HƏRB YOLU
Dəmir yolu magistralı Hindistanın geosiyasi strategiyasının bir hissəsi kimi
Müəllif: Samir VƏLİYEV
Ayın əvvəlində Hindistanın baş naziri Narendra Modi hind Kəşmirində strateji əhəmiyyətə malik obyektin açılışına qatılıb. Söhbət Kəşmir vadisini Hindistanın ucsuz-bucaqsız düzənlikləri ilə birləşdirən Çenab dəmir yolu körpüsündən gedir.
Pakistanla bitmək bilməyən hərbi-siyasi gərginlik şəraitində bu hadisə xüsusilə aktualdır. Hindistan Kəşmirdə hərbi-strateji mövcudluğunu gücləndirməyə, burada Pakistana qarşı effektiv plasdarm yaratmaq istəyir. Bəlkə də yalnız Pakistana deyil, həm də Çinə qarşı.
Yeni Dehlinin mübahisəli şimal ərazilərlə bağlı mövqeyi bəllidir. O hesab edir ki, bu torpaqlar keçmiş Hammu və Kəşmir knyazlığının ərazisi olub (Pakistan və Çinin nəzarətindəki ərazilər də daxil olmaqla) və Hindistanın ayrılmaz hissəsidir. Hindistan rəhbərliyinin, xüsusilə də Modinin hazırkı ultramillətçi hökumətinin hədəfi Pakistan Kəşmiri üzərində hüquqi və faktiki nəzarətin ələ keçirilməsidir. Amma bu, ən azı yaxın perspektiv üçün real görünmür. Odur ki, indi bu mövqe daha çox daxili konsensus və xarici siyasi bəyanatlar üçün istifadə edilir. Son dövrlərdə isə Hindistan bu istiqamətdə konkret addımlar da atır ki, bu da Pakistanla hərbi-siyasi gərginliyə səbəb olur.
Yeni Dehlinin geosiyasi planları
2019-cu ildə Hindistan Konstitusiyasının 370-ci maddəsinin ləğvi ilə Cammu və Kəşmiri də ləğv edən Yeni Dehli Kəşmirin özünə aid hissəsinə nəzarəti gücləndirib və bunu «inteqrasiya» addımı kimi təqdim edib. İndi Pakistanın nəzarətindəki Kəşmir Hindistan üçün sadəcə suverenlik məsələsi yox, həm də milli təhlükəsizliyin elementidir. Çinin miqyaslı infrastruktur layihəsi olan CPEC-in (Çin-Pakistan iqtisadi dəhlizi) icra edildiyi Gilgit-Baltistan regionunda mövcudluğu isə Hindistan üçün daha ağrılı məsələdir. Yeni Dehli CPEC layihəsini öz ərazi bütövlüyünə birbaşa təhdid sayır, çünki marşrut mübahisəli ərazilərdən keçir. Bu kontekstdə Hindistanın strateji hədəfi Çin və Pakistanın bu regiona iqtisadi və hərbi təsirini məhdudlaşdırmaqdır.
Hindistan xarici siyasi baxımdan «Azad Kəşmirdə və Gilgit-Baltistanda insan haqlarının pozulduğunu» xüsusi vurğulayır, həmçinin «bu ərazilərə Pakistanın nəzarət etməsinin qeyri-legitim olduğunu» bildirir. O, beynəlxalq forumlarda Pakistan Kəşmirinin ayrıca və ya qanuni inzibati ərazi kimi tanınmasına mane olmağa çalışır.
Bundan başqa, Hindistan nəzarət xətti boyunca hərbi mövcudluğunu artırır, kəşfiyyat infrastrukturunu inkişaf etdirir və CPEC layihəsinə qarşı diplomatik kampaniya aparır. Eyni zamanda o, parlamentin qəbul etdiyi qətnamələr və rəsmi xəritələrə istinadla hüquqi və siyasi ritorika formalaşdırır – hər imkanda Azad Kəşmirlə Gilgit-Baltistanın Hindistan ərazisi olduğunu deyir.
Modinin regiona səfərinə və orada dəmir yolu layihəsinin reallaşdırılmasına məhz qeyd olunan proseslər prizmasından baxılmalıdır.
