5 Dekabr 2025

Cümə, 12:10

NAVROTSKİNİN ZƏFƏRİ

Polşalılar yenə mühafizəkar prezident seçdilər

Müəllif:

15.06.2025

Polşada keçirilmiş prezident seçkisində mühafizəkar və avroskeptik Karol Navrotski qalib gəlib. Bu, yalnız Polşa üçün deyil, ümumavropa üçün də əhəmiyyətli hadisədir. Çünki Avropada ənənələrin tərəfdarları ilə inkarçıları arasında amansız mübarizə davam edir.

 

Liberal Tusk iflasın astanasında

Qdanskdan olan 42 yaşlı tarixçi, müxalifətçi millətçi-mühafizəkar «Hüquq və Ədalət» partiyası (HvƏ) tərəfindən dəstəklənən Karol Navrotski prezident seçkisini iyunun 1-də keçirilmiş ikinci turda qazanıb. Seçici fəallığının 71,63% olduğu seçkidə o, səslərin 50,89%-ni qazanıb. Navrotskinin rəqibi, liberal «Vətəndaş platforması» partiyasının namizədi, Varşavanın meri Rafal Tşaskovskini 49,11% seçici dəstəkləyib. Bu, Tşaskovskinin prezident seçkisində üzləşdiyi ikinci məğlubiyyətdir; 2020-ci ildə o, mühafizəkar Anjey Dudaya məğlub olmuşdu. Navrotski prezident kürsüsündə Dudanı avqustun 6-da əvəzləyəcək – yeni dövlət başçısının inauqurasiya mərasimi məhz onda keçiriləcək.

Seçkinin simvolik nəticələrindən biri kimi, ultrasağçı qüvvələrin mövqeyinin əhəmiyyətli dərəcədə güclənməsini göstərmək olar. Seçkinin mayın 18-də keçirilmiş ilk turunda üçüncü və dördüncü yerləri müvafiq olaraq, Yeni Ümid Partiyasının namizədi Slavomir Mentsen ilə «Polşa Tacı Konfederasiyası»nın təmsilçisi Qjeqoj Braun tutmuşdular. Onlar müvafiq olaraq, 14,8 və 6,3% səs toplamışdılar. Bu, ümumilikdə 21% deməkdir (ilk turda seçici fəallığı 67%-dən çox idi). Bu fakt Polşada elektoratın sağa meyilləndiyini göstərir ki, Navrotskinin zəfəri də bunun nəticəsidir.

Seçkidən dərhal sonra Navrotski ümumilikdə sağçı cəbhəni narahat edən problemi bir daha gündəmə gətirib. O, «Polşada vətənpərvər düşərgəni, qeyri-leqal miqrantların olmadığı normal Polşa arzulayan insanları birləşdirəcəyini» bildirib. İkinci turun nəticəsi əslində elə «vətənpərvərlərin birləşməsi»nin nəticəsidir. Söhbət Polşaya miqrant axınının artmasını qəbul etməyən toplumdan gedir. Navrotski Mentsen və Braunun tərəfdarlarının əksəriyyəti tərəfindən də dəstəklənib və “Hüquq və Ədalət” partiyasının (HvƏ) namizədi belə qələbə qazanıb.

Buradan belə çıxır ki, Polşada mühafizəkar prezident ilə liberal hökumət arasında qarşıdurma davam edəcək. Navrotski vəzifəsini tərk edəcək prezident Dudanın siyasətini davam etdirmək niyyətini açıq şəkildə dilə gətirir. Qeyd edək ki, Duda veto hüququndan istifadə edərək, Donald Tuskun başçılıq etdiyi hökumətin bir çox qanunvericilik təşəbbüsünü bloklayıb. Polşada siyasi sistemin əsas xüsusiyyəti özünü məhz bu bloklamalarda göstərir.

Polşa parlament respublikasıdır və prezident ümumxalq səsverməsi ilə seçilsə də, onun daxili və xarici siyasətdə səlahiyyətləri məhduddur. Lakin o, bir önəmli səlahiyyətə malikdir – Polşa prezidenti parlamentin qəbul etdiyi qanunlara veto qoya, bununla da, hökumətin onu qane etməyən siyasətinin qarşısını ala bilir. Prezident vetosunu aşmaq üçün parlamentdəki deputatların üçdə ikisinin səsi tələb olunur. Lakin Tusk hökuməti qanunverici orqanda bu qədər deputata malik deyil: Seymə hazırkı koalision çoxluq 245-248 deputatdan ibarətdir ki, ümumilikdə qanunverici orqanda 460 deputat var. Odur ki, «Vətəndaş platforması» partiyasının liberal hökuməti abortlar haqqında qanunun yumşaldılması, həmcinslər arasında nikaha icazə verilməsi, Ukraynanın NATO-ya qəbulu kimi qərarlarını reallaşdıra bilməyib. İndi aydındır ki, Navrotski də Duda kimi, hökumətin bənzər niyyətlərini gerçəkləşdirməsinə mane olacaq.

