5 Dekabr 2025

Cümə, 10:45

DOST QƏFİL DƏYİŞƏRSƏ

Tramp ilə Mask elə bir siyasi şou təşkil ediblər ki, baxmaqdan doymaq olmur

Müəllif:

15.06.2025

Tramp ilə Mask arasında başlamış aşkar mübahisə bir anda dünyanın bir nömrəli xəbərinə, çoxsaylı «mem»lər üçün mənbəyə çevrilərək, bütün digər xəbərləri gündəmdən çıxarıb. Hər halda, bu, canlı efirdə ilk belə hal idi!

Nəhəng hakimiyyətə və imkanlara malik fiqurlar – dünyanın ən qüdrətli ölkəsinin başçısı ilə ən zəngin şəxsi arasındakı onlayn savaşı bütün dünya izləyirdi. Bəli, dünənədək yaxın müttəfiq olmuş bu iki nəfər bir-birlərinə zərrə qədər rəhm etmədən, sosial şəbəkələrində («Truth Social» və X (keçmiş «Twitter») qarşılıqlı ittihamlarla, kəskin fikirlərlə çıxış edirdilər. Mübahisənin gedişində onlar ciddi vəsait itkisi də yaşayıblar («Tesla»nın səhmləri ən azı 14% ucuzlaşıb). Ən əsası isə söhbət, əlbəttə ki, imic itkisindən gedir. Lakin görünən odur ki, bu onların heç birini xüsusi narahat etmir.

Halbuki bunların yaşana biləcəyini göstərən heç bir əlamət yox idi. Mübahisənin başlamasından bir həftə əvvəl Maskın dövlət xidmətində işini başa vurduğu gün tərəflər dost kimi ayrılmışdılar. Hətta Prezident Donald Tramp milyarderə Ağ Evin rəmzi açarını hədiyyə də etmişdi.

Bəzi ekspertlər hesab edir ki, Mask dövlət başçısını tənqid atəşinə tutmaq üçün ideal zaman seçib – hələlik Tramp xarici siyasətdə hər hansı əhəmiyyətli nailiyyət əldə etməyib, MAGA hərəkatında parçalanma müşahidə olunur, Kaliforniyanı isə miqyaslı etiraz aksiyaları bürüyüb. Digər yandan Ağ Evin başçısı artıq seçkidə məğlubiyyət də görüb, impiçment proseduru da, sui-qəsd də. O, dəfələrlə ciddi cinayətlərdə belə, ittiham olunub. Yəni milyarderlə mübahisə Tramp üçün, çətin ki, həlledici hadisə olsun.

 

«Böyük və gözəl qanun»

Tərəflər arasında mübahisənin başlamasına əsas səbəb Donald Trampın dövlət xərclərinin azaldılmasına dair qanun layihəsi olub. O özü bu sənədi «böyük və gözəl qanun» («One Big Beautiful Bill Act») adlandırır. Qanun layihəsi yalnız adi insanlar və korporasiyalar üçün vergilərin azaldılmasını deyil, həm də «Mediaid» kimi vacib sosial proqramlara xərclərin məhdudlaşdırılmasını nəzərdə tutur. Lakin Konqresin büdcə idarəsi qanunun gözəlliyini qiymətləndirməyərək, onu mənfi qarşılayıb. Konqres bəyan edib ki, bu sənədin qəbulu federal defisiti qarşıdakı onillikdə daha 2,4 trilyon dollar artıracaq.

Qanun layihəsini Mask da bəyənməyib. Onun xoşuna gəlməyən dövlət xərclərinin kəskin artırılması olub. Mask qanun layihəsinin «yaşıl» proqramlara, o cümlədən elektromobil alışına görə güşətlərin ləğvini nəzərdə tutmasından da narazı qalıb. Milyarder sənədi «iyrənc əclaflıq» adlandırıb.

Ağ Ev rəhbərinin bu planının əvvəlcədən müzakirə edilib-edilmədiyi məlum deyil. Hər bir halda, Tramp İlon Maskın tənqidindən məyus olduğunu bildirib və «Truth Social» şəbəkəsindəki səhifəsində milyarderin «ağlını itirməsi»nin səbəbinin «elektromobillərə görə vergi güşətlərinin ləğvi» olduğunu yazıb. Daha sonra Prezident əsas kozırlarından olan NASA kartını ortaya atıb. «Washington Post» yazır ki, son illərdə Maskın şirkətləri bu qurumdan müqavilələr, kreditlər və subsidiyalar şəklində ən azı 38 milyard dollar əldə edib. «SpaceX» və «Starlink» layihələrinin bir hissəsi gizli olsa da, milyarderin dövlət sirlərinə çıxışının olduğu məlumdur. Hər halda, onun şirkəti 2020-ci ildən Beynəlxalq Kosmik Stansiyaya yüklər və kosmonavtlar göndərir.

