5 Dekabr 2025

Cümə, 10:43

ATƏŞİ DAYANDIRIN!

Ukrayna ilə Rusiya «diplomatik cəbhə»də ciddi irəliləyişə nail olacaqlarmı?

Müəllif:

15.05.2025

Ukraynada çoxdan gözlənilən sülhün əlamətləri görünməkdədir. Müharibənin əldən saldığı ölkədə tezliklə atəşkəs əldə olunması şansı yaranıb. Bu şansı Ukrayna ilə Rusiya arasında mayın 15-16-da İstanbulda aparılmış birbaşa danışıqlar yaradıb. Qeyd edək ki, belə görüşün keçirilməsi ideyası nəhəng maraqlı tərəflər olan ABŞ və Aİ tərəfindən də dəstəklənirdi.

Bəs hələ bir-birinə də tam zidd mövqelərdə olan, münaqişəyə ekzistensional əhəmiyyət verən tərəflər sülhə doğru ciddi addım ata biləcəkmi?

Rusiya-Ukrayna danışıqlarından əvvəl Ankarada Türkiyə və Ukraynanın dövlət başçıları Rəcəb Tayyib Ərdoğan ilə Vladimir Zelenski bir araya gəliblər. Onların görüşü təxminən 3 saat çəkib. Görüşdən sonra Zelenski İstanbulda Ukrayna nümayəndə heyətinə müdafiə naziri Rüstəm Umerovun başçılıq edəcəyini bildirib. Onun sözlərindən bəlli olub ki, Kiyev «ABŞ və Türkiyədən olan həmkarlardan danışıqların vaxtı və tarixi ilə bağlı dəqiq siqnal gözləyir».

Bununla yanaşı, Rusiya Prezidenti Vladimir Putinin İstanbula gözlənilən səfəri baş verməyib. Moskva Dolmabağçadakı danışıqlara dövlət başçısının köməkçisi Vladimir Medinskini göndərib.

ABŞ Prezidenti Donald Tramp Rusiyanın müzakirələrə göndərdiyi nümayəndə heyətinin səviyyəsinin onu məyus etmədiyini bildirib. Bununla yanaşı, Ağ Evin sahibi deyib ki, onun Putinlə görüşü baş tutmadan, Ukrayna münaqişəsində heç nə baş verməyəcək. Prezident Ərdoğanın administrasiyası isə Ukrayna və Rusiya prezidentlərinin danışıqlar istəyi olacağı təqdirdə, onları qəbul etməyə hazır olduqlarını bəyan edib.

 

Qanlı aprel və üç günlük barışıq

Artıq üç ildən artıqdır davam edən müharibə 2025-ci ilin aprelindən yeni şiddətli mərhələyə qədəm qoyub. O, dinc sakinlər arasında ciddi tələfatla müşahidə olunur. Ukraynanın bir sıra şəhərləri – Krivoy Roq, Suma, Dnepr, Zaporojye, Xarkov və paytaxt Kiyev Rusiya tərəfindən ballistik raketlərdən dağıdıcı zərbələrə məruz qalıb. BMT-nin İnsan Haqları üzrə Monitorinq Missiyasının məlumatına görə bu zərbələr nəticəsində Ukraynada ən azı 209 nəfər ölüb, 1146 insan yaralanıb. Qurbanlar arasında xeyli sayda uşaq da var: onlardan ən azı 19-u həlak olub, 78-i yaralanıb. Bu, 2022-ci ilin iyunundan bu yana dinc əhali arasında ən böyük tələfatdır. Rusiyanın Ukraynanın iri şəhərlərinə bu cür hücumları mayın əvvəlində də davam edib.

Ukrayna isə öz növbəsində, Rusiya ərazisindəki strateji obyektlərə pilotsuz uçuş aparatları ilə hücumları artırıb. Moskva da daxil olmaqla, Rusiya şəhərlərinə ən miqyaslı dron hücumu mayın 6-7-də baş verib. Bu zaman 500-dən artıq pilotsuz uçuş aparatından istifadə olunub. Nəticədə, məsələn, Rusiyanın Avropa hissəsində mülki aviasiyanın işi iflic olub.

