5 Dekabr 2025

Cümə, 10:48

SON MÜDDƏT

Avropa İttifaqı yaxın bir neçə ildə Rusiya enerji daşıyıcılarının idxalından imtina etmək qətiyyətini təsdiqləyir

Müəllif:

15.05.2025

Avropa Komissiyası (AK) 2027-ci ilin sonuna qədər Avropa İttifaqı (Aİ) ölkələrinə Rusiya qazının idxalının dayandırılması üçün yeni plan təqdim edib. Bu sənədlə təkcə qazın deyil, həm də Rusiya mənşəli neft və nüvə enerjisinin Aİ enerji bazarından mərhələli şəkildə çıxarılması nəzərdə tutulur.

Planın qaz bəndinə uyğun olaraq, Rusiya boru kəməri və mayeləşdirilmiş təbii qazının (LNG) tədarükü üçün yeni müqavilələr bağlanmayacaq, mövcud spot sazişlər isə 2025-ci ilin sonuna qədər başa çatacaq. Beləliklə, Aİ rəsmi olaraq Rusiya yanacağının idxalını sıfra endirmək niyyətini qeyd edib.

Bu fonda qaz tədarükünün şaxələndirilməsi, o cümlədən Azərbaycandan əlavə həcmlər hesabına aktuallaşır. Bu, Xəzər yataqlarını Avropa istehlakçıları ilə birləşdirən əsas infrastruktur olan Cənub Qaz Dəhlizinin gücünün artırılmasının maliyyələşdirilməsi məsələsinin həllini sürətləndirə bilər.

       

Geriyə yol yoxdur

Avropa Komissiyasının “yol xəritəsi” 2022-ci ilin mayında təqdim edilmiş “REPowerEU” planına əsaslanır. Bu sənəd Aİ-nin Rusiya enerji daşıyıcılarından imtina etmək qətiyyətini, eyni zamanda bərpa olunan enerji mənbələrinə (BOEM) keçidi, enerji qənaəti və səmərəliliyinin artırılmasını sürətləndirməsini təsdiqləyib.

Görülən tədbirlər Rusiya qazının idxal həcmini 2021-ci ildəki 150 milyard kubmetrdən 2024-cü ildə 52 milyard kubmetrə qədər azaltmağa imkan verib, bu zaman Rusiya qazının idxal payı 45%-dən 19%-ə düşüb.

Rusiya kömürünün bütün idxalı sanksiyalarla qadağan edilib, bu ölkədən neft tədarükü isə 2022-ci ilin əvvəlindəki 27%-dən hazırda 3%-ə qədər azalıb.

Nüvə enerjisi sahəsində hələ də Rusiyanın su-su enerji reaktorlarından istifadə edən üzv dövlətlər digər istehsalçılardan nüvə yanacağının əvəz edilməsində irəliləyiş əldə ediblər.

Avropa Komissiyasının bəyanatına görə, “REPowerEU” yol xəritəsi Aİ-nin Rusiyadan tam enerji müstəqilliyinin təmin edilməsi yolunu açır.

Sənəddə qeyd olunur ki, bu plan çərçivəsində və sanksiyalar vasitəsilə əldə edilmiş əhəmiyyətli irəliləyişə baxmayaraq, 2024-cü ildə Aİ yenə də Rusiya qazının idxalının qaytarılması ilə üzləşib və bu da ümumi təhlükəsizlik üçün təhdid olaraq qalır. “REPowerEU” ilə biz enerji təchizatımızı şaxələndirdik və Avropanın Rusiyanın qalıq yanacağından asılılığını kəskin şəkildə azaltdıq. İndi Avropa üçün etibarsız təchizatçı ilə enerji əlaqələrini tamamilə kəsmək vaxtı yetişib”, - deyə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen bildirib.

Təbii qaz tədarükü seqmentindəki plan ilə 2025-ci ildən etibarən Rusiyanın “mavi yanacağı”nın alınması üzrə yeni sazişlərin imzalanmasına qadağa, cari ilin sonuna qədər isə bütün mövcud qısamüddətli (spot) müqavilələrin dayandırılması nəzərdə tutulur. Bu tədbir artıq bu ilin sonuna qədər Aİ-nin Rusiya qazının qalan tədarükünü üçdə bir nisbətində azaldacağına zəmanət verir. 2027-ci ilin sonuna qədər isə uzunmüddətli müqavilələr üzrə də Rusiyadan qaz idxalının qadağan edilməsi nəzərdə tutulur. Bu məhdudiyyətlər həm boru kəməri tədarükünə, həm də LNG-yə aiddir.

“Yol xəritəsi”ndən sonra AK 2025-ci ilin iyununda Aİ bazarına tədarük olunan qazın mənşəyinin şəffaflığını və nəzarətini artırmaq məqsədi daşıyan bir sıra qanunvericilik təşəbbüsləri irəli sürməyi planlaşdırır. Tədbirlər arasında Rusiyanın sanksiyalardan yan keçmək və nefti müəyyən edilmiş qiymət tavanından yuxarı ixrac etmək üçün istifadə etdiyi “kölgə donanması”na qarşı məhdudiyyətlər var.

