5 Dekabr 2025

Cümə, 12:12

«KÜÇƏ» NƏYİ HƏLL EDİR?

Türkiyədə mitinqlər daxili mübarizənin və xarici təsirlərin əksi kimi

Müəllif:

01.04.2025

Türkiyə dünya televiziyalarını «inqilabi-dramatik» telemənzərə ilə təmin edir. Ölkənin iri şəhərlərində Prezident Rəcəb Tayyib Ərdoğanın əleyhdarlarının kütləvi mitinqləri keçirilir. Buna İstanbul bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun həbsi təkan verib.

Etirazlar güclüdür. Daxili İşlər Nazirliyinin məlumatına görə, saxlanılanların sayı mini ötüb. Onların arasında terror təşkilatlarının ən azı 12 üzvü də var. Qarşıdurmalarda xəsarət alan polis əməkdaşları yüzlərlədir. Ərdoğan polisi daş-qalaq edən, İstanbul məscidlərindən birinin yaxınlığındakı qəbiristanlığı dağıdan və s. nümayişçilərin ünvanına çox sərt ifadələr səsləndirib. Amma o, etirazçılara qarşı sərt tədbirlər görüləcəyi kimi ifadələr işlətməyib.

Hələliksə Türkiyənin İstanbul, Ankara, İzmir və digər iri şəhərlərinin küçələrində nümayişçilərlə polis arasında qarşıdurma davam edir, ekspertlər isə yaşananları anlamağa, proqnozlar verməyə çalışır: nə baş verir? Bu qarşıdurmadan kim qalib çıxacaq? Ehtirasların bu qədər coşması müxalifətçi Cümhuriyyət Xalq Partiyası (CXP) və hakim Ədalət və İnkişaf Partiyası (ƏİP), ən əsası isə Türkiyə üçün nə ilə nəticələnəcək?

 

«Korrupsiya» yazılır, bəs nə oxunur?

Əkrəm İmamoğlu miqyaslı antikorrupsiya əməliyyatı çərçivəsində saxlanılıb. İşdə yüzlərlə şəxsin adı keçir. Ərdoğan tərəfdarları ilə görüşdə bildirib ki, baş verənlərin detalları açıqlanarsa, «Braziliya serialları kölgədə qalar».

Əkrəm İmamoğlu Ərdoğan üçün ən ciddi siyasi rəqibdir. Üç il sonra keçirilməli olan prezident seçkisində müxalifətin namizədinin məhz İmamoğlu olması nəzərdə tutulur. İstanbulun bələdiyyə sədri həm də CXP-nin lideridir. Türkiyədə və ondan kənarda bir çox ekspert və politoloq əmindir ki, «İstanbula sahib olan Türkiyəyə sahib olur». Hazırkı dövlət başçısı Ərdoğan da əvvəl baş nazir, sonra isə prezident kürsüsünə aparan yolda parlamağa məhz İstanbulun bələdiyyə sədri kimi başlayıb. Odur ki, CXP namizədinin Türkiyənin ən nəhəng şəhərində bələdiyyə seçkisini qazanması az qala «Ərdoğan erasının sonu» kimi qəbul edilməyə başlanmışdı.

Belə vəziyyətdə «diktator Ərdoğanın siyasi rəqiblərini sıradan çıxarmaq istədiyini» bəyan etmək, keçirilən mitinqləri «kütlənin demokratiya istəyi», kimlərisə qəhrəman adlandırıb, kimlərisə rüsvay etmək - çox böyük vəsvəsədir. İki mininci illərin əvvəllərinə qayıdaraq, «islamçılar»la dünyəvi dövlət düzəni tərəfdarlarının qarşıdurmasından danışmaq da olar. Xüsusilə nəzərə alsaq ki, CXP-nin yaradıcısı Mustafa Kamal Atatürk olub.

Digər yandan bu mitinqlərin Türkiyədə ənənəvi olaraq, yaşandığı ölkəyə fövqəladə üstünlüklər gətirməyən «rəngli inqilab»a cəhd kimi qiymətləndirmək mümkündür. Bu versiyanı təsdiqləyən ciddi arqumentlər də var: Türkiyə məhz Ərdoğanın dövründə beynəlxalq arenada müstəqil oyunçuya çevrilib və ola bilsin ki, bir çox xarici qüvvə bundan heç də məmnun deyil.

