5 Dekabr 2025

Cümə, 11:32

XÜLYANIN QİYMƏTİ

Rusiya Ermənistan üçün yeni lider axtarır?

Müəllif:

15.04.2025

Rusiya Xarici İşlər Nazirliyində nazir Sergey Lavrovun xarici ölkələrin səfirləri ilə növbəti görüşü keçirilib. Nazirliyin rəsmi nümayəndəsi Mariya Zaxarova öz «Telegram» kanalında yazıb ki, «bu gün (7 aprel) Sergey Lavrov xarici ölkələrin Moskvada akkreditasiya olunmuş səfirləri ilə Avrasiyada təhlükəsizlik məsələlərini müzakirə edəcək». Görüş iştirakçıları arasında Ermənistanın Rusiyadakı səfiri Qurgen Arsenyan da olub. Ümumilikdə isə Lavrovla görüşə 20-dək diplomat qatılıb.

Ermənistan KTMT və Aİİ üzvüdür. Üstəlik, onun Rusiya ilə hərbi yardım haqqında ikitərəfli müqaviləsi də var. Bu mənada, Ermənistan səfirinin görüşdə iştirakı təəccüblü deyil. Bununla yanaşı, Moskva son aylarda İrəvanın davranışlarından, Qərbə istiqamət götürmək cəhdlərindən narazılığını açıq şəkildə nümayiş etdirir. Məsələ ondadır ki, İrəvan KTMT-yə ödənişləri həyata keçirmir, onun təşkil etdiyi birgə təlimlərə və digər tədbirlərə qatılmır. Bu azmış kimi, Ermənistan parlamenti ölkənin Avropa İttifaqına üzv olmaq hədəfinin yer aldığı qanunu qəbul edib, prezident isə onu imzalayıb. Belə bir vəziyyətdə Qurgen Arsenyan Lavrovla görüşə gedirsə, bu, açıq mesaj kimi qiymətləndirilə bilər.

 

Sərt tədbirlər yerinə səmimi mesaj

Ermənistanın «fəaliyyətini dondurduğu» KTMT isə əməkdaşlığı genişləndirməyə hazır olduğunu göstərir. Rusiya Ermənistanla istənilən səviyyədə əməkdaşlığı alqışlayır, KTMT çərçivəsində normal münasibətlərin dərinləşməsini istəyir. Hər halda, Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Rodion Miroşnik belə deyib.

Moskvanın Ermənistanın növbəti «Avropa cəhdləri»nə reaksiyasını Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin dilə gətirib: «Biz əminik ki, eyni vaxtda bir-birinə tam zidd iki inteqrasiya birliyi – Aİİ və Aİ-də yer almaq mümkün deyil». Bununla yanaşı, Qaluzin seçimi İrəvanın etməli olduğunu söyləyib.

İrəvan isə KTMT-dən uzaq durmağa çalışdığını göstərsə də, Aİİ-yə üzvlüyünü heç bir halda sual altına qoymur. Bu isə təəccüblü deyil. Bu haqda dəfələrlə danışılsa da, bir daha xatırladaq ki, Aİİ üzvlüyü Ermənistan üçün daxili qiymətlərlə neft, qaz və emal olunmamış almaz almaq imkanı deməkdir. Bu, büdcəyə milyardlarla dollar əlavə gəlirdir. İrəvan, əlbəttə ki, bu imtiyazı itirmək istəməz.

Bundan başqa, faktiki olaraq, Ermənistanın bütün infrastrukturu da Moskvanın mülkiyyətində, Rusiyanın və ya rus oliqarxların inhisarındadır – dəmir yolları, mobil rabitəsi, elektrik və qaz xətləri şəbəkəsi, enerji istehsalı…

Belə bir vəziyyətdə İrəvanın hər səs-küylü qərbpərəst jestindən sonra ekspertlər Moskvadan sərt addımlar gözləyir. Amma Rusiya tərəfi ən azı hələlik bu addımları atmağa tələsmir.

