5 Dekabr 2025

Cümə, 10:43

MAYA DƏYƏRİ KOMPONENTLƏRİ

Yerli kənd təsərrüfatı məhsullarının istehsal həcminə təsir edən risklər aradan qaldırılır

Müəllif:

15.05.2025

İqlim riskləri və son illərdə dünya aqrar sektorunda güclənən böhran prosesləri ölkələri ərzaq təhlükəsizliyini gücləndirməyə və daxili istehsalı artırmağa sövq edir. Kənd təsərrüfatında geniş islahatların aparıldığı bir ölkə olan Azərbaycan da ardıcıl şəkildə bu yolla irəliləyir. Bu dəyişikliklərin əsas istiqamətləri qənaətli suvarma sistemlərinin və qabaqcıl aqrotexnologiyaların tətbiqinə, rəqəmsallaşmaya və istehsalçıların güzəştli maliyyə və subsidiyalara çıxışının genişləndirilməsinə yönəlib.

Azərbaycanın kənd təsərrüfatının davamlı inkişafı üçün mövcud risklər və perspektiv tədbirlər bu il mayın əvvəlində Bakıda keçirilən IV Aqrobiznesin İnkişafı Forumunda, həmçinin “Caspian Agro” və “InterFood Azerbaijan” beynəlxalq sərgilərində müzakirə edilib.

 

Artım və azalma

Azərbaycanın aqrar sektorunda struktur dəyişiklikləri və texniki modernləşdirmə ümumiyyətlə idxaldan asılılığı hiss olunacaq dərəcədə azaltmağa və yerli ərzaq istehsalının səviyyəsini istehlak həcminin təxminən dörddə üçünə çatdırmağa kömək edib. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) bu göstəriciyə görə artıq bir neçə ildir ki, Azərbaycanı uğurlu ölkələr sırasına daxil edir.

Lakin son illərdə Azərbaycanın aqrar istehsalı hər hansı yüksək artım tempi nümayiş etdirmir. Belə ki, 2024-cü ildə 13 milyard manatı keçən kənd təsərrüfatı məhsullarının ümumi istehsal həcmi cəmi 1,5% artıb. Heyvandarlıq sahəsində artım 1,7% təşkil edibsə, bitkiçilikdə dinamika 1,1%-i belə keçməyib.

Bu ətalət qismən daxili bazarın darlığı ilə bağlıdır. Digər tərəfdən bu gün meyvə-tərəvəz məhsullarının istehsalının xeyli hissəsi birbaşa ixrac tədarükləri ilə bağlıdır. Odur ki, bu, müvafiq olaraq postsovet regionu üzrə əsas tərəfdaş ölkələrin bazarlarının konyunkturunun dəyişməsindən çox asılıdır. Buna baxmayaraq, 2024-cü ildə aqrar və qida sektorlarının seqmentləri xarici tədarüklərin 11,3% artımını təmin edərək 1 milyard dollar səviyyəsinə çıxıb. 2025-ci ilin birinci rübündə də yaxşı baza formalaşıb: 1,6 milyard manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib: 1,9%-lik artım. Üstəlik, bitkiçilik seqmentində (əsasən mövsümi məhsullar) artım kifayət qədər yaxşıdır. Bu seqmentdə artım 13% təşkil edib.

Son beş ildə aqrar sektorun inkişafını qiymətləndirərkən, sahənin qlobal böhranlar zəncirinin təzyiqinə məruz qaldığını etiraf etmək lazımdır. Söhbət istehsal və nəqliyyat zəncirlərinin pozulması, taxıl, yağlı bitkilər və digər əsas bitkilərin qiymətlərinin dövri artımı, həmçinin idxal olunan inflyasiya amilinin təsirindən gedir. Bütün bunlar aqrar-sənaye kompleksində bir sıra ciddi sahə problemlərini üzə çıxarıb.

Azərbaycanın bitkiçilik təsərrüfatları hələ də elit toxumların, pestisidlərin, fosfat və bir sıra digər gübrələrin idxalından çox asılıdır, heyvandarlıq kompleksləri və quşçuluq fabrikləri isə xaricdən gətirilən qarışıq yemlər, vitaminlər, vaksinlər və s. qiymətlərinin dəyişkənliyi ilə üzləşir.

Qida sənayesi də oxşar problemlərlə üzləşir. Xüsusilə, idxal olunan quru süd, müxtəlif bioloji əlavələr və qida kimyası, qablaşdırma, bağlama və texnoloji avadanlıqların qiymət səviyyəsindən yüksək asılılıq hələ də qalır. Tamamilə aydındır ki, ildən-ilə bahalaşan idxal xammalı və sərfiyyat materialları daxili istehsalın maya dəyərinə ağır yük kimi düşür.

