ŞANS KİMİ MƏĞLUBİYYƏT
Nikol Paşinyanın Ermənistanın müstəqilliyi haqda bəyanatına dair düşüncələr
Müəllif: Namiq H. ƏLİYEV
Ermənistanın baş naziri Nikol Paşinyan Vaşinqtonda «Save Armenia» təşkilatının üzvlərinə verdiyi müsahibədə bildirib ki, ölkəsinin 2020-ci ilin payızında Qarabağ müharibəsində üzləşdiyi məğlubiyyət onların qarşısında yeni imkanlar açıb. Baş nazir deyib ki, bu məğlubiyyət Ermənistana müstəqil və suveren dövlət olmaq şansı yaradıb. Bu fikirlər Qarabağ müharibəsini erməni xalqı üçün faciə kimi qiymətləndirən ictimaiyyətdə böyük rezonans yaradıb. Bəs Paşinyanın sözlərinin məğzi nədən ibarətdir və bu, ölkənin gələcəyi üçün hansı nəticələri verə bilər?
Paşinyanın bəyanatının konteksti
Nikol Paşinyanın fikirlərinin mənasını anlamaq üçün 2020-ci ildən sonra Ermənistana və onun rəhbərliyinə təsir göstərmiş bir neçə əsas amil nəzərə alınmalıdır. Qarabağ müharibəsi yalnız ərazi itkisi və insan tələfatı baxımından deyil, həm də daxili siyasi və xarici iqtisadi gündəliyin dəyişməsi konrekstində dönüş anı olub. 2020-ci ilin payızı Ermənistan üçün faciəvi, lakin qanunauyğun hadisə idi. 44 gün davam etmiş İkinci Qarabağ müharibəsi İrəvan üçün istər insan, istərsə də maddi baxımdan ağır itkidir. Minlərlə ölən və yaralanan, sosial və iqtisadi əlaqələrin məhvi dövlətə, əlbəttə ki, ciddi zərbə olub. Müharibə nəticəsində Ermənistan Azərbaycanın işğal etdiyi Qarabağ və Şərqi Zəngəzur bölgəsindən çıxmalı olub, müharibədə verilmiş qurbanlar isə geniş ictimai etirazlara yol açıb, daxili siyasi təlatümlərlə qarşılanıb.
İndi Rusiyanın vasitəçiliyi ilə əldə olunmuş sülh razılaşması Ermənistanı yeni çağırışlarla qarşı-qarşıya qoyub. Məsələn, razılaşma nəticəsində ölkə xarici güclərdən, ilk növbədə isə Rusiyadan asılı vəziyyətə düşüb, həmçinin xarici oyunçuların regionun məsələlərinə müdaxiləni gücləndirməsi üçün qapıları açıb. Siyasi böhranın mərkəzinə düşmüş Paşinyan problemlərə yeni yanaşma ortaya qoymaq məcburiyyətində qalıb. Onun məğlubiyyətin ölkəyə müstəqillik şansı yaratdığına dair fikirlərini də yəqin ki, müharibədən, ardınca isə Ermənistan daxilində və xaricində baş vermiş dəyişikliklərdən dərs çıxarmaq cəhdi kimi qiymətləndirmək olar. Eyni zamanda baş nazirin dedikləri suallar yaradır, reallıq kontekstində anlaşılma tələb edir.
Məğlubiyyət ölkə üçün «yenilənmə» amili kimi
Nikol Paşinyanın sözlərinə Ermənistanın müharibədən sonrakı daxili və xarici siyasətin kontekstində yanaşılmalıdır. Qarabağda məğlubiyyətin ölkənin daxili siyasətinin və xarici strategiyasının dəyişməsində katalizator rolu oynamasının siqnalı kimi. Müharibəyə rəhbərlik etmiş şəxs kimi tənqid atəşinə tutulan baş nazir dövlətin möhkəmlənməsi, postmüharibə dövrünün aşılması üçün yeni yollar axtarmaq məcburiyyətində qalıb.
