5 Dekabr 2025

Cümə, 12:11

MÜHARİBƏ ASTANASINDA

Hindistan-Pakistan sərhədində yenə hərbi münaqişə təhlükəsi var

Müəllif:

01.05.2025

Nüvə dövlətləri olan Hindistanla Pakistan yenidən tammiqyaslı müharibənin astanasındadırlar. Bu, ən yaxşı halda ciddi regional böhrana, pis halda isə beynəlxalq münaqişəyə yol aça bilər.

 

«Qırmızı» gərginlik

Hər iki ölkə qarşı tərəfdə olan vətəndaşlarını oranı tərk etməyə çağırıb. Pakistan Administrasiyası Hindistanla ticarətin dayandırıldığını bəyan edərək, hava məkanını qonşusuna məxsus təyyarələr üçün qapadıb. Hindistan hökuməti isə Pakistan vətəndaşlarına viza verilməsinin dərhal dayandırılmasına dair qərar qəbul edib, əsas sərhəd keçidini bağlayıb, Hind Su Müqaviləsini «dondurub» və pakistanlı diplomatları ölkədən qovub. Səfirliyin müdafiə, hərbi-dəniz və hərbi-hava qüvvələri üzrə məsləhətçiləri persona non-qrata elan olunublar.

Ən əsası isə hər iki tərəf hərbi əməliyyatlara hazır olduğunu nümayiş etdirir. Qarşılıqlı olaraq atıcı silahlardan, o cümlədən minaatanlardan atəş açılır, Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr səmaya qalxır, sərhədə ağır artilleriya toplanır. Region Pakistanla Hindistan arasında yaşanmış miqyaslı münaqişələri (birincisi Britaniya taxt-tacından müstəqilliyin əldə edilməsindən sonra, daha sonra 1965, 1971 və 1999-cu illərdə) yaxşı xatırlayır. İki dövlət arasında 2016 və 2019-cu illərdə baş vermiş xırda insidentlər də yaddaşlardadır. Bütün bu toqquşmalar hər hansı ciddi ərazi dəyişikliyinə aparıb çıxarmadan başa çatıb.

İndi növbəti gərginliyi azaltmağın mümkün olub-olmayacağına dair proqnozlar səsləndirilir. İstənilən halda, artıq bir neçə hərbi toqquşmanın ardından əldə edilmiş 2021-ci il barışığı pozulub. Ən yaxşı halda, tərəflər münasibətləri yenidən qurmalı olacaq.

 

Səbəblər və nəticələr

Növbəti gərginlik aprelin 22-də Cammu və Kəşmirin Pahalqam rayonunda törədilmiş terror hücumundan sonra başlayıb. Söhbət həm Hindistan, həm də Pakistanın iddialı olduğu, sonuncunun nəzarət etdiyi mübahisəli ərazidən gedir. Silahlı şəxslər Baysaran vadisində at gəzintisinə çıxmış turist qrupunu atəşə tutub və nəticədə, 26 nəfər həlak olub, 17 insan yaralanıb. Terror aktına görə məsuliyyəti «Ləşkər-i-Tayyibə» terror təşkilatı ilə əlaqəli «Müqavimət cəbhəsi» qruplaşması öz üzərinə götürüb. «Ləşkər-i-Tayyibə» əsasən Pakistan ərazisində fəaliyyət göstərir və onun hədəfi Kəşmirin birləşdirilməsidir.

«Müqavimət cəbhəsi» hücumun səbəbi kimi, Hindistan hökumətinin Kəşmirdə 80 mindən artıq insana mənzil tikintisinə razılıq verməsini göstərib. Hindistanın baş naziri Narendra Modi baş verənləri terror adlandırıb. Dehlidə hesab edirlər ki, İslamabad öhdəliklərinə rəğmən, transsərhəd terrorunun öhdəsindən gələ bilmir. Pakistan isə öz növbəsində, ittihamları qəti şəkildə rədd edir, bu haqda «detallı araşdırmanın və sübutların olmadığını» bildirir. Hindistanın Kəşmirdə törədilmiş hücumu Pakistanla əlaqələndirmək cəhdi «rasionallıqdan və məntiqdən uzaq yüngüllük» kimi qiymətləndirilir. Pakistanın müdafiə naziri Havaca Asif bildirib ki, o, terror aktı ilə bağlı beynəlxalq araşdırmanın aparılmasını istəyir.

