5 Dekabr 2025

Cümə, 11:28

«FƏRQLİ DİLLƏRDƏ DANIŞIQLAR»

İstanbul danışıqları göstərdi ki, Moskva ilə Kiyevin hədəfləri bir-birinə ziddir

Müəllif:

01.06.2025

Rusiya ilə Ukrayna arasında may ayında İstanbulda aparılmış danışıqlar bir məqamı yenidən ortaya qoyub: tərəflər müzakirələrə tam fərqli niyyət və hədəflərlə qatılır. Ukrayna birdəfəlik atəşkəs tələb edir. Kiyevdə düşünürlər ki, bu, münaqişənin növbəti mərhələsinə daha yaxşı hazırlaşmaq imkanı yaradacaq. Əslində isə tərəflər arasındakı ərazi mübahisələri, çətin ki, birdəfəlik bitsin.

Rusiya isə əksinə, artıq ələ keçirdiyi ərazilərdə möhkəmlənmək istəyir, bu siyasi tələbinin beynəlxalq birlik tərəfindən tanınmasına çalışır. Sadə dildə desək, Moskva nəinki həmin əraziləri əlində saxlamaq, həm də bunun beynəlxalq hüquq baxımından qanuni görünməsinə nail olmaq istəyir.

 

ABŞ-nin xoşuna gəlmək…

Rusiya Prezidenti Vladimir Putin danışıqlarda məhz bu səbəbdən şəxsən iştirak etməyib. O, İstanbula texniki nümayəndə heyəti göndərib. Moskvanın məqsədi barışığın yox, mümkün yekun razılaşma layihəsinin müzakirəsi idi. Söhbət, əlbəttə ki, Rusiyanın əldə etdiyi nəticələri leqallaşdıracaq razılaşmadan gedir.

Ukrayna isə öz növbəsində, ən ali səviyyədə danışıqlara ümid edirdi. Prezident Vladimir Zelenski Türkiyəyə şəxsən səfər edərək göstərmək istəyib ki, onun ölkəsi barışığa mümkün qədər tez nail olunmasına köklənib. Putinin İstanbula gəlməməsi Kiyev tərəfindən Moskvanın əsl danışıqlara hazır olmadığının göstəricisi kimi qiymətləndirilib. Onlar hesab edirlər ki, bu, daha çox sülh prosesi görüntüsü yaratmaq cəhdidir, əslində isə razılığa gəlinməsi ilə bağlı real niyyət yoxdur.

Hər iki tərəf yaxşı anlayırdı ki, bu prosesdə ABŞ Prezidenti Donald Tramp vacib rol oynayır. Bu mənada, həm Rusiya, həm də Ukrayna onun dəstəyinə, yaxın ən azı təqdirinə nail olacağına ümid edirdi. Hər halda, Tramp hələ seçki kampaniyası dövründə bu müharibənin bitməsi üçün çalışacağını vəd edirdi və indi hər iki tərəf özünü ona daha əlverişli şəkildə göstərməyə çalışır. Yəni münaqişə tərəflərinin hər ikisi sülh istəyində daha səmimi olduğunu nümayiş etdirmək istəyir.

Vəziyyəti çətinləşdirən isə danışıqlar prosesinə Ukraynanın avropalı müttəfiqlərinin də qoşulmağa çalışmasıdır. Moskva Avropanın neytral olmadığını deyərək, onun danışıqlarda iştirakını mümkünsüz saysa da, Aİ kənarda qalmağa razı deyil. Fransa, Almaniya, Polşa və Böyük Britaniya kimi dövlətlərdə əmindirlər ki, Moskva ilə Kiyev arasında əldə olunacaq istənilən razılaşma Avropanın ümumi təhlükəsizlik sisteminə təsir göstərəcək. Bu səbəbdən də onlar danışıqlar prosesinə təsir edə bilmək üçün fəaliyyətlərini Ukrayna ilə koordinasiya etməyə çalışırlar.

Trampın münaqişədən kənarda dayanmağa, ona birbaşa müdaxilə etməməyə çalışdığı indiki şəraitdə Ukrayna üçün avropalı tərəfdaşları xüsusi önəm daşıyır. Avropa Rusiyaya münasibətdə Kiyev qədər sərt mövqe göstərməklə yanaşı, Ukraynaya hərbi və iqtisadi yardımları da davam etdirir.

İdealda Ukrayna və Avropa üçün ABŞ-nin özünü Bayden dövründəki kimi aparması daha sərfəli olardı. Məlum olduğu kimi, Bayden administrasiyası Kiyevi birmənalı şəkildə dəstəkləməklə yanaşı, Rusiyanı sərt tənqid edirdi. Bu halda Avropa məsuliyyətin bir hissəsini Vaşinqtonun üzərinə qoya və onunla yenidən vahid cəbhədən çıxış edə bilərdi. Lakin Tramp üçün bü ssenari qəbuledilməzdir: o, «vasitəçi» obrazını itirmək istəmir və bu səbəbdən də, Putinin əməllərindən xüsusi narazılıq bildirmir.