İrəvan özü də başda effektiv sayılacaq gedişlər etsə də, Moskvadan asılılığının real olaraq azaldılması üçün heç bir addım atmır. Bir müddət əvvəl iki Nəzarət Buraxılış Məntəqəsində («Zvartnots» aeroportu və İranla sərhəd) Ermənistan sərhədçiləri peyda olsa da, bunu əlbəttə ki, asılılığın azaldılması istiqamətində ciddi addım saymaq olmaz. Üstəlik, onun İran və Türkiyə ilə sərhədlərini hələ də rusiyalı hərbçilər qoruyur. Hərbi sahədə ikitərəfli əməkdaşlığa dair razılaşmalara yenidən baxılması məsələsi də gündəmdə deyil. Nəhayət, onların birgə quru və hava hücumundan müdafiə qoşun hissələri var. Təcrübədə bu, o deməkdir ki, Paşinyan ordusunun salamat qalmış qırıntılarına nəzarəti belə, Moskva ilə bölüşməlidir. Və nəhayət, bəlli deyil, Ermənistan, həqiqətən, rusiyapərəstlər düşərgəsindən uzaqlaşaraq Qərbə üz tutmaq niyyətindədir, yoxsa bu, sadəcə, yeni silah tranşları əldə etmək üçün Moskvaya «təsir göstərmək» cəhdləridir. Həqiqətən, həssas durumdur. Ermənistan Qarabağda 2020 və 2023-cü illərdə yaşadığı darmadağından sonra ordusunu bərpa etmək məcburiyyətindədir. Lakin Rusiya Ukrayna müharibəsi üzündən forpostunun bu şıltaqlığını əvvəlkitək qarşılamaq gücündə deyil. İrəvan məhz bu üzdən Rusiyadan «inciklik» nümayiş etdirir, Qərbə üz tutmaq qərarına gəldiyini göstərir. Bununla, o, eyni zamanda, Qərbdən müəyyən miqdarda silah-sursat əldə etməyə də çalışır.

 

«Hamarlama» üçün uğurlu zaman

Bu vəziyyət Rusiyaya, sadəcə, kənarda dayanaraq, İrəvanın «qərbpərəst gedişləri»nin nə vaxt «sönəcəyini» gözləmək imkanı verir. Hazırkı iqtisadi reallıqlarda Ermənistan Rusiyanın nüfuz dairəsini sadəcə olaraq, tərk edə bilməz. Hər bir halda o, sonda Kremlin qarşısında baş əyməli olacaq. Xüsusilə Donald Trampın Ukrayna müharibəsi, tariflər və s. ilə bağlı son qərarları fonunda. İndi Avropanın ağlağan Ermənistana ayırmağa vaxtı yoxdur. Moskva isə ən azı sözdə elə davranır ki, bu qaçılmaz kapitulyasiya çox alçaldıcı təsir bağışlamasın.

Bununla yanaşı, Paşinyanın ardı-arası kəsilməyən siyasi sürprizlərinin Moskvanı bezdirdiyi heç kimə sirr deyil. Onun «sayəsində» Qarabağla bağlı təsir rıçaqları (Rusiya sülhməramlıları məsələsi daxil olmaqla) tam əldən çıxıb. Belə bir vəziyyətdə Paşinyanın bitmək bilməyən qərbpərəst isterikası Rusiyanı getdikcə daha çox qıcıqlandırır. Odur ki, Moskva Paşinyanın daha idarəolunan, təxminedilən fiqurla əvəzlənməsi məsələsini nəzərdən keçirə bilər.

Ən təəccüblüsü odur ki, bu halda Ermənistan baş nazirinin Qərbin dəstəyinə arxalanmaq şansı da yüksək deyil. Orada Paşinyanın «sülh kəsişməsi» haqda nağıllarını məmnuniyyətlə dinləyirlər, lakin sözdə deyil, əməldə nələrsə görmək istəyirlər. Məsələn, Rusiyaya tətbiq olunmuş sanksiyaların Ermənistan ərazisi vasitəsilə aşılması həcminin və miqyasının azalmasını. Yaxud Rusiyanın inteqrasiya layihələrindən uzaqlaşma istiqamətində real addımlar. İndi bir çox əlamət göstərir ki, Avropada İrəvanla daha sıx «işləyən» Fransanın özü belə, daşnaklara «stavka» edir. Görünən odur ki, Parisi onların Kremlə yaxınlığı da narahat etmir.

