İRƏLİ ADDIM
London sammiti «brexit sərinliyi»ni bir az yumşaltsa da, əsl «isinmə»yə hələ çox var
Müəllif: İrina XALTURİNA
Mayın ortalarında Avropa mediasında 2020-ci ilin yanvarında təşkil olunmuş «brexit»lə ayrılmış Böyük Britaniya ilə Avropa İttifaqının, nəhayət, bir-birinə tərəf addım atmağa başladıqlarına dair başlıqlarla dolu idi. Mayın 19-da Böyük Britaniyanın Baş naziri Kir Starmer, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və Avropa İttifaqı Şurasının rəhbəri Antonio Kosta Londonun mərkəzində yerləşən Lankaster-hausda bir araya gəliblər. Görüşdə məqsəd yaxınlaşmanın rəmzinə çevrilməli olan bir neçə razılaşmanın imzalanması idi. İmzalanması nəzərdə tutulmuş sənədlər arasında müdafiə və təhlükəsizlik haqqında pakt, sərhədlərin təhlükəsizliyi haqda razılaşma, həmçinin balıqçılıq və əczaçılıq, gənclər, işgüzar səfərbərlik və artistlərin qostrol səfərləri, enerji daşıyıcıları ticarəti, karbon tullantılarına görə sərhəd vergisi kimi sahələrdə razılaşmalar var idi.
Bütün bəyanatlar onu göstərir ki, bu razılaşmalardan hər iki tərəf udacaq. Bunun üçün bir neçə ay idi ciddi və qızğın danışıqlar gedirdi. Görünən odur ki, bu əziyyətə dəyərmiş. Hətta London görüşünü artıq tarixi sammit adlandıranlar da var. Hər halda o, London-Brüssel münasibətlərində ən azı yeni səhifənin başlanğıcı sayılır. Ursula fon der Lyayen Kir Starmerlə birgə keçirdiyi brifinqdə bu görüşü məhz belə qiymətləndirib.
Lakin heç də bütün siyasətçilər və müşahidəçilər fon der Lyayen qədər nikbin deyil. Çünki Londonla Brüssel arasında Avropanın əsas əlaqələrinin pozulduğu bəllidir – gömrük ittifaqı, vahid bazar və vətəndaşların sərbəst hərəkəti. Bu məqamlar britaniyalılar üçün əvvəlkitək, «qırmızı xətt» olaraq qalır və bu xəttin keçilməyəcəyi aydındır. Odur ki, aparılan danışıqlar və əldə olunan razılaşmalar çətin ki, sözün əsl mənasında tarixi hadisəyə çevrilsin. Yaxınlaşma başlayıbsa belə (və davam edəcəksə belə), Britaniya ilə Aİ hələ yolun başlanğıcındadırlar. Bununla yanaşı, o da var ki, onların bir-birlərinə qeyd olunan güzəştləri etməkdən başqa yolları qalmamışdı. London sammitinin ən maraqlı və vacib amili də məhz budur.
Birgə müdafiə daha yaxşıdır
Yəqin ki, yaxınlaşmanın ən vacib məqamı müdafiə və təhlükəsizlik sahəsində yeni tərəfdaş münasibətlərinin razılaşdırılmasıdır. Brüssellə London sülhməramlılıq, mülki və hərbi böhranların idarə olunması, dəniz təhlükəsizliyi, kosmik təhlükəsizlik, kiberproblemlər, hibrid təhdidlərlə mübarizə, terrorçuluqla mübarizə, zorakı ekstremizmin qarşısının alınması və s. sahələrdə tərəfdaşlığı möhkəmləndirməyi və inkişaf etdirməyi düşünürlər.
