TERROR ERASININ SONU?
Öcalanın qruplaşmasının tərk-silah edilməsinə dair bəyanatı Türkiyədə kürd terrorçuluğuna son qoyulması istiqamətində vacib addım ola bilər
Müəllif: NURANİ
Türkiyədə siyasi sensasiya baş verib. 1999-cu ildən İmralı adasındakı həbsxanada saxlanılan PKK terror qruplaşmasının rəhbəri Abdullah Öcalan Kürd Fəhlə Partiyasını tərk-silah olmağa çağırıb. Həbsindən sonra da terror təşkilatına rəhbərliyi davam etdirən, Türkiyənin cənub-şərqində ən azı 40 min insanın ölümündə günahkar olan Öcalan ritorikasını dəyişir. O, bildirib ki, «min ildən artıq tarix boyu türklərlə kürdlər arasında münasibətlər qarşılıqlı əməkdaşlıq və ittifaq terminləri ilə müəyyənləşib, həm türklər, həm də kürdlər mövcudluqlarını qorumaq, hegemon fövqəldövlətlərlə mübarizədən sağ çıxmaq üçün bu könüllü ittifaqda yer almağı vacib sayıblar». Öcalan müraciətində daha sonra deyib: «Cənab Dövlət Bağçalının çağırışı, həmçinin cənab prezidentin ortaya qoyduğu iradə, bu çağırışa digər partiyaların müsbət reaksiyası elə bir şərait yaradıb ki, mən sizi silahı yerə qoymağa çağırır, bu çağırışa görə tarixi məsuliyyəti öz üzərimə götürürəm».
Abdullah Öcalanın müraciəti yayılar-yayılmaz, PKK növbəti dəfə atəşkəs elan edib. Türkiyə mənbələrinin məlumatına görə, artıq apreldə bu təşkilatın qurultayı keçirilə və orada PKK-nın buraxıldığı elan oluna bilər.
Əksər ekspertlər Öcalanın bu müraciətini Türkiyənin siyasi qələbəsi kimi qiymətləndirirlər. PKK-nın buraxılması Ankaranın ən ağrılı problemlərindən birini həll etməsinə – ölkənin cənub-şərqində terror təhlükəsinə son qoymasına imkan yaradacaq. Üstəlik, ötən illər ərzində PKK yaraqlılarının Türkiyənin İstanbul və Ankara daxil olmaqla, ayrı-ayrı iri şəhərlərində də hücumlar təşkil ediblər.
«İrland təcrübəsi», yoxsa hərbi darmadağın?
Öcalanın PKK-nın buraxılmasına dair bəyanatını şərh edən politoloqlar bu hadisə ilə məşhur «ehtiraslı cümə razılaşması» arasında paralellər aparırlar. Məlum olduğu kimi, doxsanıncı illərin sonlarınadək Böyük Britaniya hökumətləri Şimali İrlandiyada terror təşkilatları ilə amansız mübarizə aparıblar. Onlardan ən təhlükəlisi «İrlandiya respublika ordusu» (İRO) olub. Bu qruplaşma uzun illər Şimali İrlandiyanın və ya Olsterin müstəqil İrlandiyaya birləşdirilməsi uğrunda mübarizə aparıb. İRO Avropada ən peşəkar və təhlükəli terror qruplaşmalarından sayılıb. O, onlarla insanın həlak olması, səs-küylü sui-qəsdlər və s. daxil olmaqla, saysız-hesabsız qanlı aksiyaya əl atıb. İRO terrorçuları fəaliyyətlərini Hollivudun döyüş filmlərinin ssenarilərinə uyğun qurublar: «Vətənpərvər oyunları»ndan tutmuş, «Şeytanın mülkiyyəti»nədək. Qruplaşma 1960-cı illərin sonlarında yaradılıb. Amma Şimali İrlandiyanın müstəqilliyi uğrunda silahlı mübarizənin yaşı daha çoxdur. Münaqişəyə, nəhayət, danışıqlar yolu ilə son qoyulub: silahlı mübarizədən imtina edən İRO «Şinn Feyn» adlı siyasi partiyaya çevrilib və leqal fəaliyyət hüququ qazanıb.
