18 İyun 2025

Çərşənbə, 16:44

NƏ SÜLH, NƏ HƏRB

Beynəlxalq birliyin reaksiyası göstərdi ki, Hindistan Pakistanla münaqişədə düşməninin və onun müttəfiqlərinin gücünü düzgün qiymətləndirə bilməyib

Müəllif:

15.05.2025

«Qaynar nöqtə» ifadəsi XX əsrin ikinci yarısında yaranıb. O zaman davamlı olaraq «közərən» və vaxtaşırı «alışan» regional münaqişələri məhz belə adlandırırdılar. Onilliklərdir belə «qaynar nöqtə»lərdən biri Hindistanla Pakistanın Kəşmir sərhədidir. Son zamanlar nəinki regional, hətta beynəlxalq elitanın əhəmiyyətli bir hissəsini məhz bu region gərginlik içərisində saxlayırdı. Zarafat deyil: iki nüvə dövləti tammiqyaslı müharibə astanasında idilər. Üstəlik, nə İslamabad, nə də Yeni Dehli geri çəkilmək istəyirdi.

Lakin deyəsən artıq rahat nəfəs almaq olar. ABŞ Prezidenti Donald Tramp vasitəçi, sülhməramlı statusunu təsdiqləyərək, Hindistanla Pakistan arasında gərginliyin azalmasına nail olub. Bir müddət davam edən ciddi gərginlikdən, qarşılıqlı raket zərbələrindən, hava döyüşlərindən və səs-küylü bəyanatlardan sonra 10 may 2025-ci ildə ABŞ Prezidenti sosial şəbəkə hesabında belə bir məlumat yayıb: «ABŞ-nin vasitəçiliyi ilə gecə saatlarınadək davam etmiş uzun-uzadı danışıqlardan sonra Hindistanla Pakistanın atəşin dərhal və tam dayandırılması haqda razılığa gəldiklərini elan etməkdən məmnunluq duyuram. Hər iki ölkəni sağlam düşüncə, yüksək ağıl nümayiş etdirdikləri üçün təbrik edirəm. Bu vacib məsələyə diqqətə görə minnətdaram!»

ABŞ-nin dövlət katibi Marko Rubio isə deyib: «Son 48 saatda mən və vitse-prezident Vans Hindistan və Pakistanın yüksək rütbəli nümayəndələri, o cümlədən baş nazirlər Narendra Modi və Şahbaz Şərif, xarici işlər naziri Subramanyam Cayşankar, Ordu Qərargahı rəisi Asim Munir, həmçinin milli təhlükəsizlik məsələləri üzrə məsləhətçilər Acit Doval və Asim Maliklə danışıqlar aparmışıq. Hindistan və Pakistan hökumətlərinin atəşin dərhal dayandırılması və neytral meydanda ətraflı müzakirələrə başlanılmasına dair razılığa gəldiklərini elan etməkdən məmnunam».

Bir sözlə, böyük müharibə baş verməyib. Bəs barışıq nə qədər uzunmüddətlidir?

 

«Kiçik müzəffər müharibə»

Ola bilsin ki, bu suala cavab tapmaq üçün Hindistanla Pakistan arasındakı qarşıdurmanın yeni qızışmağa başladığı həmin günlərə qayıtmaq lazımdır. O zaman baş verənlərin ən səthi təhlili zamanı belə, aydın olurdu ki, regionda gərginliyi Hindistan yaradıb və yaradır. Kəşmirdə turistlərə qarşı törədilmiş terror aktını Pakistanla qarşıdurma müstəvisinə məhz Yeni Dehli daşımışdı. Halbuki, Pakistan hökumətinin də qeyd etdiyi kimi, həmin terror hücumu zamanı əsas zərər görən məscidlər olub ki, bu, onlar üçün heç bir halda legitim hərbi hədəf sayıla bilməz. Bununla yanaşı, Pakistan Silahlı Qüvvələrinin general-leytenantı Əhməd Şərif bildirib ki, Hindistan ordusu hücumları zamanı məqsədli şəkildə dinc əhaliyə zərbələr endirib. Nəticədə, 30-dan artıq insan dünyasını dəyişib.

Pakistan cavab olaraq Hindistanın Kəşmir və Pəncabdakı hərbi bazalarını hədəf seçib. Zərbələrin nəticələri haqda tərəflərin heç biri açıqlama verməsə də, sərhədə toplanmış Hindistan ordusunun ciddi itki verdiyinə şübhə yoxdur. Bunun Hindistan üçün çox ciddi «imic itkisi» olduğu da şübhə doğurmur.