Siyahı öz-özlüyündə kifayət qədər dolğundur. Əsas məqam isə ondan ibarətdir ki, indi Britaniyanın müdafiə sənayesi «Avropada təhlükəsizliyin təmini üzrə fəaliyyət» (SAFE) adlanan 150 milyard funt-sterlinqlik yeni fond çərçivəsində həyata keçiriləcək ticarətdə iştirak edə biləcək. Onu «silah əvəzinə kredit» fondu da adlandırırlar. Bu, faktiki olaraq, Avropanın yenidən silahlanmasının (Aİ-nin büdcəsi ilə möhkəmləndirilmiş) sürətləndirilməsi vasitəsidir. Aİ ölkələri silahlanma sistemi və platformaları yaratmaq, o cümlədən artilleriya mərmiləri, HHM üçün raketlər, dronlar, strateji təyyarələr, süni intellekt sistemləri və s. almaq üçün bu fonddan borc götürə biləcəklər. Götürüləcək vəsait Aİ-nin müdafiə şirkətlərinə xərclənməlidir. Bununla yanaşı, fond prosesə Aİ üzvü olmayan ölkələrin qoşulmasına da imkan verir. İndi o, kifayət qədər nəhəng olan Britaniya müdafiə sənayesi üçün də açıqdır. Xatırladaq ki, yerli müdafiə sənayesi məhsullarının ixrac həcminə görə Britaniya dünyada yeddinci yerdədir. Odur ki, ciddi gəlirlərə ümid edən Aİ-nin müdafiə şirkətləri Britaniyanın BAE, «Rolls-Royce» və «Babcock» kimi şirkətləri ilə rəqabətə girməli olacaqlarından çətin ki, sevinsinlər. Bununla yanaşı, ümumi Avropanın təhlükəsizliyinin çərçivəsi haqda danışsaq, hər şey dəyişir. Belə ki, Böyük Britaniya nüvə fövqəldövləti olmaqla yanaşı, BMT TŞ-nin daimi üzvü və NATO ölkəsidir.
Aİ diplomatiyasının başçısı Kaya Kallas razılaşmanın əldə edilməsini alqışlayaraq bildirib ki, bu, Avropada və ondan kənarda təhlükəsizliyə görə birgə məsuliyyətin göstəricisidir. Müşahidəçilər bildirirlər ki, sözügedən fondun yaradılması faktiki olaraq, dünyada baş verənlərə cavabdır – Ukrayna müharibəsinə, Trampın hakimiyyətə qayıdışı ilə Vaşinqtonun Avropadan öz təhlükəsizliyinə daha çox vəsait və diqqət ayırması tələbini yeniləməsinə və s.
Qalan məsələlər sual altındadır
Britaniya mediası xüsusi vurğulayır ki, London Aİ ilə yeni razılaşmanı Britaniya biznesinin dəstəklənməsi, iş yerlərinin qorunub saxlanması, ərzaq məhsullarının ucuzlaşması, bürokratik süründürməçiliklərin azaldılması üçün imzalayıb. Razılaşmanın 2040-cı ilədək Britaniya iqtisadiyyatına, təxminən, 9 milyard funt-sterlinq qazandıracağı gözlənilir. Bu, əlbəttə ki, ciddi amildir. Lakin aydındır ki, bu məbləğ «brexit»in vurduğu zərəri qarşılamır və bu mənada, qulağa xoş gələn təqdimatdan başqa bir şey deyil. Londonun qərarlarının əksəriyyəti daxili siyasi motivlər və ictimaiyyətin təlabatı ilə bağlıdır. «Brexit» qərarının qəbulu zamanı ölkə faktiki olaraq iki yerə bölünmüşdürsə (Aİ-dən çıxmaq qərarını təxminən 51,9% dəstəkləmişdi), son sorğular bu qərarın yanlış olduğunu düşünənlərin xeyli artdığını göstərir.
«Brexit»in təşəbbüskarı olan partiya ötən il keçirilmiş seçkidə məğlub olub. Onu əvəzləyən Kir Starmerin başçılıq etdiyi leyboristlər hökuməti isə Avropa ilə yaxınlaşma vəd edir. Eyni zamanda, bu «boşanma»nın yaratdığı iqtisadi problemlər də çözülməlidir. «The Guardian» yazır ki, «ğorilərin yaratdığı maneələrin tədricən aşılması seçicilərə göstərməlidir ki, hazırkı kabinet rasional, məsuliyyətli, Britaniya biznesini və istehlakçısını ilk sıraya qoyan hökumətdir». Lakin o da aydındır ki, London vahid bazara, gömrük ittifaqına qayıtmağı, Aİ vətəndaşlarının sərbəst hərəkətinin bərpasını düşünmür və yaxın gələcəkdə bu haqda düşünməyəcək.
