LEGİTİMLİK FORMULU
İnklüziv hökumət Dəməşqin imicinə necə təsir edir?
Müəllif: İlqar VƏLİZADƏ
Bir müddət əvvəl Suriya Prezidenti Əhməd Əl Şaraa keçid hökumətinin yaradıldığını bəyan edib. Bununla o, dörd ay davam edən məsləhətləşmələr, danışıqlar və razılaşmalar dövrünün başa çatdığını göstərib. Qəbul edilmiş qərara əsasən yeni Nazirlər Kabineti müxtəlif dini və etnik qrupların təmsilçiləri olan 23 nəfərdən ibarətdir. Söhbət barəsində çoxdan danışılan, dünyanın maraqla gözlədiyi, Dəməşq ilə legitim münasibətlərin qurulması üçün vacib sayılan inklüziv hökumətdən gedir.
Suriyasayağı inklüzivlik
Yeni hökumətə bir neçə təcrübəli məmur daxil edilib. Onlar Əsəd rejiminin ilk illərində, ölkə vətəndaş müharibəsinə sürüklənənədək vəzifədə olmuş bir qadın və beş nazirdir. Bununla yanaşı, yeni hökumətdə əsas postları – müdafiə naziri, xarici işlər və daxili işlər nazirləri kimi vəzifələri Əl Şaraanın yaxın ətrafına aid şəxslər tutub. Hökumətdə kürd, ələvi və druz da var. Bu, Suriya liderinin vədlərinə əməl etmək əzmində olduğunu göstərir. O, rəhbərlik edəcəyi hökumətdə ölkənin bütün əsas sosial-etnik qruplarının təmsil olunacağını bildirmişdi. Yeni hökumətin tərkibi özünəməxsus lakmus kağızı kimi qiymətləndirilir. Yəni bu, Suriya liderinin ölkənin bütün dini və etnik qruplarının təmsil olunacağı inklüziv hökumətin formalaşdırılacağına dair vədinə əməl etmək niyyətində olub-olmadığını ortaya qoyub.
Bəyan edildiyi kimi, müvəqqəti hökumət ölkəni 5 il idarə edəcək və sonda bütün səviyyələrdə seçkilər keçirilərək, ölkədə hakimiyyət institutlarının formalaşdırılması tam başa çatdırılacaq. Eyni zamanda əsas müddəaların martda qəbul edilmiş müvəqqəti Konstitusiyada göstərildiyi Konstitusiya da qəbul olunacaq.
Belə təəssürat yarana bilər ki, Əl Şaraa Suriya ictimaiyyəti və etnik azlıqların, həmçinin sanksiyaların ləğvini mümkün sayan xarici hökumətlərin təzyiqləri qarşısında geri çəkilib. Lakin baş verənlər daha çox Suriya liderinin həm də öz hakimiyyətini qorumaq üçün reallığı, «oyun qaydaları»nı qəbul etməsinə bənzəyir. O, bunun üçün ən ciddi kompromislərə belə, gedib. Məsələn, doğma qardaşı Maher Əl Şaraanı səhiyyə naziri vəzifəsindən kənarlaşdırıb. Amma bəziləri hesab edirlər ki, bu addım siyasi rokirovkadan başqa bir şey deyil. Məsələ ondadır ki, Maher Əl Şaara sonradan Suriya Respublikası Prezidentinin baş katibi təyin olunub. Bu post prezident hakimiyyətində ən rəhbər vəzifə sayılır. Ona bir neçə ərəb ölkəsində rast gəlinir. Doğrudur, ölkələrə görə bu postu tutan şəxsin səlahiyyətlərində müəyyən fərqlər var, ümumilikdə isə o, prezidentin inzibati və təşkilati işlərinin idarə olunmasına məsuldur. Sözügedən vəzifəni bəzi ölkələrdə Prezident Administrasiyasının rəhbəri postu ilə müqayisə etmək olar. Konkret olaraq Maher Əl Şaraaya gəlincə, o, protokola, eyni zamanda prezidentin iş nizamı, rəsmi görüşlərin və səfərlərin təşkili, Prezident Administrasiyası yanında departamentlərə, personala nəzarət, rəsmi faylların hazırlanması kimi işlərə cavabdehdir. Bu təyinatın hakimiyyətə qarşı qohumbazlıq ittihamları yaradacağı istisna deyil.
