən asılı vəziyyətdə qalmalıdır. Bu, əlbəttə ki, kifayət qədər şübhəli perspektivdir.
Paris potensial tərəfdaşlarını ələ almaq üçün müxtəlif fəndlərə əl atır. Məsələn, Polşanın baş naziri Donald Tusk Fransa liderinin təşəbbüsünü elan etməsindən bir müddət sonra gözlənilmədən bəyan edib ki, Varşava nüvə və digər qeyri-konvensiya silahlarına əlçatanlığı həm də «Fransanın nüvə çətiri» təşəbbüsündə iştirakla təmin etməlidir. O, bu bəyanatı çətin ki, Parislə razılaşdırmadan versin. Tuskun «nüvə çətiri» layihəsi ilə bağlı Fransa ilə «ciddi danışıqlar apardığı» haqda fikirləri də bunun təsdiqidir.
Amma görünən odur ki, Aİ-nin başqa ölkələri Varşavanın nikbinliyini bölüşmür. Məsələn, İtaliyanın baş naziri Matteo Salvini Brüssel sammitinin səhəri gün Makronu «ağılsız» adlandırıb, onun Avropa ordusuna rəhbərlik etməməli olduğunu deyib. «Biz sahil mühafizəsi, aviasiya, hərbi-dəniz donanması, ordu, polis və mülki müdafiə qüvvələri üçün personal və qurğular əldə etməliyiksə, bunu edəcəyik. Amma nüvə savaşından danışan ağılsız Makronun rəhbərlik edəcəyi Avropa ordusu – xeyr! Heç vaxt!», - deyə baş nazir qeyd edib.
Fransa liderinin təklifindən digər Avropa ölkələrinin, məsələn, Macarıstan və Slovakiyanın liderləri də məmnun deyillər. Almaniya Xristian-Demokrat İttifaqının lideri və ölkənin gələcək kansleri Fridrix Merts xatırladıb ki, onun ölkəsinin nüvə silahına malik olmaq hüququ yoxdur. Merts hesab edir ki, belə bir vəziyyətdə Britaniyanın nüvə yayındırıcılığı sisteminin imkanlarından yararlanmaq olar.
Nəzərə alsaq ki, Aİ çərçivəsində konsensus olmadan belə qərarların qəbulu mümkün deyil, Parisin planlarının elə plan olaraq qalacağını düşünmək mümkündür.
Londonla Ankaranın kozırları
London və Ankara israrla nümayiş etdirirlər ki, onların bilavasitə iştirakı olmadan, belə sistemi yaratmaq alınmayacaq. Üstəlik, bu işdə Britaniya və Türkiyənin öz kozırları var. London Şimali Avropa ölkələri ilə yaxşı münasibətdədirsə, Ankaranın Cənubi və Cənub-Şərqi Avropa ölkələri ilə münasibətləri yüksək səviyyədədir. Belə bir vəziyyətdə onlar yenilənən panavropa təhlükəsizlik sistemindən çətin ki, kənar qalmaq istəsinlər. Demək, onlarla Paris arasında maraq toqquşması qaçılmazdır. Fərq yalnız bunun baş verəcəyi forma və üsullardadır.
