MÜNAQİŞƏDƏN KONSENSUSA
Cənubi Qafqazda «3+3» formatlı regional əməkdaşlığın potensialı nədən ibarətdir?
Müəllif: Namiq H. ƏLİYEV
Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu günlərdə «3+3» formatlı regional əməkdaşlıq platformasının növbəti nazirlər görüşünün Azərbaycan və Ermənistan paytaxtlarında keçirilməsi təşəbbüsü ilə çıxış edib. O, bu təklifi İrəvana işgüzar səfəri zamanı səsləndirib. Lavrov bildirib ki, Cənubi Qafqazın üç ölkəsini və üç qonşu dövlətləri – Rusiya, İran və Türkiyəni özündə birləşdirən «3+3» formatı regionda sülh, təhlükəsizlik və iqtisadi əməkdaşlığın gücləndirilməsi baxımından böyük potensiala malikdir.
«3+3» dialoq və əməkdaşlıq platforması kimi, nisbətən yenidir. Onun məqsədi postsovet məkanının ən çətin və parçalanmış regionlarından birində gərginliyin azaldılması, birgə inkişaf mexanizmlərinin yaradılması və dayanıqlı təhlükəsizliyin təminidir.
Formata münaqişələr prizmasından baxış
Cənubi Qafqaz regionu ənənəvi olaraq, münaqişə potensialı yüksək, geosiyasi baxımdan parçalanmış bölgə kimi xarakterizə olunur. SSRİ-nin dağılmasından sonra 1990-cı illərin əvvəllərində burada bir neçə kəskin münaqişə başlamışdı və onların fəsadları bu gün də qalmaqdadır. Bu isə təbii ki, «3+3» formatında əməkdaşlığın perspektivinə birbaşa təsir edən amildir.
Ermənistan-Azərbaycan münaqişəsi. Onilliklər boyu o, regionda əsas gərginlik mənbəyi kimi qalıb. Yalnız İkinci Qarabağ müharibəsindən (2020), xüsusilə Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş torpaqlarını 2023-cü ilin sentyabrında azad etməsindən sonra münaqişə de-fakto başa çatıb. Bununla yanaşı, Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyası, Naxçıvana nəqliyyat dəhlizinin açılması və təhlükəsizlik kimi həll olunmamış məsələlər qalır. Bu, onların arasında danışıqlar prosesinin davam etdirilməsi zərurətini yaradır. «3+3» formatı həm də postmüharibə dövründə bərpa və münasibətlərin normallaşdırılması üçün səylərin koordinasiyası platformasına çevrilə bilər.
Abxaziya və Cənubi Osetiya münaqişələri. Gürcüstan 1990-cı illərdən başlayaraq, Abxaziya və Cənubi Osetiyada separatçılıqla qarşı-qarşıya qalıb. Zamanla bu problemlər tammiqyaslı silahlı münaqişəyə çevrilib. 2008-ci ilin avqust müharibəsindən sonra Rusiya bu əraziləri müstəqil dövlət kimi tanıyıb. Tbilisi və dünya birliyinin böyük bir hissəsi isə əks fikirdədir. Bu münaqişələr hələ də Gürcüstanın Rusiyanın iştirak etdiyi formatlara cəlb olunmasına ciddi maneədir. Bu səbəbdən, Gürcüstan «3+3» təşəbbüsündən də uzaq durmağa çalışır. Tbilisidə hesab edirlər ki, bu format Gürcüstanın suverenliyinin nəzərə alınmadığı «yeni geosiyasət»i hamıya qəbul etdirmək cəhdidir.
Geosiyasi rəqabət və xarici aktorlar. Cənubi Qafqaz ənənəvi olaraq, nəhəng fövqəldövlətlərin maraq dairəsində yer alır: Rusiya, Türkiyə, İran, Avropa İttifaqı, ABŞ və Çin. Onların hər biri regiona öz maraqları prizmasından baxır – enerji maraqları, nəqliyyat, hərbi-strateji və s. «3+3» formatı həm də xarici aktorların təsirini məhdudlaşdırmaq, regional idarəçilik mexanizmi yaratmaq cəhdi kimi düşünülüb. Lakin formatın iştirakçılarının özlərinin də maraqlarının toqquşması (məsələn, Rusiya və Türkiyə müxtəlif münaqişələrdə fərqli tərəfləri dəstəkləyirlər) bu hədəfə nail olunmasını xeyli çətinləşdirir.
Beləliklə, regionun geosiyasi konteksti çətin olaraq qalır, eyni zamanda «3+3» formatını məhz bu vəziyyət aktuallaşdırır. Bütün fərqliliklərə baxmayaraq, altı ölkənin ümumi maraqları da var – nəqliyyatda, enerji sahəsində, təhlükəsizlikdə və sərhədlərində sabitliyin hökm sürməsində.