İslamabad Hindistanın baş naziri Narendra Modinin iki ölkə arasındakı Hind Su Müqaviləsini dayandırmaq qərarını da özünə qarşı «təcavüz aktı» sayır. Pakistan hökumətində hesab edirlər ki, Hind hövzəsində su axınının dayandırılmasına və ya onun istiqamətinin dəyişdirilməsinə istənilən cəhd «müharibə səbəbi» sayılacaq. Su ilə bağlı vəziyyət "Redklif xətti" adlandırılan Hindistan və Pakistan ərazilərinin bölünməsinin fəsadlarından biridir. Bu bölünmə zamanı təbii sərhədləri, su mənbələrini, dini tikililəri və s. nəzərə almaq lazım idi. 1960-cı ildə imzalanmış müqaviləyə əsasən Pakistan sərhədinədək Hind sisteminə aid üç Şərq çayının sularından istifadə hüququ Hindistandadır. Pakistan isə üç Qərb çayının sularından istifadə edə bilər. Lakin Hind sisteminə aid altı çaydan beşinin mənbəyi Hindistan ərazisidədir və o, bu çayların üzərində 50-dən artıq bənd tikib. Yeni Dehli Pakistanın suyunu tam kəsə bilməz, çünki bu halda nəhəng su axını harasa yönləndirilməlidir. Amma o, quraqlıq mövsümdə axının həcmini azalda, yaxud, anbar və bəndlərə su yığımı, həmçinin daşqınlar haqda məlumat verməkdən imtina edə bilər. Bu «müharibə» isə Pakistanın kənd təsərrüfatı və enerji sektoruna son dərəcə ağır zərbə vurar. Məsələ ondadır ki, əhalisi həddindən artıq çox olan Pakistan dünyada ciddi su çatışmazlığından əziyyət çəkən ölkələr sırasındadır.

Ümumiyyətlə, su resursları ilə bağlı vəziyyət ümumilikdə Yaxın Şərqdə ağırdır. Hazırda Mərkəzi və Cənubi Asiyada mütəxəssislər su böhranını münaqişələrin başlaması üçün ciddi əsas sayır. Pakistanın Milli Fermerlər İttifaqının sədri Xalid Hüseyn Baat bildirib ki, ölkəsi iqlim dəyişikliyi səbəbilə onsuz da su qıtlığı ilə qarşı-qarşıyadır, Hindistanın əməlləri isə bu vəziyyəti daha da ağırlaşdıracaq.

 

Problemin kökləri

Beləliklə, Kəşmir münaqişəsi beynəlxalq münasibətlərdəki ən ciddi problemlərdən biri olaraq qalır və onun həlli yolu hələ də məlum deyil. Hazırda Kəşmir adlandırılan ərazi bir neçə zonaya bölünür. Onun bir hissəsinə Hindistan, bir hissəsinə Pakistan, bir hissəsinə isə Çin nəzarət edir.

Müşahidəçilər hesab edir ki, Pahalqamda törədilmiş terror aktı, ilk növbədə, Hindistanın baş naziri Narendra Modiyə zərbədir. Hindistan 2019-cu il avqustun 5-də ölkə Konstitusiyasının 370-ci maddəsini ləğv edib. Bu maddə yarım əsrdən artıq idi ki, Cammu və Kəşmirə xüsusi status verir, ştatı iki ayrı administrativ əraziyə bölürdü. Bu addımın səbəblərindən biri regionun iqtisadi inkişafına, o cümlədən turizm sektoruna nəzarət, həmçinin Hindistanın güc strukturlarının səlahiyyətlərinin artırılması idi.

Digər yandan bəzi ekspertlər hesab edir ki, gərginliyin artması istər Hindistanda, istərsə də Pakistanda daxili məsələlərin həllində işə yaraya bilər. Belə ki, ciddi müxtəlifliyin olduğu Hindistan cəmiyyətində kastalar və dinlərlə bağlı problemlər yaşanır. Ölkədə dil problemi də ciddidir.