Son 15 ildə Böyük Britaniya regionda ciddi ikitərəfli və çoxtərəfli münasibətlər şəbəkəsi qurub. Bu isə Avropa təhlükəsizliyi ilə bağlı hazırkı diskussiyalarda London üçün ciddi amildir. Niderland, Estoniya, Latviya, Litva, Norveç, İsveç, Finlandiya, Danimarka və İslandiyanın yer aldıqları müdafiə əməkdaşlığı formatı – Birləşmiş Ekspedisiya Qüvvələrinə (JEF) Britaniya başçılıq edir. Son illərdə isə London Şimali Atlantikaya, uzaq Şimala və bütünlükdə Baltik regionuna diqqəti getdikcə artırır. Birləşmiş Krallıq qeyd olunan ölkələrin milli silahlı qüvvələrinin texniki və hərbi hazırlığının artırılması üçün öz hərbi potensialından istifadə edir. Bunu Londonun Baltik regionu ölkələri ilə hərbi-texniki əməkdaşlığı kəskin şəkildə genişləndirməsi də təsdiqləyir. Bu ilin yanvarında Baltik dənizindən keçən ən böyük sualtı kabelin zədələnməsindən sonra JEF-ə daxil olan 10 ölkə Britaniyanın rəhbərliyi altında müasir reaksiya sistemini aktivləşdiriblər. Məqsəd sualtı infrastruktura potensial təhdidlərin izlənilməsi, Rusiyaya məxsus kölgə donanmasının monitorinqini aparmaqdır.
Baltikyanı ölkələr Aİ daxilində hərbi ittifaqın formalaşması fonunda Böyük Britaniya ilə əməkdaşlıqlarını, çətin ki, məhdudlaşdırsınlar. Bundan başqa, Parisin «strateji muxtariyyət» məsələsində israr edəcəyi təqdirdə NATO daxilində də ciddi ziddiyyətlərin yaranacağı istisna deyil.
Türkiyəyə gəlincə, Prezident Rəcəb Tayyib Ərdoğan açıq şəkildə bildirib ki, Ankarasız Avropa təhlükəsizliyi ola bilməz. «Biz gözləyirik ki, avropalı dostlarımız bu həqiqəti anlasın, Türkiyənin tamhüquqlu üzvlüyü prosesini irəli aparsın», - deyə Ərdoğan qeyd edib: «Biz Avropanın ayrılmaz hissəsiyik və Avropaya inteqrasiyanı strateji prioritet sayırıq. Türkiyənin tərkibində yer almadığı Avropa isə qlobal oyunçu kimi mövcudluğunu davam etdirməkdə getdikcə daha ciddi çətinliklərlə üzləşir», - deyə o, Ankarada səfirlər qarşısındakı çıxışında bildirib.
Türkiyə dünyada ən öncül hərbi-sənaye kompleksinə malik dövlətlərdəndir və öz hərbi-sənaye kompleksini NATO ölkələri ilə sıx inteqrasiya edib. Bu gün Türkiyədə istehsal olunan hərbi məhsulların 50%-dən çoxu NATO ölkələrinə ixrac edilir. Türkiyənin Quru Qoşunları isə NATO-da ABŞ-dən sonra ikinci yerdə qərarlaşır.
Bundan başqa, Türkiyə donanması Qara dənizdə NATO-nun ən böyük donanmasıdır. Ankaranın Qara dənizə açılan boğazları nəzarət etmək imkanı isə onu Avropa təhlükəsizlik sisteminin əvəzsiz amilinə çevirir. Bu mənada Türkiyə Bolqarıstan və Rumıniya ilə sıx münasibətlərə də malikdir. Belə bir vəziyyətdə regionda gələcək postmüharibə düzəninin formalaşdırılmasını, həmçinin Ukraynada vəziyyətin normallaşmasını Türkiyənin iştirakı olmadan təsəvvür etmək çətindir.
İstənilən halda, aydındır ki, London və Ankarasız Avropanın təhlükəsizlik sistemi yarımçıq olardı. Üstəlik, onlar bu sistemdə çətin ki, ikinci rola razılaşsınlar. Parisin iddialarına gəlincə, təcrübənin dəfələrlə göstərdiyi kimi, Makronun maksimalist iddialarının özü narahatlıq üçün ciddi əsasdır və təhlükəsizliyə əsl təhdidi elə bu amil özü yarada bilər. Xüsusilə nəzərə alsaq ki, bu təşəbbüslər hələ ki institusional müttəfiq olan dövlətlərin maraq toqquşması üçün zəmin yaradır.
MƏSLƏHƏT GÖR:



159