«3+3» formatının hədəfləri və prinsipləri
Formatın yaradılması təşəbbüsünü Türkiyə ilə İran 2020-ci ildə 44 günlük müharibənin başa çatmasından sonra irəli sürüblər. Onun əsas hədəfləri kimi bir neçə istiqaməti ayırmaq olar: 1) təhlükəsizlik və iqtisadi məsələlərdə xarici oyunçuların rolunun azaldılması, regional muxtariyyətin inkişafı; 2) ölkələr arasında inamın gücləndirilməsi; 3) infrastruktur və logistika əlaqələrinin inkişafı (məsələn, Qərbi Zəngəzur dəhlizi, Gürcüstan vasitəsilə nəqliyyat marşrutu); 4) ticarətə, enerji sahəsində əməkdaşlığa, dayanıqlı inkişafa dəstək.
Formatın prinsipləri isə suverenliyə və sərhədlərin toxunulmazlığına hörmət, güc tətbiqindən imtina və regional reallıqlara əsaslanan kompromislərin axtarışıdır.
İqtisadi əməkdaşlıq potensialı
«3+3» formatı siyasi fikir ayrılıqlarının aradan qaldırılması, praqmatik iqtisadi əməkdaşlığa can atılması üçün platforma yaradır. O, Cənubi Qafqazı Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən güclü nəqliyyat-enerji bəndinə çevirə bilər. Gəlin, bu imkanlara nəzər yetirək.
Region Avropa ilə Asiyanı birləşdirməklə, strateji mövqeyə malikdir. «3+3» formatı infrastruktur layihələrinin koordinasiyası mexanizminə çevrilə bilər. Məsələn, Şimal-Cənub, Şərq-Qərb dəhlizləri, həmçinin İran, Ermənistan və Azərbaycan vasitəsilə dəmir yolu əlaqəsi.
Şimal-Cənub dəhlizi Rusiyanı Azərbaycan və İran vasitəsilə Hindistanla birləşdirməyə hesablanıb. Burada istər Xəzər dənizinin limanları, istər dəmir yolu və avtomobil magistralları vacib rol oynayır. «3+3» formatı Rəşt-Astara dəmir yolunun İran ərazisindən keçən hissəsinin tikintisinin sürətləndirilməsinə, həmçinin dəhlizin reallaşdırılması üçün logistik və texniki standartların razılaşdırılmasına da təkan verə bilər.
Şərq-Qərb dəhlizi Çini Mərkəzi Asiya, Qafqaz və Türkiyə vasitəsilə Avropaya birləşdirir. Burada Ermənistan, Azərbaycan və Gürcüstan əsas tranzit ölkələrdir. Bu istiqamətdə dəmir və avtomobil yollarının inkişafı yüklərin daşınma müddətini azalda, ləngimələri aradan qaldıra bilər.
Yeni dəmir yollarının tikintisi və bərpası isə (o cümlədən İran, Ermənistan və Azərbaycan vasitəsilə) alternativ marşrutlar yaradır, ayrı-ayrı ölkələrdən asılılığı aradan qaldırır, regionun nəqliyyat dayanıqlılığını gücləndirir. Bunun potensial effekti özünü tranzitin və ixracın artımında, infrastruktur layihələrinə investisiyaların cəlbində, həmçinin regionun geoiqtisadi əhəmiyyətinin güclənməsində göstərəcək.
Bundan başqa, regionun güclü enerji potensialı da var – Xəzərin neft-qaz resurslarından tutmuş, bərpa olunan enerjiyədək (günəş, külək, su). «3+3» formatı enerji siyasətinin daha da güclənməsinə, enerji təhlükəsizliyinin təmininə töhfə verə bilər.
Neft-qaz sahəsində Rusiya, İran və Azərbaycan nəhəng istehsalçılar, Türkiyə ilə Gürcüstan isə əsas tranzit ölkələrdir. Format çərçivəsində enerji maraqlarının razılaşdırılması münaqişələri azalda, tədarük dayanıqlılığını artıra bilər. Enerji təhlükəsizliyi baxımından tədarük marşrutlarının şaxələndirilməsi, ümumi ehtiyatın yaradılması, qiymət siyasətinin koordinasiyası məqsədəuyğundur. Region ölkələri «yaşıl enerji» sahəsində də birgə layihələri inkişaf etdirə bilərlər. Bu, xüsusilə günəş və külək enerjisinə, həmçinin enerjiyə qənaət texnologiyasının tətbiqinə aiddir. Bu siyasətin nəticəsində enerji resurslarının ixracı arta, gedilməsi çətin olan regionlarda bərpa olunan enerji sahəsi inkişaf etdirilə, xarici aktorlardan enerji asılılığı azaldıla bilər.