Ermənistan xarici siyasətdə ənənəvi olaraq, əsas müttəfiqi, təhlükəsizliyinin qarantı olaraq, Rusiyaya arxalanıb. Bu isə müvafiq olaraq, onun müstəqil qərarlar vermək imkanlarını məhdudlaşdırıb. Lakin müharibənin nəticələri və Rusiyanın sülh razılaşmasının əldə edilməsindəki vasitəçiliyi Moskvanın bu mərhələdə İrəvanın maraqlarını qorumaq arzusunu və bacarığını şübhə altına salıb. Bu, İrəvanın xarici siyasi kursuna yenidən baxması, beynəlxalq arenada daha müstəqil mövqedən çıxış etməyə çalışması zərurətini yaradıb. Bu kontekstdə Paşinyanın sözləri etiraf kimi də anlaşıla bilər: müharibədəki məğlubiyyət ölkəni əvvəlki asılılıqdan «xilas olmaq», öz strategiyasını formalaşdırmağa başlamaq məcburiyyətində qoyub.
Burada müstəqillik və strategiya məsələlərinə iki aspektdən yanaşmaq olar: birincisi, xarici oyunçulardan siyasi muxtariyyət, ikincisi, ölkənin inkişaf etdirə biləcəyi iqtisadi və mədəni müstəqillik.
Təəssüf ki, hələlik bu aspektlərin heç birində müsbət dinamika müşahidə olunmur.
Məğlubiyyətlə yeni müstəqillik axtarışı arasında paralel
Qeyd edilməlidir ki, məğlubiyyətdən sonra müstəqillikdən danışmaq paradoksal təsir bağışlaya bilər. Belə ki, məğlubiyyət, bir qayda olaraq, nəzarətin, suverenliyin itirilməsi ilə assosiasiya olunur. Paşinyan isə guman ki, köhnə modellərin işləmədiyi şəraitdə «yenilənmə»dən, «yeni başlanğıc»dan danışır. O, məğlubiyyətdə nəinki köhnə «tərəfdaşlar»dan asılılıqdan xilas şansı, həm də başqa ölkələrlə daha fəal əməkdaşlıq, yeni ittifaqlar, iqtisadi əlaqələr qurmaq imkanı görə bilər. Digər yandan Paşinyanın məğlubiyyətdən sonra müstəqillik şansı haqda bəyanatına müharibənin nəticələrini fərqli şərh etmək cəhdi, yaranmış vəziyyətin müsbət cəhətlərini önə çəkmək istəyi kimi də baxmaq mümkündür. Bəlkə də baş nazir demək istəyir ki, Qarabağda mümkün qələbə müvəqqəti də olsa, regionda Ermənistanın mövqeyini gücləndirə, onun köhnə xarici siyasi oriyentirlər çərçivəsində yaşaya biləcəyi xülyasını yarada bilərdi. Amma məğlubiyyət bu xülyaları dağıdıb və ölkəni yeni yollar axtarmağa məcbur edib.
Qarabağda məğlubiyyət Ermənistanın qarşısında dünyadakı yerinə yenidən baxmaq perspektivi açıb. Qonşuları ilə ərazi probelmləri, siyasi fikir ayrılıqları olan şəraitdə mövcud status-kvo əbədi ola bilməz.
Daha bir vacib məqam: ola bilsin ki, məğlubiyyət Ermənistanın «köhnə» müttəfiqlərindən hədsiz asılılıqdan qurtulmasına, yeni yanaşmaya, real imkanlara əsaslanan daha balanslı xarici siyasətə başlamasına yol açıb. Bu kontekstdə, Paşinyanın barəsində bəhs etdiyi müstəqillik yalnız siyasi muxtariyyəti deyil, həm də əksər postsovet ölkələri üçün xarakterik olan xarici təzyiqlərdən qurtulmaq imkanı anlamına da gələ iblər.
Amma Ermənistanın heç də hər zaman erməni xalqının maraqlarına cavab verməyən hədsiz fəallıq göstərən «yeni avropalı sahiblərinin» aşkar himayədarlığı bu versiyanın əksini göstərir.
Daxili siyasi vəziyyət, etirazlar və yeni sahiblər
Ermənistanda müharibədən sonra əhəmiyyətli dəyişikliklər müşahidə olunub. Məsələn, savaşın başa çatmasından sonra İrəvanda ictimai etirazlar baş verib, müharibə zamanı effektiv idarəçilik edə bilməməkdə günahlandırılan baş nazirin istefası tələbi ilə nümayişlər keçirilib. Lakin Paşinyan ölkədə sabitliyin təmin olunmasına yönəlmiş «qlobal yenilənmə» və islahatların vacibliyini bildirərək, hakimiyyətini qoruyub saxlamağı bacarıb.