 

Avropanın «öz oyunu»

Baş verənlər fonunda ayrı-ayrı avropalı siyasətçilər Trampı inandırmağa çalışırlar ki, Rusiyanın əməlləri Birləşmiş Ştatların da maraqlarına ziddir. Onların məqsədi Ağ Ev sahibini Ukraynaya daha açıq dəstək verməyə meyilləndirməkdir.

Xatırladaq ki, Avropa Siyasi Birliyinin İstanbulda baş tutmuş Rusiya-Ukrayna danışıqlarından dərhal sonra Tiranada keçirilən sammit zamanı Zelenski Tramp və bir sıra Avropa liderləri ilə görüşüb. Görüşdə mümkün birgə addımlar müzakirə olunub. Məhz bu görüşdən sonra Fransanın dövlət başçısı Emmanuel Makron ABŞ Prezidentinin Putinin əməlləri qarşısında susmayacağına, xüsusilə müharibəyə son qoyacaq danışıqlar təşəbbüsü kontekstində fəaliyyətsiz qalmayacağına əminliyini bildirib.

Amma görünən odur ki, D.Tramp Putin ilə münasibətlərini korlamaq istəmir. Hər halda, onun davranışları göstərir ki, Amerika bundan sonra da «davadan kənar» qalmaq niyyətindədir.

Bununla yanaşı, Tramp danışıqların nəticəsini kifayət qədər nikbin qiymətləndirib: «Müzakirələrin tonu və ruhu əla idi. Belə olmasaydı, bunu açıq şəkildə söyləyərdim. Elə indi. Rusiya bu faciəvi münaqişənin bitməsindən sonra Birləşmiş Ştatlarla miqyaslı ticarət əlaqələri qurmaq istəyir və mən bu ideyanı dəstəkləyirəm. Rusiyanın çox böyük iş yerləri yaratmaq, rifah halını yüksəltmək imkanı var. Onun potensialının həddi-hüdudu yoxdur. Ukrayna da ölkənin bərpası prosesində ticarət münasibətlərinin nəhəng benefisiarı ola bilər. Rusiya ilə Ukrayna arasında danışıqlar tezliklə başlayacaq». Tramp onu da deyib ki, Roma Papası Vatikanın bu danışıqlara ev sahibliyi etməkdə maraqlı olduğunu bildirib.

Görünən odur ki, Kremlin dəlilləri Amerika tərəfini tam qane edir. Bundan başqa, hiss olunur ki, Tramp Rusiya ilə Birləşmiş Ştatlara böyük gəlirlər vəd edən «böyük biznes»ə başlamaq üçün bu münaqişəni tezliklə dondurmaq yox, bitirmək istəyir.

Ümumilikdə, Ağ Ev sahibinin rusiyalı həmkarına münasibətində xüsusi dəyişiklik hiss edilmir. Ukrayna Prezidenti daha əvvəl Trampla telefon danışığı zamanı onun Rusiya lideri ilə ünsiyyətinin nəticələrini maksimum neytrallaşdırmağa çalışsa da, görünən odur ki, istəyinə nail ola bilməyib.

 

Niyə Vatikan?

Bütün yaşananlar içərisində daha bir maraqlı məqam var. Amerika lideri yeni Roma Papasının danışıqların Vatikanda aparılması təklifini israrla dilə gətirir. Güman ki, Vaşinqton yeni Roma Papası XIV Levə (Robert Frensis Prevo) böyük ümidlər bəsləyir. Xatırladaq ki, onun ABŞ ilə dərin əlaqələri var - istər əslinə-kökünə, istərsə də Amerika hökuməti ilə hazırkı münasibətlərinə görə.

XIV Lev 2025-ci il mayın 8-də Papa seçildikdən sonra ABŞ-nin vitse-prezidenti Cey Di Vens ilə görüşüb və vitse-prezident Donald Trampın Ağ Evə dəvətini Papaya çatdırıb. Bununla yanaşı, Vens pontifikə doğma şəhərinin futbol komandası olan «Chicago Bears» klubunun üzərində «Pope Leo» yazılmış XIV nömrəli formasını, həmçinin “Müqəddəs Avqustin” kitabını bağışlayıb. Əvəzində Papa vitse-prezidentə futbol mövzusunda tunc kiçik heykəl və Apostol sarayının fotoalbomunu hədiyyə edib.

Yeri gəlmişkən, Vens özü katolik inancının qatı tərəfdarıdır. Odur ki o, Amerika administrasiyasının başçısı ilə Müqəddəs Taxt-Tac arasında bağlayıcı bənd rolu oynaya bilər. Trampın radikal solçu ideyalarının, o cümlədən eynicinsli nikahların, abort hüququnun tərəfdarlarına qarşı başlatdığı ideoloji müharibə şəraitində xüsusi anlam daşıyır.