Növbəti mərhələ Hindistan Hərbi Hava Qüvvələrinin darmadağını olub. Ekspertlər, o cümlədən ABŞ-nin CNN telekanalının efirindən bildiriblər ki, Hindistan-Pakistan sərhədində baş vermiş hava döyüşü cəlb olunmuş təyyarələrin sayına görə rekord müəyyənləşdirib – 125 ədəd. Pakistan bu döyüşdə Hindistana məxsus 5 qırıcını, o cümlədən Fransa istehsalı olan «Rafal» qırıcısını vura bilib. Bu, dünyada ilk belə presedent olmaqla yanaşı, yalnız Hindistan yox, həm də Fransa üçün utancvericidir. Üstəlik, bu, Parisin dünya bazarında aviatexnikasını önə çıxarmaq işində onsuz da çətinliklər yaşadığı vaxta təsadüf edib. Bununla yanaşı, Pakistanın Hindistanın Fransadan aldığı qırıcıların vurulmasında istifadə etdiyi Çin raketlərinin istehsalçılarının səhmləri kəskin bahalaşıb.

Hindistan tərəfindən münaqişənin eskalasiyası çox şiddətli və aşkar idi. Adətən əvvəldən «kiçik müzəffər müharibə» planı qurmuş, onu həyata keçirmək üçün bəhanə axtaran hökumətlər belə davranır. Bu halda «bəhanə» tapmaq o qədər də çətin olmur. Terror olmasa, Pakistan televiziyasında yayımlanmış veriliş, yaxud, qarşısı alınmış terror. Yəqin ki, Hindistan milyardlıq əhalisini Pakistanın səfərbərlik potensialı ilə müqayisə edib, düşmən ordusunun tanklarını, təyyarələrini sayırıq belə qərara gəlib ki, belə «kiçik müzəffər müharibə»də uğurun alternativi yoxdur. Narendra Modi kabineti yəqin ki, bu yolla öz mövqelərini gücləndirəcəyini də düşünüb. Son illər Hindistan öz hərbi-sənaye kompleksinin və müvafiq olaraq, silahlı qüvvələrinin gücünü əhəmiyyətli dərəcədə artırıb. Görünür, Yeni Dehli onları «əməldə», ilk növbədə isə ənənəvi düşməni olan Pakistan üzərində sınaqdan keçirmək niyyətinə düşübmüş.

Başqa məqam da var. XX əsrin ortalarınadək hazırkı Hindistan, Pakistan və Banqladeş əraziləri «Britaniya Hindistanı» olub. Dekolonizasiya nəticəsində Pakistan yalnız Londondan deyil, həm də Yeni Dehlidən müstəqillik qazanıb ki, Hindistanda çoxları bunu həzm edə bilmir.

Pakistanın özündə də bildirirlər ki, onlar yalnız Böyük Britaniyadan yox, həm də Hindistandan müstəqillik qazanıblar. Burada Ukrayna ilə bağlı Moskvada, yaxud Tehranın müxtəlif dairələrində Azərbaycana qarşı yaşanan hisslər yaşanmaqdadır. Əvvəlki hakim partiya – Hindistan Milli Konqresi – müəyyənləşdirilmiş çərçivələrə bu və ya digər dərəcədə əməl edirdisə, radikal induist Narendra Modinin hakim komandası düşünür ki, müsəlmanlara nə ölkə daxilində, nə də kənarda yumşaqlıq göstərmək olar. Ekspertlər xatırladırlar ki, Hindistanın hazırkı hakim partiyası elektoratının əhəmiyyətli hissəsini məhz antimüsəlman aksiyaları hesabına toplayıb.

Görünən odur ki, Yeni Dehli artıq hadisələrin gedişində mövqeyinə yenidən baxmağa məcbur olub. Məlum olub ki, Pakistanın «zəif hədəf» sayılması yanlış imiş, real müharibə isə Bollivud filmlərinə çox da bənzəmirmiş. Nəhayət, Hindistanı dünya birliyinin baş verənlərə reaksiyası da düşünməyə vadar etməyə bilməzdi.

 

Narendra Modi nəyi nəzərə almamışdı?

Azərbaycan bu silahlı münaqişənin lap əvvəlindən Pakistanın tərəfində idi. Bakı-İslamabad münasibətlərinin tarixi uzundur. Onların arasında əsl qardaşlıq münasibətləri, müttəfiqlik əlaqələri var. Pakistan Azərbaycanın müstəqilliyini ilk tanımış dövlətlərdəndir və Ermənistanın Azərbaycana qarşı təcavüzü üzündən İrəvanla diplomatik münasibətlər qurmaqdan imtina etmiş ölkədir. Pakistan hökuməti Bakıya İkinci Qarabağ müharibəsi zamanı da birmənalı dəstək verib.

