YARLIQSIZ «TALİBAN»
Siyasət, ticarət, tranzit: Əfqanıstan hökuməti ilə dialoqa kim və niyə «stavka» edir?
Müəllif: İlqar VƏLİZADƏ
Rusiya Ali Məhkəməsi Əfqanıstana nəzarət edən «Taliban» hərəkatının Rusiya ərazisində fəaliyyətinə qoyulmuş qadağanı aprelin ortalarında ləğv edib. Məhkəmənin qərarı dərhal qüvvəyə minib. Beləliklə, «Taliban»ın adı 2003-cü ildə əlavə olunduğu terror təşkilatları siyahısından çıxarılıb. Bu, faktiki olaraq, Rusiyanı «Taliban»ı Əfqanıstanın legitim hakimiyyəti hesab edən ilk dövlətlərdən birinə çevirib.
Rusiya və Pakistan – fərqli ölkələr, ümumi maraqlar
Belə qərar vermiş ilk ölkə məlum olduğu kimi, Pakistandır. 2021-ci ildə Amerika qoşunlarının Əfqanıstanı tərk etməsindən sonra İslamabad «Taliban»ın hakimiyyətə qayıtması prosesini dəstəkləyənlər sırasında idi. Onun bu işdə hər zaman strateji maraqları olub. Yəni Pakistan Əfqanıstandakı maraqlarını təmin etmək üçün məhz talibləri daha sabit və rahat tərəfdaş sayıb.
İslamabadın «Taliban»a münasibətdə rəsmi mövqeyi dəyişməzdir. O, Kabildə qurulmuş yeni hakimiyyətə ilk dəstək verənlərdən, onu «suveren» adlandıranlardandır. İslamabadda hesab edirlər ki, Əfqanıstanda sülh və sabitliyə hər cür dəstək verilməlidir.
Moskvaya gəlincə, onun addımları Mərkəzi Asiya və ümumilikdə Qərşdəki vəziyyətdən asılı ola bilər. Suriyada vaxtilə beynəlxalq terror təşkilatlarının siyahısında yer almış qüvvənin hakimiyyətə gəlməsi və legitimləşməsi Moskvanın taliblərə daha ciddi yanaşması üçün siqnal ola bilər. Üstəlik, Əfqanıstan qədim dövrlərdən – hələ Rusiya və Britaniya imperiyalarının regionda nüfuz savaşı apardıqları illərdən Rusiyanın diqqət mərkəzindədir.
Yeni şəraitdə Moskva taliblərlə gizli əlaqələr qurmuşdu. Mediada isə mütəmadi olaraq Rusiya tərəfinin «Taliban» təmsilçiləri ilə müxtəlif səviyyələrdə danışıqlar apardığına dair məlumatlar yayılırdı. Bildirilirdi ki, tərəflər təhlükəsizlik məsələlərini də müzakirə edir. Bu müzakirələr əsasən üçüncü ölkələrdə – Pakistanda, yaxud İranda aparılırdı.
O da məlumdur ki, Moskva Əfqanıstanda humanitar yardım göndərir, ölkənin bərpasında iştirak etməyə hazır olduğunu bildirir. Bu kontekstdə taliblər radikallıqlarına rəğmən, danışıqların aparılması vacib olan tərəfdaş kimi qəbul edilir.
Moskvanın taliblərlə əməkdaşlıqda maraqlı olduğunu baş nazirin müavini Aleksey Overçukun sözləri də təsdiqləyir. O, Ali Məhkəmənin «Taliban»ın Rusiya ərazisində fəaliyyətinə qadağanın aradan qaldırılması qərarının Əfqanıstanla ticarət-iqtisadi əlaqələrin inkişafına, Rusiyadan bu ölkəyə ixracın artırılmasına, həmçinin Əfqanıstanın nəqliyyat-logistika potensialından istifadəyə yol açdığını bildirib.
Tanımadan əməkdaşlıq
Rusiya ilə Pakistan «Taliban»ı terror təşkilatı saymayan yeganə dövlətlərdir. Dini məzhəb fərqinə baxmayaraq, İran da (iranlılar şiə, taliblər sünnidir) «Taliban»ı terror təşkilatı hesab etmir. Tehran taliblərlə xüsusilə regional təhlükəsizlik, sabitlik məsələlərində, həmçinin miqrasiya və ticarət də daxil olmaqla, humanitar və iqtisadi mövzularda dialoq qurur.