Digər yandan daha güclü və böyük incik Avropa da aşkar güzəştlərə getməyəcək. Hər halda, artıq əldə olunmuş razılaşma London üçün çox həssas olan balıqçılıq kimi sahələri də əhatə edir. Eyni sözləri emissiya kvotaları ilə ticarət skemi haqda da demək olar. «The Spectator» nəşri yazır ki, bu, Böyük Britaniyanın sənaye siyasətinə nəzarətin yenidən Brüsselin əlinə keçməsilə nəticələnə bilər. «Reform UK» partiyasının lideri Naycel Farac balıqçılıq sahəsinə dair 12 illik razılaşmanı artıq «sahə üçün hökm» adlandırıb.
Miqrasiya əsas maneədir
Ən ağrılı mövzulardan biri hələ də miqrasiyadır. Bəli, London-Brüssel razılaşmasında qeyri-leqal miqrasiyanın qarşısının alınması üçün birgə həllərin axtarılacağından, o cümlədən La-Manşın keçilməsi ilə birgə mübarizə öhdəliyindən danışılır. Amma bunun təcrübədə nə qədər effektiv olacağı bəlli deyil. Sərbəst hərəkət tərəflər arasında az qala əsas «qırmızı xətt» olaraq qalır. Problem, həqiqətən, ciddi diqqət və həll tələb edir – Britaniyada etniklər tərəfindən törədilən cinayətlər həddindən artıq çoxdur. Ötən ilin avqustunda ölkəni iğtişaşlar dalğasının bürüməsinə də bu səbəb olmuşdu.
Kir Starmer hökuməti bu problemin həlli üçün əlindən gələni edir. Bununla əlaqədar olaraq, 12 may 2025-ci ildə «Ağ kitab» da təqdim olunub. 82 səhifəlik bu proqram sənədində ölkənin miqrasiya qaydalarına yenidən baxılması, onların əksəriyyətinin xeyli sərtləşdirilməsi zərurətindən danışılır. Qeyd edək ki, «brexit» tərəfdarlarının əsas arqumentlərindən biri məhz miqrasiyaya nəzarətin gücləndirilməsi zərurətidir. Lakin ötən dövrdə ölkədə qeyri-leqal miqrantların sayı nəinki azalmayıb, əksinə, artıb. London bu məsələni həll etməlidir: ya Brüssellə birlikdə, ya da təkbaşına. Amma istənilən halda bu, ümumi problemdir.
Fərqli dünya, fərqli tələblər
Britaniya ilə Aİ-nin yaxınlaşması dəyişən dünyada yeni çağırışların göstəricisidir. Görünür, britaniyalıların əksəriyyəti «brexit»in lehinə səs verdikdən sonra keçən dövrdə mövqeyini dəyişib. Həm güclü, həm də zəif tərəfləri olan Aİ özü də dəyişir. Məsələn, indi NATO-dan kənar müdafiə məsələsi aktualdır. Brüsseli Rusiya, Çin və ABŞ ilə münasibətlər (yaxud bu münasibətlərin yoxluğu) də hərəkətə gətirir. 10 il əvvəl Rusiyanın Ukrayna ilə müharibə edəcəyini, yaxud Donald Trampın başlatdığı ticarət müharibəsinin olacağını heç kim ağlından belə, keçirmirdi. Geosiyasi qeyri-müəyyənlik şəraitində bənzər mentalitetləri, dövlət quruluşları, ideologiyaları, problemləri olan, oxşar çağırışlarla qarşılaşmış yaxın qonşuların yaxınlaşmaq qərarı verməsi heç də təəccüblü deyil. Kimin haradan nə qədər balıq tuta biləcəyilə bağlı mübahisələri sakit dönəmlərdə etmək daha rahatdır. Geosiyasi təhdid isə birlik, ilk növbədə də müdafiə və enerji təhlükəsizliyi sahəsində birlik tələb edir. Bu mənada, bu trend həm də yaxşı nümunədir.
MƏSLƏHƏT GÖR:



93