Bütün bunlar bir sıra suallar yaradır. Son dərəcə varlı iş adamı belə, milli təhlükəsizlik məsələlərinə çıxış əldə edə bilərmi?ABŞ hökuməti doğrudanmı Maskın şirkətlərindən bu qədər asılıdır? Yoxsa o, sadəcə bir iş adamı deyil? Bəlkə, «SpaceX» və «Starlink» şirkətləri tam şəkildə ona məxsus deyil? Belədirsə, Tramp ilə Mask arasındakı mübahisə, əslində, kimlərin arasında yaşanır? Bu suallara cavab yoxdur.

ABŞ Prezidentinin qeyd olunan şirkətlərlə dövlət müqavilələrini poza biləcəyini deməsindən sonra Mask dərhal bəyan edib ki, «SpaceX» «Dragon» kosmik gəmilərini istismardan çıxaracaq. Lakin sonradan o, bu təhdidini geri götürüb.

Maskın barəsində danışılmayan başqa zəif tərəfləri də var. Söhbət Çinlə biznesdən gedir. Vaşinqtonla Pekin arasında ticarət mübahisəsi həllini tapmazsa, əksinə daha da dərinləşərsə, «Tesla»nın Şanxaydakı zavodlarının aqibəti necə olacaq? Bu, Trampdan asılıdır…

Mübahisə zamanı çox qalmaqallı bəyanatlar və ittihamlar səsləndirilib. Yəqin ki, onların arasında Tramp üçün ən acı olanı sahibkarın 2024-cü il seçkisi haqda dedikləridir. Milyarder bildirib ki, onun dəstəyi olmasaydı, Tramp seçkidə qələbə qazana bilməzdi. Bu azmış kimi, o, dövlət başçısına impiçment elan olunmasına çağırış da edib.

Mask Trampı 2019-cu ildə baş vermiş Ceffri Epşteyn qalmaqalı ilə əlaqədə də suçlayıb. O, prezidentin adının seksual cinayətlərdə ittiham olunmuş mərhum milyarderlə bağlı hələ də açıqlanmayan hökumət sənədlərində yer ala biləcəyinə eyham vurub. Doğrudur, Mask ortaya bunu sübut edəcək hər hansı dəlil qoymayıb. Əvəzində, Tramp keçmiş müttəfiqini qeyri-peşəkarlıqda günahlandırıb və onun ağlını itirdiyini söyləyib.

Bu arada, Trampın ilk prezidentliyi dövründə administrasiyanın strateqi olmuş Stiv Bennon deyib ki, Cənubi Afrika Respublikasından olan Maskın ABŞ-də yaşaması qanunsuzdur. O, milyarderin deportasiya edilməli olduğunu bildirib. Tramp özü isə CNN-ə açıqlamasında yaxın gələcəkdə Maskla danışmağı planlaşdırmadığını, ümumiyyətlə, «onun haqqında düşünmədiyini» söyləyib, deyib ki, özünün qırmızı “Tesla”sından “canını qurtarmaq” istəyir. Lakin iyunun 9-da Trampla Mask arasında münasibətlərin qaydaya düşməyə başladığı məlum olub. Sonuncu dövlət başçısının Kaliforniyadakı vəziyyətlə bağlı bəzi paylaşımlarına öz sosial şəbəkə səhifəsində yer də verib. Sən demə, onların təmsilçiləri arasında telefon danışığı olub və bundan sonra hər iki tərəf qarşılıqlı ittihamlardan imtina edib.

 

Mübahisənin fəsadları

Bir çox müşahidəçinin fikrincə, Maskın Trampla siyasi ittifaqdan çıxması Ağ Evin təşəbbüslərinin Konqresdən keçməsi imkanlarını xeyli azalda bilər. Məsələn, elə həmin «böyük və gözəl qanun» Nümayəndələr palatasından çox çətinliklə keçib – cəmi bir səs çoxluğu ilə.

