TƏRƏFDAŞLIQ AXTARIŞINDA
Aİ Mərkəzi Asiya ilə əməkdaşlığın genişləndirilməsi üçün yeni yollar təklif edir
Müəllif: Samir VƏLİYEV
Aprelin 3-4-də Səmərqənddə keçirilmiş ilk rəsmi Mərkəzi Asiya-Avropa İttifaqı sammiti ötən illər ərzində dünyanın siyasi xəritəsində Mərkəzi Asiyanın rolu və əhəmiyyətinin artdığını bir daha ortaya qoyub. Bənzər heyətdə görüşlər əvvəllər də keçirilsə də, Səmərqənd toplantısının bu formatda birinci sammit adlandırılması qərara alınıb. Güman ki, bu, görüşü institusionallaşdırmaq və ona müntəzəm xarakter vermək istəyindən irəli gəlib.
Aydındır ki, toplantı beynəlxalq münasibətlərdə təxminedilməzliyin artması, beynəlxalq hüququn eroziyaya uğraması, ticarət savaşları və iqlim problemlərinin kəskinləşməsi ilə xarakterizə olunan çətin yeni mərhələ fonunda baş tutub. Odur ki, sammit çərçivəsində verilmiş bəyanatlar, qəbul edilmiş qərarlar yalnız görüş iştirakçıları üçün deyil, daha çox sayda ölkə üçün vacib əhəmiyyət daşıyır.
Nadir torpaq metalları əməkdaşlıq predmeti kimi
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev bildirib ki, Aİ və Mərkəzi Asiya ölkələri arasında ticarət dövriyyəsinin həcmi 54 milyard avronu ötüb (təxminən 60 milyard dollar). Burada Qazaxıstanın payı 50 milyard (83%), Özbəkistanın payı 6,4 (11%), Qırğızıstanın payı 2,2 (3%), Türkmənistanın 1 (2%), Tacikistanın payı təxminən 0,5 milyard dollar (1%) təşkil edir. Ticarət dövriyyəsinin həcmi xüsusilə son 7 ildə 4 dəfə artıb ki, bu da tərəflərin qarşılıqlı əməkdaşlığa marağının göstəricisidir.
Mərkəzi Asiya Çindən Avropaya, Rusiyadan Cənubi və Cənub-Şərqi Asiyaya gedən yolların strateji kəsişməsində yerləşir. Bu region Avropa üçün vacib əhəmiyyət daşıyan enerji və mineral xammallarla zəngindir. Məlumdur ki, dünyadakı manqan ehtiyatının 38,6, xrom ehtiyatının 30,07, qurğuşun ehtiyatının 20, sink ehtiyatının 2,6, titan ehtiyatının 8,7%-i Mərkəzi Asiya ölkələrinin payına düşür. Bundan başqa, region ciddi nadir torpaq elementləri (skandium, ittrium, lantanoid) potensialına da malikdir. ABŞ-nin geoloji kəşfiyyat xidməti tərəfindən yalnız Qazaxıstanda 160 nadir və nadir torpaq metalı yatağı aşkarlanıb. Birləşmiş Ştatların Müdafiə Nazirliyinin siyahısında yer alan, yüksək texnoloji məhsulların istehsalı üçün zəruri olan strateji minerallardan 9-na Qırğızıstanda rast gəlinir. Ölkədə ümumilikdə bu tip xammalın olduğu 75 yataq aşkarlanıb. Özbəkistanda 87, Tacikistanda 60 belə yataq var.
Sammitdə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev nadir torpaq metalları haqda kifayət qədər detallı danışıb. Onların dünya iqtisadiyyatı üçün əhəmiyyətindən bəhs edən dövlət başçısı bu metalları «XXI əsrin nefti» adlandırıb. Tokayev bildirib ki, onun ölkəsi Aİ iqtisadiyyatı üçün vacib olan 34 xammal növündən 19-na sahibdir. Söhbət uran, titan, mis, litium, kobalt, volfram və sairdən gedir. «Avropa Yenidənqurma və İnkişaf Bankı ilə razılaşma çərçivəsində biz birgə geoloji kəşfiyyat, dağ-mədən sahəsinə öncül və dayanıqlı təcrübənin tətbiqi layihələrinə də cəlb olunmuşuq. Qazaxıstan təmiz enerji istehsalında vacib rol oynayır. Dünyada nüvə yanacağı tədarükünün təxminən 40%-i bizim payımıza düşür», - deyə Tokayev qeyd edib.
