BLOK TRANSFORMASİYASI
Vahid müdafiə siyasəti və təhlükəsizlik Avropa İttifaqının əsas istiqamətinə çevrilə bilər
Müəllif: İlqar VƏLİZADƏ
Rusiya-Ukrayna mharibəsinin başlaması Avropanın siyasi strategiyasına öz təsirini göstərib. Ötən onilliklərdə Avropa İttifaqı özünü sırf iqtisadi blok kimi göstərirdi və onun əsas hədəfi üzv ölkələrin milli iqtisadiyyatlarının inkişafının stimullaşdırılması, onların vətəndaşlarının rifahının yaxşılaşdırılması idi. Son illərdə isə təhlükəsizlik məsələsi daha önə çıxmağa başlayıb. Aİ rəhbərliyi və üzv ölkələrin əksəriyyətinin liderləri birliyin strateji muxtariyyətinin gücləndirilməsini və onun beynəlxalq siyasətin tamhüquqlu subyektinə çevrilməsini istəyir. Odur ki, vahid müdafiə siyasətinin və təhlükəsizlik sahəsində strategiyanın reallaşdırılması ilə bağlı məsələlər birgə fəaliyyətin əsas istiqamətinə çevrilir. Aİ-nin təhlükəsizliyinin əsas qarantı kimi çıxış edən ABŞ ilə dialoqda yaranmış çətinliklər bu işi daha da stimullaşdırıb və birlik çərçivəsində təhlükəsizliklə bağlı koordinasiya işinin yaxşılaşdırılmasına təkan verib.
Avropa üçün SAFE
Bu istiqamətdə atılmış addımlardan biri Avropa Müdafiə Fondunun (Security Action for Europe - SAFE) yaradılmasıdır. Fond 150 milyard avro təşkil edir. Qərar mayın sonunda Avropa Komissiyası tərəfindən təsdiqlənib. Komissiyanın yaradıldığı Komissiyanın saytında mayın 27-də dərc olunub.
Məlumatdan aydın olur ki, yeni fond «müdafiə sənayesi istehsalını birgə tədarüklə dəstəkləməyə hazır olan üzvlərə dəstək verəcək», həmçinin «Avropanın müdafiə texnologiyası və sənaye bazasına təcili və miqyaslı investisiyaların yönəldilməsini» təmin edəcək. «Məqsəd istehsal gücünü artırmaq, zəruət yaranacağı təqdirdə müdafiə avadanlıqlarının mövcudluğunu təmin etmək və bu sahədəki boşluqları aradan qaldırmaqdır. Nəticədə, Avropa İttifaqının ümumi müdafiə qabiliyyəti güclənəcək», - deyə məlumatda bildirilir.
Bundan başqa, SAFE Avropa İttifaqına Ukraynaya dəstəyi davam etdirmək imkanı da verəcək. Çünki «onun müdafiə potensialı lap başdan bu alətə daxil ediləcək».
Bununla yanaşı, artıq başlanğıc mərhələdə görünən odur ki, fondun maliyyələşdirilməsində bir sıra ciddi problemlər yaşana bilər ki, bu da onun effektivliyinə öz təsirini göstərəcək. Belə problemlərdən biri üzv dövlətlərin müdafiə xərclərinin pərakəndəliyidir. Aİ məsələn, NATO-da olduğu kimi vahid müdafiə büdcəsinə malik deyil. Burada hər dövlət hərbi xərclərinin istiqamətini müstəqil şəkildə müəyyənləşdirir. Bu isə Aİ çərçivəsində əlavə səyləri zəruri edir, səmərəsizliyə, qarşılıqlı əlaqələrin çətinləşməsinə yol açır.
Bundan başqa, SAFE-dən kredit alacaq Aİ üzvləri özləri təşəbbüslər irəli sürməli və onların maliyyələşdirilməsi üçün Fonda müraciət etməlidirlər. Bu isə ölkələrin prosesdə qeyri-bərabər iştirakına səbəb ola, Aİ səviyyəsində koordinasiyanı zəiflədə bilər. Dövlət borcu yüksək olan bəzi Aİ üzvləri Fondun kreditlər ayırması halında belə, müdafiəyə əlavə vəsaitlərin cəlbində çətinliklər yaşaya bilərlər. Bunun maliyyə təzyiqinin artması, borc yükünün dayanıqlığı ilə bağlı narahatlıqların meydana çıxması ilə nəticələnməsi mümkündür.
