GET VƏ BAX
Tropik Balinin qəlbində harmoniya axtarışı
Müəllif: Elçin HÜSEYNOV, Bakı-Bali-Bakı
Günəş üfüqdən doğur və ilk qızılı şüalarını okeanın səthinə toxundurursa, Balidə sehrli səhər açılır. «Tanrılar adası» kimi tanınan bu İndoneziya adası səyahətçilər, macəra axtaranlar və sakitlik sevənlər üçün əsl cənnət hesab olunur. Bali insanları nəfəs kəsən mənzərələri, zəngin mədəni irsi və isti iqlimi ilə cəlb edir. Amma görünür, hətta cənnətdə belə, hər şey daim mükəmməl olmaya bilər…
Əvvəlcə unudulmaz səyahət
Səyahətə başlamaq üçün əvvəlcə adanın paytaxtı – Denpasardan cəmi 13 kilometr məsafədə yerləşən Nqura-Ray aeroportuna yetişmək lazımdır. Bakıdan baliyə birbaşa reyslər olmadığından, turistlər oraya, adətən, İstanbul, Ciddə, Şarca, Moskva, Almatı və digər şəhərlər vasitəsilə uçmalı olurlar. Uçuş müddəti, hava limanında gözləmə vaxtı da daxil olmaqla, minimum 10-14 saat çəkir. Bəzi turistlər isə əvvəlcə İndoneziyanın paytaxtı Cakartaya baş çəkir, oranı gəzdikdən sonra Baliyə yollanırlar.
Yeri gəlmişkən, İndoneziya dünyada ən çox müsəlman əhalisi olan ölkədir. Dünyadakı müsəlmanların təxminən 12,7%-i məhz burada yaşayır. Balidə isə əhali əsasən hinduistdir. Burada yaşayanların təxminən 13,3%-i müsəlmandır. Bali təkcə gözəl təbiəti ilə deyil, həm də özünəməxsus mədəniyyəti ilə seçilir. Yerli əhali əsasən hinduizmə sitayiş etdiyindən, buradan irəli gələn rəngarəng bayramlar keçirir, ayinlər icra edir. Onlardan ən məşhurları alov mərasimləri və günün batdığı saatlara məşhur Uluvatu məbədində baş tutan Keçak rəqsləridir. O, ay okeanın üzərində parlamağa başlayan zaman icra olunur.
İqlimə gəlincə, buraya səyahət üçün ən münasib vaxt aprel-oktyabr aylarıdır. Bu dövrdə Balidə hava quru olur, hərarət 25-30 dərəcə Selsi arasında dəyişir. Lakin noyabr-mart aylarını əhatə edən yağışlı mövsümdə belə, Bali cəlbediciliyini itirmir. Burada yağış əsasən qısamüddətli leysan şəklində olur. Bu aylarda adada turist sıxlığı da çox olmur.
İndoneziyaya daxil olmaq üçün viza lazımdır. 30 günlük vizanı həm onlayn formada əvvəldən, həm də hava limanında əldə etmək mümkündür. Bununla yanaşı, hava limanında miqrasiya anketini doldurmaq da lazım gəlir. Vəssalam, “Baliyə xoş gəlmisiniz!”. Nəzərə alın ki, ölkəyə nağd pul gətirilməsinə limit tətbiq olunur. Əgər gətirdiyiniz məbləğ 10 min dollardan çoxdursa, onu bəyan etməli olacaqsınız.
İstənilən zövqə uyğun hotellər və dəniz
Bali sizə büdcənizdən asılı olaraq çox sayda yerləşmə variantı təklif edir. Əgər qənaət etmək istəyirsinizsə, gecəsi 10-30 dollar olan rahat qonaq evləri və hostellərə üz tuta bilərsiniz. Məsələn, mənzərəli Ubud və ya Kuta bölgələrində səhər yeməyi də daxil, bu qiymətə bir çox məkan tapa bilərsiniz.
