DÖNÜŞ ANI
İran liderinin vacib bəyanatı regional konfiqurasiyanı dəyişə bilər
Müəllif: Namiq H. ƏLİYEV
İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana apreldə etdiyi səfəri əminliklə tarixi səfər adlandırmaq olar. Bu, sadəcə səfər çərçivəsində keçirilmiş görüşlərin səviyyəsi ilə yox, həm də İran liderinin Bakıda səsləndirdiyi bəyanatlarla bağlıdır. Məsələn, bir fikir ilk dəfədir ki, bu qədər yüksək səviyyədə dilə gətirilir: İran Azərbaycanın istər Qarabağ, istərsə də sahibi olduğu digər ərazilər üzərindəki suverenliyini tanıyır. Tehranın bu mövqeyi regional siyasətin konfiqurasiyasını dəyişə biləcək addımdır. Onun yalnız diplomatiya nöqteyi-nəzərindən deyil, ümumi əhəmiyyətini tam anlamaq üçün tarixi faktlara nəzər salmaq lazımdır.
Tarixi fon: bu torpaqlar kimin olub?
XIX əsrin əvvəllərinədək müasir İrəvanın yerləşdiyi ərazi İrəvan xanlığının bir hissəsi kimi, Fars imperiyasının nəzarətində olub. Söhbət tarixi Azərbaycan ərazisindəki iyirmiyədək türk-müsəlman xanlığının birindən gedir. Xanlıq əhalisinin mütləq əksəriyyəti türkdilli müsəlmanlar olub. Bunu yalnız Azərbaycan mənbələri deyil, dövrün rus məmurları və diplomatları da təsdiqləyiblər.
Məsələn, Aleksandr Qriboyedov diplomatik hesabatlarında bildirib ki, ermənilər İrəvanda azlıq təşkil ediblər. Bunu rusiyalı araşdırmaçı Nikolay Şavrov da təsdiqləyib. O, 1911-ci ildə yazırdı ki, 1828-ci ilədək İrəvan və Naxçıvan xanlıqlarında ermənilər əhalinin heç 20%-ni təşkil etməyiblər.
Ermənilərin köçürülməsi: regionda demoqrafik dəyişiklik
Vəziyyət yalnız 1828-ci ildə Rusiya ilə İran arasında Türkmənçay müqaviləsinin imzalanmasından sonra köklü şəkildə dəyişib. Bu sənədin imzalanması ilə İrəvan və Naxçıvan xanlıqlarının ərazisi Rusiya imperiyasının nəzarətinə keçib və bununla da, İran və Osmanlı imperiyasından buraya ermənilərin kütləvi köçürülməsinə start verilib. Müxtəlif qiymətləndirmələrə görə bu ərazilərə yalnız İrandan 40 mindən artıq insan köçürülüb. Bu proses rusiyalı məmurların işlərində detallı şəkildə əksini tapır – Sergey Qlinkanın, İvan Şopenin və elə həmin Nikolay Şavrovun.
Tarixçilər, o cümlədən A.Qriboyedov, N.Şavrov və S.Qlinka Cənubi Qafqaz ərazisinə həmin dövrdə on minlərlə erməninin köçürüldüyünü yazırlar. Bu köçün məqsədi isə aydın idi: imperiyanın həmsərhəd bölgələrində loyal əhalinin formalaşdırılması. Şavrov yazır ki, 1908-ci ildə Qafqazda yaşayan 1,3 milyon erməninin 1 milyondan çoxu oraya süni şəkildə köçürülmüşdü.
Rusiya imperiyası bu yolla regionun etnik tərkibini bilərək dəyişir, cənub sərhədlərində özü üçün rahat demoqrafik reallıq yaratmağa çalışırdı. Məqsəd Qafqazdakı geniş imperiya strategiyasının bir hissəsi kimi, loyal əhalinin formalaşdırılması idi.
Ermənistanın yaranması: tarix əvəzinə geosiyasət
1918-ci il ciddi təlatümlər və radikal dəyişikliklər ili olub. Rusiya imperiyasının çökməsi fonunda, həmçinin inqilab və müharibələrin ardından Cənubi Qafqazda milli dövlətlər yaranmağa başlamışdı. Müstəqil Gürcüstan və Azərbaycanın yaranması tamamilə qanunauyğun hal idisə, süni şəkildə Ermənistan Respublikasının yaradılması zorakılıqlarla müşayiət olunurdu. Qərb erməni dövlətinin yaradılmasında israr edirdi. Bu, ilk olaraq, Şərqi Anadolu ərazisində baş verməli idi. Türkiyə buna qəti etiraz edir, prosesə hərbi müdaxilə ilə hədələyirdi. Bu zaman ortaya alternativ variant çıxır: erməni dövlətinin tarixi Azərbaycan ərazilərində yaradılması. Xarici təzyiqlər, eyni zamanda faktiki olaraq, erməni dəstələri tərəfindən azərbaycanlı əhalinin qətliamı qarşısında qalmış Azərbaycan bu güzəştə getməli olub…
28 may 1918-ci ildə Erməni Milli Şurası keçmiş Erivan quberniyası və Qars vilayəti ərazisində müstəqil respublikanın yaradıldığını birtərəfli qaydada elan edib. Cəmi bir sutka sonra – mayın 29-da isə Azərbaycan Milli Şurası təzyiqlər qarşısında İrəvan şəhərinin (İrəvan xanlığının keçmiş paytaxtı) yeni dövlətin paytaxtı olması üçün ermənilərə verilməsi ilə razılaşıb. Əsas sual: bu qərar nə qədər legitim idi?