Özbəkistanın isə uran hasilatı və ixracı ilə bağlı öz iddialı planları var. Daşkənd 2022-2030-cu illərdə onun hasilatını iki dəfə artıraraq, 7100 tona çatdırmağı nəzərdə tutur.
Nadir topaq metallarının emalı perspektivi haqda Qırğızıstan və Tacikistan prezidentləri də danışıblar. Onlar elə sammit ərəfəsində sərhəd mübahisələrinin həllinə dair tarixi razılaşmanı imzalamaqla, bütün fikir ayrılıqlarına son qoymaq əzmlərini nümayiş etdiriblər. Bu, müəyyən mənada, avropalı investorlara da mesajdır – Mərkəzi Asiya ölkələrinin iqtisadiyyatına növbəti münaqişənin planları poza biləcəyindən çəkinmədən sərmayə yatırmaq olar.
Aİ isə öz növbəsində, Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin dilindən Mərkəzi Asiya ölkələri ilə kritik əhəmiyyətli xammalların yalnız hasilatında deyil, yerli bazalarda emalında da maraqlı olduğunu bəyan edib.
Yeni həll təklifləri
İlk növbədə, illərdir nadir torpaq metallarının emalı ilə məşğul olan Çinlə sərt rəqabəti nəzərə alan Ursula fon der Lyayen yeni əməkdaşlıq formulunu təklif edib. O bildirib ki, Aİ-nin təklifi digər maraqlı tərəflərin yanaşmalarından fərqlənir: «Onların bəziləri müstəsna olaraq, kritik vacib xammalların istismarına və hasilatına yönəlib. Avropanın təklifi isə bir qədər fərqlidir. Biz yerli sənayenin inkişafında sizin tərəfdaşınız olmaq istəyirik».
Fon der Lyayen onu da xatırladıb ki, Avropa şirkətləri artıq Özbəkistanın Daşkənd vilayətində mis yataqlarının işlənməsinə başlayıb və bu layihəyə 1,6 milyard avro investisiya qoyublar.
Bu gün Mərkəzi Asiyaya Aİ-nin daha etibarlı və perspektivli tərəfdaşı kimi baxılır. Xüsusən də ona görə ki, tərəflər arasında iqtisadi sahədə illərdir yaxşı dialoq qurulub.
Hər kəs anlayır ki, etibarlı nəqliyyat kommunikasiyası təmin edilirsə, istənilən iqtisadi əməkdaşlıq effektiv ola bilər. Dünya okeanına çıxışı olmayan, ətrafla yalnız qonşu ölkələrin ərazisi ilə əlaqə yarada bilən Mərkəzi Asiyaya gəldikdə, bu məsələ xüsusi aktuallıq qazanır.
Trans-Xəzər marşrutu və qarşılıqlı ticarət artımı prioritetdir
Rusiya-Ukrayna müharibəsinin başlaması, Rusiyaya qarşı nəqliyyat sahəsinə də təsir göstərən məhdudiyyətlərin tətbiqi ilə Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) praktik olaraq, alternativsiz marşruta çevrilib. Hazırda tərəflər arasında artan ticarət dövriyyəsini məhz o təmin edir.
Avropa İttifaqı layihənin «dəhliz» anlayışınadək genişləndirilməsini, yəni Trans-Xəzər marşrutundan deyil, Trans-Xəzər dəhlizindən bəhs olunmasını təklif edir. Bu zaman o, özündə TBNM iştirakçısı olmayan ölkələri də birləşdirə biləcək. Mərkəzi Asiyada bu Qazaxıstandan başqa digər ölkələrdirsə, Cənubi Qafqazda Ermənistandır. Bu kontekstdə fon der Lyayen Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının, Ermənistanın Türkiyə ilə sərhədinin açılmasının vacibliyini vurğulayıb. Onun fikrincə, bu, Xəzər dənizi, Azərbaycan, Ermənistan və Türkiyə vasitəsilə Avropaya resursların daşınması üçün Trans-Xəzər nəqliyyat dəhlizinin yaradılmasına real imkan yaradacaq.