Bundan başqa, Navrotskinin hökumət və parlamentdəki çoxluğun qərarlarını əngəlləyəcəyini vəd etməsi ilə Tusk koalisiyasının taleyi özü də sual altına düşüb. Son prezident seçkisi də 2023-cü ildə keçirilmiş parlament seçkisindən sonra hakimiyyətə gəlmiş hökumətin populyarlığının azaldığını göstərib. İndi Navrotskinin qələbəsindən sonra onu dəstəkləyən “HvƏ” partiyası Tuskun hökumətin başından kənarlaşdırılması üçün müxtəlif üsullara əl ata, müxtəlif siyasi proseslər başlada bilər: etimad səsverməsindən tutmuş, parlamentin buraxılmasına, növbədənkənar parlament seçkisinin keçirilməsinədək.

HvƏ lideri Yaroslav Kaçinski əbəs yerə deməyib ki, prezident seçkisinin nəticəsi hökumətə göstərilmiş «qırmızı vərəqə»dir. Onun fikrincə, bu nəticədən sonra hökumət «istefaya getməlidir». HvƏ bu istəyinə nail olmaq üçün koalisiyanın ən mühafizəkar hissəsi olan Polşa Kəndli Partiyasının deputatlarını hökumətin əleyhinə olan düşərgəyə cəlb etməyə çalışa bilər. Bu partiyanın 28 nümayəndəsi Seymin spikeri Şimon Xolovnyanın başçılıq etdiyi «Üçüncü yol» blokundan deputat seçiliblər. Xolovnya özü prezidentlik uğrunda yarışa qatılsa da, ilk turda cəmi 5% səs qazanıb. İndi «kəndlilər»in siyasi çəkilərini qoruyub saxlamaq üçün HvƏ və digər sağçı qüvvələrlə ittifaqa gedəcəkləri istisna deyil. Bununla yanaşı, hökumətin istefaya gedəcəyi təqdirdə HvƏ ilə ultrasağçı «Konfederasiya»nın koalisiya yaratması ehtimalı da var.

Yox, Navrotski ilə Kaçinski hakim koalisiyanı heç cür dağıda və ya növbədənkənar seçkiyə nail ola bilməsələr, Polşanı prezident-hökumət qarşıdurmasının davamı gözləyir. Bu halda ikihakimiyyətlilik 2027-ci ilin payızında keçirilməsi nəzərdə tutulan növbəti parlament seçkisinədək davam edəcək.

İstənilən halda, Polşa ictimaiyyətinin iki hissəyə parçalandığı reallıqdır. Hazırda qələbəni çox cüzi üstünlüklə (1,5%) mühafizəkarlar bayram edir. Bəs HvƏ ətrafında birləşmiş siyasi qüvvələr bu qələbəni möhkəmləndirə biləcəkmi? Bu sualın cavabı istər yeni prezidentin və onun arxasında dayanan sağçı düşərgənin siyasi iradəsindən, istərsə də prezident seçkisində məğlubiyyətlə üzləşmiş hakim koalisiyanın gücünü bərpa etmək bacarığından asılı olacaq.

 

«Öncə Polşa»

Hökumətlə yeni seçilmiş pezident arasında qarşıdurmanın davam edəcəyi təqdirdə bu, özünü Polşanın xarici siyasi kursunda da göstərəcək. Ölkə bundan sonra da birmənalı olaraq, qərbpərəst mövqedə olacaq. Lakin Navrotski avropapərəst deyil, amerikapərəst kursun tərəfdarıdır. O, ABŞ-nin dövlət başçısı Donald Trampa loyal münasibətilə də tanınır. Navrotskinin seçki şüarı da «Öncə Polşa, öncə polşalılar» olub ki, bu, Trampın «Əvvəlcə Amerika» şüarını xatırladır (amma sonuncu bu şüarı Birləşmiş Ştatlara 1913-1921-ci illərdə rəhbərlik etmiş Vudro Vilsondan götürüb).

Avropanın bir çox ölkəsinin liberal liderini qəbul etməyən Tramp, eyni zamanda mühafizəkarlara, millətçi mövqeli siyasətçilərə rəğbətini gizlətmir. Bu mənada, gözləmək olar ki, Ağ Ev «Polşa siyasəti»ndə üstünlüyü Avropa İttifaqı elitası ilə sıx bağlı olan Tuskun hökumətinə deyil, prezident Navrotskiyə verəcək. Navrotski isə öz növbəsində, Polşa ilə ABŞ arasında strateji əməkdaşlığı möhkəmləndirmək niyyətindədir. Bu, özünü Polşa ərazisində Amerika qoşunlarının sayının artırılmasında, Varşavanın NATO-nun şərq cinahında ABŞ-nin əsas müttəfiqinə çevrilməsində göstərə bilər.

Müvafiq olaraq, Varşava-Brüssel münasibətlərində müəyyən soyuqlaşma da istisna olunmur. Üstəlik, bu proses Navrotskinin anonsunu verdiyi hadisə – Polşanın Aİ-nin miqrasiya paktından birtərəfli imtinası ilə məhdudlaşmaya bilər. Qeyd edək ki, o, belə qərara gəlməsini sənədin maddələrinin dəyişdirilməsi zərurəti ilə əsaslandırır. Yeni seçilmiş prezident hesab edir ki, oraya «Polşadakı əcnəbilərin inteqrasiyası əvəzinə qeyri-leqal miqrantların deportasiyası haqqında» maddə salınmalıdır.

