“TƏKCƏ ÖZÜNÜ DEYİL, HƏM DƏ ÖZ BAYRAĞINI DÜŞÜN”
Ağdəs BAĞIRZADƏ: “Azərbaycan sərhədlərini keçən zaman kimliyindən asılı olmayaraq, sən artıq öz ölkəni təmsil edirsən”
Müəllif: Tatyana İVANAYEVA
Şotlandiyalı heykəltaraş və qrafik rəssam Eduardo Paolotsinin belə bir fikri var: “Yaradıcılıq ünsiyyətin keyfiyyəti ilə əlaqəlidir”. Bəlkə də bu səbəbdən ən müxtəlif yaradıcı layihələri təkcə müəyyən mövzu ortaqlığı kimi deyil, həm də şəxsi təzahürlər kimi qəbul etmək lazımdır. Axı iştirakçılar arasındakı münasibətlər hər zaman kuratordan asılı olaraq müxtəlif cür formalaşır. Bu səbəbdən bəzi layihələrdə kuratorun köməyi olsa da, yalnız rəssamın dünyası görünür, digərlərində isə rəssamın üzü görünmür, yalnız kuratorun təqdimatı var.
Müasir dövr ən maraqlı layihələrin kuratorun üzünün göründüyü layihələrin olmasına səbəb olub. Onlar daha kəskin alınır və belə bir təəssürat yaradır ki, kuratorlar materialı tərtib etməkdə və ideyanı çatdırmaqda müəlliflərin özlərindən daha yaxşı bacarırlar. Axı həmişə çoxlu kiçik ismarışlardan yaradılmış bir mesaja baxmaq daha maraqlıdır.
Fotoqraf Ağdəs BAĞIRZADƏ təkcə bir çox sərgi layihələrinin iştirakçısı kimi tanınmır. Onun peşəkar maraq dairəsində kuratorluq artıq möhkəm yer tutub.
- Yaradıcılığı necə başa düşürsünüz?
- Yaradıcılıq özünü ifadədir. Fikrimcə, bu, daxili dünyanı, fikirlərini, baxışlarını nəyinsə vasitəsilə göstərə bilməkdir. Musiqiçilər - musiqi vasitəsilə, rəssamlar - təsviri əsərlərlə. Mən öz yaradıcılığımda iki sənət növünü birləşdirdim. İlk təhsilimə görə musiqiçiyəm. Və özümü bu mühitdən kənarda təsəvvür edə bilmirəm. Erkən yaşlarımdan Bülbül adına orta ixtisas musiqi məktəbinin divarları arasında olmuşam və onu bitirmiş, əsas klassik musiqi təhsili almışam. Bununla yanaşı, mən öz baxışıma xas olaraq bu sənətə “səs vermə”yə çalışan fotorəssamam.
- Başqa bir ipostas nəzərdən keçirilmədimi?
- Mən yaradıcı ailədə böyümüşəm. Erkən yaşlarımdan sənətin müxtəlif sahələrində tanınmış insanlarla ünsiyyət mənim yaradıcı dünyagörüşümü formalaşdırıb. Musiqiçi olan anam da fotoqrafiya ilə maraqlanırdı. Əlbəttə ki, fotoqrafiyaya maraq mənə anamdan keçib. O zaman plyonkalı fotoaparatlar var idi və indi də xatırlayıram ki, vanna otağında qaranlıqda anam fotoşəkillər çap edirdi, mən isə maraqla bu sirli prosesi izləyirdim. Beləliklə, hətta məktəbdə hamı bilirdi ki, bir əlimdə notlar, digərində isə fotoaparat var. Həvəskarlıqdan peşəkarlığa keçidim isə 1999-cu ildə müsabiqə qazandığım zaman baş verdi. Buna görə də bu fakt məni uşaqlıqdan tanıyanları təəccübləndirmədi.
- Məlum olduğu kimi, bir çox məsələ təhsil vasitəsilə
formalaşır.
