YALNIZ ÖYRƏTMƏK YOX, HƏM DƏ DİNLƏMƏK
Yeniyetmələr evdən niyə qaçırlar? Kimdən və haraya?
Müəllif: Sabirə ƏLƏKBƏR
Yeniyetmə evi tərk edirsə, bu, sadəcə qaçmaq deyil. Bu, ağrıdan, tənhalıqdan, valideynlərin qışqırtısından, eyni zamanda heç kimin eşitmədiyi qəlbin qışqırığından qaçmaqdır. Çırpılan qapının arxasında isə qorxu içərisində olan valideynlərlə yanaşı, ifadə olunmamış fikirlər, minlərlə «əgər, birdən…» fikirləri qalır. Hər bir belə hadisə yalnız şəxsi faciə yox, həm də ictimaiyyətə siqnaldır: nə isə düz getmir. Uşaqları nə qədər çox dinləyər, anlayar və yanlarında olarıqsa, onlar azadlığı başqa yerdə axtarmaq fikrinə bir o qədər az düşəcəklər.
Son zamanlar Azərbaycanda yeniyetmələrin evdən qaçması halları artıb. Hər belə hadisə təşviş yaradır, ortaya çoxsaylı suallar çıxarır. Uşaqları bu cür çarəsiz addım atmağa nə vadar edir? İlk baxışdan hər şeyin qaydasında olduğu ailələrdə nələr baş verir?
Ölkədə evdən qaçmış uşaqların sayı ilə bağlı rəsmi statistika yoxdur. Lakin axtarış sistemlərinə müraciət etmək kifayətdir ki, son beş ildə belə halların arasının kəsilmədiyini görəsən. 2019-cu ilin iyulunda Tunar adlı 9 yaşlı oğlan uşağı Abşeron rayonunda yaşadığı evdən qaçmış, bunu anası tərəfindən davamlı olaraq fiziki zorakılığa məruz qalması ilə əsaslandırmışdı. O zaman uşağın bədənində zorakılıq əlamətləri də aşkarlanmışdı.
Bu yaxınlarda isə ictimaiyyət iki yeniyetmə qız uşağının itməsi xəbərinin həyəcanını yaşayıb. Xoşbəxtlikdən, hüquq mühafizə orqanları onları tapa bilib. Lakin qızları bu cür addım atmağa vadar etmiş əsl səbəblər bilinməyəcək – bəlkə də ailələrinin istəyi ilə. Qız evdən hansısa gənc oğlana görə qaçıb, yoxsa hər hansı başqa səbəbdən, fərqi yoxdur. Fakt odur ki, qızlardan birinin atası onu 9-cu sinifdən çıxardığını deyir və bu, çox şeydən xəbər verir.
Yeniyetmələrin evdən qaçması onların təhlükəsizliyi üçün ciddi risklər yaradır. Onlar zorakılıq halları ilə qarşılaşa, təhlükəli vəziyyətlərə düşə, hətta cinayət qurbanına çevrilə bilərlər. Bir şuğanı evdən təkrar qaçması isə artıq ya ailədə ciddi problərin olduğunun, ya da uşağın psixi-emosional vəziyyətinin göstəricisidir. Psixoloq Leyla Məmmədova deyir: «Bu sahədə profilaktika yalnız nəzarət yox, ilk növbədə, ailədə təhlükəsiz emosional mühitin yaradılması deməkdir. Bu, açıq danışmağın mümkün olduğu, böyüklərin öz səhvlərini etiraf etməyi bacardıqları mühitdir».
…qaçış
Buna hansı səbəblər ola bilər? Məsələn, ailə münaqişələri və yarımçıq ailələr. Azərbaycanda bir çox yeniyetmə evdən valideynlər arasında münasibətlərin gərgin olması və ya onlardan birinin olmaması səbəbi ilə qaçır. Əksər hallarda onların nənələri və ya babaları tərəfindən tərbiyə olunduqları üzə çıxır. Bu, nəsil fərqindən irəli gələn mübahisə və anlaşılmazlıqlara yol açır. Məsələn, 13 yaşlı qız uşağı evdən anasının dördüncü dəfə ailə qurmasından sonra qaçmışdı. Sonradan o, Bakıda tapılaraq yetimxanaya yerləşdirilib.
Psixoloji çətinliklər. Bəzi yeniyetmələr tənhalıq, anlaşılmamaq və ya azadlıq istəyindən irəli gələn emosional problemlər yaşayırlar. Məsələn, 14 yaşlı Cümşüd Ağayev ayrı qalmağı bacarmadığı anasını axtarmaq üçün dəfələrlə uşaq evindən qaçıb.