Bakı isə öz növbəsində, Cammu və Kəşmir məsələsində ən ali səviyyədə Pakistana dəstək ifadə edir. Belə bir vəziyyətdə Azərbaycanda istər hökumətin, istərsə də ictimai rəyin Pakistanın tərəfində olması təəccüblü deyil. Əvəzində, Hindistan Azərbaycan mallarına boykot elan edir, turistlərinin Azərbaycana yolunu bağlayacağını bildirir və s.

Pakistanı Türkiyə də dəstəkləyir. Burada söhbət artıq müdafiə nazirləri, Silahlı Qüvvələrin Baş Qərargah rəisləri səviyyəsində görüşlərdən və müzakirələrdən, Pakistan sahillərinə Türkiyə hərbi gəmilərinin göndərilməsindən və s. gedir. Bu, ordusunun gücünə görə NATO-nun ikinci ölkəsi olan Türkiyədir. Onun mövqeyinə rahat şəkildə etinasızlıq göstərmək olmaz.

Banqladeşin mövqeyi isə Modi üçün acı sürpriz olub. Hindistanın bu ölkənin hökuməti ilə ənənəvi yaxın münasibətləri var idi. Üstəlik, onlar məhz İslamabada qarşı dostluq edirdilər. Bu, Banqladeşin artıq sabiq baş naziri Şeyx Xasinin istefasınadək davam edib. Nobel mükafatı laureatı Məhəmməd Yunusun rəhbərlik etdiyi yeni hökumət isə Cammu və Kəşmir məsələsində sanki neytrallıq göstərməyə çalışır. Reallıqda isə o, Hindistanı məyus edərək Pakistanla yaxınlaşma kursu götürüb. Ekspertlər əmindirlər ki, burada Modi kabentinin antimüsəlman siyasəti həlledici rol oynayır.

Bütün bunlar azmış kimi, Pakistanı Çin də dəstəkləyib. Son böhranın ilk günlərindəcə Çinin xarici işlər naziri Van İ pakistanlı həmkarı İshak Dara zəng edib. «Etibarlı dost və strateji tərəfdaş kimi, Çin Pakistanın təhlükəsizliklə bağlı haqlı qayğılarını tam anlayır, onun suverenliyin, təhlükəsizliyin qorunması səylərini dəstəkləyir», - deyə Çin Xarici İşlər Nazirliyinin məlumatına görə Van İ pakistanlı həmkarı ilə söhbəti zamanı bildirib.

Çin-Hindistan münasibətləri yaxşı deyil. Tibet separatçılarının başçısı Dalay Lamaya məhz Hindistan hökumətinin sığınacaq verdiyi Pekinin yadından çıxmır. Onun «iqamətgah»ı Hindistanın Cəvahirləl Nehrunun «casus yuvası» adlandırdığı Dxarmsala şəhərində idi.

Bütün bunlarla yanaşı, Kəşmir ətrafındakı münaqişədə Pekinin öz maraqları da var. Kəşmirin kiçik hissəsi – Aksayçin Pekinin nəzarətindədir. Hindistan Pakistanın Azad Kəşmir bölgəsinə olduğu kimi, Aksayçinə də iddialıdır. Tibetlə Sintszyanı birləşdirən strateji əhəmiyyətli yol isə məhz buradan keçir. Kəşmirin Pakistan hissəsindən, daha dəqiq desək, Gilgit-Baltistandan isə Pekinin «Bir kəmər, bir yol» layihəsinin vacib bəndi olan Çin-Pakistan iqtisadi dəhlizinin keçdiyi məlumdur. Odur ki, Çinin Pakistanı dəstəkləməsi üçün kifayət qədər ciddi əsasları var.

Burada regional rəqabət də öz rolunu oynayır. Hindistan beynəlxalq aləmdə rolunu artırmağa, BMT TŞ-də yer almağa və ümumiyyətlə, özünü «burada əsas bizik» prinsipi ilə aparmağa çalışır. Çin isə görünən odur ki, bölgədə kimin fövqəldövlət olduğunu Yeni Dehliyə xatırlatmaq istəyir. Yəqin ki, sonda Narendra Modini Pakistanla münaqişədə Trampın təşəbbüsündən yapışaraq geri çəkilməyə məhz bütün bu sadalananlar vadar edib. Bu münaqişə ona «kiçik müzəffər müharibə» vəd etmirdi…



MƏSLƏHƏT GÖR:

29