Müşahidəçilər xatırladırlar ki, belə hallarda xarici qüvvələr həmin ölkələrdə hakimiyyətə demokratları, liberalları və ya hansısa digər cəlbedici məslək daşıyıcılarını gətirmir. Onları dinləyəcək qüvvələri gətirir. Ərdoğan da məhz bu ssenariyə eyham vurur: «Bizim cəmiyyətlə münasibətlərimizi möhkəmləndirməyə çalışdığımız vaxtda bəzi qüvvələr bunu pozmaq istəyir. Bəziləri bizim müxtəlif maskalar altında ölkəmizdən öz maraqları üçün istifadə etməyə çalışanların əsl niyyətlərini ortaya çıxarmağımızdan narahatdırlar. Türkiyəyə və onun xalqına düşmən mövqedə olan dairələr öz məqsədləri üçün həmin qüvvələrdən istifadə edirlər», - deyə R.T.Ərdoğan hakim partiyanın parlament qrupunun iclasında bildirib.

 

Türkiyədəki mitinqlərə Azərbaycandan baxış

Türkiyədə yaşanan daxili siyasi çəkişmələrə, şübhəsiz ki, Azərbaycanda özünəməxsus yanaşma və baxış var. Yalnız ona görə yox ki, Bakıda, Gəncədə, Naxçıvanda «mitinq demokratiyası»nın real dəyərini yaxşı bilirlər. İki ölkə arasında münasibətlər, həqiqətən, qardaşlıq səviyyəsinə Türkiyəyə məhz Ərdoğanın rəhbərlik etdiyi illərdə yüksəlib. Bu münasibətlərdə kulminasiya nöqtəsi haqlı olaraq, 44 günlük Vətən müharibəsi zamanı Türkiyənin Azərbaycana verdiyi qəti dəstək və 2021-ci il iyunun 15-də imzalanmış Şuşa Bəyannaməsi sayılır. Xatırladaq ki, həmin sənəd ilə iki ölkə arasında hərbi ittifaq yaranıb. Üstəlik, Türkiyədə 2023-cü ildə keçirilmiş prezident seçkisini də Azərbaycanda yaxşı xatırlayırlar. Hansısa şayiələrə, eyhamlara fikir verməmək olardı. Lakin Bakıda diqqəti hələ o vaxt bir məqama xüsusi çəkirdilər: CXP-nin prezidentliyə namizədi Kamal Kılıçdaroğlu seçki ərəfəsində Azərbaycana səfər etməyi lazım bilməmişdi. Amma həmin dövrün əsl qalmaqalı Kılıçdaroğlunun artıq prezidentliyə namizəd statusu ilə İpək yolu üçün öz xəritəsini açıqlaması olmuşdu – CXP lideri hesab edirdi ki, həmin yol İran ərazisindən keçməlidir – Azərbaycanı kənarda qoymaqla. Halbuki Azərbaycan artıq İrək yolunun bərpası layihəsinin fəal iştirakçısı idi. O, bu layihədə trans-Xəzər bərə yolu və Bakı-Tbilisi-Qars dəmir yolu ilə yer alır. O vaxt ekspertlər Kılıçdaroğlunun ideyasını açıq şəkildə qeyri-real adlandırır, ən əsası isə onu Azərbaycan-Türkiyə münasibətlərinə zərbə vurmaq cəhdində günahlandırırdılar.

Həmin vaxt Türkiyənin xarici işlər naziri postunu tutan Mövlud Çavuşoğlu qeyd olunan hadisə ilə bağlı çox sərt danışmış, müxalifətçi CXP-nin prezidentliyə namizədini açıq şəkildə Ermənistan və Qərbi razı salmağa çalışmaqda ittiham etmişdi. «Azərbaycanın maraqlarının əleyhinə getməyin mənası nədir? Ermənistanı razı salmaq? Yoxsa Qərb dövlətlərini? Biz qardaş Azərbaycanı təcrid vəziyyətə salmağa çalışan qüvvələrin məqsədlərini yaxşı anlayırıq», - deyə Çavuşoğlu bildirmişdi.

Kılıçdaroğlu həmin seçkidə məğlub oldu və böyük siyasətdən getdi, lakin baş vermiş hadisənin izləri qaldı.

Bütün bunların fonunda İmamoğlunun həbsi və Türkiyə ictimaiyyətinin buna reaksiyası, əlbəttə ki, qardaş ölkənin daxili işidir. Bu həbsin siyasi nəticələrinin necə olacağını da Türkiyə vətəndaşları müəyyənləşdirir. Öz maraqlarına uyğun.