Nüvə energetikasına gəlincə, AK iyun ayında Rusiyadan zənginləşdirilmiş uranın idxalının məhdudlaşdırılması və Avratom Təchizat Agentliyi vasitəsilə bağlanan müqavilələr daxil olmaqla, nüvə materiallarının tədarükü üçün yeni sənədlərin imzalanmasının qadağan edilməsi təkliflərini təqdim edəcək. “Radioizotoplar vadisi” təşəbbüsü çərçivəsində tibbi radioizotopların yerli istehsalının genişləndirilməsi də nəzərdə tutulur.

Lakin Avropa Komissiyasının məlumatına görə, 2025-ci ildə Ukrayna üzərindən tranzit dayandırıldıqdan sonra belə, Rusiyadan tədarük Aİ-yə qaz idxalının ümumi həcminin təxminən 13%-ni təşkil edə bilər. 2024-cü ildə 15,1 milyard kubmetr Ukrayna vasitəsilə tranzitlə, 16,5 milyard kubmetr “mavi yanacaq” “Türk axını” kəməri ilə, daha 20 milyard kubmetr qaz isə LNG şəklində daxil olub. Gözlənilir ki, son iki istiqamət 2025-ci ildə də qorunacaq.

AK-nın qiymətləndirməsinə görə, BOEM-ə keçid və enerji səmərəliliyinin artırılması tədbirləri ildə 15 milyard kubmetrdən çox qaza qənaət etməyə imkan verəcək. Bundan əlavə, növbəti iki il ərzində əlavə mayeləşdirilmiş qaz həcmləri - əsasən ABŞ, Kanada, Qətər və Afrika ölkələrindən 90 milyard kubmetrə qədər bazara çıxmalıdır.

Bu mənada xüsusilə Mərkəzi və Cənub-Şərqi Avropa regionuna ümidlər bəslənilir. Xüsusilə, 2027-ci ildən Rumıniyada “Neptun Deep” yatağı fəaliyyətə başlayacaq və bu da proqnozlara görə, istismarın ilk on ili ərzində ildə 8 milyard kubmetrə qədər qaz təmin edəcək.

“Yol xəritəsi”ndə ayrıca Azərbaycanın etibarlı tərəfdaş kimi rolu vurğulanır. 2026-cı ildən Trans-Adriatik Boru Kəmərinin (TAP) gücünün 1,2 milyard kubmetr artırılması planlaşdırılır və bu da birbaşa Cənub Qaz Dəhlizinin genişləndirilməsi ilə əlaqədardır. Beləliklə, Aİ təkcə təchizatın şaxələndirilməsinə deyil, həm də Xəzər regionu ilə enerji tərəfdaşlığının gücləndirilməsinə can atır.

Bu fonda Qərb ölkələrinin mediası Rusiya və ABŞ rəsmiləri arasında Avropaya Rusiya qazının tədarükünün bərpasında rəsmi Vaşinqtonun mümkün köməyi məsələsi ilə bağlı danışıqlar barədə məlumat verib. Müzakirə olunan variantlar arasında guya ABŞ-dən olan investorların “Şimal axını” layihəsində, yaxud Ukrayna ərazisindən keçən boru kəmərində və ya “Qazprom”da iştirakı var. “Reuters”in məlumatına görə, ABŞ şirkətləri alıcı rolunda çıxış edərək Rusiya qazını alıb Avropaya, o cümlədən Almaniyaya göndərə bilər.

Bu istiqamətdə danışıqlar faktını Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov da təsdiqləyib. Məsləhətləşmələrin təfərrüatları açıqlanmasa da, belə bir sual ortaya çıxır: ABŞ - Avropaya ən böyük LNG tədarükçülərindən biri - bazara birbaşa rəqibin qayıtmasına necə kömək edə bilər? Aİ-nin yeni strategiyasının siyasi və iqtisadi istiqamətini nəzərə alsaq, belə bir ssenari az ehtimal olunur.

Yeri gəlmişkən, Avropa Komissiyasının bununla bağlı reaksiyası özünü çox gözlətmədi. “Bəziləri hələ də deyirlər ki, biz Rusiya qazı və neftinin “kranı”nı yenidən açmalıyıq. Bu, tarixi miqyasda bir səhv olardı və biz buna heç vaxt yol verməyəcəyik”, - deyə Ursula fon der Lyayen bəyan edib.

Bu arada, “yol xəritəsi”ni gözlənildiyi kimi Macarıstan və Slovakiya tənqid edib, onlar səsvermə səs çoxluğu ilə deyil, konsensusla keçiriləcəyi təqdirdə onun qəbul edilməsini boykot etmək niyyətindədirlər. Belə ki, Slovakiyanın Baş naziri Robert Fitso Avropa Komissiyasının təklifini Avropanın “iqtisadi intihar”ı adlandırıb. Macarıstan hökumətinin başçısı Viktor Orban isə hesab edir ki, AK planının həyata keçirilməsi qiymətlərin artmasına səbəb olacaq və macar ailələrinə zərbə vuracaq: “Əgər Rusiya qazına qadağa səbəbindən enerji qiymətləri artsa, Macarıstan hər il 800 milyard forintdən (2 milyard avro) çox ödəyəcək”.

