ÇƏTİN MÜNASİBƏTLƏRİN TƏKAMÜLÜ
AŞPA ilə Azərbaycan arasındakı diplomatik böhranın əsl səbəbi
Müəllif: Namiq H. ƏLİYEV
Avropa Şurası Parlament Assambleyası (AŞPA) ilə Azərbaycan arasında münasibətlər iyirmi ildən artıq müddətdə gəngin olub və birmənalı qiymətləndirilməyib. Bu, yalnız Cənubi Qafqazdakı siyasi və humanitar vəziyyəti yox, həm də Avropa Şurası çərçivəsindəki daha geniş geosiyasi maraqları, dəyər istiqamətlərini və daxili ziddiyyətləri əks etdirir. Ermənistan-Azərbaycan münaqişəsindən, Azərbaycan ərazilərinin işğalı dövründən tutmuş, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin mandatının ratifikasiyasından imtina ilə ifadə edilmiş yeni böhranadək bu qurum Bakıya münasibətdə beynəlxalq gündəliyin formalaşdırılmasında ziddiyyətli, bəzən isə qərəzli rolu ilə yadda qalıb.
«Quzuların» səssizliyi
1980-ci illərin sonu, 1990-cı illərin əvvəllərindən Azərbaycanın dünya birliyi tərəfindən tanınan ərazisinin əhəmiyyətli bir hissəsi erməni silahlı birləşmələrinin işğalı altında olub. Buna baxmayaraq, Azərbaycanın Avropa Şurasına üzv olduğu 2001-ci ildən ötən təxminən 20 ildə AŞPA erməni işğalının nəticələrinə lazımi diqqəti göstərməyib, bu işğalı pisləyən ardıcıl qərarlar qəbul etməyib. Azərbaycan nümayəndələri bu qurumda dəfələrlə insan haqları, etnik təmizləmə, qaçqın və məcburi köçkünlərə qarşı ayrı-seçkilik məsələlərini qaldırsa da, onlar əksər vaxtı məsələnin assambleyanın yurisdiksiyasına aid olmaması bəhanəsi ilə rədd edilib. AŞPA Ermənistandan bir işğalçı olaraq, assambleyanın qərarlarına əməl etməsini, öhdəliklərini yerinə yetirməsini istəməyib, üstəlik, törətdiyi əməllərə görə Ermənistan nümayəndə heyətinin mandatını dondurmağı lazım bilməyib. Nəticədə, Azərbaycan ərazilərinin işğalı, qaçqın və məcburi köçkünlərin hüquqları ilə bağlı məsələlərə AŞPA platformasında lazımi diqqət göstərilməyib, onlar lazımi səviyyədə müzakirə olunmayıb. Azərbaycanın bu işdə beynəlxalq dəstək əldə etmək cəhdləri isə institusional hərəkətsizlik, aşkar işğal faktına, beynəlxalq hüququn pozulmasına rəğmən, münaqişə mövzusuna cəlb olunmaq istəməyən ayrı-ayrı nümayəndə heyətlərinin siyasi müqaviməti ilə qarşılaşıb. Bütün bunlar Bakının AŞPA da daxil olmaqda, Avropa institutlarına inamının əhəmiyyətli dərəcədə azalmasına səbəb olub.
Yeni çağırışlar və diplomatik qarşıdurma
2020-ci ildə İkinci Qarabağ müharibəsinin başa çatması, Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra Bakı AŞPA-nın əvvəlki yanaşmasını dəyişəcəyini gözləyirdi. Lakin əvəzində bu qurumun ölkəyə münasibəti daha da pisləşib. 2024-cü ilin yanvarında assambleya Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin ratifikasiyasından belə, imtina edib. O, bunu ölkədə keçirilmiş prezident seçkisinə AŞPA müşahidəçilərinin dəvət olunmaması, müxalifətin təqib olunması iddiaları və Qarabağın erməni əhalisi ilə bağlı vəziyyətlə əlaqələndirib.