COVID-19 pandemiyasından sonra iqtisadiyyatın bərpası ilə bağlı irəli sürülmüş proqramdan fərqli olaraq, SAFE-nin ayıracağı kreditlər qaytarılmalıdır ki, bu da maliyyə imkanları məhdud olan üzvlərin Fondun imkanlarından istifadəsini məhdudlaşdıra bilər.
Əməkdaşlıq, yoxsa rəqabət?
Proqramın reallaşdırılmasının regionun inkişaf etmiş dövlətlərinin mövqelərini daha da gücləndirə biləcəyi də düşünülür. Söhbət, ilk növbədə, Fransa və Almaniyadan gedir. Avropa Müdafiə Fondu (EDF), Daimi Strukturlaşdırılmış Əməkdaşlıq (PESCO) və yeni SAFE təşəbbüsündə aparıcı rolu məhz bu iki dövlət oynayır. Fransa Avropanın strateji muxtariyyəti təşəbbüsünün əsas ideoloqudur, Almaniya isə 2022-ci ildən sonra müdafiə sahəsindəki ənənəvi ehtiyatlı mövqeyini tam dəyişib. Berlinlə Paris Avropa İttifaqı Şurasında və Avropa Komissiyasında böyük çəkiyə malikdirlər. Onlar öz təşəbbüslərini tez-tez koordinasiya edir, birgə təkliflərlə çıxış edirlər. Bu isə onlara Aİ-nin xarici siyasəti və təhlükəsizliyi məsələsində gündəliyi müəyyənləşdirmək imkanı verir. Çünki resursların bölüşdürülməsi, strateji prioritetlərin müəyyənləşdirilməsi mexanizminə ən çox təsir edə bilən məhz onlardır.
Avropanın «Airbus Defence», KNDS və MBDA kimi nəhəng müdafiə konsorsiumlarını da unutmaq olmaz. Onlara nəzarət də Almaniya və Fransa şirkətlərindədir. Bu, iki ölkəyə nəinki aparıcı hərbi texnologiyalar çıxış imkanı verir, həm də ümumavropa layihələri çərçivəsində standartları müəyyənləşdirmək prioritetləri və tərəfdaşlığı idarə etmək şansı yaradır.
Belə bir vəziyyətdə Aİ-nin digər üzvləri, xüsusilə Mərkəzi və Şərqi Avropa ölkələri təhlükəsizliyin təminində maraqlı olsalar da, Aİ-nin müdafiə muxtariyyətindənsə, NATO və ABŞ-yə arxalanmağa üstünlük verirlər. Lakin kiçik dövlətlər öz təşəbbüslərini formalaşdırmaq üçün lazımi resurslara, siyasi iradəyə malik deyillər. Bu da onların «ağır çəkililər»dən asılılığını daha da artırır.
Bu təcrübəni ən çox narazılıqla qarşılayan ölkələrdən biri də İtaliyadır. Aİ-dəki çəkisinə (3-cü iqtisadiyyat, aktiv müdafiə sənayesi) baxmayaraq, İtaliya strateji planlaşdırma işlərinə nadir hallarda Almaniya və Fransa ilə bərabər səviyyədə qoşulur. EDF və SAFE proqramları isə əksər hallarda Almaniya və Fransa şirkətlərinin üstün iştirakı nəzərə alınmaqla hazırlanır və nəticədə, İtaliyanın maraqları «kənarda qalır». 2024-2025-ci illərdə İtaliyanın baş naziri Corca Meloni Aİ-dəki Fransa-Almaniya xəttini, o cümlədən müdafiə kontekstində dəfələrlə tənqid edib. «Politico» və «Euractiv» xəbər verir ki, Roma 2025-ci ilin mayında SAFE ilə bağlı qərarların «inhisara alınmasına» da etiraz bildirib.
Ekspertlər iddia edirlər ki, EDF və SAFE-də əksər hallarda Fransa və Almaniyanın nəhəng korporasiyalarının idarə etdiyi konsorsiumlar qalib gəlir («Airbus», «Thales», «Rheinmetall»). İtaliya şirkətləri isə (məsələn, «Leonardo») ikinci dərəcəli rolda qalır. Aİ-nin müdafiə qərargahlarında və koordinasiya orqanlarında da Fransa və Almaniya zabitləri daha üstün mövqedədirlər. Romanın narazılığına səbəb olan amillər arasında bu da var.
Digər yandan Polşa və Baltikyanı dövlətlər hesab edirlər ki, Fransa strateji muxtariyyət ideyasını həddindən artıq şişirdir ki, bu da NATO və ABŞ-nin müdafiə sahəsindəki roluna kölgə salır. Bundan başqa, bu ölkələr Almaniya ilə Fransanın Şərqi Avropanı mümkün təhdidlərdən müdafiə edəcəklərinə şübhə ilə yanaşırlar.