Ətraf mühitin təsiri. Bəzən yeniyetmələr evlərini izlədikləri filmin, oxuduqları kitabın təsiri, yaxud macəra axtarışı üçün tərk edirlər. Psixoloqlar bildirirlər ki, belə hallara yayda daha çox rast gəlinir. Onlar xüsusilə sərbəstlik axtardıqları və ya başqalarının analoji hərəkətlərindən ruhlanaraq qaçırlar.
Ən ağrılı mövzulardan biri isə erkən və bir çox hallarda məcburi nikahlardır. Bundan qız uşaqları daha çox əziyyət çəkir. Onları «ismət» və ya «ailə səadəti» adı ilə istəmədikləri adama ərə verirlər. Çoxları üçün bu, nəinki sındırılmış gənclik, həm də şəxsi faciədir. Bəziləri bu anın yaxınlaşdığını hiss edən zaman qaçmağa üstünlük verirlər. Bu, onların azadlıqlarını, talelərini xilas etmək üçün son cəhdləri olur.
«Erkən nikah yeniyetmə tərəfindən şəxsi azadlığın sonu, gələcəklə bağlı bütün ümidlərin məhvi kimi qəbul olunur. Belə təhlükə ilə üzləşmiş qız uşağı çarəsizlik hiss edir, dəhşətli qorxu keçirir. Bu halda evdən qaçmaq qiyam yox, özünümüdafiə instinktidir», - deyə Leyla Məmmədova bildirir.
Uşaq - perspektiv
Valideynlərin hədsiz gözləntiləri ilə bağlı problemi də unutmaq olmaz. Bir çox hallarda ata və ana övladlarına sanki bir layihə kimi yanaşırlar. Aydındır ki, Azərbaycanda bir çox valideyn özü məhdudiyyətlər, məhrumiyyətlər içərisində böyüdüyündən, öz iddialarını övladlarının vasitəsilə həyata keçirmək istəyir: əlaçı olmaq, ən yaxşı ali məktəbdə oxumaq, «kim isə» olmaq və s. Bu zaman uşağın daxili dünyası, arzuları, bacarıqları nəzərə alınmır. Uşağa davamlı təzyiq, onun hisslərinin qiymətləndirilməməsi, emosional rabitənin olmaması yeniyetmədə onu heç kimin eşitmədiyi, dinləmədiyi düşüncəsini yaradır. Səni eşitmirlərsə, çıxıb gedirsən. Bəzi hallarda isə ən pis ssenari yaşanır – valideynlərinin gözləntilərini doğrultmadığını düşünən uşaq ən qorxulu vasitəyə – intihara əl atır.
2022-ci ilin mayında Balakən rayonunda 16 yaşlı yeniyetmə valideynləri ilə yaşadığı münaqişədən sonra evdən qaçmışdı. Mübahisəyə uşağın məktəbdə yaxşı oxumaması səbəb olmuşdu. Xoşbəxtlikdən, polis onu taparaq evə qaytarmışdı.
İndi buraxılış və qəbul imtahanları dövründə «dərslə yüklənmə» problemi də aktualdır. Proqram getdikcə daha da ağırlaşır, qəbul imtahanlarına hazırlıq az qala bütün sutkanı əhatə edir. Xüsusilə buraxılış siniflərində oxuyan məktəblilər daimi təzyiq altında olurlar: testlər, əlavə hazırlıqlar, mümkün uğursuzluq qorxusu. Yuxu, istirahət, hobbi – hər şey ikinci plana keçir. Gəncliyini yaşamalı olan uşaqlar sanki əvəzində dözümlülük yarışına girirlər. Buna isə təbii ki, hamı dözmür. «Yaşamaq» üçün meydan olmadıqda isə çıxış yolu axtarışı başlayır. Məsələn, evdən qaçmaq.
«Məktəblilərdə həyəcandan dilxor olma hallarının artdığını müşahidə edirik. Onunla fasiləsiz stress rejimində yaşayırlar. Bu halda ailənin dəstəyi olmursa, yeniyetmə təzyiqlərdən qurtulmaq üçün xilas yolunu evdən qaçmaqda görür», - deyə L.Məmmədova bildirir.