Hüquqi ziddiyyətlər: İrəvanın verilməsi niyə qeyri-legitimdir?
Tarixçilər və hüquqşünaslar diqqəti bir neçə ciddi pozuntuya çəkirlər. Birincisi, Azərbaycan Milli Şurasında səsvermə kvorum olmadan keçirilib. İclasda 28 üzvdən yalnız 18-i iştirak edib, halbuki həlledici qərarların qəbulu üçün onlardan ən azı üçdə ikisinin səsi tələb olunurdu. Toplantıya qatılmış 18 nəfərdən qərarın lehinə səs verənlər də 16 nəfər olub. Bundan başqa, protokolda səsvermədə guya 20 nəfərin iştirak etdiyi göstərilir. Bu, faktiki rəqəmin saxtalaşdırılmasıdır. Qəribə hesablamadır.
Bu da son deyil. 1918-ci il iyunun 1-də Şuranın İrəvandan olan 3 üzvü qərara etiraz etsə də, onların etirazına baxılmayıb və bu, sadəcə, protokola əlavə olunub.
Bu faktlar əsas verir ki, İrəvanın Ermənistana verilməsi qərarının xarici təzyiqlər altında, qeyri-sabitlik şəraitində qəbul olunduğu, demək, hüquqi əsasının olmadığı deyilsin.
Batumi müqaviləsi və Ermənistan ərazisinin genişləndirilməsi
1918-ci il iyunun 4-də Batumidə imzalanmış beynəlxalq müqavilədə Ermənistan ərazisinin 8-10 min kvadrat kilometr olduğu bildirilir. Lakin artıq XX əsrin sonlarında bu ərazi az qala 3 dəfə artaraq, 29 743 kvadrat kilometrə çatdırılıb. Buna isə Sovet İttifaqı dövründə Azərbaycanın bəzi ərazilərinin, o cümlədən Zəngəzur və digər rayonların Ermənistana verilməsi ilə nail olunub.
Zəngəzurun verilməsi: xalq iradəsi əvəzinə partiya qərarı
Zəngəzurun Azərbaycandan qoparılması cəhdləri bir neçə dəfə olub. Onlardan biri və əsas məqam 1920-ci ilin noyabrında yaşanıb. O zaman Ermənistanda Sovet hakimiyyətinin qurulması fonunda Xarici İşlər Xalq Komissarlığının rəhbəri Çiçerinin təklifi ilə Naxçıvan və Zəngəzurun Ermənistana verilməsini nəzərdə tutan müqavilə hazırlanıb. Azərbaycan tərəfi buna qəti etirazını bildirdiyindən, məsələ Stalin və Orconikidzenin iştirakı ilə Siyasi Büroda müzakirəyə çıxarılıb. Sonda belə qərara alınıb ki, bu torpaqların Ermənistana verilməsi nə siyasi, nə də strateji baxımdan məqsədəuyğundur.
Lakin 1920-ci il noyabrın 30-da Zəngəzurun Ermənistana verildiyi bəyan olunub. Maraqlıdır ki, qərarı parlament yox, xalq yox, Kommunist Partiyasının orqanı qəbul edib – referendumsuz, xalqın müzakirəsinə çıxarılmadan, hüquqi prosedurlara əməl olunmadar. Yəni İrəvanla bağlı məsələdə olduğu kimi, burada da ərazi dəyişikliyinin legitimliyi sual altındadır.
Yenidən baxılması zərurəti: Azərbaycan bu gün nə edə bilər?
İrəvan, Zəngəzur və digər ərazilərin Ermənistana verilməsi hadisəsi sadəcə, tarixi süjet deyil. Bu, milli yaddaş, hüquqi ədalət, dövlət mövqeyi məsələsidir. Müasir Azərbaycanın 1918-1920-ci illərdə yaşanmış hadisələrə, xüsusilə İrəvan və Zəngəzur daxil, onun ərazisinin bir hissəsinin ermənilərə verilməsinə siyasi-hüquqi qiymət vermək üçün bütün lazımi əsasları var. Yeni regional reallıqları, həmçinin İran Prezidentinin bəyanatını nəzərə alsaq, Bakı Cənubi Qafqazda tarixi ədalətin qiymətləndirilməsi, yanaşmalara yenidən baxılması ilə əlaqədar beynəlxalq diskussiyalara başlanılması təşəbbüsünü irəli sürə bilər. Bu gün Azərbaycan Milli Məclisi 1918 və 1920-ci illərdə qəbul olunmuş qərarların siyasi-hüquqi qiymətləndirilməsi imkanlarını qiymətləndirməlidir. Çünki həmin qərarların xalqın iştirakı olmadan, xarici qüvvələrin təzyiqi ilə, işğal şəraitində qəbul olunduğu məlumdur. Odur ki, həmin qərarlara hüquqi qiymət verilməli, bu yanaşma rəsmi siyasətə çevrilməlidir.
Ədalətin bərpası zaman məsələsidir
Müasir Ermənistanın tarixi təbii proseslərin yox, xarici təsirlərin, geosiyasi oyunların, regionun etnik mənzərəsinin dəyişdirilməsi prosesinin nəticəsidir. Bu gün İranın Azərbaycanın Qarabağ və digər ərazilər üzərindəki suverenliyini tanıdığı şəraitdə regionda yeni mərhələ başlayır. Bu mərhələdə, nəhayət, tarixi həqiqət öz yerini tuta bilər və tutmalıdır.
MƏSLƏHƏT GÖR:





114