Daha yüksək xidmət axtaranlar üçün isə 3-4 ulduzlu hotellərdə bir gecə qalmaq 30-100 dollara başa gəlir. Seminyak və Nusa Dua bölgələrində hovuzlu və spa xidmətləri olan gözəl hotellər çoxdur. Günü cəmi 50 dollara tropik bağçası, şəxsi hovuzu olan kiçik evlər də var. Təbiətlə vəhdət yaşamaq istəyirsinizsə, cəngəlliklərin dərinliklərində yerləşən unikal bambuk evlərə də üz tuta bilərsiniz.
Yox, sözün əsl mənasında rahatlıq və lüks axtarırsınızsa, bunun üçün 5 ulduzlu hotellər də var, şəxsi villalar da. Belə məkanların gecəlik qiyməti 100 dollardan başlayır. Burada siz şəxsi hovuzda üzə, günəş qəbul edə, okeana mənzərəsi olan restoranlarda yerli və beynəlxalq mətbəxin təamlarından zövq ala bilərsiniz.
Unutmayın ki, aprel-oktyabr ayları Balidə quraq mövsüm sayılır. Həmin dövrdə çimərliklər daha ideal olsa da, qiymət bahadır. Noyabr-mart aylarında isə “yaşıl mövsüm” başlayır. Nəticədə, burada turist sayı artır, dalğalar güclənir (bu, sörf həvəskarları üçün əla imkandır), beləliklə, hotellərdə qiymət təxminən 30% ucuzlaşır.
Statistikaya görə, Baliyə 10 günlük səfər (hotel və yemək daxil) qənaətcil turistlərə 500-700 dollara başa gəlir. Daha dəbdəbəli səyahət (4 ulduzlu hotellər, restoranlar) üçün 1000-2000, lüks səfər (villalar, fərdi turlar) üçün isə təqribən 3000 dollar tələb olunur.
Balidə çimərliklərin sayı-hesabı yoxdur. Onların hər biri isə özünəməxsus gözəlliyə malikdir. Məsələn, Kuta çimərliyi dalğalarına görə sörfsevərlər arasında məşhurdur. Bəli, əyləncə axtaranlar üçün bura ideal məkandır. Nusa Dua isə sakitliyi, göz yaşı kimi təmiz suyu ilə ailəvi istirahət üçün daha yaxşı variantdır. Uluvautu və Cimbaran çimərlikləri gözəl mənzərəsi, romantik ab-havası ilə seçilir. Burada yerli dəniz məhsullarından hazırlanmış yeməklər çox ləzzətlidir.
Masaj bir ayin kimi
Balidə masaj sadəcə bir prosedur deyil, nəsildən-nəslə ötürülən qədim ənənədir. Yerli masajçılar masaj texnikalarında akupunktura, aromaterapiya və yoqa elementlərini birləşdirirlər. Burada demək olar ki, hər yanda masaj salonu var – hoteldə, küçədə, çimərlikdə, hətta ticarət mərkəzlərində. Qiymət və keyfiyyət xidmətin göstərildiyi yerə görə dəyişir. Küçədəki masajxanalarda (Kuta, Seminyak, Legian bölgələrində) bir saat üçün təxminən 7-10 dollar tələb olunur. Çimərliklərdə palma ağaclarının kölgəsində, üstəlik kokos yağı ilə edilən masaj daha bahadır. Orta səviyyəli spa salonlarında masajın qiyməti 20-40 dollardır. Belə məkanlarda tez-tez əlavə olaraq bitki kompresləri və ya güllü vannalar da təklif edilir. 5 ulduzlu hotellərin spa mərkəzlərində isə masajın qiyməti azı 100 dollardan başlayır. Burada prosedurlar 2-3 saat davam edir və masaj zamanı üzüm şərabı kimi ekzotik maddələrdə istifadə olunur.
Bir məqama xüsusi diqqət yetirmək lazımdır. Küçə masajçıları çox zaman ucuz və keyfiyyətsiz yağlardan istifadə edə bilərlər ki, bu da allergiyaya yol aça bilər. Turizm bölgələrində isə bəzən “xüsusi masaj” kimi erotik xidmətlər də təklif oluna bilər – diqqətli olmaq vacibdir. Gidlər lisenziyasız masajçılardan da uzaq durmağı tövsiyə edirlər. Belə ustalar (əgər usta demək olarsa) onurğaya ciddi ziyan vura bilərlər. Masajçıların lisenziyası, adətən, divarda asılır. Buna da diqqət yetirin.
