5 Dekabr 2025

Cümə, 09:06

İMTAHAN BİTDİ. HƏYAT İSƏ DAVAM EDİR

Səhvin qiyməti və balı: ali məktəbə qəbul olunmamaq həyatın sonu deyil

Müəllif:

01.06.2025

Azərbaycanda hər il yayın gəlişi yalnız havanın qızması ilə yadda qalmır. O, həm də narahatlıq dolu gözlənti gətirir – məzunlar və onların ailələri həyəcan içərisində qəbul imtahanlarının nəticələrini gözləyirlər. Çoxları düşünürlər ki, bu ballar – rəqəmlər onların gələcəyini müəyyənləşdirir. Təəssüf ki, bu mənada, faciə xəbərləri də alırıq: keçid balını toplamağı bacarmayan yeniyetmələr intihara cəhd belə, edir, bəziləri isə buna nail olurlar. Bu, əlbəttə ki, onların yaxınları üçün ömürlük, dərəcəsi heç bir imtahan şkalası ilə ölçülməyəcək dərdə çevrilir.

2023-cü il Azərbaycanda ən çox intihar halının qeydə alındığı il olub – 620, onlardan 180-i Bakıda, 440-ı ölkənin regionlarında baş verib. Rəsmi statistika intiharların neçəsinin ali məktəbə qəbul imtahanının uğursuz alınması ilə əlaqəli olduğunu göstərməsə də, həl il mediada özünü məhz bu səbəbdən öldürmüş yeniyetmələrlə bağlı xeyli xəbər yer alır.

 

İddia və qorxu həyata güc gələndə

Bəs bu faciələrin arxasında nə dayanır? Bəzən övladı ilə bağlı reallıqdan uzaq arzular qurmuş valideynlərdən qorxu, bəzən yeniyetmənin öz iddiaları, «hamını biabır elədim», «mən heç kiməm» düşüncəsi, bəzən sadəcə, başqa ssenarinin olmaması: 16-17 yaşlı yeniyetmə səmimi olaraq inanır ki, ali məktəbə qəbul olmamaq həyatın sonudur. Həqiqət isə ondan ibarətdir ki, həyatın sonu bu imtahanlardan yığılmış ballara bağlı deyil. Bu, diaqnoz da deyil. Bu, ən pis halda dönüşdür, dalan deyil! Həyatın dəyəri bal sistemi ilə ölçülmür. Həyat «2» alaraq sinifdə qalınacaq yoxlama işi deyil. İmtahan nəticələrindən asılı olmayaraq, hər bir insanın həyatı vacibdir. İş, hobbi, şəxsi məsələlər, sənət, könüllülük, səyahət, təkrar cəhd – bütün bunlar yalnız insanın sağ-salamat olduğu halda mümkün olan alternativlərdir.

Uğurlu insanların bir çoxu ali məktəbə heç də ilk cəhddən qəbul olmayıblar. Bəziləri isə ümumiyyətlə, universitet bitirməsələr də, dünyanı dəyişən insanlara çevriliblər. Albert Eynşteyn: politexnik institutuna imtahandan kəsilib, klerk işləyib, sonda isə bütöv bir elmi dəyişib.

Tomas Edison: dahi ixtiraçı məktəbdə problemlər yaşayaraq, oradan qovulub, lakin ilk növbədə, anasının dəstəyi ilə oxumaqla elektrik lampası daxil, mindən artıq patentin sahibidir.

Uinston Çörçill: Böyük Britaniyanın Baş naziri olmuş bu şəxs təhsildə çətinliklər yaşayıb, hərbi kollecə yalnız üçüncü cəhddə qəbul ola bilib. Lakin sonradan görkəmli dövlət xadiminə çevrilib, Nobel mükafatı belə, alıb.

Stiv Cobs: təhsili yarımçıq ataraq, universitetdən çıxıb. Sonda texnologiya haqda bütün təsəvvürləri alt-üst edib.

Mark Sukerberq: «Facebook» sosial şəbəkəsini yaradıb, bu işi inkişaf etdirmək üçün ikinci kursda Harvard Universitetini atıb. Bu gün onun yaratdığı «Facebook» dünyanın ən nəhəng sosial şəbəkələrindən biridir.