Legitimliyin şərti
Əvvəllər bir çox ərəb və Qərb liderləri bildirirdilər ki, Suriyanın yeni hökuməti ilə hərtərəfli əlaqələrin bərpası, o cümlədən bu ölkəyə tətbiq olunmuş sanksiyaların ləğvi üçün orada etnik və dini müxtəlifliyi əks etdirən siyasi prosesin başlayacağı təqdirdə mümkündür. Əl Şaraaya hökumətdə dəyişikliklərə getməsilə bağlı təzyiqlər istər daxili, istərsə də xarici təzyiqlər martda Suriyanın əsasən ələvilərin yaşadığı sərhəd rayonlarındakı zorakılıq dalğasından sonra artmışdı. Sonradan Suriya lideri ABŞ tərəfindən dəstəklənən, Suriyanın şimal-şərqinin böyük hissəsinə nəzarət edən qeyri-nizami kürd qoşunları və cənubdakı druz liderlərlə razılaşmalar əldə edib. Bütün bunlar isə Suriyada konstruktiv dialoqun formalaşdırılması istiqamətində praktik addımlar kimi qiymətləndirilib. Yeri gəlmişkən, elə həmin martda elan olunmuş Konstitusiya Bəyannaməsi konstitusiya hüququ professorunun başçılıq etdiyi ekspertlər komitəsi tərəfindən hazırlanıb. Orada güclü prezident hakimiyyətinin qorunub saxlanılması, icraedici hakimiyyətin prezidentə verilməsi nəzərdə tutulur. Bundan başqa, sənədə əsasən, Suriya Ali Məhkəməsinin hakimlərini və parlament üzvlərinin üçdə birini təyin etmək səlahiyyətləri də dövlət başçısına aiddir. Eyni zamanda Konstitusiya Bəyannaməsi hakimiyyətin bölüşdürülməsi, «yalnız qanunlara tabe olan» müstəqil məhkəmə sisteminin yaradılmasına zəmanət də verir. Bu, Əsəd hakimiyyəti dövrünün təcrübəsi ilə tam ziddiyyət təşkil edir.
Konstitusiya Bəyannaməsində köhnə Konstitusiyadan da maddələr var. Məsələn, ölkədə prezident müsəlman olmalıdır. Bununla yanaşı, ali sənəd fikir, ifadə, mətbuat azadlığına zəmanət verir.
Hər bir halda, Suriyanın yeni hökuməti daha «salam veriləsi» vəziyyətə gəlir, onunla əldə olunan razılaşmalar isə daha əhəmiyyətli legitim baza yaradır.
Yaxın zamanlarda əsas diqqət müasir Suriya hökumətinin praktik addımlarına yönələcək. Ən əsası isə bunu Dəməşqdə də yaxşı anlayırlar. Amma tez-tez olduğu kimi, istər Suriyanın özündə, istərsə də kənarda formalaşacaq konkret siyasi vəziyyətdən də çox şey asılı olacaq.
Əsas hədəf iqtisadiyyatın bərpasıdır
Yeni hökumətin qarşısında uzun illər vətəndaş müharibəsindən əziyyət çəkmiş ölkənin bərpası kimi çətin missiya durur. Suriyanın iqtisadiyyat və sənaye naziri Nadal Əş Şaar aprelin 3-də bildirib ki, hökumət hərtərəfli bərpa planı hazırlayır. Yeri gəlmişkən, Əş Şaar yeni hökumətin Bəşər Əsəd dövründə Nazirlər Kabinetinin üzvü olmuş azsaylı nümayəndələrindəndir. O, 2011-2012-ci illərdə də faktiki olaraq hazırkı vəzifəsini tutub və hökumətin ən təcrübəli mütəxəssislərindən biri sayılır.
Görülməli işlərin proqramı və həcminə gəlincə, bu, vətəndaş müharibəsinin vurduğu zərəri (2011-ci ildən) hesablayan mənbələrdən asılı olaraq, dəyişir. Ümumilikdə isə araşdırmaçıların və beynəlxalq təşkilatların əksəriyyəti Suriya iqtisadiyyatının itkilərinin yüz milyardlarla dollar olduğunu bildirir. Məsələn, Dünya Bankının məlumatında deyilir ki, Suriya iqtisadiyyatı 2020-ci ilə təxminən 440 milyard dollar zərər görüb. Bu zaman dağıdılmış infrastruktur, istehsal səviyyəsinin azalması, kənd təsərrüfatının, sənayenin itkiləri, həmçinin insan resursları üçün fəsadlar nəzərə alınır.
