«SƏRSƏRİ FORPOSTUN QAYIDIŞI»
Rusiya xarici işlər nazirinin İrəvana səfəri «maraqlı» bəyanatlarla yadda qalıb
Müəllif: NURANİ
Dünyaca məşhur rəsm əsərləri arasında zamanla ikili məna, istehzalı yanaşma qazanmış bir çox əsər var. Repinin «Volqa yedəkləri», Lev Solovyovun «Rahiblər, səhv yerə gəlmişik», hətta Leonardo da Vinçinin «Mona Liza»sı belələrindəndir. Siyahını uzatmaq da olar. Onların sırasında Rembrandtın «Sərsəri oğulun qayıdışı» əsərinin də yer aldığına şübhə yoxdur.
Bibliya mövzusunda yaradılmış bu rəsmi əsərinin süjeti artıq böyük siyasətdə oynanılır. Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Ermənistana bu günlərdə etdiyi səfər İrəvanın Moskvanın siyasi orbitinə qayıdışı kimi qəbul oluna bilər.
Ermənistan Avropa İttifaqına üzv olmaq fikrindən vaz keçdi
Protokol nöqteyi-nəzərindən hər şey sakit, hər kəs təmkinli idi. Sergey Lavrov ermənistanlı həmkarı Ararat Mirzoyanla görüşür, ardında baş nazir Nikol Paşinyan tərəfindən qəbul olunurdu.
Lakin Lavrovla Mirzoyanın birgə mətbuat konfransında səsləndirilən fikirlər, bəlkə də, səfərin əsas məqsədini ortaya qoyub. Ararat Mirzoyan kameralar qarşısına çıxaraq məyusluq yağan tonla deyib: «Ermənistan Respublikası Avropa İttifaqına üzvlük üçün ərizə verməyib. Bu istiqamətdə danışıqlar da aparılmır və müvafiq olaraq, məsələ aktual deyil».
Bir yandan, bu, elə belə də var. İrəvan Aİ üzvü olmaq üçün Brüsselə heç bir rəsmi kağız göndərməyib. Amma digər tərəfdən həm İrəvanda, həm də Brüsseldə xeyli sayda qərar və qətnamələr qəbul edilib ki, orada «Ermənistan», «Avropaya inteqrasiya» kəlmələrinə rast gəlinir. Məsələn, 2024-cü il martın sonunda Avropa Parlamenti Ermənistanın rəsmi müraciətini gözləmədən, onun Avropaya inteqrasiya səylərinə dəstək qətnaməsi qəbul edib. Sənəddə Avropa Sülh Fondundan İrəvana yardım ayrılmasına çağırış belə, yer alıb. Ermənistanın özünə gəlincə, 2025-ci ilin aprelində ölkədə Aİ-yə üzvlük prosesinə başlanılması ilə bağlı qanun qəbul edilib.
Bütün bunlardan sonra Ararat Mirzoyan tribunaya çıxaraq, düz başa düşülmədiklərini, Ermənistanın Aİ-yə üzv olmağa hazırlaşmadığını bildirir. Burada yəqin ki, xarici siyasətdə hansısa «sərt dönüş»dən danışmağa dəyməz. Ermənistan üçün Avropaya inteqrasiya mövzusu lap əvvəldən məqsədli şəkildə edilmiş seçim yox, siyasi şou olub.
Gözlənilən «avrokapitulyasiya»
İstənilən normal dövlətdə Avropaya inteqrasiya bəyanatlardan, yaxud qanun qəbulundan yox, iqtisadi hazırlıqdan başlayır. Ermənistanın vəziyyətində bu, Rusiyadan asılılığın planlı şəkildə azaldılması, Aİİ və KTMT üzvlüyündən çıxmaq, yalnız bundan sonra «Brüsselə bilet almaq» olmalı idi. Maraqlıdır ki, Avropa Parlamentinin qalmaqallı «Ermənistanın avrointeqrasiya səylərinə dəstək» qərarında ciddi təsir bağışlayan «yol xəritəsi» də yer alır. Brüssel İrəvandan iqtisadiyyatda Rusiyanın rolunun azaldılmasını, Rusiyanın sanksiyalardan yayınmasına köməkliyə son qoyulmasını və s. gözləyirdi. Amma Ermənistanın ən vacib infrastrukturu hələ də praktik olaraq, bu və ya digər formada Moskvanın nəzarətindədir. Söhbət ölkənin dəmir yolları şəbəkəsindən, enerji xətləri və qaz kəmərlərindən, mobil rabitəsindən, əsas generasiya gücündən və s. gedir. Üstəlik, Ermənistan Rusiyadan neft, qaz və emal olunmamış almazı daxili qiymətlərlə alır. Bu gün bu «oksigen yastığı» olmadan, Ermənistan iqtisadiyyatı «nəfəs ala» bilməz. Yəni hazırkı vəziyyətdə «Avropaya inteqrasiya» haqda kəkələmək praktik olaraq, intihardır.