Ermənistanın regiondakı nəqliyyat layihələrində iştirakı üçün şərtlər tam aydındır və onları Azərbaycan müəyyənləşdirir. Söhbət həm də Zəngəzur nəqliyyat dəhlizinin açılmasından gedir. Bu, Azərbaycanın qərb regionları ilə onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz hərəkətin təmin olunması üçün də vacibdir. Yeri gəlmişkən, bu, Ermənistanın özü və Aİ üçün də yaxşı imkanlar yaradacaq, yeni əlaqə kanallarının formalaşmasına, marşrutların şaxələndirilməsinə və sonda daşımaların optimallaşmasına səbəb olacaq. Lakin nə qədər ki, İrəvan Zəngəzur dəhlizinin açılmasına müqavimət göstərir, onun Trans-Xəzər dəhlizinə çıxışı mümkün deyil.
Ümumilikdə Aİ region dövlətlərinə iqtisadi inkişaf və ikitərəfli əməkdaşlığın stimullaşdırılması üçün 12 milyard avro ayırmaq vədi verib. Bunun üçün Mərkəzi Asiya ölkələri ilə tərəfdaşlıq proqramına start verilib. Bunu Avropa Komissiyasının rəhbəri Özbəkistana səfəri zamanı bildirib. O, Səmərqənddə deyib ki, Mərkəzi Asiya ilə münasibətlərin möhkəmləndirilməsi Aİ-nin xarici ticarətin şaxələndirilməsi siyasətinin bir hissəsidir. Brüssel bununla Donald Tramp tərəfindən başladılmış ticarət müharibəsinin fəsadlarını «hamarlamaq» istəyir.
Fon der Lyayenin sözlərinə görə, Avropanın artıq 76 ölkə ilə ticarət razılaşması var. İndi növbə Mərkəzi Asiyanındır.
Gələcəyə investisiya
Tərəfdaşlığın vacib tərkib hissəsi ölkələr arasında investisiya əməkdaşlığıdır. Aİ Mərkəzi Asiyanın ən böyük investorudur – ümumi həcmin 40%-dən çoxu. Bu həcmin əsas hissəsi isə Qazaxıstanın payına düşür. Tərəflər ticarət-iqtisadi münasibətlərinin maksimum balanslaşdırılması, onları gələcək prioritetləri nəzərə almaqla inkişaf etdirmək imkanlarını nəzərdən keçirir.
Bu aspektdən bərpa olunan enerji mənbələri sahəsində layihələrin reallaşdırılması prinsipial əhəmiyyət daşıyır. Əvvəllər əməkdaşlıqda əsas güc ənənəvi enerji resursları – neft, neft məhsulları, qaz sahəsinə verilirdisə, bu gün tərəflər diqqəti bərpa olunan və ekoloji təmiz enerji növlərinə yönəltməyə çalışır. Mərkəzi Asiya nəhəng bərpa olunan enerji potensialına malikdir. Odur ki, sammitdə onun istehsalı və Avropaya nəqli imkanları haqda geniş müzakirələr aparılıb. Məsələn, Özbəkistan 2030-cu ilə ümumi «yaşıl enerji» gücünü 27GVt-a çatdırmağı planlaşdırır. O, yalnız 2024-cü ildə 18 GVt günəş və külək enerjisinin emalına dair razılaşma imzalayıb. Qazaxıstanın iddiası daha böyükdür: 2030-cu ilə hazırda 5GVt həcmində olan enerji həcmini daha 2,9GVt artırmaq. «Yaşıl enerji» istehsalı və nəqli ilə bağlı Azərbaycanda reallaşdırılan layihələrlə birlikdə, Aİ-nin bu planı müasir dünyada Mərkəzi Asiyadan Avropaya ən nəhəng «yaşıl enerji təhlizi»nin yaradılmasını nəzərdə tutur.
Mərkəzi Asiya ənənəvi olaraq, Aİ-nin ikinci dərəcəli rol oynadığı bölgə sayılıb. Bu məqamda o, digər fövqəldövlətlərdən geri qalıb. Lakin qlobal ticarət savaşlarının getdiyi indiki şəraitdə Aİ region ölkələrini onunla əməkdaşlığa stimullaşdırmaq üçün üstünlüklərindən yararlanmaq qərarına gəlib. Söhbət rəqəmsal infrastruktur, nəqliyyat və «yaşıl enerji» kimi sahələrdə əməkdaşlıqdan gedir. Bu, yalnız Aİ-nin strateji prioritetlərinə deyil, həm də Mərkəzi Asiyanın dayanıqlı və davamlı inkişafı planlarına uyğundur.
MƏSLƏHƏT GÖR:




123