Tərəflərin açıq və səs-küylü mübahisəsi Respublikaçılar Partiyası daxilindəki fikir ayrılıqlarını da üzə çıxarıb. «Economist/YouGov» xəbər verir ki, özünü MAGA-da görən respublikaçıların sayı təxminən 49%-dir. Halbuki, bu ilin martında söhbət 60%-dən gedirdi. Ekspertlər hesab edirlər ki, Mask lazım gələcəyi təqdirdə həm Respublikaçılar, həm də Demokratlar partiyasındakı Tramp əleyhdarlarına açıq dəstək, hətta maliyyə dəstəyi verə bilər. Bu, əlbəttə ki, demokratların xeyrinə işləyəcək. Məsələn, onlar Trampın fəaliyyətindən narazı olan respublikaçıları öz tərəflərinə çəkməyə cəhd göstərə bilərlər. Ən əsası isə söhbət Respublikaçılar Partiyasının əsas sponsorlarından olan Maskın qarşı tərəfə keçməsindən gedir.

ABŞ-də çox tezliklə – 2026-cı ildə aralıq seçkisi keçiriləcək. O, ölkədə siyasi balansı əhəmiyyətli dərəcədə dəyişə bilər. Respublikaçılar ən azı Senatda çoxluğu itirmək təhlükəsi ilə qarşı-qarşıyadırlar. Maskın rəhbərlik etdiyi hökumətin effektivliyinin artırılması departamentinin fəaliyyətindən sonra Trampa münasibətin əvvəlkitək qalması təəccüblü olardı. Bu fəaliyyət nəticəsində işdən çıxarılmış dövlət qulluqçuları və məmurların sayı kifayət qədərdir.

Maraqlıdır ki, Mask istər demokratlardan, istərsə də respublikaçılardan narazı olanların cəmləşəcəyi üçüncü partiyanın yaradılmasını mümkün sayır. O, bu ideyaya sosial şəbəkə izləyicilərinin münasibətini də soruşub və 2 saat ərzində 1,3 milyon insan Maska cavab verib ki, onların da 83,2%-i ideyanı dəstəkləyib. Amma əlbəttə, təcrübədə bu, çətin ki, mümkün olsun. Orada hər iki partiyadan olan və hər şeyə rəğmən, bir-birlərini hər zaman yaxşı başa düşən neokonservatorlar cəmləşə bilər. Amma bu özü belə, Amerika cəmiyyətində parçalanmanın hansı səviyyədə olduğunu, həmçinin siyasi elita təmsilçilərinin ifadələrinin və davranışlarının zaman-zaman cəmiyyətdə necə çaşqınlıq yaratdığının göstəricisidir. Ən azı daim göz önündə olan şəxslər haqqında…

Tramp Mask ilə açıq və səs-küylü mübahisəsi ilə tənqidçilərinə əlavə arqumentlər verib. Onlar hesab edirlər ki, bu, prezidentin gələcəklə bağlı doğru proqnozlar verə bilmədiyinin, impulsivliyinin göstəricisidir. Tənqidçilərin fikrincə, Tramp qərarlarını bir çox halda emosiyalarına əsaslanaraq verir, nəticədə, bir çox hallarda qərarını dəyişməyə və ya sözlərini geri götürməyə məcbur olur. Ekspertlər bu üzdən, Vaşinqtonun istər daxildə, istərsə də xarici siyasət arenasında əldə etdiyi razılaşmaların etibarlılığının şübhə doğura biləcəyini düşünürlər. Üstəlik, Ağ Ev sahibi indiyədək geosiyasi baxımdan da hən hansı ciddi uğur qazanmayıb. Bu mənada, onun yalnız Yaxın Şərqə uğurlu səfərini fərqləndirmək olar ki, bu da bəzi dairələr arasında mübahisəli məsələdir.

Ən başlıcası isə görünən odur ki, Tramp başlatdığı beynəlxalq ticarət savaşını uduzub. Yaxud ən azı, onunla əvvəldən düşündükləri hədəflərə çata bilməyib. Tarif bataqlığı, hələ ki, ən çox Amerikanın özünə ziyan vurur.

Bütün bunların fonunda iyunun əvvəlində Kaliforniyada, daha sonra Texasda etiraz aksiyalarına start verilib. Səbəb immiqrasiya xidmətinin ABŞ-ın bir sıra şəhərlərində dövlət başçısının qeyri-leqal immiqrasiya ilə mübarizə qərarı çərçivəsində apardığı reydlərdir. Kaliforniyada iğtişaşların qarşısının alınmasına Milli Qvardiya belə, cəlb olunub. Ağ Evin mətbuat katibi Kerolayn Livitt bunu yerli hökumətlərin köməksiz qalması ilə əsaslandırıb. Kaliforniyanın qubernatoru Qevin Nyusom isə Tramp administrasiyasını məhkəməyə verib. O, prezidenti «hakimiyyəti zorla ələ keçirməkdə» günahlandırır. Şübhəsiz ki, qubernatoru narazı salan məqamlar arasında ştatın maliyyəsinin azaldılması da var. Odur ki, bəzi ekspertlər mitinqlərin Tramp əleyhdarları tərəfindən təşkil olunduğu qənaətindədirlər. Hesab olunur ki, bu aksiyalara «irqi zəmin» də əlavə olunarsa, ölkədə 2020-ci il hadisələrinin təkrarlanması mümkündür.