Daniel Ek: «Spotify» axın musiqi xidmətinin yaradıcısı İsveçin Kral Texnologiya Universitetində cəmi 8 həftə təhsil aldıqdan sonra, şəxsi biznesini inkişaf etdirmək üçün oranı tərk edib. Bu gün onun yaratdığı platformadan dünyada milyonlarla insan istifadə edir.

Bütün bu nümunələr göstərir ki, təhsildə uğursuzluq insanın həyatını müəyyən etmir. Unutmaq olmaz ki, hər bir insan unikaldır və uğura aparan yollar müxtəlif ola bilər. Çətinliklərin aşılmasında əsas rolu yaxınların dəstəyi, özünə inam oynayır.

 

Böyüklər nə edə bilər?

Bu məsələdə yeniyetmələrə əsas təzyiq valideynlərdən gəlir. Bu, özünü həmişə açıq ifadələrlə göstərməsə də, onun nəticəsi uşaq üçün məhvedici ola bilər. Valideyn övladını mümkün uğursuzluğa hazırlamağa borcludur. Amma bu, sadəcə, sözlə olmur. Ailədə elə atmosfer yaradılmalıdır ki, imtahanın həyatın zirvəsi yox, sadəcə, bir mərhələsi olduğu anlaşılsın. Elə etmək lazımdır ki, uşağa heç bir halda «ya ali məktəbə qəbul olmalıyam, ya da heç kiməm» düşüncəsi hakim kəsilməsin. Bu düşüncə arzulanandan az yığılmış balı dərsə yox, «həyatın sonu»na çevirir.

Valideyn sevgisi yeniyetmə üçün sarsılmaz dayaq olmalıdır. Bu sevgi heç zaman nəticələrdən, qiymətlərdən və ya kimlərinsə fikirlərindən asılı ola bilməz. Uşaq əmin olmalıdır ki, onu uğurlarına, nailiyyətlərinə görə yox, özünə görə sevir, kim olduğuna görə dəyərləndirirlər. Onun daxili gücü buna bağlıdır.

Bununla yanaşı, uşağa göstərmək lazımdır ki, bu dünya çox böyük, çoxşaxəlidir. Xoşbəxt olmaq, özünü reallaşdıra bilmək üçün heç də hər zaman təhsil vacib deyil. Bunun üçün edilmiş ilk cəhdlər uğursuz alınırsa, bu, dünyanın sonu demək deyil. Bu, hədəfləri yenidən götür-qoy etmək, yeni yollar tapmaq üçün bir fürsətdir. Səhv etmək normal olmaqla yanaşı, faciə yox, təcrübədir.

Uşağı yalız imtahan haqda düşünən, ona hazırlaşan «mexanizm»ə çevirmək olmaz. Unutmaq olmaz ki, onun dərsdən, imtahandan kənar maraqları da var. Şəxsiyyətin formalaşmasına kömək etmək üçün onlara hobbiləri ilə məşğul olmalarında, idmanda, yaradıcılıqda da dəstək olmaq lazımdır. Bu, uğursuzluğun sındırmayacağı bir şəxsiyyətin formalaşması üçün vacibdir. Bəli, ən vacibi hər an uşağın yanında olmaqdır – təzyiqsiz, uşağı sındıracaq gözləntilərsiz. Çətin anlarında onu dinləmək, olduğu kimi qəbul etmək çox önəmlidir. Bu halda uşaq üçün universitetə qəbul olmamaq qorxusu özünü itirmək qorxusu olmur. Çünki onda ailəsi tərəfindən sevildiyinə, imtahan nəticəsinin bu sevgini dəyişə bilməyəcəyinə əminlik yaranır.

Unutmaq olmaz ki, alınan qiymətin, toplanılan balın arxasında dəstəyə ehtiyacı olan bir insan dayanır. Uşaq valideynlərinin gözləntilərini doğrultmayıbsa, gözləntini dəyişmək də olar. Bu, həyatı dəyişməkdən qat-qat yaxşıdır.

Uşaqda narahatlıq yaradan əlamətlər görən heç kim susmamalıdır – nə müəlliflər, nə həkimlər, nə qonşular. Onlar da səhvin həyatın sonu olmadığını göstərməlidirlər. Əgər uşaq uğursuz imtahanın sonunda ciddi narahatlıq keçirməyə başlayıbsa, mütəxəssislərdən yardım istəmək də olar. Ölkədə psixoloji dəstək xidmətləri var və onlar bu vəziyyətdə öz köməklərini göstərməyə hazırdırlar.

