«BİRBAŞA OLMAYAN» DİALOQ ATMOSFERİNDƏ
«İran problemi»nin sülh yolu ilə həlli şansı varmı?
Müəllif: Natiq NAZİMOĞLU
«İran problemi» yenidən qlobal siyasətin diqqət mərkəzindədir. Omanın paytaxtı Maskatda ABŞ-İran danışıqlarının növbəti raundu keçirilib. Bu, Vaşinqtonla Tehran arasında dialoqa müəyyən dinamikanın gəldiyini düşünməyə əsas verir. Amma öz-özlüyündə bu amil tərəflər arasında mümkün müharibə riskini tam aradan qaldırmır.
Çətinliklər
ABŞ-İran dialoqu Birləşmiş Ştatların Prezidenti Donald Tramp ilə İran İslam Rspublikasının ali dini lideri ayətolla Əli Xamanei arasında məktublaşmadan sonra başlayıb. Aprelin 12-də Maskatda tərəflər arasında vasitəçili danışıqların ilk raundu keçirilib, daha sonra danışıqlar aprelin 19-da Romada yenə də Omanın vasitəçiliyi ilə davam etdirilib. 26 apreldə isə İranın xarici işlər naziri Abbas Əraqçi və ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff müzakirələrin üçüncü raundunu keçiriblər. Sonda görüşlə bağlı ümumilikdə müsbət fikirlər səsləndirilib. Məsələn, görüşə vasitəçilik edən Omanın xarici işlər naziri Barda əl-Busaidi bildirib ki, danışıqlar prosesi getdikcə sürətlənir və «az ehtimal olunan» məsələlər belə, mümkün görünür. İran XİN-in rəsmisi Esmail Baqai isə müzakirələrin «ciddi atmosferdə» keçdiyini deyib.
Yaşananlara ehtiyatlı da olsa, nikbin reaksiya üç raundun sonunda tərəflərin hansısa konkret razılığa gəldiyini göstərmir. Əvəzində, onların razılaşmasına, kompromisə gəlməsinə mane olan əsas iki çətinlik haqda danışmaq olar. Danışıqlarda əsas hədəf Tehranın nüvə proqramı ilə bağlı problemin həllidir. Əsas çətinlik də elə budur. Üçüncü görüşdən əvvəl elə həmin Maskatda ekspertlər səviyyəsində müzakirələr aparılmışdı. Amerikalı ekspertlərə Dövlət Departamentinin siyasi planlaşdırma direktoru Maykl Enton, iranlılara isə xarici işlər nazirinin müavinləri Məcid Taxt-Ravançi ilə Kazem Qaribabadi başçılıq edirdilər. Bu texniki məsləhətləşmənin məqsədi İranın nüvə proqramına dair potensial yeni razılaşma üçün çərçivənin müəyyənləşdirilməsi idi.
Xatırladaq ki, ABŞ İranla beynəlxalq «altılıq» (ABŞ, Rusiya, Böyük Britaniya, Fransa, Çin və Almaniya) arasında Tehranın nüvə proqramına dair əldə olunmuş Birgə Hərtərəfli Fəaliyyət Planından hələ 2018-ci ildə – Trampın ilk prezidentliyi dövründə çıxıb. Əvəzində İran uranın 60%-dək zənginləşdirilməsinə qərar verib və nail olub. Bu, proqramın əsl məqsədilə bağlı narahatlıqları bir qədər də artırıb (halbuki, nüvə silahının əldə olunması üçün uranın 90%-dək zənginləşdirilməsi tələb edilir). Hazırda bu zənginləşdirmə həddinə qiyməti Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (MAQATE) bu yaxınlarda Tehrana səfər etmiş direktoru Rafael Qrossi verib. O, İranın «nüvə həddi»nə yaxınlaşdığını deyib, bildirib ki, «biz danışıqların çox yüksək mərhələsindəyik və vaxtımızın az olduğunu bilirik».