- Ali təhsilimi Qərb Universitetində iki ixtisas üzrə aldım: “menecment - biznes-administrasiya” və “bank işi”. Biznes mühitində bir müddət işlədikdən sonra bu sahənin mənə uyğun olmadığını qəti şəkildə anladım. Həyatımda nəyisə dəyişməyə nə qədər cəhd etsəm də, beynim yaradıcı insanlar kimi qurulub. Lakin bu biliklər sonradan mənə müəyyən də yardım göstərib. Bütün digər yaradıcı fəailiyyətimə baxmayaraq, bu və ya digər vəziyyətlərə rasional yanaşma çox yerinə düşürdü. Fotorəssamlıq yolunu seçərək, ABŞ-də “Kansas City” Universitetində fotoqrafiya sənəti, incəsənət menecmenti və marketinq kursunu bitirmək xoşbəxtliyi mənə nəsib olub.
- Bir növ peşəkar dualizm...
- Bütün əldə etdiyim biliklər öz layihələrimi həyata keçirməkdə şəxsi yanaşmamın əsasını təşkil edib. Biznes baxımından, işlərin aparılması, insan resurslarının idarə edilməsi sahəsində münasibətlər qurmaq bacarığı tamamilə fərqli bir elmdir. Məhz təhsillərin kollaborasiyası musiqi və vizual layihələrin kuratoru kimi yaradıcı ideyalarımı həyata keçirməyə kömək edib. İdeyası olan hər bir insan onu işləyib hazırlaya və başa çatdıra bilmir. Beləliklə, öz bacarıqlarımdan istifadə edərək, layihələr yaradarkən onlara bu və ya digər yaradıcı insanları cəlb edirəm. Məlum olduğu kimi, onlarla işləmək çətindir. Və mən özüm bu mühitdən olduğum üçün, biliklərimi istifadə edərək, onlarla ehtiyatla və onları təngə gətirməyərək çalışıram. Nəticədə, layihəmin daha yaxşı təqdim olunması üçün lazımi nəticəyə nail oluram. Xoşbəxtlikdən, bu günə qədər təcrübəmdə heç bir uğursuz layihə olmayıb. Mənim üçün vacibdir ki, hər şey həm menecment, həm də icra baxımından keyfiyyətli olsun. İstedadlı insanları öz layihələrimə cəlb edə bildiyim üçün qürur duyduğumu gizlətmirəm. Bu sahədə 25 illik təcrübəyə əsaslanaraq, artıq əminliklə deyə bilərəm ki, kimisə dəvət edəndə, insanlar maraqla cavab verirlər.
- Musiqi və təsviri istiqamətlərdə kuratorluq fəaliyyəti sizdə bir-biri ilə necə “yola gedir”?
- Tamamilə rahat. Bu mənim üçün normal mühitdir. Yenə də, bəlkə də bunun kökləri uzaq uşaqlığa gedib çıxır. Sözün əsl mənasında doğulduğum gündən musiqiçilər, rəssamlar, yazıçılar, incəsənət tənqidçiləri ilə əhatə olunmuşam. Daha çox biri digərini tamamlayır, nəinki dissonans yaradır.
- Musiqi bədii təcəssümün bir formatı, təsviri incəsənət isə kətana köçürülmüş musiqidir?
- Bu kontekstdə məndə bu bədii fotoqrafiyadır. Bəli, mənim təcrübəmdə rəssamlarla layihələr olub. Mən, həmçinin beynəlxalq festivalların kuratoru və kreativ direktoru olmuşam. Beləliklə, idarəetmə təcrübəm var. Beynəlxalq layihələrdə iştirak etməklə yanaşı, həm də münsiflər heyətinin üzvü olmuşam.
- Bəs bugünkü incəsənətin vəziyyətini necə qiymətləndirirsiniz?