Ağ Ev komandası isə artıq baş verənlərlə bağlı «qiyam» terminindən istifadə etməyə başlayıb.

 

Əsas qalib Vensdir?

Baş verənlər fonunda bir fiquru da yaddan çıxarmaq olmaz. Bəzi politoloqlar düşünür ki, Maskın əsas hədəfi Trampı «ağsaq ördəyə» çevirmək, ölkəni vitse-prezident Cey Di Vensin idarə etməsinə nail olmaq ola bilər. Vitse-prezidentin Silikon vadisindən olan texnokrat, «PayPal» ödəniş sisteminin yaradıcısı Piter Til ilə əlaqələri hər kəsə bəllidir. Söhbət hər zaman Trampı dəstəkləmiş azsaylı texnologiya sənayesindən gedir. Til Silikon vadisinin texnolibertarian ideologiyaya malik qatı sağçı qanadının əsas simalarından biridir.

Bundan başqa, Maskı Tili lə birləşdirən amillər sırasında onun ölkədə prezidentlik uğrunda yarışa qoşulmasını qadağan edən qanun da var (çünki ABŞ-dən kənarda doğulub). Odur ki, Mask bəlkə də bu yolla hakimiyyət iddialarını reallaşdırmağı da düşünür.  Onun qeyri-standart gedişlər edə, klassik sxemlərdən fərqli düşünə bildiyini isə artıq hər kəs anlayır. Yəni bu halda Mask 2028-ci ildə Ağ Ev uğrunda yarışda Vensə qarşı da gedə bilər.

Milyarder özü yazır ki, onun nüfuzu uzunmüddətli olacaq: «Tramp 3,5 il daha prezident olacaqsa, mən 40 ildən çox burada qalacağam…». O, əvvəlcə Vensi öz tərəfinə çəkmək üçün açıq cəhdlər etsə də, vitse-prezident Trampı dəstəkləyib. Əslində, başqa cür ola da bilməzdi. Ağ Ev sahibinin əleyhinə getmək onun nəyinə gərəkdir? Üstəlik, tərəflər arasındakı savaşdan real zəfərlə çıxa biləcək yeganə şəxs elə Vensidir – gənc, adekvat, texnoloq və investorlardan tutmuş, alimlər və yazıçılaradək kifayət qədər nüfuzlu şəxslərin dəstəklədiyi Vens. Odur ki, vitse-prezident münaqişəyə cəlb olunmasına imkan verməyib və indi ona siyasi hərəkatı qoruyub saxlaya biləcək şəxs kimi baxılır. Bundan başqa, Vens çoxdan prezidentin mümkün varisi kimi qiymətləndirilir.

Daha bir versiyaya görə isə Mask ilə Tramp arasında ümumiyyətlə… heç bir mübahisə yoxdur və onlar tamaşa verirlər. Sadəcə, onun çox sərt alınmasının, çox açıq oynanmasının yaratdığı narahatlıq var. Hətta epitetlər belə, bunu göstərir – «böyük və gözəl qanun»la bağlı «böyük və gözəl savaş», «heyrətamiz qalmaqal», «çətin boşanma» və s. Artıq qeyd olunduğu kimi, bir anda bütün dünyanın diqqəti bu hadisəyə yönəlib. Bəlkə iki dost bu yolla diqqəti nələrdənsə yayındırmağa çalışıb və çalışır? Belədirsə, əlbəttə ki, bu fikirlər geniş müzakirə olunmayacaq və yalnız konspirologiya səviyyəsində qalacaq. İlk ehtimal özünü çox gözlətməyib: «ABŞ Prezidenti Donald Tramp və milyarder İlon Mask mübahisə tamaşasını Ukraynanın «Starlink» süni peyk sistemindən kənarlaşdırılması üçün quraşdırıblar». Amma yox, qalmaqal həqiqidirsə, onun eyni dərəcədə səs-küylü davamı özünü çox gözlətməyəcək. Nə qədər ki, Tramp Ağ Evdədir, o və Mask Nikolay Qoqolun «İvan İvanoviç ilə İvan Nikiforoviçin davası» povestinin personajlarını xatırladacaqlar…



MƏSLƏHƏT GÖR:

100