Trampın Ağ Evə qayıtması ilə Vaşinqton üçün xarici siyasi prioritetlərdən biri İranla «nüvə razılaşması»nın əldə olunmasıdır. ABŞ administrasiyası Tehranın nüvə silahı yaratmayacağına zəmanət verməsini istəyir. İran tərəfi isə belə hədəfinin olmadığını hər zaman deyib, bu gün də təkrar edir. İranlılar bildirirlər ki, onların məqsədi atom elektrik stansiyaları üçün yanacaq əldə olunmasıdır. Odur ki, Amerika-İran danışıqları fonunda Tehranın bir bəyanatı təəccüblü görünmür: «ABŞ-nin yeganə tələbi İranın nüvə silahı istehsalından imtina etməsidirsə, bu, mümkündür». XİN başçısı Əraqçi əlavə edib ki, «yox, əgər ABŞ-nin qeyri-praktik və məntiqsiz tələbləri də varsa, biz təbii ki, problemlə qarşılaşacağıq».
Tehran nüvə proqramını inkişaf etdirməkdən imtina edəcəyi təqdirdə beynəlxalq, ilk növbədə isə ABŞ-nin tətbiq etdiyi sanksiyalardan qurtulacağına ümidlidir. Bununla yanaşı, o, uranın zənginləşdirilməsi prosesindən tam imtina etməyi düşünmür və hətta bunu özünün «qırmızı xətt»i adlandırır. ABŞ isə «razılaşma» çərçivəsində Tehranın uranın zənginləşdirilməsi prosesini tam dayandırmasını, ölkədə yeganə atom elektrik stansiyası olan Büşəhr AES üçün yanacağın idxal olunmasına razılıq verməsini istəyir. Hər halda, Birləşmiş Ştatların dövlət katibi Marko Rubio belə deyir.
İranın nüvə proqramı ətrafında yaşanan proseslərdə Tehrandan tam şəkildə nüvə tərk-silahı tələb edən İsrail amili də hiss olunmaqdadır. İsrailli strateqlər hesab edir ki, bu ölkənin uranı 60%-dək zənginləşdirməsi artıq onun məqsədlərinin dinc xarakterli olmadığını göstərir. Çünki atom enerjisi üçün uranı təxminən 3,5% zənginləşdirmək kifayətdir. İsrailin İranın nüvə obyektlərinə zərbələr endirərək onun zənginləşdirilmiş uran ehtiyatını məhv etmək planı da buradan qaynaqlanır. Xatırladaq ki, bu həm İsrail, həm də ABŞ «qırğı»larının planıdır.
Tərəflərin razılığa gəlməsində daha bir çətinlik Qərb və İsrailin İrana raket proqramından da imtina tələbi irəli sürməsidir. Yəni Amerika administrasiyasının Tehranla əldə etmək istədiyi yeni «razılaşma» onun ballistik raketlər üçün nüvə başlığı yaratmaq potensialının da üzərindən xətt çəkməlidir. Bu məsələ ətrafında da ciddi fikir ayrılıqları var. ABŞ mediasının məlumatına görə, tərəflər arasında danışıqların üçüncü raundunda bu məsələ də gündəmdə olub.
Müharibə, yoxsa yeni razılaşma?
«İran problemi»nin həlli prosesində ortaya çıxan vacib sual, əlbəttə ki, qeyd olunan çətinliklərin aşılmasının mümkün olub-olmamasıdır. Bu suala cavabı ilk növbədə, aparılan Amerika-İran dialoqu çərçivəsində axtarmaq lazımdır. Bu danışıqlar «birbaşa» aparılmasa da.
ABŞ Prezidenti Donald Tramp bu suala müsbət cavab verməyə meyillidir. «İranla bağlı razılaşma istiqamətində işlər yaxşı gedir. İranla ən yüksək səviyyədə təmasdayıq. Düşünürəm ki, onlar da razılaşma istəyir, biz də», - deyə Ağ Ev sahibi bildirib. O, söhbətin «sadəcə olaraq, iranlıların nüvə silahı əldə edə bilməyəcəyini göstərəcək bəsit razılaşma»dan getdiyini deyib.
Bununla yanaşı, Tramp xəbərdarlıq etməkdən də əl çəkmir: «Onlar razılığa gəlməzlərsə, bombalanma olacaq». Tramp, eyni zamandaİsrailin də güc tətbiq etməsi üçün «əllərini açacaqları», «açıq müharibənin başlayacağı təqdirdə israillilərə yardım göstəriləcəyini» də bildirib.