Ekspertlər əmindirlər ki, Ermənistan Qərbdən gözlədiyi dividendləri ala bilməyib. Bundan başqa, ABŞ-də ötən ilin noyabrında keçirilmiş prezident seçkisi Donald Trampın qələbəsi ilə başa çatıb və nəticədə, Ağ Evdə Co Baydenin ermənipərəst administrasiyasının ömrü başa çatıb. Makron, hələ ki, «dözür», amma indi onun başı Ermənistanla müqayisədə daha ciddi işlərə qarışıb. Birincisi, Ukraynaya kömək etmək lazımdır. İkincisi, Aİ Mərkəzi Asiyada fəallıq göstərməyə başlayıb və demək, Azərbaycanla razılığa gəlmək lazım olacaq. Üçüncüsü, Paşinyan Avropa Siyasi Birliyinin Tiranada keçirilən sammiti zamanı Makronun İlham Əliyevə necə yaxınlaşdığını, mehribanlıq nümayiş etdirməyə nə cür çalışdığını görüb.
Nəhayət, Ermənistan Qərbdən əsas gözləntisini – silah tranşını ala bilməyib. Fransa istehsalı olan 50 ədəd «Bastion» zirehli maşını və Avropa fondlarından tibbi çadırlar üçün ayrılmış 10 milyon avro Azərbaycanla münasibətləri korlmağa kifayət edib. Bu, Rusiyanın milyardlıq silah tranşları ilə müqayisəyə gəlmir. İndi görünür, «silah diplomatiyası»nın siyasi fəsadları ilə Moskva məşğul olmalı olacaq. Həm də Azərbaycan trekində.
Lavrovun təhlükəli açıqlaması
Rusiyanın XİN başçısı İrəvanda səfərdə olarkən ciddi fəsadlara yol aça biləcək ən azı iki bəyanat səsləndirib. Belə ki, o, Ermənistanın Azərbaycana məxsus yeddi rayonun işğalı zamanı Rusiya silahlarından istifadə etdiyini təsdiqləyib. «Artıq qeyd etdiyim kimi, Azərbaycana məxsus olduğu mübahisə doğurmayan yeddi rayonun işğalında, istehkamların, cəbhə xətlərinin qurulmasında Rusiya silahlarından istifadə olunub. Bu istehkamlar həmin ərazilərin uzun müddət nəzarətdə saxlanılması planını göstərirdi. Bəzi analitiklər isə deyirlər ki, bu istehkamların xarakteri həmin rayonların, ümumiyyətlə, geri qaytarılması haqda düşünülmədiyini göstərirmiş», - deyə nazir qeyd edib. Üstəlik, o da məlum olub ki, Moskvanın vasitəçiliyi ilə regionun «status»u məsələsi məqsədli şəkildə uzadılırmış və buna səbəb «daxili siyasi vəziyyət» imiş.
Lavrov əslində yeni heç nə deməyib. Ermənistanın Azərbaycana qarşı kimin silahları ilə döyüşdüyünü anlamaq üçün Bakıdakı «Hərbi qənimətlər parkı»nı dolaşmaq kifayətdir. Rusiyadan Ermənistana silah dolu hərbi-nəqliyyat təyyarələri 44 günlük Vətən müharibəsi günlərində də uçurdu. Qarabağda cəmlənmiş hücum silahları Ermənistanın Avropada adi silahlı qüvvələr haqqında Müqavilə kvotası üzrə əldə etməli olduğundan qat-qat çox idi. Və bu silahların hamısı Rusiya istehsalı idi.