İddialı hədəflər üçün iddialı layihə
Kəşmiri Hindistanın cənubundakı geniş ərazilərlə birləşdirəcək dəmir yolu Hindistan hökumətinin tabeliyində olan Hindistan Dəmir Yollarının («Indian Railways») tərəfindən idarə ediləcək. Dəmir yolu magistralının özü dünyanın ən çətin traslarından biridir. Uzunluğu 272 kilometr olan yol Cammu regionunun Udhampur qarnizon şəhərindən başlayır və Hindistan Kəşmirinin əsas şəhəri olan Srinaqardan keçir. Onun son nöqtəsi Himalay regionunu Hindistanla Pakistan arasında bölən, son dərəcə hərbiləşmiş nəzarət xəttinin yaxınlığındakı Baramulla şəhəridir. Hindistan hökuməti layihəni 5 milyard dollar qiymətləndirir. Rəqəmin bu qədər yüksək olması təsadüf deyil. 36 tunel və 943 körpüdən keçən dəmir yolu çətin dağlıq ərazilərdə salınıb. O, yalnız insan və yük daşımaları üçün yox, həm də hərbi bölüklərin yerdəyişməsində istifadə olunacaq. Əvvəllər bu, yalnız çətin dağ yolları və hava ilə mümkün idi.
Layihənin əsas elementlərindən biri Çenab sayı üzərində salınmış, polad və betondan qurulmuş, uzunluğu 1315 metr olan körpüdür. O, iki dağı 359 metr hündürlükdə tağ vasitəsilə birləşdirir. «Indian Railways» onu Parisin hündürlüyü 330 metr olan Eyfel qülləsi ilə müqayisə edir. Qurum nümayəndələri deyirlər ki, körpü 120 il işləyəcək və saatda 260 kilometr sürətlə əsən külək daxil, ən çətin hava şəraitinə dözəcək.
Hindistanın baş naziri körpünün açılış mərasimi zamanı «Vande Bharat» adlı bir neçə qatarın hərəkətə başlamasına da şahidlik edib. Onlar Cammunun Srinqar və Katra şəhərləri arasındakı yolu təxminən 3 saata qət edəcəklər. Halbuki əvvəllər bunun üçün 6-7 saat zaman tələb olunurdu.
Bu, Modinin Hindistanın nəzarətində olan Kəşmirə ölkəsi ilə Pakistan arasında bu iki nüvə dövlətini az qala tammiqyaslı müharibəyə sürükləyən son münaqişədən sonra ilk səfəridir. O zaman qarşıdurmaya səbəb hindistanlı turistlərdən ibarət qrupun bu ərazilərdə məskunlaşmış radikal qruplaşma üzvləri tərəfindən güllələnməsi olmuşdu. İnsident nəticəsində 26 turist dünyasını dəyişmişdi.
Məlumdur ki, münaqişənin gedişində Hindistan tərəfi bir neçə hücum təyyarəsini itirmiş və sonradan o, bunu rəsmən etiraf da etmişdi. Sonda Pakistanın əməliyyatları Yeni Dehlini barışıq addımı atmaq məcburiyyətində qoymuşdu. Görünür, Hindistan hökuməti bu qarşıdurmadan dərs çıxarmaq qərarına gəlib. Hər halda, onlar qarşıdurma bitər-bitməz, müdafiə mövqeləri sisteminin möhkəmləndirilməsi işlərinə başlayıblar və bu işlər çərçivəsində müvafiq infrastruktur obyektlərinin tikintisi də nəzərdə tutulur. Qeyd edilən dəmir yolu məhz bu vacib infrastrukturlardan biridir.
Din bəhanəsi
Kəşmirin Hindistanın nəzarətində olan ərazisindəki silahlı qruplaşmalar 1989-cu ildən Yeni Dehli ilə idarəçilik uğrunda mübarizə aparır. 2019-cu ildə Cammu və Kəşmir ştatının ləğvindən və ərazinin birbaşa Yeni Dehliyə tabe olunmasından sonra bu mübarizə daha amansız xarakter alıb. Kəşmirdə yaşayan müsəlmanların əksəriyyəti Narendra Modinin siyasətinə qarşıdır. Onlar ərazinin ya Pakistana birləşdirilməsi, ya da müstəqil olmasını tələb edən yaraqlıları dəstəkləyirlər.
Hindistan bu silahlı qruplaşmaların Pakistan tərəfindən dəstəkləndiyini iddia etsə də, bunu birmənalı şəkildə təsdiqləyəcək hər hansı sübut yoxdur. İslamabad özü ittihamları rədd edir, onları uydurma adlandırır və hesab edir ki, belə iddiaların irəli sürülməsində məqsəd «Pakistanın Hindistana qarşı təcavüzü» mövzusunu qabartmaq, İslamabadın «Kəşmir separatçılarını dəstəklədiyi» düşüncəsini yaratmaqdır. Nəticədə, Yeni Dehli Pakistana hərbi-siyasi təzyiqlər göstərməyə çalışır. O, bu işdə xarici qüvvələrin maraqlarından istifadə etməyə də hazırdır.