Dünya mediası İsrailin yaxın aylarda, hətta həftələrdə İranın nüvə obyektlərinə hücum edə biləcəyini yazır. Məlumatda bildirilir ki, məqsəd Tehranın nüvə proqramının «bir neçə aylığa, bəlkə də illiyə təxirə salınması»dır. Mənbələr bildirir ki, Trampın ikinci prezidentliyə başladığı dövrdən keçən son üç ay ərzində İsrail hökuməti Amerika administrasiyasına İranın strateji obyektlərinə bu il yazın sonunda və ya yayda (ilk növbədə, nüvə obyektlərinə) zərbələrin endirilməsi haqqında bir neçə təklif göndərib. İrana hücum planları aviazərbələrlə yanaşı, komandosun yerüstü əməliyyatlarını da nəzərdə tutur.
ABŞ-nin mövqeyinə gəlincə, «The Washington Post» yazır ki, «İranın nüvə potensialının məhvi və nüvə silahı əldə etməsinin əngəllənməsi məqsədi» daşıyan hərbi əməliyyatların keçirilməsini Trampın milli təhlükəsizlik üzrə məsləhətçisi Maykl Uolts və dövlət katibi Marko Rubio dəstəkləyirlər. Vitse-prezident Cey Di Vens ilə Milli Kəşfiyyatın direktoru Talsi Qabbard isə daha ehtiyatlı mövqe tutaraq bildirirlər ki, İranın həqiqətən nüvə silahı əldə etməyə hazırlaşdığı haqda dəqiq əlamətlər olmazsa, bu plan böyük regional müharibəyə yol aça bilər. Prezident Tramp hər iki tərəfin fikrini nəzərə almağa çalışaraq, orta mövqe tutur. Onun bəyanatlarından belə başa düşülür ki, Ağ Ev danışıqlar prosesinə üstünlük verir, lakin lazımi nəticələrin əldə olunmayacağı təqdirdə «bombardman» da istisna edilmir. «Lazımi nəticələr» dedikdə isə əlbəttə ki, Tehran tərəfindən real güzəştlərə gedilməsi nəzərdə tutulur. Prezidentin İsrailin İrana mümkün zərbələr planına ikili yanaşması da buradan irəli gəlir. O, bir yandan mediada guya İsrailin İrana zərbə endirmək planına mane olduğuna dair yayılmış məlumatları təkzib edir, digər tərəfdən isə deyir ki, «mən onların qarşısını almamışam. Amma onların bu işi rahatlıqla görə bilməsi üçün də addım atmamışam. Çünki hücum etmədən razılığa gələ biləcəyimizi düşünürəm».
Bununla yanaşı, Tramp məsələnin açıq hərbi münaqişəyə çevriləcəyi təqdirdə Yaxın Şərqdəki əsas müttəfiqini dəstəkləməyə hazır olduğunu da qəti şəkildə ifadə edir. Doğrudur, «bombalama» haqda deyilənlər sadəcə hədədir. Lakin Amerika-İran danışıqlarının iflasa uğrayacağı təqdirdə bu, belə də qalacaqmı? Yeri gəlmişkən, Qərb və İsrailin bir çox eksperti danışıqların məhz iflasla nəticələnəcəyini düşünür. Amerikalılar İranın danışıqları bilərəkdən uzatdığı, demək, dialoqun ciddi perspektivinin olmadığı qənaətinə gələrlərsə, hadisələr necə inkişaf edəcək?
Bu suallara cavab, yəqin ki, yaxın zamanlarda tapılacaq. Hazırda isə ABŞ-nin taktiki hesablaması bəllidir: İranın bir sıra geosiyasi məğlubiyyətlərlə üzləşdiyi (Suriyada, Livanda və Yəməndə) və ağır sosial-iqtisadi dönəmdən keçdiyi şəraitdə ölkə daxilində sabitlik pozulacaq, nəticədə, «molla rejimi», nəhayət, ciddi güzəştlərə getməyə məcbur olacaq. Söhbət Qərb və İsrail üçün İranın nüvə proqramının şəffaflığını təmin edəcək güzəştlərdən gedir, hətta bu, İran hakimiyyətinə yeni “sövdələşməni” onların məğlubiyyəti hesab etməmək imkanının verilməsini tələb etsə belə.
Beləliklə, ümid edək ki, Vaşinqton-Tehran dialoqu «İran problemi»nin həllində hərbi ssenaridən yayınılmasına imkan verəcək. Çünki bunun əksi Yaxın Şərq və ətraf regionlar üçün son dərəcə ciddi təlatümlərə yol açacaq.
MƏSLƏHƏT GÖR:



97