Rusiya ilə Ukrayna arasında şiddətli döyüşlər fonunda Donald Trampın başçılıq etdiyi yeni ABŞ administrasiyasının vasitəçilik səylərinin uğurlu olma ehtimalı ilə bağlı suallar yaranmışdı. Ağ Ev tərəflərin sülh üçün zəruri olan güzəştlərə getmək istəməməsindən narazılığını gizlətmirdi. Məlum olduğu kimi, Moskva Ukraynanın nəzarətə götürdüyü bütün ərazilərinin Rusiya ərazisi kimi tanınmasını tələb edir. Artıq söhbət yalnız işğal olunmuş Krımdan, Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərinin bir hissəsindən yox, həm də Ukraynanın bu vilayətlərinin Rusiya ordusunun nəzarətində olmayan hissələrindən gedir. Kiyev isə öz növbəsində, cəbhədə de-fakto formalaşmış vəziyyətlə barışmağa razı olsa da, ABŞ-nin Ukraynanın ərazi bütövlüyünü sual altına qoyacaq, yaxud ağır fəsadlara yol aça biləcək bəzi təkliflərini rədd edir. Söhbət, ilk növbədə, Ukraynanın Krımdan imtinası ideyasından, həmçinin silahsızlaşdırılmış zonanın yaradılması təklifindən gedir. Bu, Ukrayna və Rusiya ordularının hazırkı təmas xəttindən 15 kilometr geri çəkilməsini nəzərdə tutur. Ukrayna Prezidenti Vladimir Zelenski bufer zonanın yaradılması ideyasının təhlükəsini Xerson nümunəsində belə izah edib: «Biz hansı xətti sərhəd, hansı xətti təmas xətti sayacağıq? 15 kilometrdən danışırıqsa, Xerson necə olacaq? Bu, o deməkdir ki, Xersonda bizim qoşunlarımız olmayacaq. Xersonda qoşunlarımız olmayacaqsa, Xerson da bizim olmayacaq».

Bununla yanaşı, Amerika-Ukrayna əməkdaşlığı və onun Rusiya-Ukrayna müharibəsinin həllinə təsiri perspektivi kontekstində Vaşinqtonla Kiyev arasında imzalanmış, ABŞ-nin Ukraynanın təbii resurslarına çıxış əldə etməsini nəzərdə tutan razılaşma da vacib hadisəyə çevrilə bilər. Tramp administrasiyası əvvəllər bu razılaşmanın əhəmiyyətini Ukraynanın Vaşinqtona hərbi və maddi yardımından yaranmış borcu qaytarması imkanı ilə əlaqələndirirdisə, sənəddə bu haqda heç nə deyilmir. Yəqin ki, səbəb tərəflərin bu məqamla bağlı razılığa gələ bilməməsidir. Ukrayna tərəfi bildirirdi ki, birincisi, Trampın borc kimi göstərdiyi 350 milyard dollar şişirdilmiş rəqəmdir, ikincisi, ABŞ əvvəlki prezident Co Baydenin dövründə bu yardımı onlara təmənnasız ayırmışdı. Doğrudur, sənəddə bildirilir ki, bu müqavilə «ABŞ xalqının Ukraynaya Rusiyanın tammiqyaslı təcavüzündən qorunmasında göstərdiyi ciddi maliyyə yardımının etirafı ilə» imzalanır. Amma bu maddənin daha maraqlı cəhəti Tramp administrasiyasının Rusiyanın «təcavüz»ünü qəbul etməsindədir. Əvvəllər o, bu ifadədən istifadə olunmamasına üstünlük verirdi. Ağ Ev razılaşmanı Birləşmiş Ştatlar-Ukrayna tərəfdaşlığının göstəricisi, «Rusiyaya ABŞ-nin öz maraqlarının olduğu, Ukraynanın uğurlu inkişafına davamlı dəstək verdiyi mesajını çatdıran» sənəd kimi qiymətləndirib.