 

Bəs həmyaşıdlar?

Bəzən yeniyetməni aldığı qiymətdən, şam süfrəsi arxasında valideynin dərindən nəfəs alaraq «qəbul olmadın» deməsindən çox dostlarının susqunluğu incidir. Dünənədək buterbrodunu səninlə bölən sinif yoldaşın indi sanki səni görmür, çünki sən «imtahandan keçməmisən». Çatda hamı sevinc içərisində universitetlərə dair müzakirələr aparır, sənin mesajlarına isə cavab yoxdur. Bəli, belə də olur.

Yeniyetmələr üçün həyat həm sərtdir, həm həssas. Böyüklər məntiqə, həyat təcrübəsinə əsaslanırlarsa, yeniyetmələrdə belə deyil. Onlar düşünürlər ki, «filankəs qəbul oldu, mən qaldım». Qəbul olunmuş uşaqlar hədiyyələr alır, sosial şəbəkələrdə bu haqda paylaşımlar edir, qəbul olunmayan isə sanki tək qalır. Tamamilə tək. Belə vəziyyətdə həmyaşıdların, dostların dəstəyi çox böyük önəm daşıyır. Onların deyəcəkləri sərt söz, yaxud göstərəcəkləri soyuq münasibət bəzən valideynlərin danlağından daha acı olur. Əgər ailəsi ona sadəcə varlığı ilə dəyərli olduğunu öyrətməyibsə, bu hallar ən ağır nəticələrə aparıb çıxara bilir.

Əslində, həmyaşıdları ona pislik etmək istəmir. Sadəcə psixoloji olaraq «kütlədən fərqlənmək», «daha yüksəkdə olmaq» iddiaları onları büdrəmiş dostlardan uzaq durmağa vadar edir. Susqun qəddarlıq elə budur.

Ona görə də bu haqda açıq və ucadan danışmaq, insanlığı ali məktəbə qəbul olub-olmamağın müəyyənləşdirmədiyini söyləmək lazımdır. Mehribanlıq, sədaqət, çətin anlarda yaxınının yanında olmaq istənilən baldan daha dəyərlidir. Büdrəmiş insana çətin anında dəstək verə bilmək özü ciddi bacarıq, nailiyyətdir. İnsanı insan edən imtahandan aldığı qiymət deyil, çətin anını yaşayan insanla necə davranmasıdır.

 

Həyat davam edir

Psixokorrektor, EMDR-terapevt Afaq Babazadə deyir ki, yeniyetmə imtahandan kəsilərkən heç də həmişə uğursuzluq faktının özündən qorxmur. Onu daha çox bundan sonrası qorxudur. O, valideynlərinin gözlərinə baxmaqdan çəkinir. Sanki bir anda darmadağın olmuş gələcəyindən qorxur. Nə edəcəyini, haraya gedəcəyini bilmədiyi üçün qorxur. Belə anlarda yeniyetmə susa, tənhalığa çəkilə, özünə qapana bilir. Bu susqunluğun arxasında ümidsizlik olur. Bu halda vəziyyətə müdaxilə edilmirsə, ona əl uzadılmırsa, uşaq ən ağır qərarlar belə, verə bilir. Səbəb heç də onun zəifliyi deyil. Sadəcə o, başqa çıxış yolunun qalmadığını düşünür.

- Belə vəziyyətdə valideyn nə edə bilər?