PKK-ya gəlincə, Öcalanın onu özünü buraxmağa çağırmasından əvvəl qruplaşma əsas himayədarlarından məhrum olmuşdu. İlk növbədə, onun İraqdakı strukturu tamamilə darmadağın edilib. 2017-ci ildə İraq Kürdüstanının müstəqilliyini elan etməyə uğursuz cəhddən sonra İraqın Kürdüstan muxtariyyətinin regional rəhbərliyi mərkəzi hökumətlə münasibətləri pozmamağa çalışır. O, Ankara ilə də fəal əməkdaşlıq edir. Belə şəraitdə İraq öz ərazisində PKK terrorçularının Səddam Hüseyn dövründə olduğu kimi fəaliyyət göstərməsinə imkan verməyəcək.
Amma PKK-ya ən ciddi zərbə, əlbəttə ki, Suriyada Bəşər Əsəd rejiminin devrilməsi ilə vurulub. Bu meydanda ABŞ də daxil olmaqla, kürdlərlə «oynayan» çox idi. Amma qruplaşmaya ən ciddi dəstəyi rəsmi Dəməşq verirdi. Ekspertlər xatırladır ki, məhz Dəməşqin PKK-nı dəstəkləməsi üzündən, 1998-ci ildə Türkiyə ilə Suriya tammiqyaslı müharibənin astanasına belə, çatmışdılar. Suriya hökuməti Abdullah Öcalana münasibətdə «qonaqpərvərlik» göstərməkdən məhz onda əl çəkməli olmuş, terrorçuların lideri isə müxtəlif ölkələrdə gizlənməsinə baxmayaraq, sonda Keniyada Türkiyə xüsusi xidmət orqanları tərəfindən saxlanılmışdı. Bəşər Əsəd rejiminin devrildiyi indiki şəraitdə PKK liderləri əsas dəstəyi itirdiklərini anlamaya bilməzlər. Demək, nə qədər ki, Ankara bunun əleyhinə deyil, onunla mümkün qədər razılaşmaq lazımdır.
PKK ilə razılaşmaya, əlbəttə ki, maneələr çoxdur. Barışıq prosesinin konkret necə cedəcəyinə dair çoxsaylı fikirlər dolaşmaqdadır. Artıq qeyri-rəsmi səviyyədə bəyan olunub ki, Türkiyə ərazisindəki yaraqlılar silah-sursatlarını Türkiyə hökumətinə, Suriya ərazisindəkilər isə yerli hökumətə təhvil verəcək. Amma bütün suallara hələ də cavab yoxdur. Məsələn, PKK-nın rəhbərliyinə aid olan və barələrində axtarış elan edilmiş şəxslərin taleyinin necə olacağı bəlli deyil. Hələlik amnistiyadan danışılmır. Sıravi terrorçular amnistiya ala bilər. Amma funksionerlər haqda bunu demək çətindir. Bununla yanaşı, məsələn, «Suriya demokratik qüvvələri»nə inteqrasiya etmiş kürd qruplaşmalarının necə davranacağı da bilinmir. Türkiyədə bu qruplaşma PKK-nın qanadı sayılıb. İndi onların Öcalanın çağırışını qəbul edib-etməyəcəklərini söyləmək çətindir.
«Böyük Ermənistan»dan «sosialist Kürdüstanı»na
PKK 1970-ci illərin əvvəllərində, Türkiyədə müxtəlif solçular, solçular və marksistlərin yağışdan sonra göbələk kimi peyda olduğu dövrdə ortaya çıxıb. Onların çoxunu bu gün heç mütəxəssislər belə, xatırlamır. PKK və ya Kürd Fəhlə Partiyası da onlardan birinə çevrilə bilərdi. Amma SSRİ xüsusi xidmət orqanlarının diqqət mərkəzinə düşməsəydi. Məsələn, Yevgeni Primakov da daxil olmaqla, Moskva funksionerləri kürd siyasətçilərlə «oyun»lara hələ 50-60-cı illərdə və əsasən Türkiyə ilə həmsərhəd olan Yaxın Şərq ölkələrində başlamışdılar. Bu, artıq NATO üzvü olan ölkənin hökumətinə qarşı işləmək imkanı idi. Bundan başqa, Şimali Atlantika Alyansının cənub cinahının əsas təməl daşı məhz Türkiyə olub və olmaqdadır.