Əsl peşəkar masajçılar əsasən Ubud bölgəsində və Sanginqan kimi sakit kəndlərdə fəaliyyət göstərirlər. Onların tətbiq etdiyi texnika əzələlərin ovuşdurulması ilə bitmir. Onlar iddia edirlər ki, masaj zamanı enerjidən, yəni “prana”dan istifadə edirlər. Seansdan sonra müştəriyə zəncəfilli çay təqdim edilir. Quşların oxuması fonunda 15 dəqiqəlik istirahət də bu ayinin ayrılmaz hissəsidir.
Əgər qeyri-adi, sərt masaj istəyirsinizsə, “lomi-lomi” adlandırılan üsul bunun üçündür. Bu masaj da Havay texnikası sayılır. Bilin ki, səhər oyandıqda bədəninizin hər yerində bu masajın “iz”lərini hiss edəcəksiniz. Təcrübəli bələdçilər deyirlər ki, bu masaj səhərki yüngül ağrıya dəyər.
Luvak: ən qeyri-adi və bahalı kofe
Balidə tropik meşələr və düyü zəmiləri arasında dünyanın ən ekzotik qəhvə növlərindən biri – luvak («luwak») qəhvəsi istehsal olunur. Onun unikallığı qəhvə dənələrinin qeyri-adi emal üsulundadır: bu dənələr musanq (yaxud Asiya palma pişiyi) adlı heyvanın həzm sistemindən keçir. Adada yaşayan bu kiçik heyvanlar yalnız ən yetişmiş və keyfiyyətli qəhvə giləmeyvələrini yeyirlər. Heyvanın mədəsində təbii fermentasiyadan keçən dənələr toplanaraq yuyulur və qovrulur. Nəticədə, yüngül dadlı və şokolad tamlı unikal qəhvə alınır.
Luvak əsasən Balinin mərkəzi bölgələrində – Ubud və Kintamanidə istehsal olunur. Məsələ ondadır ki, bu bölgələrdə xüsusi fermalar var. Burada turistlərə təkcə istehsal prosesi ətraflı şəkildə izah edilmir, həm də bu nadir içkini dadmaq imkanı yaradılır.
Ümumilikdə isə təzə dəmlənmiş bir fincan luvak qəhvəsi bəzi yerlərdə 3-4, bəzi məkanlarda isə 5-10 dollara içmək olar. 300 qramlıq üyüdülmüş luvak qəhvəsi üçün təxminən 90, 1 kiloqram üyüdülməmiş qəhvə isə təqribən 300 dollardır. Avropa və ABŞ-də onun qiyməti qat-qat bahadır. Məsələn, Avropada bir fincan luvak 40 avroya, ABŞ-də 100 dollara satılır. Bu, onu dünyanın ən bahalı qəhvələrindən birinə çevirir.
Maraqlıdır ki, bu qəhvə təsadüfən meydana gəlib. Holland müstəmləkəçiliyi dövründə yerli əhaliyə özləri üçün qəhvə yığmaq qadağan imiş. Nəticədə, insanlar “istehsalçı” heyvanların tullantılarına “müraciət etməli” olurlarmış. Bu tullantılarda qəhvə dənələri, demək olar ki, zədələnməmiş qalır.
Hazırda lгvak istehsalı suallar doğurur: bəzi fermalarda heyvanlar qəfəsdə saxlanılır və yalnız qəhvə giləmeyvələri ilə qidalanırlar ki, bu da onların sağlamlığına zərər verir. Bununla yanaşı, Balidə getdikcə daha çox ekoloji fermalar yaranır – burada musanqlar təbii şəraitdə yaşayır və dənələrin yığımı vəhşi təbiətdə aparılır.
Luvak qəhvəsi İndoneziyanın qürur mənbəyi, adaya gələn qonaqlar üçün əsl hədiyyədir. Onun acılığı olmayan, qarışıq meyvə-karamel dadı hətta ən tələbkar qəhvə bilicilərini belə, heyrətləndirir. Burada luvakı hər yerdə tapmaq mümkündür – suvenir dükanlarında da, supermarketlərdə də. Qiymət də münasibdir. Lakin plantasiyalarda çalışanlar guya həmin məhsulların saxta olduğunu iddia edirlər. Bəzi satıcıların daha çox qazanmaq üçün qəhvəyə qovrulmuş düyü əlavə etdiyi də deyilir.