- Hazırda malik olduğumuz incəsənətin keyfiyyəti həmişə mənim tələblərimə cavab vermir. Aydındır ki, bu, mənim subyektiv fikirdir. Mən gəncləri tənqid etmirəm. Heç bir halda! Onların arasında çox maraqlı rəssamlar və musiqiçilər var. Kurator olaraq mən bilməliyəm ki, şərti olaraq, gənc baxış nə təklif edir. Buna görə də keçirilən yaradıcı layihələri maksimum diqqətlə əhatə etməyə çalışıram. Amma yenə də, mənim subyektiv fikrimcə, səviyyə bir az aşağı düşüb. Əgər on il əvvəl müəyyən işlər hətta sərgilənmək üçün nəzərdən keçirilməzdisə, bu gün onlar ekspozisiyalara daxil edilir. Əvvəllər peşəkar səviyyənin müəyyən bir meyarı var idi.
- Bəlkə cəmiyyət dəyişib?
- Bu da təsir göstərir. Lakin düşünürəm ki, hətta dəyişikliklər zamanı belə müəyyən meyarlar qalmalı və buna riayət edilməlidir. Üstəlik, hər hansı bir cəmiyyətdə aşağı salınmamalı olan səviyyələr qorunmalıdır. İncəsənət yüksək olmalıdır! İncəsənət ona görə incəsənətdir ki, məişətdən yüksək olmalıdır. Başa düşürəm ki, incəsənət və həyatımız bir-birinə toxunur. İstəsən də, istəməsən də cəmiyyət yaradıcı həyatda yer alır. Amma bütün bunlarla yanaşı, cəmiyyətin tələblərinə uyğunlaşmaq olmaz. Onu özünün arxasınca aparmalısan! Tərbiyə etməlisən! Müxtəlif sərgilərdə və müsabiqələrdə işlərə baxarkən, özümə belə bir sual verirəm: “Onlar necə finala çıxa və ya ekspozisiyaya daxil edilə bilərlər?” Musiqi sahəsində vəziyyət eynidir.
- Bəlkə onlar pislər arasında ən yaxşılarıdır? Bəlkə bunlar klip düşüncəsindən - “klik və vəssalam” - ərsəyə gəlib?
- Onda bu, böyük problemdir! Müasir qacetlər fotoqrafiya sənətinə “qəddar zarafat” edib. Bu fotoların hər birinin sahibi özünü “dahi” hesab edir. Problem ondadır ki, ölkəmizdə bədii fotoqrafiya sənəti anlayışı onun həqiqi dərin mənasında yoxdur. Bizdə ona “fotka” kimi baxırlar. Qəbul etmədiyim və həmişə səsləndirdiyim bir söz. Mənim foto işlərimə ünvanlanan bu sözü şəxsi təhqir kimi qəbul edirəm və izah edirəm ki, mən “fotka” ilə deyil, fotoqrafiya sənəti ilə məşğul oluram. Mənim anlayışımda bu, rəssama “mənə nəsə çək” demək kimidir. Eyni şey musiqiçiyə də aiddir: Qovoruxinin kult serialının bir epizodunda Frederik Şopenin fa-minor 2 nömrəli etüdündən təsirlənməyib “Murka”nı çalmağı xahiş etdikləri kimi. Əgər müsabiqələrin finalına çıxan işlər pislərin ən yaxşılarıdırsa, onda onları sərgiləmək lazım deyil. Ya bu layihəni ləğv etmək lazımdır, ya da elə etmək lazımdır ki, sadəcə üç iş olsa da, onlar maraqlı və keyfiyyətli olsun. Bir dəfə münsiflər heyətinin üzvü olarkən, müsabiqəyə təqdim edilən bir işdə peşəkarlıq səviyyəsini göstərən incəliklərin açıq-aşkar düzgün riayət edilmədiyinin şahidi oldum. Mən məhz onu seçdim, sonradan o nominasiyaya layiq görüldü və deyəsən, hansısa yer tutdu. Onda ideya, obraz var idi. Texniki cəhətdən düzgün yerinə yetirilmiş, lakin məna baxımından boş olan işlərin əvəzinə belələrini seçərəm. Mənim anlayışımda “heç nədən bəhs etməyən” işlər səthidirlər. Əminəm ki, işlər enerji, ismarış daşımalı, dialoqa girməli, konsepsiya izlənilməlidir.