PKK-nın erməni terror qruplaşmaları ilə əlaqələr qurmaq sürəti də maraqlıdır. Qəribəsi odur ki, bu zaman PKK-nın öz «müstəqil sosialist Kürdüstanı»nı erməni yaraqlılarının (XX əsrin əvvəllərində «Daşnaksutyun» daxil olmaqla) «Böyük», yaxud «qərbi Ermənistan» qurmaq istədikləri ərazilərdə yaratmağa çalışdığı tərəflərdən heç birini çəkindirməyib.
Türkiyədə Şərqi Anadolu xəritədə çox önəmli yer tutur. O, zəngin təbii sərvətləri ilə tanınmır, burada məhsuldar torpaqlar belə, azdır. Şərqi Anadolu çox yoxsul və inkişafdan geri qalmış regiondur. Burada hələ Mustafa Kamal Atatürkün dövründə start verilmiş torpaq islahatları o vaxtdan yarımçıq qalıb.
Əvəzində, burada son dərəcə strateji əhəmiyyətə malik dağ silsiləsi var. Bu, Bosfor və Dardanel boğazlarının cənub sahilinə yol açan yüksəkliklərdir. Şərqi Anadolu məhz bu səbəbdən Birinci Dünya müharibəsi illərindən müxtəlif səhnəarxası oyunçuların diqqətində olub. Birinci Dünya müharibəsi ərəfəsində və onun gedişində bəlli güclər bu əraziləri Türkiyədən «xristian ermənilərin müdafiəsi» şüarı altında qoparmağa çalışıblar. İyirminci illərin əvvəllərində isə burada üsyan baş verib. Daha dəqiq desək, bu, əsas hədəfi torpaq islahatlarını pozmaq olan yerli zadəganların qiyamı idi. Onlar əsasən dini şüarlardan istifadə edirdilər. Bu gün isə bu qiyamı artıq «kürdlərin üsyanı» kimi ortaya atmaq istəyirlər. Aradakı uzun illər ərzində xarici oyunçuların başı Şərqi Anadoludan daha ağır problemlərə qarışıb.
SSRİ-nin Qərbi Sibir neft və qazının ixracı hesabına ciddi maliyyə əldə etdiyi, bu vəsaiti hərbi sənayeyə, orduya və geosiyasi arzuların gerçəkləşdirilməsinə yatırmağa başladığı 70-ci illərdə Şərqi Anadolu yenidən diqqət mərkəzinə düşüb. Bir yandan Sevr müqaviləsi və bu müqaviləyə əsasən «Qərbi Ermənistan»a çevrilməli olan «altı vilayət» mövzusunu yenidən ortaya atan «erməni lobbisi»nin strukturlarına ciddi vəsait yatırılıb, digər tərəfdən kürd separatçıları ilə fəal iş aparılmağa başlanılıb.
Mütəxəssislər hesab edirlər ki, bu gün əsas təhdid məhz bu geosiyasi tərtibatdan gəlir. PKK özünü buraxdığını elan edə bilər, lakin Şərqi Anadoluya olan maraq itməyəcək. Demək, yadların Türkiyəyə ərazi iddialarında alət rolunu oynayacaq başqa qüvvələr peyda ola bilər.
Müasir Türkiyə iyirminci, yaxud yetmişinci illərin Türkiyəsi deyil. Ankara nəinki geosiyasi əhəmiyyətini qat-qat artırıb, bu gün o, ordusunun gücünə, xüsusi xidmət orqanlarının peşəkarlığına görə NATO-da ikinci yeri tutan regional fövqəldövlətdir. İndi Suriyada, Liviyada və bir çox Afrika ölkəsində baş verənlər Ankara qarşısında hansı miqyasda geosiyasi vəzifələrin dayana biləcəyini təsəvvür etmək imkanı verir.
MƏSLƏHƏT GÖR:




139