Mərkəzi Asiyada sabitlikdə maraqlı olan Çin də «Taliban»la münasibət qurur. O, Əfqanıstanla iqtisadi əlaqələrin «Kəmər və yol» çərçivəsində inkişafını hədəfləyir. Eyni zamanda Pekin Kabillə terrorçuluq və ekstremizmlə mübarizə sahəsində də əməkdaşlıqda maraqlıdır.
«Taliban» ilə humanitar məsələlərdə, həmçinin təhlükəsizlik sahəsində əməkdaşlığa Ankara da maraq göstərir. Halbuki onların arasında siyasi ideologiya fərqi var. Bu gün Türkiyənin Qərb və Mərkəzi Asiya ölkələri arasında vasitəçi rolu, eyni zamanda onun iqtisadi və strateji maraqları bu məsələdə önəmli rola malikdir.
Kabillə bağlı uzunmüddətli planlar quran dövlətlər arasında Fars körfəzinin iki ərəb monarxiyası – BƏƏ ilə Qətər də var. Bu gün çox az adam xatırlasa da, «Taliban»ın 1996-2001-ci illərdəki ilk hakimiyyətini məhz BƏƏ-nin rəsmən tanıması fakt olaraq qalır. Taliblərin 2021-ci ildə hakimiyyətə qayıdışından sonra BƏƏ onlarla əməkdaşlıq siyasətini davam etdirir və bunu regionda öz mövqelərini möhkəmlətməyin yollarından biri sayır.
Qətərə gəlincə, ABŞ ilə «Taliban» arasında danışıqların təşkilində vasitəçiliyi məhz bu ölkə edib. Eyni zamanda o, Əfqanıstanda həyata keçirilən humanitar layihələrin fəal iştirakçısıdır. Doha Kabilə Qətərdə diplomatik missiya açmaq imkanı da yaradıb və missiya bu gün də fəaliyyətini davam etdirməkdədir. Bu, talbilərə beynəlxalq tərəfdaşlarla diplomatik dialoq aparmaq şansı verir, ona mümkün gələcək razılaşmaların əldə olunması, həmçinin diplomatik tanınma üçün əsas kimi yanaşılır.
Regionda savaş uğrunda rəqabətin daha bir fəal iştirakçısı Hindistandır. Yeni Dehli taliblərə münasibətdə adları sadalanan ölkələrlə müqayisədə daha ehtiyatlı davransa da (səbəb «Taliban»ın Pakistanla ənənəvi əlaqələridir), onlarla əməkdaşlığa Mərkəzi Asiyada mövcudluğun gücləndirilməsi kontekstində baxmağa başlayıb. Bu, özünü xüsusilə Əfqanıstanın yeni hökuməti ilə Pakistan hakimiyyəti arasındakı ziddiyyətlər fonunda göstərir. Pakistanla Əfqanıstan arasında illər sonra yenidən qızışmış sərhəd münaqişəsi Yeni Dehlinin taliblərlə əməkdaşlıq marağını artırır. Əfqanıstanın Çinlə artan iqtisadi əlaqələri isə burada əlavə stimula çevrilir. Yalnız 2024-cü ildə Pekin Əfqanıstan hökumətinə on minlərlə ton ərzaq göndərib. Çin bunun fonunda taliblərin Yeni Dehlinin maraqlarına nəzərə alacağına, Hindistanın şimalındakı radikal islamçı qruplaşmalara dəstəkdən boyun qaçıracağına ümid edir.
Mərkəzi Asiya Kabillə «körpü» qurur
Son illər Qazaxıstanla Özbəkistan da «Taliban»la əlaqələri artırıb. Hər iki ölkə Əfqanıstanda və ümumilikdə Mərkəzi Asiyada sabitliyin dəstəklənməsində maraqlıdır və onlar taliblərlə diplomatik, həmçinin iqtisadi əlaqələrin inkişafına da bu kontekstdə yanaşırlar. Qeyd edilməlidir ki, Astana ilə Daşkəndin Əfqanıstanla münastibətlərinin qədim tarixi var və onların cənub sərhədlərində sabitlikdə maraqlı olmaları anlaşılandır.
2023 və 2024-cü illərdə iki Qazaxıstan-Əfqanıstan Biznes Forumu keçirilib. 2024-cü ilin iyununda isə «Taliban» hərəkatının təmsilçisi Astanada keçirilmiş beynəlxalq iqtisadi konfransa qatılıb. Məqsəd Mərkəzi Asiya ölkələri ilə ticarət-iqtisadi əməkdaşlığın qurulması idi.