- Amma burada bədiilik və maddiyyat arasında dissonans yarana bilər.
- Tamamilə doğrudur. Amma gəlin xatırlayaq ki, kommersiya və bədii incəsənət növləri var. Aydındır ki, deyək, yaradıcılıq ümumiyyətlə böyük xərclər tələb edir və əlavə işlər götürmək tamamilə məqbuldur. Heç bir halda kommersiyanı yaradıcı tərəflə qarışdırmaq olmaz. Bu, incəsənətin bütün sahələrinə aiddir. Fəaliyyətinizi dərəcələndirməli və işlərinizi tamamilə anlamalısınız. Bir işə ruhunu qoymaq anını mükafatın hesablanmasından ayırmağı bacarmaq lazımdır. Yeri gəlmişkən, bu mənada özümü istisna etmirəm! Kommersiya çəkilişləri mənim təcrübəmdə də var. Doğrudur, bu zaman şəxsi təntənəli tədbirlər formatı nəzərdən keçirilmir. Amma hətta konfranslarda, təqdimatlar zamanı işləyərkən, istər-istəməz obyektivlə maraqlı obrazları tutursan. Mənim görüşümün yaradıcı komponenti özünü göstərir. Bu kadr sifarişçiyə lazım olmasa da, mənim rəssam ruhum məmnun olacaq. Əla olardı ki, “qazanmaq” prosesində zövq almaq mümkün olsun.
- Yenə də birləşdirmə...
- Məndən birləşdirmək və kombinasiya etmək istəyini və bacarığını çıxarmaq heç cür mümkün deyil. Bu, sadəcə qeyri-realdır. Baxışım hara düşürsə, onu incəsənət prizmasından görürəm. Gözüm belə görür, qulaqlarım belə eşidir.
- Layihə öz şəxsi və fərdi baxışının, yoxsa iştirakçıların gözləntilərinin müəyyən mənada reallaşdırılmasıdır?
- Bu suala necə yanaşmaqdan asılıdır. Əgər mən layihənin kuratoruyamsa, birləşmə həyata keçirilir. Bu kontekstdə bu, mənimlə layihə iştirakçıları arasında qarşılıqlı əlaqədir. Eyni zamanda birgə işləmə prosesində son nəticənin görünüşü hər iki tərəfdən dəyişə bilər. Özüm yaradıcı insan olaraq bilirəm ki, həmkarlarıma diktə etmək olmaz. Sərt şərtlər qoymaq olmaz. Sərhədləri müəyyənləşdirib şərti qəfəsə salmaq olmaz. Əks halda bu, artıq yaradıcılıq deyil! Hətta kurator və kreativ direktor statusuna malik olsam da, layihəmə cəlb olunan sənətçilərə özlərini ifadə etmək şansı verirəm. Mütləq onlara bu və ya digər obrazı, konsepsiyanı öz prizmasından hiss etmək və öz fikrini bildirmək imkanı verirəm. Bəlkə də bu, mənim ideyamı tamamlayacaq?! Layihə həm də dialoqdur. İstənilən təzahürdə. İnsanlarla monoloq çərçivəsində qarşılıqlı əlaqə qurmaq mümkün deyil. Yaradıcılıq baxımından kiminləsə əlaqə, əslində, bir-birini dinləmək və eşitmək bacarığıdır. Mütləq şərt konsensusa gəlməkdir ki, həm mən, həm də iştirakçılar ideyamın həyata keçirilməsində maraqlı olsunlar. Lakin bu, konkret layihəyə dair ümumi baxışım çərçivəsində olmalıdır. Kuratorun layihə iştirakçısına nəzakətlə bildirilən fikri, rəssamın və ya musiqiçinin fərdiliyini qoruyub təqdim edərək, öz şərhinə yaxınlaşdıracaq.