Öz növbəsində, Pakistan iqtisadi böhran fonunda sabiq baş nazir İmran Xanın bəhsindən sonra etiraz aksiyaları davam edir. Müşahidəçilərin fikrincə, bu səbəbdən orada da cəmiyyətin vahid düşmənə qarşı birləşdirmək cəhdləri hiss olunur.

Geosiyasi vəziyyətə nəzər yetirsək, maraqlıdır ki, Kəşmirdə terror aktı Modinin Səudiyyə Ərəbistanında səfərdə olduğu vaxtda törədilib. Eyni vaxtda, ABŞ-nin vitse-prezidenti Ceyms Vens də əsli hindlərə gedib çıxan xanımı Uşu ilə birlikdə Hindistanda səfərdə idi. İndi gündəm Hindistanla ABŞ-nin yaxınlaşmasıdır. Vaşinqton Cənubi Asiyada Çinlə apardığı mübarizədə məhz Hindistanı özü üçün əsas dayaqlardan sayır. Tərəzinin digər gözündə isə Pakistanla Çin arasındakı dostluq münasibətləri dayanır. Üstəlik, yalnız ticarətdə deyil, həm də hərbi sahədə. Aydındır ki, regionda müharibə və sabitliyin pozulması Pekinə qətiyyən lazım deyil. Çünki o, Pakistana nəhəng investisiyalar yatırıb.

Hindistanla Pakistan arasındakı istənilən böhranın yarada biləcəyi ciddi risklərdən biri də hər iki ölkənin nüvə silahına malik olmasından irəli gəlir. Amma əlbəttə ki, bu həm də miqyaslı münaqişədən özünəməxsus qorunma vasitəsidir. Başqa sözlə, nüvə qarşıdurmasının başlaması riski çox azdır – nüvə apokalipsisi heç kimə razı deyil. Elə şərti güclərin iştirakı ilə tammiqyaslı hərbi əməliyyatlar da.

Tərəflər, güman ki, bir müddət qarşılıqlı olaraq bir-birinə lokal zərbələr endirəcək, sonda gərginliyi azaltmağa çalışacaq. Pakistanın müdafiə naziri Havac Asifin də dediyi kimi, Dehlinin eskalasiyaya əl atmayacağı təqdirdə, onun ölkəsi müharibəyə başlamağı planlaşdırmır. Eyni zamanda dünyada bir anda bir neçə yerdə böyük müharibənin başlanması təhlükəsi ilə bağlı mövcud vəziyyəti nəzərə almaq lazımdır ki, bu da təbii ki, ümumi əsəbiliyi artırır.

Bütün bunların fonunda Cammu və Kəşmirdə törədilmiş terror aktının fəsadları uzunmüddətli xarakter daşıya, gərginliyin güclənməsi isə regionda sabitliyi poza bilər. Bunun üçün qonşuluqda problemli Əfqanıstanın mövcudluğu belə, kifayətdir.

Hindistanla Pakistan arasında münaqişənin ağırlığını əsasən yerli əhali hiss edir. Vəziyyət fərqli olardısa, onlar daha rahat, firavan həyat yaşaya bilərdilər. Hər halda, böyük turizm potensialına malik bu region hər zaman Uzaq Şərq, Mərkəzi Asiya, Yaxın Şərq və Cənubi Asiya arasında karvan yollarının kəsişməsi olub. Lakin uzun illərdir davam edən münaqişələr və müharibələr üzündən regionun iqtisadiyyatı ağır durumda, işsizlik yüksəkdir. Təhlükəsizlik problemi də öz yerində.

Göründüyü kimi, nəzarət edilməsi çətin olan (o cümlədən coğrafi şəraitə görə) terror təşkilatları regionda öz gündəliklərini diktə edirlər. Ötən illər ərzində beynəlxalq ictimaiyyət Hindistan-Pakistan münasibətlərinin həllinə vasitəçilik etməyə çalışsa da, təəssüf ki, nəticə əldə olunmayıb. Odur ki, Kəşmir böyük ehtimalla, Asiya xəritəsində bundan sonra da mütəmadi şəkildə dünya mediasının diqqətini çəkən qaynar nöqtə olaraq qalacaq.



MƏSLƏHƏT GÖR:

111