Özbəkistan da öz növbəsində, Əfqanıstanla ticarət-iqtisadi əlaqələrin bərpasında maraqlıdır. Daşkənd üçün çoxmilyonluq özbək icmasının yaşadığı bu ölkə perspektivli tranzit marşrutudur. Burada sabitliyin təmini qonşu ölkələrlə iqtisadi əlaqələrin inkişafına yol açacaq.
Bundan başqa, Daşkənd Əfqanıstanda sabitliyin olmayacağı təqdirdə radikalizm və ekstremizmin yayıla biləcəyindən, həmçinin miqrasiya təzyiqinin güclənəcəyindən ehtiyatlanır. Bununla əlaqədar olaraq, Özbəkistan mümkün təhdidlərin qarşısının alınması üçün regionun digər ölkələri, eyni zamanda Rusiya, Çin və ABŞ ilə fəal iş aparır.
Beləliklə, regionun bütün əsas geosiyasi aktorları «Taliban» rəhbərliyi ilə bu və ya digər formada əlaqə qurmağa çalışır, onu Əfqanıstanın vahid hakimiyyəti kimi qəbul edir.
Əfqanıstan əhəmiyyətli mineral resurslara, o cümlədən metallara, nadir torpaq elementlərinə, qiymətli daşlara malikdir. Ekspertlərin qiymətləndirməsinə görə, bu gün Əfqanıstan torpağının altında dəyəri on milyardlarla dollar olan minerallar var ki, bu da onu xarici investorlar üçün cəlbedici istiqamətə çevirir.
Əfqanıstan reallığı
Xüsusilə dağ rayonlarında təbii resursların əldə olunması üçün ciddi infrastruktur işləri aparılmalıdır. Bununla əlaqədar olaraq, aprelin ortalarında «Taliban» nümayəndəsi Məhəmməd İsa Sani Rusiyanın Kabildəki səfiri Dmitri Jirnovla müzakirələr aparıb. Tərəflər XX əsrdə Sovet mühəndisləri tərəfindən inşa olunmuş strateji əhəmiyyətə malik Salanq şosesinin bərpası imkanlarını, həmçinin yol üzərində yeni tunellərin tikintisini müzakirə ediblər. Bu yolun yenidən qurulması hökumət üçün strateji əhəmiyyət daşıyır, çünki o, Əfqanıstanın şimal rayonları ilə cənubu birləşdirir. Məlumdur ki, Salanq şosesi və eyniadlı tunel Sovet İttifaqı mütəxəssisləri tərəfindən 1958-1964-cü illərdə inşa olunub. Yəqin ki, bu infrastrukturun layihəsi Moskvada qalır.
«Taliban»ın xarici oyunçularla əlaqələrinə baxmayaraq, onun rəsmən hökumət kimi tanınmaması Əfqanıstanın müxtəlif ölkələrlə əməkdaşlığına mane olan əsas amil kimi qalır. Taliblərin hakimiyyətə qayıdışından sonra beynəlxalq birlik problemlə qarşı-qarşıya qalıb: «Taliban» Əfqanıstanın qanuni hökuməti kimi tanınmalıdırmı və onunla əməkdaşlıq necə qurulmalıdır?
Beynəlxalq birlik «Taliban»dan müxtəlif etnik, dini və siyasi qrupların, həmçinin qadınların təmsil olunacağı inklüziv hökumətin yaradılmasını gözləyir. Lakin taliblər bütün vədlərinə rəğmən, belə hökuməti formalaşdırmağa tələsmir. Daxili və xarici siyasətin əsas istiqamətləri üzrə mövqeyini əhəmiyyətli dərəcədə dəyişmiş, onu Əfqanıstan administrasiyası ilə müqayisə etməyin yersiz olduğunu dəfələrlə bəyan etmiş Suriya rəhbərliyindən fərqli olaraq, taliblər bu işə xüsusi həvəs göstərmirlər. Odur ki, bu gün «Taliban»ın dünya ictimaiyyəti tərəfindən tanınması çətin iş olaraq qalır. Siyasi imic, insan haqlarının pozulması, terrorçuluqla əlaqə, humanitar böhran onun tanınmasına ciddi əngəl yaradır. Ola bilsin ki, zamanla və beynəlxalq tələblərin tədricən yerinə yetirilməsi ilə bəzi ölkələr mövqeyini dəyişəcək, Əfqanıstanla münastibətlərin normallaşdırılması prosesinə başlayacaq. Hər halda, belə addımlar artıq atılmaqdadır və gec-tez Əfqanıstan reallığı ilə barışmaq, onu qəbul etmək lazım gələcək.
MƏSLƏHƏT GÖR:




99