- Siz hər iki tərəfdə olmaq təcrübəsinə maliksiniz. Sizin üçün harada daha rahatdır?
- Bu, kiminlə işlədiyindən asılıdır. Bundan əlavə, baş verənlərin qavrayışını dəyişərək, özümü bu və ya digər formatda mövqeləndirməyi ayırmağı bacarıram. Fotorəssam olaraq hər hansı bir hadisənin iştirakçısı kimi çıxış edəndə, onun kuratorunun tələblərinə sakit yanaşıram, onun motivlərini başa düşürəm. Hətta hansısa formada təzyiqsiz kömək etməyə çalışıram. Bu mənada rejissor-aktyor əlaqəsi ilə analogiya aparardım. Burada ikinci birincinin qoyduğu tapşırıqları yerinə yetirir. Belə bir əməkdaşlıq. Amma şəxsi layihələrimin reallaşdırıcısı olduqda, özümə kurator oluram.
- Nə vaxtsa öz layihələrinizə iştirakçısı olduğunuz layihələr nöqteyi-nəzərindən baxırsınızmı?
- Mən həmişə öyrənirəm. İştirakçı olmaq şansım olan hər bir layihə mənim üçün əldə edilmiş təcrübədir. Məsələn, Höte İnstitutuna rəhbərlik edən Alfons Huqla iş təcrübəm olub. Onunla iki böyük beynəlxalq layihə həyata keçirdik. Məndən başqa, iştirakçı kimi müasir incəsənət üzrə bir çox layihələrin kuratoru olan rəssam Səbinə Şıxlinskaya da cəlb olunmuşdu. Hər ikimiz kurator Huqun səsləndirdiyi tapşırıqları yerinə yetirirdik. Mən ondan öyrənirdim. Onun son baxış hüququnu qəbul edərək, öz görüşümün bəzi məqamlarını yenidən nəzərdən keçirməli olurdum. Bir-birimizə, demək olar ki, baxdığımız zaman yaşadığım hissi heç vaxt unutmayacağam. Mən çox ziddiyyətli və mürəkkəb hisslər keçirirdim. Görürdüm ki, o yalnız özünü eşidir və mənim fikirlərimi ona çatdırmaq cəhdlərim uğursuz olur. Vəziyyəti ağırlaşdırmamaq üçün bir neçə gün istirahət etməyi qərara aldıq. Bu müddət ərzində o, layihə haqqında öz görüşünü yazdı, onu oxuduqdan sonra başa düşdüm ki, ona sadəcə planlaşdırılan ümumi görüntünü ifadə etmək çətindir. Məktub vasitəsilə konsepsiya və onun məna dolğunluğu aydın oldu və rəssam kimi mənim üçün bunu anlamaq mühüm əhəmiyyət kəsb edir. Buna görə də qeyd edirəm ki, bir çox məsələ kiminlə işlədiyindən asılıdır, başqasının fikrini hörmətlə qarşılamağı, eşitməyi, kuratoru başa düşməyi öyrənmək lazımdır. Əgər insanlar eşidir, dinləyir və dialoq formatında işləyirlərsə, bu, artıq uğurun təminatıdır.
- Odur ki, ünsiyyət qurmağın xoş olduğu insanları seçirsiniz?
- Heç də belə deyil... Mənim rəssamda və ya musiqiçidə xarakteri və istedadı ayırmaq kimi xüsusiyyətim var. Kurator olaraq nəzərdən keçirilən iştirakçının yaradıcı şəxsiyyət kimi mənim üçün nə dərəcədə maraqlı olmasına xüsusi dəyər verirəm. Əlbəttə ki, hər bir dahi yaxşı insan kimi xarakterizə edilə bilməz. Tarixdə tanınmış dahinin gündəlik həyatda ünsiyyətdə çox xoşagəlməz insan olması ilə bağlı nümunələr var. Bu baxımdan, “menecer beyni” işə düşür, bu və ya digər insanın nə dərəcədə mütəxəssis olduğunu nəzərdən keçirir və iş münasibətləri də bunun əsasında qurulur. Amma “mütəxəssis” və “xoş xarakter” bir şəxsiyyətdə birləşən zaman bu, artıq bonus deməkdir.