Bali fermalarında turistlərə yalnız qəhvə deyil, müxtəlif çaylar (xüsusilə karkade çox məşhurdur), kakao və yerli ekzotik araqlar da təqdim olunur. Bütün bu məhsulları fermaların mağazalarında tapmaq mümkündür. Bu mağazalarda luvakla yanaşı, müxtəlif ot və bitki çayları, əlavə qatqıları olan qəhvələr (məsələn, kakaolu qəhvə), müxtəlif yağlar, şokoladlar, yerli araq və ədviyyatlar satılır.
«Cənnət» həzzi
Balinin bütün gözəlliklərinə baxmayaraq, turistlər üçün narahatlıq yarada biləcək bir neçə məqamı qeyd etmək lazımdır. Oraya yalnız internetdəki «cənnət adası» təqdimatlarına əsasən yollanırsınızsa, bilin ki, adanın yarısı gecəqondularla doludur. Eyni zamanda davamlı tikinti işlərinin yaratdığı səs-küy də öz yerində. Amma buna baxmayaraq, insanların rahat həyat tərzi, daim gülümsəməsi əhvalınızı yüksəldəcək.
Mərkəzdən kənarda, demək olar ki, səki yoxdur. Bu səbəbdən rahat gəzmək mümkün deyil. Üstəlik, küçələrdə daim sağ-sola vurnuxan motosikletçilər. Taksi sürücüləri ilə də ehtiyatlı olmaq lazımdır – onlar bəzən müştəridən real qiymətdən qat-qat çox pul tələb edirlər. Odur ki, hotellərin qarşısında taksilərə müraciət məsləhət deyil. Əvəzində, «Blue bird» və ya «Grab» kimi yerli tətbiqlərdən istifadə edin. Onlar daha ucuz xidmət göstərir.
Turistlər Balidə çox vaxt ətrafda zibilliklərin olmasından, şişirdilmiş qiymətlərdən, izdihamdan, kəsmək bilməyən yağışdan şikayətlənirlər. Noyabr-mart aylarında isə dəniz meduzalarla dolu olur. Üstəlik, Kuta çimərliyində axşamılar yalnız romantik cütlüklər yox, cibgirlər də dolaşır. Odur ki, sənədlərinizi, pulunuzu hotel seyfində saxlamağınız daha məsləhətdir.
Mətbəxə gəlincə, İndoneziya mətbəxi asiyalılar üçün cəlbedici olsa da, avropalı turistlər müəyyən çətinliklərlə üzləşirlər. Yerli yeməklərə çoxlu ədviyyatlar, xüsusilə bol istiot vurulur ki, bu da mədəsində həssaslıq olan insanları qane etmir. Odur ki, sifarişdən əvvəl yeməyin nə qədər acı olduğunu soruşun. Amma bu da heç də hər zaman kömək etmir.
Küçədə qidalanmaq istəyirsinizsə, əvvəlcə restoranın, yeməkxananın gigiyenik səviyyəsinə diqqət yetirin. Risk etməyin. Hansısa qidaya allergiyanız varsa, bunu əvvəlcədən deyin.
Baliya və digər tropik regionlara səfər edən turistlər bir sıra sağlamlıq problemləri ilə qarşılaşa bilərlər. Məsələn, burada insan ağcaqanadlar vasitəsilə yayılan xüsusi qızdırmalı xəstəliyə yoluxa bilərlər. Onun simptomları yüksək hərarət, başağrısı, oynaq və əzələ ağrıları, səpki və yorğunluqdur.