 

CXP İƏP-ə qarşı

Türkiyə real, işlək demokratiya ölkəsidir. Burada kütləvi etiraz aksiyaları qeyri-adi hadisə deyil və onlar heç də həmişə miqyaslı siyasi dəyişikliklərlə nəticələnmir. Belə tələbə etirazları da çox vaxt «öz-özünə sönür». Üstəlik, seçkiyə hələ 3 il var, Türkiyədə keçirilmiş bütün son prezident seçkilərini isə Ərdoğan qazanıb.

Amma bir fikri önə çəkənlər də haqlıdırlar: bəli, Ərdoğan seçkiləri qazanır, amma artıq siyasi karyerasının əvvəlindəki üstünlüklə yox. Son seçkidə o, rəqibini cəmi bir neçə faizlə üstələyə bilib.

2023-cü ilin yazında CXP-nin namizədi Kamal Kılıçdaroğlu seçkidə Ərdoğana məğlub olduqda «rəis»in rəqiblərinin düşərgəsində «pərişanlıq və laxlama» başlamışdı. Bundan sonra Kılıçdaroğlu yazılmamış qanunlara uyğun olaraq, partiyasının sədri postunu tərk etdi və kölgəyə çəkildi. Nəticədə, CXP sıralarında liderlik uğrunda mübarizə başladı.

Bu gün analitiklər əmindirlər ki, bu mərhələ artıq arxada qalıb. İmamoğlunun həbsi partiyanı birləşdirib. CXP bu həbsin ardından İmamoğlunu əbəs yerə rəsmən partiyanın prezidentliyə namizədi elan etməyib. Amma mütəxəssislər düşünürlər ki, bu, real siyasi hesablamalardan çox partiyadaşa edilən gözəl jestdir. İmamoğlu seçkiyədək həbsdə qalarsa, CXP istər-istəməz, alternativ namizəd axtarmalı olacaq. Demək, partiya daxilindəki rəqabət yenidən baş qaldıracaq.

Hazırkı coşqunun ictimaiyyət arasında simpatiya və antipatiya bölgüsünə necə təsir göstərəcəyini demək çətindir. Doğrudur, Türkiyə ictimaiyyətində artıq «Ərdoğandan yorğunluq» özünü göstərir. Buna iqtisadi problemlər, ölkədəki suriyalı qaçqınlar və bir çox digər amillər də təsir göstərir. Amma o da həqiqətdir ki, Türkiyə regional fövqəldövlətə məhz Ərdoğanla nail olub. O, ölkənin hərbi-sənaye kompleksinin güclənməsində böyük rol oynayıb və Türkiyəni dünyanın əsas silah ixracatçılarından birinə çevirib. Bu mənada, az qala silah sensasiyası kimi qiymətləndirilən «Bayraktar» hücum dronlarını xüsusi vurğulamaq lazımdır. Söhbət beynəlxalq silah ekspertlərini Qarabağın azad olunması ilə nəticələnmiş müharibədən sonra şoka salmış «Bayrakdar»dan gedir. Türk birliyi amilinin ciddi siyasi rol oynamağa başlaması, Ankaranın Xəzər dənizindən şərqə nüfuzunu genişləndirməsi də Rəcəb Tayyib Ərdoğanın prezidentliyi illərinə təsadüf edir. Doğrudur, düşünmək olar ki, xarici siyasət məsələləri prezident seçkilərində o qədər də böyük rol oynamır. Türkiyə vətəndaşları seçkidə öz maraqlarından çıxış edəcəklər: inflyasiya, sosial qarışıqlıq və bir çox digər məsələlər. Amma unutmaq olmaz ki, bütün demokratik ənənələrə rəğmən, Türkiyə seçicisi küçə yürüşləri və mitinqləri də o qədər də arzulamır. Kifayət qədər əsas olmasaydı, Türkiyənin hüquq mühafizə orqanları İmamoğlunu çətin ki, saxlayardılar. Ərdoğan da deyir ki, ittiham tərəfi sübutlarını ortaya qoyduqda «Braziliya serialları kölgədə qalacaq».

Belə bir vəziyyətdə CXP-nin hakimiyyətdən növbədənkənar prezident seçkisi tələb etməsi də boş yerə deyil. Onlar, yəqin ki, hazırkı populyarlıqlarını qorumağın asan olmayacağını anlayırlar. Korrupsiya ittihamları isə yəqin ki, onların rəqiblərinin işinə yarayacaq. Odur ki, «İmamoğlu» teqi ilə əsas xəbərlər hələ qarşıdadır.



MƏSLƏHƏT GÖR:

123