Bir çox ailədə hələ də avtoritar tərbiyə modeli qalmaqdadır. Belə ailələrdə uşağın fikri nəzərə alınmır. Ona narazılığını ifadə etməsi, şübhəsini dilə gətirməsi qadağan edilir, bəzən sanki özü kimi olmasına imkan verilmir. Belə vəziyyətdə ən xırda münaqişə belə, «partlayış»la nəticələnə bilir. Uşaq evdən yox, anlaşılmamaqdan qaçır. Bir çox yeniyetmə eşidilməməkdən, dinlənilməməkdən şikayətlənir. Başı işə, yaxıd dolanmağa və ya uğur qazanmağa qarışmış valideyn övladı ilə söhbətləşməyi unudur. Söhbət məktəb qiymətləri və ya davranış haqda yox, hisslər, arzular, narahatlıqlar haqda söhbətləşməkdən gedir. Yeniyetmə ən yaxınları tərəfindən anlaşılmadığını, alçaldıldığını və ya gülüş hədəfi olduğunu duyduqda özünü tənha hiss etməyə başlayır. Ailə daxilində tənhalıq isə mənəvi baxımdan ən ağır hissdir.
Bütün bunlar müasir yeniyetmələrin informasiya məkanında yaşaması, başqalarının necə azad, cəsarətli, maraqlı yaşadığını asanlıqla gördüyü şəraitdə daha çətin qəbul olunur. Sosial şəbəkələr onlarda «qaçaraq hər şeyə sıfırdan başlamağın» mümkünlüyü kimi xülya yaradır. Bu zaman onlar istəklərini həyata keçirmək üçün real resursların olmadığını anlamır, bunun hansı fəsadlara yol aça biləcəyini düşünmür. Evdən qaçmış yeniyetmə hələ hazır olmadığı bir dünyaya düşür. Buraya yaşca böyük yad insanlarla onlayn ünsiyyət də əlavə olunur ki, bu da evdən qaçmağı daha təhlükəli hala çevirir. Amma bu artıq təhlükəsizlik məsələsidir – fiziki və psixoloji təhlükəsizlik.
Uşaqların evdən niyə qaçdıqlarına, bunun qarşısının necə alına biləcəyinə dair sualımızı psixokorrektor, EMDR-terapevt Afaq Babazadə cavablandırıb.
- Uşaqlar evdən bir çox səbəbə görə qaçırlar. Onlardan ən vacibləri böyüklər tərəfindən başa düşülməmək, uşağın şəxsiyyətinə hörmət qoyulmaması, özünü lazımsız hiss etməkdir. Böyüklər bir çox halda özlərinin uşaqlıqlarını unudurlar. Unudurlar ki, özləri uşaq olduqda böyüklərlə, valideynlərlə dostluq etməyi necə arzulayıblar. Uşaqlar onları şərtsiz qəbul edəcək adam, özlərini təhlükəsizlikdə hiss edəcəkləri mühit axtarırlar. Onlar hədsiz tələblərin, məzəmmətlərin olmadığı şəraitdə yaşamaq istəyirlər. Valideyndən ayrılmaq (uşağın müstəqil şəxs kimi yaşamaq qərarına gəlməsi) ağır prosesdir. Bu qərara bir anda gəlinmir. Bəzən buna aparan yol illərlə davam edir. Qərarın verilməsindən sonra isə bir çox hallarda ümidlər doğrulmur. Bu, uşağı məhv edə bilər.
- Bunların baş verməməsi üçün valideyn nə etməlidir?
- Valideynlər şərtsiz sevməyi öyrənməlidirlər. Anlamalıdırlar ki, qarşılarındakı sadəcə övladları deyil, yaşından asılı olmayaraq, bir şəxsiyyətdir. Başa düşməlidirlər ki, valideyn olmaq öz üzərində, qorxuları, travmaları üzərində ciddi iş deməkdir. Böyüklərin daxili köklənməsi, sakitliyi və əminliyi uşağa inanılmaz dərəcədə böyük dəstək deməkdir. Çünki onlar övladları üçün nümunədirlər. Mütəxəssislər əbəs yerə demirlər ki, uşağın tərbiyəsi bizdən başlayır – onların doğulmasından xeyli əvvəldən. Özü qorxu, inamsızlıq içərisində yaşayan valideyn uşağa inam aşılaya bilməz. Odur ki, hər kəs özünə sual verməlidir: mən övladım üçün kiməm?
- Bəs valideyn övladına hörmətlə yanaşmağa, onu dinləməyə çalışır, lakin uşaq özü nə istədiyini bilmirsə?