 

Xəzər yolu

Avropa Rusiya enerji daşıyıcılarından imtina etməyə çalışarkən, Türkiyə regionun əsas qaz qovşağına çevrilmək üçün strategiyasını fəal şəkildə həyata keçirir. Enerji təhlükəsizliyi və “mavi yanacaq” tədarükü məsələləri İstanbul təbii ehtiyatlar sammitində əsas mövzular olub.

Prezident Rəcəb Tayyib Ərdoğan forumda çıxışı zamanı bildirib ki, ölkəsi martın 1-dən İran ərazisi vasitəsilə Türkmənistan qazı almağa başlayıb və indiyədək 250 milyon kubmetrdən çox “mavi yanacaq” alınıb. Ankara bu tədarükün həcmini 2025-ci ilin sonunadək 1,3 milyard kubmetrə çatdırmaq niyyətindədir və artıq Aşqabad ilə sazişin daha beş il uzadılması imkanını müzakirə edir.

“Perspektivdə biz Xəzər boru kəməri vasitəsilə Türkmənistan qazının birbaşa tədarükünü təmin etmək niyyətindəyik. Əgər bu, baş tutarsa, Türkiyə təkcə öz bazarı üçün deyil, həm də Avropa üçün əhəmiyyətli dərəcədə daha böyük həcmdə tədarük təmin etmək imkanı əldə edəcək”, - deyə Türkiyə Prezidenti bildirib.

Beləliklə, R.T.Ərdoğan aydın şəkildə göstərib ki, Türkiyə Türkmənistan qazının beynəlxalq bazarlara (Azərbaycan ərazisindən - R+) çatdırılması üçün Trans-Xəzər qaz kəməri layihəsinin həyata keçirilməsi ideyasından imtina etmir. Türkmənistan üçün bu istiqamət öz enerji resurslarının ixracı üçün etibarlı marşrut ola bilər. Rəsmi Aşqabad da son illərdə dəfələrlə vurğulayıb ki, Trans-Xəzər qaz kəmərini ixrac coğrafiyasını genişləndirmək və tək alıcıdan (əsasən Çindən) asılılığı azaltmaq üçün uzunmüddətli strategiyasının bir elementi kimi nəzərdən keçirir.

Praktiki müstəvidə layihə inkişaf etməyib: Türkmənistan TAPI (Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan) qaz kəmərinin tikintisinə üstünlük verib. Bu kəmər ilə ildə 33 milyard kubmetr təbii qazın nəqli nəzərdə tutulur ki, bu da regionun enerji təhlükəsizliyinə və iqtisadi inkişafına əhəmiyyətli dərəcədə töhfə verə bilərdi. Lakin onun həyata keçirilməsi Əfqanıstandakı siyasi qeyri-sabitlik, eləcə də Hindistan və Pakistan arasındakı mürəkkəb münasibətlər daxil olmaqla bir sıra çağırışlarla üzləşir. Eyni zamanda hər hansı regional layihənin uğuru regionun özündə sabitlik və bütün iştirakçı tərəflərin razılaşdırılmış qarşılıqlı fəaliyyəti olmadan mümkün deyil.

Türkmənistanın niyə məhz nüvə silahına malik olan iki düşmən dövlətin və daxili vəziyyəti son dərəcə qeyri-sabit olan bir ölkənin iştirak etdiyi TAPI layihəsini seçdiyi aydın deyil. Nəticədə, qaz kəməri hələ də istismara verilməyib və yaxın gələcəkdə onun tamamlanmasını gözləmək çətin olacaq: xüsusilə Hindistan və Pakistan arasında münaqişənin kəskinləşməsini nəzərə alsaq. ABŞ-nin vasitəçiliyi ilə atəşkəs haqqında razılaşma əldə edilməsinə baxmayaraq, Yeni Delhi və İslamabad arasında etimad səviyyəsi son dərəcə aşağı olaraq qalır. Bu isə bu istiqamətdə kapital tutumlu və uzunmüddətli enerji layihələrinin həyata keçirilməsini son dərəcə çətinləşdirir.

Bu fonda məhz Trans-Xəzər marşrutu həm Türkmənistanın özü, həm də Azərbaycan, Türkiyə və Avropa İttifaqındakı tərəfdaşlar üçün daha realist və etibarlı variant kimi görünür. 

Bir sözlə, Rusiyanın enerji resurslarından asılılığından xilas olmağa çalışan Avropa sabit alternativ qaz mənbələrinə ehtiyac duyur və Xəzər regionu isə logistik və resurs potensialı ilə bu prosesdə strateji rol oynaya bilər.



MƏSLƏHƏT GÖR:

111