Rusiya ilə Ukrayna arasında atəşkəsin mümkün ola biləcəyini göstərən əsas hadisə isə Rusiya Prezidenti Vladimir Putinin faşist Almaniyası üzərində qələbənin 80 illiyi ilə əlaqədar, cəbhədə üç günlük (mayın 8-dən 10-dək) atəşkəs elan etməsi olub. Şübhəsiz ki, bu qərarın əsasında, ilk növbədə, qələbə günü ilə bağlı təntənəli tədbirlərin, o cümlədən Moskvada bir sıra dövlət başçılarının iştirakı ilə keçirilməli olan paradın təhlükəsizliyinin təmini dayanırdı. Odur ki, Ukraynanın Moskvadan gəlmiş bu təşəbbüsü qəbul etməməsi təəccüblü olmayıb.

«Bu, çox qeyri-ciddi təsir bağışlayır», - deyə Zelenski bildirib: «Putinin mayın 9-da təcrid vəziyyətdən çıxması, Kreml meydanına gələcək liderlər və dostlar üçün rahat olması üçün yumşaq atmosferin yaradılması oyunu… Məsələ ondadır ki, onlar ayın 7-dək sizi qırırlar, 7-də özləri üçün iki və ya üç günlük rahatlıq əldə edirlər, ayın 11-dən yenidən raket atəşinə başalyırlar».

Bununla yanaşı, Kiyev Rusiyanın təklifinə cavab olaraq dərhal və hərtərəfli barışıq təşəbbüsü ilə çıxış edib. Moskvanın bu təklifdən imtinası elə 9 may günü eskalasiya təhlükəsini daha da artırıb. Yəni həmin gün Ukraynanın Moskva paradına zərbə endirəcəyi və əvəzində Rusiyanın Ukraynaya öldürücü zərbələrlə cavab verəcəyi istisna olunmurdu…

Lakin bayram günləri sakit keçib, cəbhədə döyüşlərin intensivliyi xeyli azalıb. Amma həmin üç gün də qarşılıqlı ittihamlarla keçib. Mayın 10-da isə uzunmüddətli barışıq imkanı və sonda müharibənin dayandırılması yeni əsaslar qazanıb.

 

9 may sonrası

Mayın 10-da Böyük Britaniya, Fransa, Almaniya və Polşa liderləri – müvafiq olaraq baş nazir Kir Starmer, Prezident Emmanuel Makron, kansler Fridrix Merts və baş nazir Donald Tusk Kiyevə yollanaraq, orada mayın 12-dən başlayaraq 30 gün müddətinə atəşkəsin elan olunmasına dəstək bəyanatı qəbul ediblər. Bəyanatda bildirilir ki, bu, «diplomatiya üçün meydan yaradılması» baxımından vacibdir: «Bu dövr ərzində diplomatik işlər təhlükəsizliyin təmininə, sülhün siyasi və humanitar əsaslarının yaradılmasına yönəlməlidir».

Özlərini «arzulayanlar koalisiyası» adlandıran dörd Avropa ölkəsinin liderləri Rusiyanı «dayanıqlı sülhün təmininə yönəlmiş səylərə maneələri dayandırmağa» çağırıblar. Onlar hesab edirlər ki, «şərtsiz atəşkəsə təyinatına uyğun, hər hansı qeyd-şərtlə maneə yaradıla bilməz. Rusiya belə şərtlər irəli sürərsə, buna yalnız müharibəni davam etdirmək, diplomatiyanı pozmaq səyləri kimi baxılı bilər». Tam atəşkəsin «effektiv monitorinq» tələb etdiyini deyən liderlər bildiriblər ki, bu, «Birləşmiş Ştatlarla sıx koordinasiya ilə uğurla təmin edilə bilər». Bəyanat müəllifləri «Ukraynanın təhlükəsizliyinin və suverenliyinin əsas qarantı kimi, ölkənin müdafiə və təhlükəsizlik qüvvələrinin güclənməsinin mütləq olduğunu» da vurğulayıblar: «Ukraynanın təhlükəsizliyinin qarantı üçün əsas element həm də zəmanət qüvvələri (kontingent) olmalıdır». Avropalı liderlər Rusiyanı qeyd-şərtsiz və tam atəşkəsə razılaşmayacağı təqdirdə daha sərt sanksiyalarla hədələyib, bu sanksiyaların ölkənin bank və enerji sektoruna tətbiq olunacağını bildiriblər.