Balidə əksər krandan su içmək məsləhət deyil. Burada meyvəni belə, qablaşdırılmış su ilə yumaq tövsiyə olunur. Çirkli su və qida ilə “A”, yoluxmuş qanla təmasdan isə “B” hepatitinə yoluxmaq riski var. Bu səbəbdən, İndoneziyada uzun müddət qalacaq turistlərə “A” və “B” hepatitinə, hətta qarın yatalağına qarşı peyvənd tövsiyə olunur. Bu mənada, ən azı xaricdə müalicəni və tibbi təxliyəni əhatə edən etibarlı sığorta hər an işə yaraya bilər. Özünüzlə əsas dərman preparatları və həşərat sancmalarına qarşı vasitələrin olduğu tibb çantası götürməyiniz də məsləhətdir.
Ən məşhur görməli yerlər
Balidə təkcə təbii gözəlliklər yox, eyni zamanda yaddaşlarda iz buraxan çoxlu sayda heyrətamiz məkanlar var. Məsələn, “Uluvatu” məbədi – uca qayalıq üzərində yerləşən bu məbəddən okeana möhtəşəm mənzərə açılır. Balinin vizit kartı sayılan “Tanah Lot” məbədi isə okeanın ortasındakı qayanın üzərində tikilib. Bura getmək üçün ən ideal vaxt səhər tezdən, turist axını başlamamışdan əvvəldir. Əgər okeanın suyu çəkilibsə, məbədə piyada yaxınlaşmaq da mümkündür. Burada xidmətçilərə kiçik ianə vermək adəti var.
Adanın rəmzinə çevrilmiş düyü zəmilərini də mütləq ziyarət edin. Onların bir çoxu xüsusi olaraq turistlər üçün abadlaşdırılıb, ödənişli attraksionlarla təmin olunub. Burada həm əylənmək, həm də xatirə üçün gözəl fotolar çəkdirmək mümkündür.
Aktiv istirahəti sevənlər üçün «Aqunq» və ya «Batur» vulkanlarına yürüş əsl sınaqdır. Bu zirvələrə yalnız bələdçi ilə qalxmaq mümkündür və ciddi fiziki hazırlıq tələb olunur. Turizm agentlikləri bu marşrutlara fərqli proqramlarla, 35-100 dollar arasında dəyişən qiymətlərlə turlar təklif edirlər.
«Tirta Empul» – isti termal bulaqları olan müqəddəs bir hindu məbədidir. Bu yer ruhunu təmizləmək istəyən, mediasiya arzusu olan insanlar arasında xüsusilə məşhurdur. Hindu inanclarına görə, bu bulağın suyu yalnız bədəni deyil, həm də ruhu sağaldır və təmizləyir.
Kuta və Seminyak çimərlikləri turistlərin əsasən sörfinq və gecə həyatı üçün üstünlük verdiyi məkanlardır. Burada günəşin batmasını izləmək xüsusilə zövqvericidir.
Balinin incəsənət və mədəniyyət mərkəzi Ubud rayonudur. Burada çoxsaylı qalereyalar, bazar və kafelər yerləşir. Ubuda getsəniz, yerli delikateslərin dadına baxmağı unutmayın.
Adanın əsl inciləri bəzən sanki turistlərin gözündən qaçır. Məsələn, Balinin şimalında yerləşən «Nunq Nunq» şəlaləsi 50 metrlik hündürlükdən axan, səsi ilə də insanın ruhuna təsir göstərən möhtəşəm təbiət hadisəsidir. «Batur» gölünün yaxınlığındakı Trunyan kəndində isə qədim adətlər indiyədək qorunub saxlanır – burada vəfat etmiş insanları torpağa baxdırmır, müqəddəs ağacın altına uzadırlar.
Bali tələskənliyi sevmir. Burada adanın həqiqi ruhunu hiss etmək üçün tələsməməlisən. Özünüzə heç olmasa bir gün heç bir plan qurmayın – sadəcə düyü tarlalarında gəzin, yerli sakinlərlə söhbət edin və ya sahildə oturaraq günəşin okean arxasında batmasına baxın.
Bu gözəl adanın insanları dəyişdirmək kimi sehrli gücə malik olduğuna inanırlar. O, bəlkə, sizi də dəyişəcək – sadəcə bu şansı yaradın. Yerli xalqın dediyi kimi: «Jalan jalan dulu!» – «Sadəcə get və bax!»
MƏSLƏHƏT GÖR:









120