 

İqlim riskləri

Bununla yanaşı, kənd təsərrüfatı bir sıra risklərlə də üzləşir ki, bunların ən mürəkkəbi iqlim dəyişiklikləri ilə bağlıdır. Bu da səhralaşma, eroziya və münbit torpağın şoranlaşması, suvarma suyunun çatışmazlığı prosesləri ilə müşayiət olunur. Güclü küləklər və yağıntılar da tez-tez baş verir, nəticədə, daşqınlar və sellər kənd təsərrüfatı torpaqlarına ziyan vurur.

“Kənd təsərrüfatının səmərəliliyi əsasən iqlimə bağlıdır. Bu da aqrar sahəni iqlim dəyişikliklərinə qarşı ən həssas sahəyə çevirir. Belə ki, bu ilin  aprelin 16-da Azərbaycanda, o cümlədən Bakıda bir gün ərzində üç aylıq yağıntı həcminə qədər yağıntı düşüb, 17 dağ çayında daşqınlar və sellər baş verib”, - IV Aqrobiznesin İnkişafı Forumunda Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev bildirib.

Son on ildə iqlim böhranı bütün Cənubi Qafqazda hiss olunur. Lakin bu problemlər xüsusilə Azərbaycanda özünün kəskin formada göstərir. Bu səbəbdən ölkəmiz FAO tərəfindən aqrar sektoru su ehtiyatlarının ən çox çatışmazlığını yaşayan dünyanın 20 dövləti siyahısına daxil edilib. 3,61 milyon hektar torpaq bu və ya digər dərəcədə güclü eroziya və susuzlaşmaya məruz qalıb ki, bu da Azərbaycanın torpaq fondunun 41,8%-ni təşkil edir.

“2030-cu ilə qədər isti hava səbəbindən suya olan tələbat 16% arta bilər və aqrar siyasət nəmliyi qoruyan həllərə və quraqlığa davamlı bitkilərin yetişdirilməsinə yönəlməlidir. Həmçinin prioritet artıq yeni əkin sahələri hesabına məhsuldarlığın artırılması deyil, istifadə olunan kənd təsərrüfatı torpaqlarında məhsuldarlığın yüksəldilməsi olmalıdır”, - Azərbaycan iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli hesab edir.

Onun fikrincə, yeni əkin sahələrinin yaradılması suya olan tələbatı artırır və məhdud resurslar şəraitində əlavə risklər yaradır.

Ölkədə şirin suyun təxminən 70%-i kənd təsərrüfatında istifadə olunur. Bununla əlaqədar yerli aqrar sektorun əsas vəzifəsi köhnəlmiş magistral irriqasiya kanallarının betonlaşdırılması, paylayıcı arxlarda su keçirməyən polimer örtüklərdən istifadə, həmçinin tarlalarda qənaətli suvarma sistemlərinin tətbiqi hesabına su itkisinin azaldılmasıdır. İrriqasiya sistemlərinin modernləşdirilməsi respublikada mövcud olan bütün pivot və digər qənaətli suvarma sistemlərinin təxminən 80%-nin cəmləşdiyi əlli aqrar parkda kifayət qədər uğurla həyata keçirilir. Bu innovasiyalar bundan sonra da genişlənəcək. Dövlət başçısının fərmanına əsasən, taxıl əkən təsərrüfatlara müasir suvarma sistemlərinin tətbiqi şərtilə beş il müddətinə əlavə subsidiyalar veriləcək.

Gözlənilir ki, alınan pivot və digər qənaətli suvarma sistemlərinin təxminən 40%-nin dəyəri dövlət tərəfindən subsidiyalaşdırılacaq, qalan vəsait isə güzəştli kreditlər hesabına təmin ediləcək.

Bundan başqa, torpaqların deqradasiyasının qarşısını almaq və məhsuldarlığı artırmaq üçün iqlimə uyğunlaşdırılmış kənd təsərrüfatı metodlarının tətbiqi genişləndirilir, bitkiçilikdə quraqlığa, şoranlığa və istiyə davamlı yeni sortlar tətbiq edilir, innovativ üzvi və “yaşıl yetişdirmə” metodlarının, həmçinin su, gübrə, pestisid və s. sərfiyyatını optimallaşdıran bioloji əkin mühafizəsinin istifadəsi təşviq edilir. Sadalanan tədbirlərin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında minalardan təmizlənmiş torpaqlarda taxıl və digər bitkilərin əkininin artırılması üçün də tətbiq edilməsi planlaşdırılır.

 

Maliyyə dəstəyi

Amma Kənd Təsərrüfatı Nazirliyinin yeni aqrotexnologiyaların tətbiqi üçün çox səy göstərməli olacaq. Buraya o cümlədən, hələ də modernləşdirmə prosesində həm texniki, həm də maliyyə çətinlikləri ilə üzləşən kiçik fermer təsərrüfatlarında qənaətli suvarma sistemlərinin tətbiqi daxildir. Kommersiya bankları hələ də aqrarçıların əsas donoruna çevrilməyib. Buna kredit kapitalına çıxışın çətinliyi, yüksək faizlər, likvid girovun olmaması, həmçinin kiçik torpaq sahibi olan fermerlərin sığorta mexanizmləri ilə aşağı əhatə olunması mane olur.