«Arzulayanlar koalisiyası» ilə görüşdən sonra Ukrayna Prezidenti Vladimir Zelenski dörd liderlə birlikdə ABŞ-nin dövlət başçısı Donald Tramp ilə telefonla danışıb. Bunun ardından isə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa bildirib ki, «Kiyev və onun bütün müttəfiqləri quruda, havada və suda bazar ertəsindən (mayın 12-dən – red.) başlayaraq, ən azı 30 günlük tam atəşkəsə hazırdır». Bu, barışığın Vaşinqton tərəfindən də dəstəkləndiyini göstərir.

Maraqlıdır ki, avropalı liderlərin Kiyevdəki mətbuat konfransı ilə eyni vaxtda ABŞ Prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloq deyib: «30 günlük hərtərəfli (hava, yer, dəniz, infrastruktur) atəşkəs Avropanın İkinci Dünya müharibəsindən sonra üzləşdiyi ən böyük, ən uzunmüddətli müharibəsinin başa çatdırılması prosesinin əsasını qoyacaq».

Eyni zamanda belə bir xəbər də yayılıb ki, Vaşinqton Almaniyanın Ukraynaya 100 ədəd «Patriot» hava hücumundan müdafiə sistemi və 125 ədəd uzaqmənzilli raket verməsinə «hə» deyib. «The New York Times» qəzeti bununla əlaqədar yazır ki, bu silahlar Birləşmiş Ştatlar ərazisində istehsal edildiyindən, başqa ölkəyə məxsus olsa belə, istehsalçının razılığı olmadan kiməsə verilə bilməz. Buradan belə qənaətə gəlmək olar ki, əvvəllər Ukraynaya Amerika silahlarının tədarükünə tənqidi yanaşan Tramp indi Rusiyaya təzyiq üçün bu variantla razılaşıb. Bu isə Moskvanın hərtərəfli sülhə razı salınmasının vacib olduğu indiki dövrdə xüsusilə önəmlidir.

Elə həmin gün – mayın 10-u axşam Kremlin mətbuat katibi Dmitri Peskov Rusiyanın Ukrayna və onun qərbli müttəfiqlərinin 30 günlük atəşkəs təklifi haqda düşünəcəyini açıqlayıb. O, təklifi «hadisələrin yeni inkişaf mərhələsi» kimi qiymətləndirib.

Mayın 11-nə keçən gecə isə jurnalistlər qarşısına bu dəfə Vladimir Putinin özü çıxıb. O, Kiyevə mayın 15-də İstanbulda birbaşa, ilkin şərtsiz danışıqların bərpasını təklif edib. Xatırladaq ki, tərəflər arasında birbaşa danışıqlar 2022-ci ildə elə İstanbulda pozulmuşdu. Bununla yanaşı, Putin dərhal atəşkəs ideyasını dəstəkləməyib: «Danışıqlar zamanı barışıqla bağlı yeni razılığa gəlinəcəyi istisna deyil».

Beləliklə, Rusiya ilkin şərt irəli sürmədən danışıqlara başlamağa razılıq verib. Lakin o, irəli sürdüyü şərtlərə əməl olunmadan atəşi dayandırmağa razı deyil. Putin bunu «münaqişənin ilkin səbəblərinin aradan qaldırılması» kimi şərh edir. Moskvada hesab edirlər ki, Kiyevlə birbaşa danışıqlar məhz bu məsələyə həsr olunmalıdır. Aydındır ki, Kreml «ilkin səbəblər» dedikdə hər qeydən öncə Ukraynanın Qərbpərəstliyini, onun NATO və Avropa İttifaqına üzv olmaq niyyətini nəzərdə tutur. Demək, Moskva Ukraynadan neytral status tələb edir.