Daha bir vacib aspekt ölkənin bu «yenilənmə»ni necə həyata keçirməsidir. Ermənistan rəhbərliyi sabit, dinc Cənubi Qafqaz qurmaq üçün regional oyunçularla kompromis axtarmaq əvəzinə, inkişaf və təminat üçün regiondan kənarda himayədar axtarışına başlayıb. Ermənistan hökumətinin narrativlərindən belə məlum olur ki, bu, öz maraqlarının qorunmasını hədəfləyən müstəqil və suveren dövlətin yaradılması kimi geniş prosesin bir hissəsi ola bilər. Lakin hər zaman himayədarlarının maraqlarını ifadə edən forpostun tarixi təcrübəsi bu yolun uğurlu olacağına böyük şübhələr yaradır.
Siyasi sabitlik bir anda gəlmir. Ermənistan müharibənin fəsadlarının yaratdığı kəskin sosial və iqtisadi problemlərlə qarşı-qarşıyadır. Qaçqınlar üçün humanitar yardım məsələsi, dağılmış infrastrukturun bərpası, həmçinin əhalinin psixoloji və sosial reabilitasiya zərurəti bir nömrəli vəzifəyə çevrilib. Bu kontekstdə Paşinyanın müstəqillik və suverenlik istəyi haqda bəyanatları ictimaiyyəti səfərbər etmək, ağır itkilər şəraitində belə, insanlarda daha yaxşı gələcəyə ümid yaratmaq istəyi də ola bilər.
İqtisadi və sosial perspektivlər
Bir dövlətin müstəqilliyindən danışarkən iqtisadi aspektlərə toxunmamaq olmaz. «Qarabağ klanı»nın hakimiyyəti illəri və onun fəsadları, 44 günlük müharibədəki məğlubiyyət, bunun ardından gələn etirazlar, məyusluq Ermənistan iqtisadiyyatında dərin iz qoyub. Ölkə infrastrukturunun bərpası və təhlükəsizliyin təmini ilə bağlı problemlərlə üz-üzədir. Amma buna baxmayaraq, düşünmək olar ki, Azərbaycanla sülh müqaviləsinin imzalanmasına, regiondakı qonşularla tərəfdaşlığın qurulmasına, Zəngəzur dəhlizinin açılması ilə yeni bazarlara çıxış əldə edilməsinə yönəlmiş effektiv xarici siyasətin inkişafı ilə Ermənistan iqtisadi inkişaf yoluna da qədəm qoya bilər. Suverenliklə bağlı bəyanatın ölkənin daxili potensialını səfərbər etməyə yönəlməsi də mümkündür. Bununla yanaşı, diasporun müəyyən hissəsinin neytrallaşdırılmasına yönəlmiş səylər də müşahidə olunur ki, bu da vacib məqamdır. Söhbət Ermənistanın qonşularına qarşı ərazi iddialarını dəstəkləyən, «njdeizm» ideologiyasını dəstəkləyən diaspordan gedir.
Nikol Paşinyanın Qarabağdakı məğlubiyyətin Ermənistana müstəqil və suveren dövqurmaq şansı yaratdığına dair bəyanatı ola bilsin ki, müharibənin nəticələrinin fərqli şərh olunması, onun fərqli nöqteyi-nəzərdən təqdim edilməsi istəyindən də irəli gəlir. Bəlkə məğlubiyyət erməni elitasının bir hissəsində köhnə paradiqmaları dağıdıb və yeni, daha müstəqil, balanslaşdırılmış xarici iqtisadi kurs vizionu yaradıb?
Amma mümkün müsbət aspektlərə baxmayaraq, bu müstəqillik çoxsaylı daxili və xarici problemlərin həlli zərurətilə bağlı olacaq. Buraya təhlükəsizlik, iqtisadi və sosial sabitlik üçün vacib olan qonşularla qarşılıqlı münasibətlər də daxildir.
MƏSLƏHƏT GÖR:



121