- İlk növbədə, danışmalıdır. Bayağı «canın sağ olsun», «hər şey düzələcək» demək yox, əsl söhbət. Böyük insanlar kimi. Ciddi. Həyat haqda, ağrı haqda, çətinliklər haqda. Valideyn həyatında üzləşdiyi uğursuzluqlarını övladı ilə bölüşməli, özünün də belə hallar yaşadığını göstərməlidir. Üstün mövqedə dayanmadan, dost kimi. Çünki yeniyetmə saxtakarlığı və səmimiyyəti dərhal hiss edir. Valideyn özünü hakim kimi aparmamalıdır. Soruşsun ki, ümumiyyətlə, uşaq niyə universitetə qəbul olunmaq istəyirdi? İndi o nə hiss edir? Bundan sonrası üçün hansı ideyaları var? Təzyiq göstərmək yox, yeni ideyaları birlikdə axtarmaq lazımdır. Hazır cavablar vermək yox, variantlar təklif etməlidir. Yalnız nəticəni deyil, səyləri də dəstəkləməlidir. Nəhayət, uşağa xatırlatmalıdır ki, həyat ballardan, peşədən ibarət deyil. Həyat sağ olmaqdır. Lazımlı olmaqdır. Uşağa göstərmək lazımdır ki, onun varlığı özü dəyərdir və bu heç bir balla ölçülmür. Özünü itirmək çıxış yolu deyil. Bu, yalnız əlavə ağrıdır – hamı üçün. Hər şeyi yenidən düşünmək, yenidən qurmaq, yenidən sınamaq olar.

- Bəs uşaq özünə qapanıb və danışmaq istəmirsə?

- Şirin danışmağa ehtiyac yoxdur. Əksinə, bu, lazım deyil. Böhran yaşayan uşaq rəhmə ehtiyac duymur. Onun diqqətə, marağa ehtiyacı var. Əmələ. Hiss etməlidir ki, onun fikrinin dəyəri var. Bilməlidir ki, ona bir məktəbli kimi yox, insan kimi yanaşılır, etibar olunur. Birlikdə hansısa bir iş görmək də olar – lap sadə, məişət işi. Təriflənəcək nəsə tapmaq lazımdır, amma dərslə bağlı yox. Xarakterlə, əməllə və sairlə bağlı. Uşağı yenidən ailənin həyat ritminə qaytarmaq lazımdır. Unutmaq olmaz ki, yeniyetmə onun əməlinin məyusluq yaratdığını hiss edir. Onun üçün «artıq məni sevmirlər» hissi ikiqat təhlükəlidir. Belə hallarda valideynin monoloqu yox, «mən də səhv etmişəm» kimi etiraflar daha çox işə yarayır. Bəli, mən də hər şeyi düz etməmişəm. Amma buradayam, səninləyəm. Gəl növbəti addımlar haqda birlikdə düşünək. Yardım lazım olsa, mən özüm onu axtarıb tapacağam. Çünki sən mənə lazımsan.

Böyüklərə kömək edə biləcəyini, ailəsinə lazım olduğunu hiss edən yeniyetmə özünü məhv etməz. Çünki onun içində qorxudan güclü olan insanlıq bağı var. İnsanı xilas edən bağ.

 

Qorxudan sonra ümid gəlir

Ölkəmizdə yay yalnız ümid yox, həm də təşviş mövsümüdür. Ballar, siyahılar, gözləntilər, göz yaşları. Rəqəmlərin arxasında insan həyatı dayanır. Ali məktəbə qəbul oluna bilməyən hər yeniyetmə hansısa anda özünü lazımsız hiss edir. Tənha, artıq. Amma ən qorxulu olan kiminsə ali məktəbə qəbul olunmaması deyil. Qorxulusu odur ki, biz böyüklər bəzən uşaqların bizim arzularımızı həyata keçirmək üçün doğulmadıqlarını unuduruq. Onun vəzifəsi yaşamaq, böyümək, axtarışda olmaq, yanılmaq və yenidən cəhd etmək, bizim vəzifəmiz isə bütün bunlar zamanı onun yanında olmaqdır. Qeyd-şərtsiz, məzəmmətsiz. «Görəsən, nə deyəcəklər?» düşüncəsi yaratmadan. İstənilən qiymət müvəqqətidir. İstənilən uğursuzluq düzəldilə bilər. Həyat isə bir dəfə verilir. İnsan həyatından dəyərli nə bal var, nə universitet, nə iddia.

Gəlin, bunu unutmayaq. Mütəxəssis kimi yox, insan kimi. Valideyn kimi. Xilas edə biləcək insan kimi. Sadə sözlərimizlə, isti baxışlarımızla, sadəcə, varlığımızla.

Bəzən yeniyetmənin həyatı seçməsi üçün bu kifayət edir.



MƏSLƏHƏT GÖR:

167