Avroskeptiklikdə Dudanı açıq-aşkar geridə qoyan Navrotskinin dövründə Polşanın Brüssel üçün Viktor Orbanın Macarıstanı və Robert Fitsonun Slovakiyası kimi başağrısına çevriləcəyi də istisna deyil. Amma Varşava ilə Brüssel arasında dialoq həhihətən də ciddi qarşıdurma mərhələsinə keçsə belə, bunun Aİ üçün «macar» və ya «slovak» təcrübəsinin təkrarı olacağını gözləməyə dəyməz. Çünki Polşa Aİ və NATO-ya daxil olan bir çox ölkədən daha Qərbpərəstdir. Onun regionda Qərbin əsas istehkamına çevrilmək istəyi də buradan irəli gəlir. Polşa istəyir ki, o, bölgədə sadəcə Avratlantik strateji xəttə uyan yox, həm də ona yön verən dövlətə çevrilsin. Bu amil Varşavanın Rusiya-Ukrayna müharibəsinə münasibətində də özünü göstərir.

Bəli, Navrotski Ukraynanın NATO-ya qəbulunun əleyhinədir, Kiyevin tezliklə Aİ-yə üzv olmasını istəmir (yeri gəlmişkən, onun bu məsələyə münasibəti də Trampın yanaşması ilə üst-üstə düşür). Lakin o, Ukraynaya yardım göstərilməsini dəstəkləyir, Avropada Rusiyanın hərbi və geosiyasi təhdidlərinə son qoyulmasını istəyir. Bu mənada, Moskvanın Polşanın yeni seçilmiş prezidentinə mənfi münasibəti də təsadüfi deyil. Əvvəllər Qdanskda İkinci Dünya Müharibəsi Muzeyinə və Milli Yaddaş İnstitutuna rəhbərlik edən Navrotski Polşa ərazisində Qızıl orduya ucaldılmış bir sıra abidələrin sökülməsinin təşəbbüskarı olub. Bu əməlləri cinayət kimi qiymətləndirən Moskva Navrotskini Rusiya ərazisində axtarışda olan şəxslərin siyahısına salıb.

Başqa məsələdir ki, Navrotski Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra Polşaya sığınmış ukraynalılara verilən sosial müavinətlərin azaldılmasını istəyir. O, xüsusilə Kiyevin Aİ-yə üzvlüyü perspektivi fonunda polşalı fermerləri Ukrayna ilə mümkün rəqabətdən qorumağı vacib sayır. Bundan başqa, Navrotski hesab edir ki, Varşava ilə Kiyev arasındakı «çətin tarixi məsələlər»in həllinə diqqət artırılmalıdır. Onun əsas tələblərindən biri Ukraynanın 1943-cü ildə baş vermiş Volın faciəsinə (polyakların kütləvi qırğını) görə məsuliyyəti öz üzərinə götürməsilə bağlıdır. Navrotski düşünür ki, Polşanın Ukraynanın Aİ və NATO-ya üzvlüyünü dəstəkləməsi əsasən Kiyevin məhz bu addımına bağlı olmalıdır. «Qonşusunun 120 min insanına qarşı törədilmiş amansız cinayətə görə cavab verə bilməyən ölkə beynəlxalq ittifaqın üzvünə çevrilə bilməz», - deyə o, qeyd edib.

İxtisasca tarixçi olan yeni prezidenti «tarixçiliyi», deyəsən, Almaniya ilə münasibətlərdə də özünü göstərəcək. Səlahiyyət müddətini başa vurmaqda olan Duda və HvƏ partiyası kimi, Navrovski də faşist Almaniyasının Polşaya hücumuna görə Berlindən 1,3 trilyon dollar təzminat tələb etməyi düşünür. Halbuki Tusk hökuməti bu tələbi irəli sürməkdən imtina edir. Navrotski bu məsələni yenidən gündəmə gətirəcəksə, onunla Avropa elitası, xüsusilə də Almaniyanın siyasi rəhbərliyi arasında, yəqin ki, əlavə gərginlik yaranacaq.

Ümumilikdə isə Polşada keçirilmiş prezident seçkisi yalnız bu ölkədə deyil, ümumilikdə Avropada hökm sürən parçalanmanın bariz nümunəsidir. Ultrasağçı və sağçı-mühafizəkar düşərgənin mövqeyinin güclənməsi, liberal dairələrin isə öz siyasi və ideoloji üstünlüyü qoruyub saxlamaq cəhdləri qarşı-qarşıya gəlir. Rumıniyada liberalların prezident seçkisində qələbə qazanmaqla millətçi, avroskeptik qüvvələrin hakimiyyətə gəlməsinin qarşısını alması, Polşada isə sağçı-mühafizəkarların namizədinin dövlət başçısı seçilməsi Avropa miqyasında bu gərginliyin, parçalanmanın daha da dərinləşdiyini göstərir.



MƏSLƏHƏT GÖR:

96