Bununla yanaşı, son illərdə bu sahədə də müsbət irəliləyişlər müşahidə olunur. “Azərbaycan Mərkəzi Bankı (AMB) aqrar sektorun kreditləşdirilməsini stimullaşdırmaq üçün tədbirlər görməyi planlaşdırır: taxıl istehsalçılarına verilən kreditlər üzrə faizlərin subsidiyalaşdırılması müzakirə olunur və bu da bankların kənd təsərrüfatının kreditləşdirilməsində iştirakının aktivləşməsinə kömək edəcək”, - forum zamanı AMB-nin sədr müavini Toğrul Əliyev qeyd edib.

AMB-nin 2024-cü il üzrə məlumatlarına görə, Azərbaycanda aqrar sığorta müqavilələrinin sayı ötən illə müqayisədə 9%, aqrar sığorta predmetlərinin sayı isə 5% artıb. Aqrar sığortanın genişləndirilməsi sahə risklərinin azaldılmasının ən səmərəli üsullarından biri kimi tanınıb və bu da kommersiya banklarının aqrar sektorun maliyyələşdirilməsində iştirakını sürətləndirir.

Fermerlərin su problemlərinin həlli üçün mühüm addım dövlət başçısının 2023-cü il fərmanı olub. Bu fərmana əsasən, Aqrar Kreditləşdirmə və İnkişaf Agentliyi buğda istehsalı üçün müasir suvarma sistemlərinin alınması üçün kreditlərə dövlət zəmanəti vermək, kreditlər üzrə faizləri subsidiyalaşdırmaq hüququ əldə edib.

“Kiçik ailə təsərrüfatlarından tutmuş iri aqroparklara qədər kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən bütün subyektlərin dəstəklənməsi dövlətin strateji prioritetidir: bu dəstəyin mühüm komponentləri subsidiyalar, güzəştli maliyyələşdirmə, texniki təminat və institusional stimullardır”, - kənd təsərrüfatı naziri Məcnun Məmmədov hesab edir.

“Biz fermerlərə ardıcıl və sistemli şəkildə dəstək göstəririk: belə ki, 2023-cü ildə 387 340 fermerə 352 milyon manat məbləğində, 2024-cü ildə isə 380 704 fermerə 362,5 milyon manat məbləğində subsidiyalar ödənilib”, - o vurğulayıb.

Fermerlərin texnika və cins heyvanlarla dövlət dəstəyi də çox mühüm rol oynayır. Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, 2024-cü ildə 6477 texnikanın alınması üçün 83,9 milyon manat güzəşt ayrılıb, bu ildə isə 9107 müxtəlif aqrotexnikanın alınması üçün 80,8 milyon manat nəzərdə tutulub. Bundan əlavə, ötən il fermerlərə 5830 baş cins mal-qaranın alınması üçün 17,4 milyon manat güzəşt verilib.

Nazir M.Məmmədovun sözlərinə görə, bu stimullar yerli idxaləvəzləyici istehsalın inkişafına yönəlib, həmçinin iqlim risklərinə davamlı təsərrüfatların formalaşmasına kömək edir.

Son illərdə fermer təsərrüfatlarının subsidiyalaşdırılması və güzəştli maliyyələşdirmə sistemlərinin optimallaşdırılması sayəsində keyfiyyətli dəyişikliklərə - şəffaflığa və ünvanlılığa nail olunub. Bu, əsasən Kənd Təsərrüfatı Nazirliyinin “Elektron Kənd Təsərrüfatı” (EKTIS) avtomatlaşdırılmış informasiya sistemi layihəsinin həyata keçirilməsinin nəticəsidir. Bu mexanizm subsidiyalaşdırma sahəsində qaydaların tətbiqində, nəzarətin gücləndirilməsində və bu prosesdə, o cümlədən gübrə və yanacaq alışı sahəsində şəffaflığın təmin edilməsində misilsiz rol oynayıb. Bu rəqəmsal resurs fermerlərin güzəştli kreditləşdirilməsi və sığortalanmasının təşviqində də əsas rol oynayır. “Bu gün elektron kənd təsərrüfatı sistemində qeydiyyatdan keçmiş subyektlərin sayı 900 mini keçir”, - kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova qeyd edib.

O vurğulayıb ki, EKTIS sistemi, həmçinin kənd təsərrüfatı subyektlərinin banklarla işini asanlaşdırır, fermerlərin kreditlərə əlçatanlığını artırır.

2025-ci ildə aqrar qurumun prioriteti isə Azərbaycan kənd təsərrüfatına süni intellektin tətbiqidir.

Bir sözlə, bütün bu tədbirlər son nəticədə sektorun statistik göstəricilərinə müsbət təsir göstərməli, ölkənin kənd təsərrüfatı məhsulları ilə maksimum özünütəminat hədəfinə yaxınlaşdırmalıdır.



MƏSLƏHƏT GÖR:

102