Yeni Papanın Tramp administrasiyasının siyasətinin bəzi aspektlərinə yanaşması fərqli olsa da, konseptual məsələlərdə onlar eyni mövqedədirlər. Belə bir vəziyyətdə Tramp Vatikan rəhbərliyindəki dəyişiklikdən Müqəddəs Taxt-Tac ilə yaxınlaşmaq üçün istifadə edə, mühafizəkar dəyərləri yalnız ABŞ-də deyil, ümumilikdə Qərbdə irəli çəkə bilər. Donald Tramp xristianlığın əsaslarına, ruhuna dəstəyini dəfələrlə dilə gətirib, bunu xüsusilə öz siyasi proqramı və dindar seçicilərlə ünsiyyətində qabardıb. Onun Ukrayna məsələsində Vladimir Putinlə avropalı müttəfiqlərindən kənar əlaqə qurması özü də müəyyən mənada dəyərlərlə bağlı ziddiyyətlərlə izah olunur. Digər yandan Vatikanla Qərbin siyasi elitaları arasında liberal dəyərlərlə bağlı fikir ayrılıqlarının olması da faktdır. Bu fikir ayrılıqları xüsusilə XXI əsrdə, Aİ-nin, adətən, ənənəvi katolik cərəyanları ilə ziddiyyət təşkil edən seksual və mütərəqqi normaları önə çəkməsi ilə daha da dərinləşib.

Sadalananları ümumiləşdirərək güman etmək olar ki, Vatikanın Ukrayna böhranına birdəfəlik son qoya biləcək danışıqlar meydanı kimi seçilməsi ən azı Vaşinqton dəyərlər baxımından da vacib əhəmiyyət daşıyır.

Buna Moskvanın reaksiyası isə mənfi olub. Yeri gəlmişkən, xatırladaq ki, Ukraynada Rus pravoslav kilsəsi katolik kilsəsi ilə müəyyən mənada nüfuz savaşı aparır. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Trampın təklifinə Moskvanın münasibətini açıqlayarkən bildirib ki, iki pravoslav ölkəsi olan Rusiya ilə Ukraynanı qəbul etmək, yəni onların müzakirələri katolik meydançasında aparması Vatikan üçün narahat və bir qədər «qeyri-eleqant» olardı. Onun fikrincə, bu ssenari «real deyil».

 

Danışıqlar, yoxsa imitasiya?

Rusiyalı nazirin sülh nizamlanmasının perspektivinə dair digər fikirləri arasında Moskva-Kiyev danışıqlarının ikinci raundunun mütləq baş tutacağına əminliyini önə çəkmək olar. Onun harada və nə vaxt keçiriləcəyi isə hələ dəqiqləşdirilir.

Lavrov Rusiyanın Ukrayna böhranının həllinə dair memorandum üzərində işlədiyini də söyləyib.

Nazir Putinin İstanbula yollanmamasına da müəyyən qədər də olsa, aydınlıq gətirib. O, keçirdiyi mətbuat konfransında bildirib ki, Ukrayna probleminin həllinə dair sənədlərin imzalanmasında Zelenskinin legitimliyi məsələsi həlledici əhəmiyyət daşıyacaq. Belədirsə, heç bir razılaşmanın imzalanmayacağı şəxslə görüşüb müzakirə aparmağın nə mənası var? Hər halda, Kremldə belə düşünə bilərlər.

Nazir Moskvanın Kiyevdən Ukraynanın siyasi mənzərəsini dəyişəcək fundamental qərarların qəbulunu gözlədiyini göstərən bir fikir də səsləndirib: «Dırnaqarası hökumət (Ukraynanın) ümid edirsə ki, hansısa formada atəşkəsə nail olacaq və Ukraynanın qalan hissəsi onların qəbul etdikləri qanunlar əsasında yaşayacaq, bu, xülyadır. Buna heç bir halda yol vermək olmaz».

Amerikanın vasitəçiliyi məsələsinə gəlincə, Moskva bununla bağlı heç bir xülya qurmur. Sergey Lavrov hesab edir ki, Tramp administrasiyası Rusiya ilə dialoqda öz milli maraqlarından çıxış edir, lakin realist olmaq, Vaşinqtonun mövqeyini dəyişdiyi günləri unutmamaq lazımdır. Yəni Moskvada düşünürlər ki, razılaşma ABŞ-nin növbəti, hətta indiki administrasiyasının sonradan təftiş edə bilməyəcəyi bir sənəd olmalıdır. Halbuki, hazırda Avropadan fərqli olaraq, ABŞ rəhbərliyi Ukraynanın ərazi məsələsinin müzakirə edilə biləcəyini açıq şəkildə söyləyir.

Kiyevə gəlincə, gözlənildiyi kimi, onun Lavrovun bəyanatına reaksiyası tam mənfi olub. Bununla yanaşı, Ukrayna işçi qruplar səviyyəsində əlaqələri davam etdirmək niyyətini də açıqlayıb.

Əksəriyyət düşünür ki, tərəflərin mövqelərinin bir-birinə bu qədər zidd olduğu şəraitdə yaxın vaxtlarda prinsipial məsələlərlə bağlı, çətin ki, konsensus əldə edilsin. Demək, Moskva ilə Kiyev arasında danışıqlar keçiriləcəyi məkandan asılı olmayaraq, sadəcə, imitasiyaya çevrilə bilər.



MƏSLƏHƏT GÖR:

129