O da aydındır ki, münaqişənin həlli üçün geosiyasi məsələlərlə yanaşı, ərazi mübahisəsinin həlli də vacibdir. Moskva ABŞ administrasiyasının təklif etdiyi məqam – Krımın de-yure Rusiyanın tərkib hissəsi kimi tanınması, həmçinin Ukraynanın işğal edilmiş ərazilərinin rus qoşunlarının nəzarətində qalması ilə kifayətlənmək istəmir. Belə bir məqamda Ukraynanın öz ərazi bütövlüyünün tam şəkildə bərpası tələbinə Kremlin münasibətindən danışmağa belə, dəyməz. Bununla yanaşı, Ukraynanın beş bölgəsinin (Krım, Donetsk, Luqansk, Zaporojye vçə Xerson) bütün ərazisinə iddialı olan Rusiyanın mövqeyi yalnız Ukraynanı deyil, onun avropalı müttəfiqlərini, həmçinin Moskva ilə kompromisə hazır olan Vaşinqtonu da qane etmir. Bunu məsələn, ABŞ-nin vitse-prezidenti Cey Di Vensin sözlərindən də anlamaq mümkündür. Moskvanın tələblərini «həddindən artıq böyük» adlandıran vitse-prezident deyib ki, «Rusiya işğal etmədiyi ərazilərin də ona veriləcəyinə ümid edə bilməz».

Qərbi narahat edən məqam da buradan irəlir gəlir: Ukraynanın «işğal edilməmiş» ərazilərinə də nəzarəti ələ keçirməyə çalışan, buna görə də təcili atəşkəs təklifi ilə razılaşmayan Rusiyanın danışıqlara getməyə razılıq verməsi diplomatiya pərdəsi altında hücumları davam etdirmək niyyətindən qaynaqlana bilər. Amma Tramp Rusiyanın «sözündən tutmaq» qərarına gələrək, Ukraynanı Putinin danışıqların mayın 15-də İstanbulda bərpa edilməsi təklifilə razılaşmağa çağırıb. Bunun ardından Zelenski bəyanatla çıxış edib: «Mən bu cümə axşamı, mayın 15-də Türkiyədə olacağam. Putini Türkiyədə gözləyirəm. Şəxsən. Ümid edirəm ki, Putin bu dəfə nəyisə bacarmamasına səbəb, bəhanə axtarmayacaq. Biz müharibəyə son qoymaq üçün danışıqlara hazırıq. Cümə axşamı, Türkiyədə». Tramp isə daha da irəli gedərək Zelenskinin Putinlə görüş ideyasını nəinki dəstəkləyib, İstanbul danışıqlarında özünün də iştirak edə biləcəyini söyləyib.

Lakin Kiyevlə birbaşa danışıqlara razılıq vermiş Putin Zelenski ilə şəxsi görüşü nəzərdə tutmurmuş. Bu, bir məqamı təsdiqləyir: Kiyev Rusiya ilə qarşı tərəfin atəşkəsə razılaşmadığı halda belə, birbaşa danışıqlara razılaşmasına baxmayaraq, hərbi əməliyyatların dayandırılması məhz Moskvanın real güzəştlərə getməsinə bağlıdır. Fərqi yoxdur, bu güzəştlər dövlət başçıları səviyyəsinə razılaşdırsın, ya daha kiçik ranqlı məmurlar səviyyəsində. Sülhə aparan yol məhz bu güzəştlərdən keçir. Müvafiq olaraq, həm də bir suala cavabın tapılmasından: ümumiyyətlə, Rusiya-Ukrayna sülhü mümkündürmü? Hələlik az-çox nikbinlik yaradan yalnız Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın fikirləridir – Rusiya və Ukrayna liderləri ilə müzakirələr aparan Ərdoğan İstanbul danışıqları nəticəsində uzunmüddətli sülhə nail olunacağına ümidini ifadə edib.



MƏSLƏHƏT GÖR:

99