Bəzi mənbələr isə daha yüksək rəqəmlərdən danışır. Məsələn, 2018-ci ildə BMT iddia edirdi ki, müharibənin uzunmüddətli fəsadlarını və bərpa prosesinin uzun olacağını nəzərə alsaq, Suriya iqtisadiyyatına dəymiş zərər 1 trilyon dolları aşa bilər.
Hər bir halda, hökumətin qarşısında çox böyük vəzifə durur. Onun miqyaslı xarici investisiyalara, donor yardımlarına, çoxşaxəli humanitar yardımlara ehtiyacı var. Siyasi vəziyyətin ağır olmasına, hələ də qüvvədə olan beynəlxalq sanksiyalara və regiondakı qeyri-sabitliyə baxmayaraq, bir sıra ölkələr və beynəlxalq qurumlar artıq Suriya iqtisadiyyatının bərpasına kömək etməyə hazır olduğunu bildirir. Onların arasında Türkiyə, Qətər, BƏƏ, Səudiyyə Ərəbistanı, Çin, Rusiya, Avropa İttifaqı və onun ayrı-ayrı üzvləri də var. Həmin ölkələrin əksəriyyəti artıq Suriyaya müxtəlif növ humanitar yardımlar da göndərir. Onlar arasında Azərbaycan da var.
Təhlükəsizlik hər şeydən vacibdir
Amma Suriyanın təhlükəsizliklə bağlı aktual məsələləri həll etmədək iqtisadiyyatın bərpası probleminin öhdəsindən gəlməsi mümkün deyil. Dəməşq bu işi də Ankaranın köməyi ilə görməkdədir. Suriyanın müvəqqəti hökuməti yeni Nazirlər Kabinetinin formalaşdığını elan etmək ərəfəsində Türkiyənin Palmirada universal hərbi baza yaratmasına razılıq verib. Məlumata görə, Ankara bu haqda BMT və digər beynəlxalq təşkilatları məlumatlandırıb. Mediada yer alan xəbərlərə görə tərəflər bu bazanı Türkiyənin Suriyada və ümumilikdə regionda hərbi mövcudluğunun dayaq nöqtəsinə çevirməyi planlaşdırır.
Palmira Suriyanın xəritəsində mərkəzi mövqeni tutur. Ölkəni İraqla birləşdirən kommunikasiyalar bu şəhərdən keçir. Cənubda isə İordaniya yerləşir. Bu, şəhərin nə qədər strateji mövqeyə sahib olduğunu təsdiqləyir. Hərbi baza keçmiş Rusiya bazasının yerində olacaq. Xatırladaq ki, vətəndaş müharibəsi və İŞİD ilə mübarizə zamanı həmin baza yaraqlıların fəallığının qarşısının alınmasına imkan verir, Dəməşqin şimal-şərq istiqamətindən təhlükəsizliyini təmin edirdi.
Yeni şəraitdə Palmira bazası Türkiyəyə İrandan başlayaraq İraq və Suriyaya, daha dəqiqi, onun ələvi regionlarına uzanan «şiə qövsü»nü «kəsmək» imkanı verəcək. Digər yandan Ankaranın anti-İsrail ritorikasını nəzərə alsaq, Suriyada Türkiyənin hərbi mövcudluğunun güclənməsi yəhudi dövlətinin maraqlarına qarşı da yönələ bilər. Hər halda, İsrailin özündə belə düşünürlər.
Bütün sadalananlar müşahidəçilərin regionda daha bir proksi münaqişənin başlandığını düşünmələrinə əsas verir. Söhbət Türkiyə-İsrail münaqişəsindən gedir.
Amma Suriyanın yeni hökuməti kifayət qədər acınacaqlı nəticələr verəcək daha bir münaqişəyə çətin ki, cəlb olunmaq istəsin. Suriya iqtisadiyyatının darmadağın olduğu, milyonlarla qaçqının hələ də vətənə qayıdacaqları gücü gözlədiyi, bərpa prosesi kimi problemin olduğu bir vaxtda güclü İsraillə müharibə Dəməşq üçün intihara bərabər sayıla bilər. Üstəlik, bu, investorları da qorxudacaq. Müharibədən başqa heç bir gələcəyi olmayan ölkəyə kim investisiya qoyar? Bu mənada, Suriyaya Türkiyə hərbi bazalarının yerləşdirilməsi yeni savaşlar üçün əsasdan çox investisiyaların gələcəyi, sabitlik, Dəməşq siyasətinin proqnozlaşdırılan olması üçün zəmanətə çevrilə bilər.
MƏSLƏHƏT GÖR:






104