- Beynəlxalq layihənin bir hissəsi olmaq nə deməkdir?
- İşlərimin sərgilənmədiyi ölkələri sadalamaq çətindir. Ən parlaq və unudulmaz səfərlərdən biri Azərbaycan Mədəniyyətinin Dostları Fondunun təşəbbüsü ilə ABŞ-yə böyük tur olmuşdu. Nümayəndə heyətinin tərkibində mən təsviri incəsənətimizi fərdi sərgi ilə təmsil edirdim. Turun sonunda son dayanacaq Los-Ancelesdəki Kaliforniya Universiteti idi. “Qara aprel” adlanan gündə mən “Salam, Azerbaijan” sərgisini açdım, burada etnik motivlər, yaradıcı ziyalıların portretləri, irs haqqında, bir zamanlar işğal altında olmuş Qarabağda doğulan və yaşayan uşaqlar barədə işlər təqdim olunmuşdu. Bu sərgi erməni diasporunun təxribatına səbəb oldu. Süni yaradılmış çətinlikləri necə aşdığımızı heç vaxt unutmayacağam. Baş konsulluğumuzun nümayəndələrinin köməyi və dəstəyi ilə cəmi bir neçə saat ərzində üzərində qondarma soyqırımı ilə bağlı plakatlar və fotoşəkillər asılmış divarları kağız rulon süfrələrlə maskaladıq və onların üzərində mənim işlərimi yerləşdirdik. Yadımdadır, sərginin ən qızğın vaxtında hansısa şüarlar qışqıran və vərəqələr atan gənc təxribatçılar qrupu peyda oldu. İlk dəfə idi ki, mənim sərgimi Los-Anceles ştatının polisi qoruyurdu. Və bu, vətəndən kənarda Azərbaycanın nümayəndəsi olmağın nə demək olduğu barədə bir təcrübə idi.
- Layihələrin kuratoru olmaq nə deməkdir?
- Mən həm beynəlxalq layihələrin kuratoru, həm də həmkuratoru olmuşam. Onlarda fotorəssam kimi də iştirak etmişəm. Və formatlardan və məkanlardan asılı olmayaraq, özümə heç bir güzəşt etməmişəm. Xüsusilə də keçirilmə yeri Bakı olduqda, bu, daha məsuliyyətli idi. Axı, burada mən özümü - Ağdəs Bağırzadəni təmsil edirəm. Çünki burada sənə hər hansı bir səhlənkarlığı bağışlamayacaqlar. Burada səni tanıyırlar. Və burada sənə daim uğursuzluğunu xatırladacaqlar. İstənilən halda məkana görə sərhəd qoymaq səhvdir. Hər yerdə keyfiyyətli və səviyyəli işləmək lazımdır! Həm ölkə daxilində, həm də onun hüdudlarından kənarda. Azərbaycan sərhədlərini keçən zaman rəssam, kurator olmağından və ya kimliyindən asılı olmayaraq, sən artıq öz ölkəni təmsil edirsən. Sən təkcə özünü deyil, həm də öz bayrağını təmsil edirsən. Məsələn, mən hər hansı bir statusda dəvət olunduğum beynəlxalq layihələrdə hər zaman yadımda saxlayıram ki, bu çərçivədə Ağdəs Bağırzadə Azərbaycanı təmsil edir. Və mənim onu necə təmsil etməyimdən asılı olaraq, insanlarda ölkəmizdəki bu və ya digər incəsənət növü haqqında müəyyən stereotip formalaşacaq. Bu, başqa bir məsuliyyətdir ki, burada mənim adım, nəslimin soyadı zəmanətçi olur.
MƏSLƏHƏT GÖR:













118