Cavabında, Azərbaycan AŞPA-nı qərəzlilikdə, ikili standartlarda, ölkənin daxili işlərinə qarışma cəhdində günahlandıraraq, assambleyada iştirakını dayandırıb. Bu, ikitərəfli münasibətlərdə çoxdan yığılıb qalmış inamsızlığın, siyasi fikir ayrılıqlarının kulminasiyası idi.
Münasibətlərin indiki mərhələsi diplomatik iqlimin pisləşməsi və ayrı-ayrı ölkələrin onu bərpa etmək cəhdləri ilə müşayiət olunur. Məsələn, 2024-cü ilin oktyabrında Gürcüstan AŞPA-da Azərbaycanın nümayəndə heyətinin olmadığı şəraitdə bu ölkə ilə bağlı məsələlərin müzakirəsinə etiraz edib. Türkiyə isə parlamentin sədri Numan Kurtulmuşun simasında AŞPA-nı Bakının səlahiyyətlərinin ratifikasiya edilməməsinə dair qərara yenidən baxmağa çağırıb.
Azərbaycan Prezidenti İlham Əliyev «Yeni dünya nizamına doğru» mövzusunda keçirilən beynəlxalq forumda bildirib ki, il ərzində ölkənin assambleyadakı nümayəndə heyətinin hüquqlarının bərpası istiqamətində irəliləyiş olmazsa, Bakı Avropa Şurası və Avropa İnsan Haqları Məhkəməsini tərk edə bilər: «Biz 2001-ci ildən bu təsisatın üzvü idik və bu vaxtadək Azərbaycan nümayəndə heyətinin mandatı şübhə altına alınmırdı. Məhz suverenliyimizi və ərazi bütövlüyümüzü bərpa etdikdən bir neçə ay sonra onlar bizi səsvermə hüququndan məhrum etdilər. Yaranmış şəraitdə bizim orada fəaliyyətimizi dayandırmaq qərarını verdik. Həmin vaxtdan etibarən biz onların iclaslarında iştirak etmirik».
İlham Əliyev deyib ki, Azərbaycan Avropa İnsan Haqları Məhkəməsinin hakimlərinin seçkisində də iştirak etməyib: «Azərbaycan Avropa İnsan Haqları Məhkəməsinin hakimlərinin seçilməsində iştirak etmədiyindən, biz bu məhkəmənin qərarlarını tanımırıq. Bu, bizim mövqeyimizdir və fürsətdən istifadə edərək bəyan edirəm ki, Avropa Məhkəməsinin heç bir qərarının bizim üçün hüquqi qüvvəsi yoxdur. Çünki biz səsvermə hüququmuzdan məhrum edilmişik».
Bu bəyanat böhranın nə qədər ciddi olduğunu göstərir və Avropa ilə münasibətlərin getdikcə daha da pisləşə biləcəyindən xəbər verir.
Teodorus Rusopulosun məsuliyyətsizliyi və bunun nəticələri
AŞPA prezidenti Teodorus Rusopulosun bu yaxınlarda Antalyada keçirilmiş diplomatik forumdakı hədsiz sərt və diplomatiyaya uyğun olmayan fikirləri də Bakının mənfi reaksiyasına səbəb olub. Ölkənin Xarici İşlər Nazirliyi ona kifayət qədər sərt cavab verib. Rusopulosun fikirlərini anti-Azərbaycan və qərəzli adlandıran XİN rəsmisi bildirib ki, Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin dayandırılması barədə ədalətsiz və hüquqi cəhətdən suallar doğuran təşəbbüsü dəstəkləyən 76 nəfər AŞPA üzvləri kimi, Teodoros Rusopulosun da adı qara siyahıya daxil edilib.