Paşinyan əvvəllər özünün «küçə populyarlığı»na arxalana bilərdisə, indi o, bu kozırdan da məhrum olub. Uduzulmuş iki müharibə və işğal olunmuş Azərbaycan ərazilərinin itirilməsi istənilən liderin reytinqini darmadağın edərdi.

Ermənistanda nadir vəziyyət yaranıb. «Əsas qərbpərəst» Paşinyanın reytinqi sürətlə azalır, ona alternativ namizəd isə yoxdur. Səxavətli qrant paylayan və «QHT sektorunun dirijoru» USAID oyundankənar vəziyyətdədir. Beləliklə, Moskvanın Paşinyana qarşı öz namizədini önə sürməsinin ən uyğun vaxtıdır. Amma kimi?

 

“Köhnələr”in qayıtmaq arzusu

Moskva son dönəmlərədək devrilmiş «Qarabağ klanı»nın liderləri olmuş Robert Koçaryan və Serj Sarqsyana «stavka» edirdi. Onların hər ikisinin hərbi cinayətkar olması, deyəsən, heç kimi narahat etmirdi. Amma indi Kremldə əmindirlər ki, bu «stavka»nın «işləmək» şansı yoxdur. Ermənistanda «Qarabağ klanı»nın yaratdığı kriminal diktaturanın izləri hələ «təzədir». Odur ki, xalq onların hakimiyyətə qayıtmasını istəmir. Bu mənada, davamlı revanş şüarları da işə yaramır. Hər halda, burada 44 günlük müharibənin və 2023-cü ilin sentyabrında həyata keçirilmiş antiterror əməliyyatının nəticələrini yaxşı xatırlayırlar. Ermənistan real olaraq revanşa cəhd göstərərsə, bu ona hansı ərazilər bahasına başa gələcək?

Moskvada anlayırlar ki, revanş şüarları ani elektoral effekt versə də, sonda bu vədlərə əməl olunmalıdır. Bu isə hazırkı şəraitdə Rusiya kimi ölkəyə belə, lazım deyil. Nəyin xətrinə? Hansısa erməni siyasi klanının maraqları üçün?

Çoxları düşünür ki, Paşinyana Ruben Vardanyan meydan oxumalı imiş. Onu «Ermənistanın İvanaşvilisi» roluna hazırlayırdılar. Qarabağ Vardanyan üçün hakimiyyətə aparan yola çevrilməli idi. Lakin Bakıda müvəqqəti saxlama təcridxanasına çevrildi. Hansısa dairələrin gözlədiyi təbii ki, bu deyildi.

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sabiq rəhbəri, Ramzan Kadırovun dostu Artur Vanetsyan da ciddi perspektivlər vəd edirdi. Lakin birincisi, o, lovğa «Şərəfim var» blokunun rəhbərliyində təmsil olunur ki, son parlament seçkisində bu blok 5%-lik baryeri zorla aşıb. İkincisi, Moskva ona vaxtilə KTMT-nin baş katibi Yuri Xaçaturovun həbsində iştirakını çətin bağışlasın.

Belə vəziyyətdə Moskvaya siyasi arenada hələ özünü «yandırmamış» şəxs lazımdır. Bu, Moskvadakı erməni əsilli oliqarxlardan biri ola bilər. Namizədin hərbi dairələrdə axtarılacağı da istisna deyil. Ermənistan ordusunda ruspərəst əhval kifayət qədər güclüdür. Üstəlik, onlar Paşinyanı sevmirlər. Ona Silahlı qüvvələrdə aparılmış «təmizləmə»ni, xüsusilə də müharibədəki məğlubiyyətin məsuliyyətini ordunun, generalitetin üzərinə atmasını bağışlamırlar. Hərbi darmadağın, əlbəttə ki, «poqonlu namizəd»in önə çəkilməsi üçün heç də əlverişli fon yaratmır. Lakin bununla yanaşı, piar texnologiyalarından effektiv istifadə ilə kimdəsə «qələbəsi əlindən alınmış vicdanlı general» imici yaratmaq mümkündür. Məsələ sadəcə bu xülyaların Ermənistana nələrə başa gələcəyindədir.



MƏSLƏHƏT GÖR:

131