Son zamanlar Hindistan Pahalqamda törədilmiş terror aktının (22 aprel 2025-ci il) ardından baş vermiş eskalasiya fonunda Kəşmirdə hərbi mövcudluğunu əhəmiyyətli dərəcədə artırıb. «Sindur» əməliyyatı çərçivəsində Cammu və Kəşmir bölgəsinə (əsasən Axnoor sektoruna) «T-72» tankları, HHM vasitələri, artilleriya və piyada qoşunları cəlb olunub. «Amarnath Yatra» ziyarəti ərəfəsində isə əraziyə radio və siqnal boğucularından, pilotsuz uçuş aparatlarından və kinoloqlardan istifadə edən Mərkəzi Silahlı Qüvvələrin (CAPF) çoxsaylı bölmələri gətirilib.
Cammu və Kəşmir ştatının dağlarındakı mağarada yerləşən, hindlilərin ziyarətgahı olan Amarnatha zəvvarlar iyunun sonu, avqustun əvvəllərində axın edir. Həmin günlərdə oraya bütün Hindistandan yüz minlərlə dindar üz tutur.
Hindistanın cəmi bölgələrindən minlərlə inanclı insanı cəlb edən, Cammu və Kəşmir ştatının dağındakı Amarnath müqəddəs yerinə ziyarət, iyunun sonlarından avqust ayına qədər baş tutur. Məbəd Şiva tanrısına həsr olunub və onun buz stalagmiti müqəddəs linqam (Şivanın simvolu) hesab olunur.
Hindistan-Pakistan gərginliyi və etnokonfessional münaqişə şəraitində bu zəvvarlıq yerli əhaliyə çağırış kimi qəbul olunur.
Mağaraya yol 3800 metr hündürlükdəki çətin dağ yolu ilədir. O, əhalinin sıx yaşadığı məntəqələrdən keçir. Söhbət bölgənin müsəlman çoxluğunun yaşadığı ərazilərdən gedir. Odur ki, burada tərəflərdən hər hansının istənilən ehtiyatsız söz və ya hərəkəti ciddi qarşıdurmaya və daha bir münaqişəyə yol aça bilər. Hindistan hökuməti bu zəvvarlığa yalnız dini mərasim kimi yox, həm də hindlərin regionda mövcudluğunun rəmzi kimi yanaşır ki, bu da gərginliyə daha bir səbəbdir.
Bir sözlə, Yeni Dehli bölgəyə CAPF hissələrini bu dini tədbirdə zəvvarların müdafiə olunması zərurətini bəhanə edərək göndərib. İlk dəfədir ki, təhlükəsizlik tədbirlərinə, kritik infrastrukturların qorunmasına təxminən 4 min keçmiş əsgər də cəlb olunub. Pakistanla nəzarət xəttinə isə «Sindur» əməliyyatı çərçivəsində hərbi qruplar yerləşdirilib.
Sabah müharibə başlayarsa…
Müşahidəçilər Hindistan tərəfinin əməllərinə Pakistanla növbəti, bəlkə də daha miqyaslı silahlı qarşıdurmaya hazırlıq kimi baxmağa daha çox meyillidirlər. Media yazır ki, Yeni Dehli uzaqmənzilli hava hücumundan müdafiə sisteminin yaradılması işini də tezliklə başa çatdırmağa, artıq gələn il bunun üçün lazım olan bütün avadanlıqları əldə etməyə çalışır. Söhbət Rusiya ilə 2018-ci ildə imzalanmış 5,5 milyard dollarlıq razılaşmadan və 5 ədəd «Zəfər» S-400 HHM sisteminin sonuncu iki batareyasının alınmasından gedir.
Beləliklə, Hindistan özünün regional HHM qalxanını əhəmiyyətli dərəcədə gücləndirəcək və 400 kilometrədək məsafədə təyyarələr, dronlar, raketlər daxil olmaqla, hava təhdidlərini izləmək və məhv etmək imkanı qazanacaq.
Kəşmir dəmir yolu Hindistanın hərbi hazırlıq layihəsinin yalnız bir hissəsidir. Yerli mətbuat bu mənzərəni ən parlaq ifadələrlə təqdim edir, hökumətin bu istiqamətdə miqyaslı addımlar atdığını yazır, lakin bir reallığı unudur. Mümkün hərbi qarşıdurmaya hazırlaşan tək Hindistan yox, həm də Pakistandır. Üstəlik, İslamabad da buna heç də pis hazırlaşmır. Yeni Dehlinin son əzələ nümayişi cəhdi zamanı aldığı cavab buna ən parlaq nümunədir.
Yollar isə ilk növbədə insanlara, onların həyatının yaxşılaşdırılmasına, regionun inkişafına xidmət etməlidir. Kimlərsə bunu anlamırsa, həyat və təcrübə adətən yaxşı dərs verir.
MƏSLƏHƏT GÖR:




94