Birtərəfli və ittiham dolu bu bəyanat tərəflər arasındakı böhranı daha da dərinləşdirib və AŞPA-nın Avropa məkanında qərəzsiz vasitəçi rolu oynamaq bacarığını şübhə altına alıb. Rusopulosun bu çıxışının Prezident İlham Əliyev ilə AŞPA-nın baş katibi, Avropa Şurasının icraecidi strukturuna rəhbərlik edən Alen Berse ilə görüşü ərəfəsində təsadüf etməsi faktı xüsusi diqqət çəkir.
AŞPA-da qüvvələr nisbəti və məruzəçilərin mövqeyi
AŞPA-nın 2024-cü ilin yanvarında keçirilən sessiyasında Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin dondurulmasına 90 deputatdan 76-sı səs verib; 10 nəfər (Türkiyənin 9 nümayəndəsi daxil olmaqla) qərarın əleyhinə çıxıb, 4 parlamentari bitərəf qalıb. Bu rəqəmlər yalnız müxalifətin deyil, Azərbaycanın müttəfiqlərinin mövcudluğunu da göstərir.
Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin bərpası prosesi çox çətindir. Türkiyə, Gürcüstan və Bakıya münasibətdə praqmatik yanaşma göstərən bir sıra digər ölkələrin dəstəyinə baxmayaraq, bəzi Qərbi Avropa nümayəndələrinin, xüsusilə Skandinaviya və Benilüks ölkələrinin müqaviməti güclüdür. Onlar mövqelərini Azərbaycanın daxili siyasətinə dair iradlara, insan haqları ilə bağlı vəziyyətə, hərbi əməliyyatların humanitar nəticələrinə bağlayırlar. Azərbaycana dair məsələlərlə məşğul olan AŞPA məruzəçiləri isə məsələyə müxtəlif cür yanaşırlar. Dəstəkləyən də var, tənqid edən də. Tarixən Azərbaycanla sıx əlaqələri olmuş ölkələrin nümayəndələri Bakını dəstəkləməyə meyillidirlərsə, digərləri daha çox tənqidə üstünlük verir. Azərbaycan üzrə həmməruzəçi olan Liz Kristoffersen daxil olmaqla, bəzi məruzəçilər birtərəfli yanaşmaları, Bakının mövqeyini nəzərə almadıqları üçün tənqidlərə də məruz qalırlar. Azərbaycan rəsmiləri isə assambleyanı qərəzli yanaşmada, ölkənin imicini korlamaqda, irqçilik və azərbaycanofobiya atmosferi yaratmaqda günahlandırır.
Nümayəndələrin Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin bərpasına dair yekun mövqeyi daxili siyasi düşüncələrdən və xarici siyasi maraqlardan asılı olacaq. Mandatın bərpası uzun danışıqlar və bəlkə də diplomatik təzyiq tələb edir.
Nəticələr
AŞPA ilə Azərbaycan arasında münasibətlər ciddi böhran nöqtəsinə çatıb. İşğal qarşısında susmaqdan birbaşa diplomatik münaqişəyədək uzanan bu yol – münasibətlərin təkamülü Avropa Şurası çərçivəsində dövlətlərin hüquqları və maraqları məsələsində ziddiyyətlərin olduğunu göstərir. Hadisələrin gələcək inkişafı bir sıra amillərdən asılı olacaq: AŞPA-nın daxili islahatlara, mövqe müxtəlifliyini qəbul etməkdə nə qədər açıq olması, Azərbaycanın Avropa institutları ilə yeni dialoq formatı yaratmaq imkanı, Avropada və Cənubi Qafqazın geosiyasi landşaftında ümumi dəyişikliklər.
Bir məsələ açıq qalır: bu böhran Azərbaycanın Avropa Şurasını tərk etməsilə nəticələnəcək, yoxsa Avropa strukturları çərçivəsində Şərqlə Qərbin əməkdaşlıq arxitekturasını yanaşmanın dəyişməsinə yol açacaq?
MƏSLƏHƏT GÖR:


107