- Ona bu dövrü aşmaq imkanı yaratmaq, onunla birlikdə olmaq, uşağın axtarışda olmaq arzusunu bölüşmək lazımdır. Uşağa kömək edin, onunla daha sıx ünsiyyət qurun, müxtəlif tədbirlərə gedin, təbiətə çıxın, birgə iş görün. Nə qədər bayağı səslənsə də, birgə əmək insanların bir-birini daha yaxşı tanımasına kömək edir. Övladınıza nəyin maraqlı olduğunu, nəyin olmadığını bilin.
- Amma bəzən elə olur ki, uşaq heç nə istəmir: nə işləmək, nə oxumaq. Sanki qapanıb. Bəs onda?
- Fasilə götürün. Demək, səbəb var. Stres, narahatlıq, cəzalandırıla biləcəyi qorxusu. Bəzən bu, bullinq (yersiz irad tutulması, bezdirmək) nəticəsində baş verir. Elə etmək lazımdır ki, uşaq tək olmadığını, hər zaman yanında olacaq, dəstək verəcək şəxsin varlığını hiss etsin. Eyni zamanda adi həyatı yaşamaq, uşağı gündəlik işlərə, həyat fəaliyyətinə cəlb etmək lazımdır. Gərək uşağın böyüyün varlığını hiss etməyə ehtiyac duyduğu anı qaçırmayasan. Hamı alim olmur. Amma heç kəs özünü bədbəxt hiss etməməlidir.
- Uşaqları evdən qaçmamaları üçün qorxutmaq olarmı?
- Xeyr, qorxutmaq və cəzalandırmaq lazım deyil. Amma mütləq bunun mümkün fəsadları haqda danışmaq, səbəb-nəticə əlaqələrini izah etmək lazımdır. Nümunələr üzərindən danışmaq daha yaxşı olar. Qoy, uşaq hər bir əməlin fəsadlarının, nəticələrinin olduğunu anlasın. Bir çox hallarda uşaq bir dəfə səhv edir, qorxur və valideynlərinə heç nə danışmır. Bu səhv isə ardınca başqa yanlışlıqları gətirməyə başlayır. Sonda elə problemlər yaranır ki, uşaq özü vəziyyətin öhdəsindən gələ bilmir. Hesab edirəm ki, uşağı danlamaq və cəzalandırmaq olmaz. Ona dinləməyi, anlamağı öyrətmək lazımdır. Bunu erkən yaşlarda etmək daha asandır.
Ən vacibi dinləməkdir
Artıq yeniyetmənin düşmən, layihə və mülkiyyət olmadığını anlamaq vaxtıdır. O, öz qorxuları, arzuları, seçim hüququ olan bir fərddir. Cəmiyyətdə uşaqlığa hörmət olmazsa, ailələrdə və məktəblərdə dialoq, anlaşma, dəstək mühiti yaradılmazsa, evdən qaçma halları daha da artacaq. Demək, artıq uşaqları yalnız öyrənmək yox, həm də dinləmək vaxtıdır – nə qədər ki, gec deyil. Evdən qaçma hallarının olması yeniyetmələrin emosional durumuna diqqətlə yanaşılması, onların hüquqlarına hörmət olunması, təhlükəsiz ailə mühitinin formalaşdırılması zərurətinin mövcudluğunu göstərir. Valideynlərin, müəllimlərin və ümumilikdə cəmiyyətin uşaqları dinləməsi, dəstəkləməsi vacibdir. Faciəvi halların qarşısını bu cür almaq olar. Çünki biz uşaqların çox tez böyüdükləri və əksər hallarda tək böyüdükləri cəmiyyətdə yaşayırıq. Ailə, məktəb və cəmiyyət uşağa münasibətini dəyişməzsə, ona ayrıca şəxsiyyət kimi yanaşmazsa, yeniyetmələrin nəinki fiziki, həm də mənəvi gedişi davam edəcək.
Rəsmi statistikanın olmaması problemin miqyasını qiymətləndirməyi, onun həlli üçün effektiv tədbirlərin görülməsini çətinləşdirir. Bu mənada, nazirliklər səviyyəsində qurumlararası əməkdaşlığın gücləndirilməsi, ailələrin və yeniyetmələrin dəstəklənməsi üçün proqramların tətbiqini, həmçinin cəmiyyətin uşaqların evdən qaçmasının fəsadları haqda məlumatlandırılması üçün informasiya kampaniyalarının aparılması vacibdir.
MƏSLƏHƏT GÖR:






176