Ticarət qaydalarının sadələşdirilməsi, əngəllərin aradan qaldırılması, vahid iqtisadi məkanın yaradılması isə ticarət dövriyyəsinin artımına, yeni xarici bazarların yaranmasına yol açacaq. Məsələn, İran Qafqazla Fars körfəzi ölkələri, həmçinin Rusiya ilə Cənubi Asiya arasında tranzit bəndinə çevrilə bilər. Əngəllərin aradan qaldırılması gömrük prosedurlarının uyğunlaşdırılmasına, tariflərin azaldılmasına, sertifikatlaşmanın sadələşdirilməsinə və s. imkan verəcək. Ticarətdə ümumi standartların tətbiqi, elektron ticarət üçün vahid platformanın yaradılması, birgə inkişaf bankları və ya hesablaşma sistemlərinin qurulması isə qaydaların vahid şəklə salınmasına kömək edəcək.
Bütün bunlar həyata keçirilərsə, effekt özünü çox gözlətməyəcək: qarşılıqlı ticarət dövriyyələri artacaq, hesablaşmalarda milli valyuta daha önəmli mövqe qazanacaq, kiçik və orta biznes üçün yeni bazarlar açılacaq.
Təhlükəsizlik və diplomatiya üçün potensial imkanlar
Etimad platforması. Regiondakı münaqişələrin, xüsusilə Ermənistanla Azərbaycan arasındakı problemin uzun tarixini nəzərə alsaq, format müntəzəm dialoq meydanına da çevrilə bilər.
Böhran əleyhinə mexanizm. Böhranların idarə olunması, sərhədlərdə insidentlərin qarşısının alınması üçün birgə işçi qruplar yaradıla bilər.
Xarici təhlükəsizlik qarantlarından asılılığın azaldılması. Qərb və NATO-nun iştirakı olmadan regional təhlükəsizlik mexanizmlərinin yaradılması mümkündür.
Geosiyasi çağırışlar
Bütün bunlarla yanaşı, beynəlxalq münasibətlərdəki dalğalanmalar formatın reallaşdırılmasında müəyyən çətinliklər də yaradır. Onlar arasında hər şeydən öncə Gürcüstanın bu formatda iştirakdan imtinasına diqqət çəkmək lazımdır. Hazırda rəsmi Tbilisi «3+3» formatında yer almır, çünki onun Rusiyanın siyasətinə legitimlik qazandırdığını düşünür. Bu, əlbəttə ki, formatın potensialını ciddi şəkildə məhdudlaşdırır. Belə ki, Gürcüstan vacib tranzit ölkə və önəmli siyasi oyunçudur.
Daha bir əngəl maraqlar rəqabətidir: Türkiyə, Rusiya və İranın regionda öz strateji maraqları var və bir sıra hallarda bu maraqlar bir-biri ilə rəqabət aparır.
Üçüncü çağırış bəzi münaqişələrdə mövqelərin uzlaşmamasıdır. Dialoq potensialının olmasına baxmayaraq, iştirakçılar arasında fundamental fikir ayrılıqları qalır ki, bu da əməkdaşlığın inkişafını ləngidə bilər.
İnkişaf perspektivləri
Formatın uğurlu inkişafı və fəaliyyəti üçün onun institusionallaşması vacibdir. Başqa sözlə, format qeyri-formal dialoqdan öz katibliyi, qərarların qəbulu mexanizmi, əməkdaşlıq üzrə «yol xəritəsi» olan platformaya çevrilməlidir. Bu isə öz növbəsində, gündəliyin genişlənməsinə imkan yaradacaq: formatda iştirak edən ölkələr humanitar, ekoloji, təhsil layihələri də həyata keçirə biləcəklər.
Daha sonra yeni təşkilat başqa formatlara uzlaşmaqla, uğurlarını daha da artıra bilər. «3+3» mövcud strukturları, məsələn, ATƏT, Aİİ, ŞƏT kimi qurumları tamamlayan bir mexanizm kimi çıxış edə bilər. Lakin heç bir halda onları əvəz etməyə çalışmamalıdır.
«3+3» formatı Cənubi Qafqaz ölkələri və onların qonşuları üçün regional sabitlik və inkişafın məsuliyyətini öz üzərlərinə götürmələri baxımından nadir imkandır. Siyasi əngəllərə və tarixi gərginliklərə baxmayaraq, platforma regionu rəqabət meydanına, əməkdaşlıq zonasına çevirmək potensialına malikdir. Bu təşəbbüsün uğuru tərəflərin siyasi iradəsindən, zirək yanaşmalardan və qarşılıqlı inamsızlığın aradan qaldırılması bacarıqlarından asılıdır.
MƏSLƏHƏT GÖR:



109