Rusiyanın Qarabağın yekun statusu mövzusunu davamlı şəkildə uzatdığı da sirr deyildi. Moskvanın təklif etdiyi həll planı əslində Qarabağın Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaradılmasını nəzərdə tuturdu. Moskvanın 2016-2019-cu illərdə irəli sürdüyü belə planlardan birini Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Rəşid Nurqaliyev «Rossiyskaya qazeta»ya açıqlamışdı. O bildirmişdi ki, «mərhələli həll planı Madrid və Kazan sənədlərində yer almış prinsiplərin əsas götürülməsini nəzərdə tutur. Burada əsas addımlar ilkin mərhələdə işğal altındakı rayonlardan beşinin Azərbaycana qaytarılması və orada beynəlxalq sülhməramlıların yerləşdirilməsi idi. Orada Dağlıq Qarabağa hakimiyyət orqanlarının, özünümüdafiə qüvvələrinin yaradılması hüququnun verilməsi nəzərdə tutulurdu. Dağlıq Qarabağın Azərbaycan tərəfindən blokadasına son qoyulmalı, onunla ticarət-iqtisadi münasibətlər bərpa edilməli idi. İkinci mərhələdə digər iki rayonun Azərbaycana qaytarılması, bununla eyni vaxtda Dağlıq Qarabağın hüquqi statusunun beynəlxalq normalara uyğun keçiriləcək referendumla müəyyənləşdirilməsi nəzərdə tutulurdu. Bununla yanaşı, tərəflərin razılığı əsasında Dağlıq Qarabağla Ermənistan arasında nəqliyyat əlaqəsinin olması üçün Laçın rayonu ərazisində dəhliz yaradılmalı idi». Məlum olduğu kimi, bu plan baş tutmayıb. 44 günlük Vətən müharibəsindən Ermənistanın darmadağın edilməsindən sonra Moskva Soçi danışıqlarında yenə də «Qarabağın statusu» məsələsinin sonraya saxlanılmasına çalışırdı. Bunu Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin də təsdiqlənmişdi.
Lavrov, əslində, «Polişinel sirri»ni açıqlamış olsa belə, Moskva son zamanlaradək xarici siyasətinin bu aspektlərinə ən azı rəsmi səviyyədə diqqət çəkməməyə çalışırdı. Güman etmək olar ki, indi nazir bunu İrəvanın guya Moskvanın «Ermənstanı satması», Azərbaycana Qarabağı öz nəzarətinə qaytarmaq imkan verməsi ilə bağlı ittihamlarını cavablandırmaq xətrinə edib. Amma bir versiya da var: Lavrovun açıqlamaları məhz Azərbaycana ünvanlanıb.
İrəvana gedir, amma Bakını düşünürük?
Bu gün Bakı ilə Moskva arasında münasibətlər heç də ən yaxşı dövrünü yaşamır. Bu vəziyyətin yaranmasının səbəbkarı isə Rusiya tərəfidir. Əvvəlcə Rusiya Hava Hücumundan Müdafiə Qüvvələrinin Qroznı yaxınlığında Azərbaycana məxsus mülki təyyarəni vurması. Moskva hələ də adekvat üzrə ehtiyac duymur, günahkarlar hələ də məsuliyyətə cəlb edilmir. Daha sonra Rusiyanın hökumətpərəst mediasında, həmçinin «YouTube» və «Telegram» kanallarında Azərbaycana qarşı informasiya savaşının başladılması. Bu da son deyil. Bakını hiddətləndirən növbəti addım Azərbaycan Milli Məclisinin deputatı Azər Badamovun Rusiyadan deportasiyası olub. Millət vəkili rəsmi nümayəndə heyəti ilə Moskvadan Həştərxana uçmaq istəyərkən deportasiya edilib. Bu hadisədən sonra Bakı bəyan edib ki, əcnəbi vətəndaşın ölkəyə girişini istənilən dövlət qadağan edə bilər, lakin rəsmi nümayəndə heyətlərinin səfəri diplomatik kanallarla əvvəlcədən razılaşdırılır və belə hallarla bağlı əvvəlcədən xəbərdarlıq olunmalıdır. Bəs niyə olunmayıb?
Təbii ki, Moskvanın hərəkətləri qarşısında cavab addımları da atılır. Məsələn, Azərbaycandakı «Rus evi»nin fəaliyyətinə son qoyulub, Azərbaycan Prezidenti İlham Əliyev 9 May günü Moskvaya səfərdən imtina edib. Amma Rusiyada çoxları hələ də sakitləşmək bilmir. Belə bir vəziyyətlə Lavrovun açıqlamalarının Azərbaycana mesaj olduğu istisna edilmir.
Amma bu mesajın təsiri gözlənildiyi qədər deyil. Birincisi, 2020-ci ilin payızında Rusiya silahlarını daşıyan təyyarələr Ermənistanı hərbi faciədən xilas etmədisə, müharibədən sonra «Qarabağın statusunun sonraya saxlanılması»na cəhdlər onu diplomatik faciədən qorumadı. İkincisi, sonu görünməyən Ukrayna müharibəsini nəzərə alsaq, Rusiya, çətin ki, Ermənistana 5 milyard dollarlıq silah-sursat verə bilsin. Ekspertlər bildirirlər ki, İkinci Qarabağ müharibəsi zamanı Azərbaycanın məhv etdiyi və qənimət götürdüyü silahların dəyəri məhz bu qədərdir. Ən yaxşı halda belə, Ermənistan ordusu Azərbaycanın məhv etdiyi ordunun səviyyəsinə çata bilər.
Belə bir vəziyyətdə Lavrovun bəyanatı daha çox əks effekt verə bilər.
MƏSLƏHƏT GÖR:




98