İspaniya ümumilikdə müdafiə inteqrasiyasını dəstəkləsə də, iri layihələrdə ikinci rolda qalması ilə razı deyil. Odur ki, İspaniyanın müdafiə müəssisələri də italiyalı həmkarları kimi, Aİ-dən kənar tərəfdaşlarla, yaxud ittifaqın digər üzvləri ilə əməkdaşlığa daha çox maraq göstərirlər.
Beləliklə, İtaliya və digər ölkələrin qərarların qəbulundan kənar qaldıqlarını, resursların ədalətsiz bölüşdürülməsini, milli prioritetlərin nəzərə alınmadığını düşünmələri Aİ-nin müdafiə sahəsində birliyi üçün ciddi çağırışdır. Müşahidəçilər əmindirlər ki, Fransa ilə Almaniya digər ölkələrin maraqlarını nəzərə almazlarsa, bu, Avropanın müdafiə arxitekturasının uzunmüddətli legitimliyini və effektivliyini poza bilər.
Avropa təhlükəsizliyində çətin dilemmalar
SAFE prosesdə yalnız Aİ ilə təhlükəsizlik və müdafiə sahəsində razılaşmasının olduğu ölkələrin iştirakını nəzərdə tutur. Bu isə məsələn, ABŞ və Türkiyəni istisna edir. Demək, qeyd olunan sahədə daha geniş beynəlxalq əməkdaşlıq mümkün deyil.
Məlum olduğu kimi, «Böyük Avropa»da Kipr məsələsi ən problemli mövzulardan biridir. Türkiyə Kipr Respublikasını və onun Aİ-yə qəbul olunduğu vəziyyətdəki sərhədlərini tanımır. Bununla əlaqədar olaraq, Ankara NATO ilə Avropa İttifaqının konsensusun tələb olunduğu bir sıra təşəbbüslərdə əməkdaşlığına mane olur.
Cavabında Kipr Respublikası tez-tez Türkiyənin PESCO daxil olmaqla, Avropanın müdafiə layihələrində iştirakını əngəlləyir. Odur ki, Türkiyə ilə Aİ arasında xüsusilə onun strateji mövqeyi və hərbi imkanları nəzərə alınmaqla, təhlükəsizlik sahəsində əməkdaşlıq potensialı böyük olsa da, bu əməkdaşlığa ciddi əngəllər var: siyasi inamsızlıq, Kipr münaqişəsi, xarici siyasi prioritetlərin fərqliliyi, Türkiyənin Avropanın müdafiə təşəbbüslərində iştirak edə bilməməsi. Bütün bunlar tərəflər arasında dayanıqlı tərəfdaşlığın qurulmasına mane olur.
Bundan başqa, inflyasiya, böhranlar (COVID-19, enerji böhranı, miqrasiya) dövlət büdcələrini zəiflədir, bu isə müdafiə xərclərinin artırılmasına mane olur. Avropa İttifaqının 27 üzvündən 16-nın Avropa Komissiyasından dövlət büdcəsi defisitinin 1,5% artırılması üçün razılıq istəməsi təsadüf deyil. Onlar bunu hərbi xərclərini artıra bilmələri üçün istəyirlər.
İnflyasiya və silahların bahalaşması üzündən, ölkələrə hazırkı silah-sursat alışı səviyyəsini qoruyub saxlamaları üçün daha çox vəsait lazımdır. Aİ-nin büdcə qaydaları (Sabitlik və inkişaf paktı) defisit səviyyəsinə məhdudiyyət qoyduğundan, onun artırılması üçün Avropa Komissiyasının formal icazəsi tələb olunur.
Digər yandan Avropa Mərkəzi Bankı 2022-ci ildən inflyasiyanın qarşısını almaq üçün faiz dərəcələrini artırır. Bu, dövlət borcuna xidməti daha da bahalaşdırır və hərbi ehtiyacların ödənilməsi də daxil olmaqla, istənilən yeni borcu büdcə üçün daha ağır yüksə çevirir.
Amma bütün bunlar Aİ-nin hərbi imkanlarını artırmağa, daha güclü müdafiə blokuna çevrilmək istiqamətində irəliləməyə diqqəti artırmasına mane olmur. Halbuki bu, müdafiə xərclərinin artırılmasını, birgə satınalmaların təşviqini, NATO-dan olan müttəfiqlərlə əməkdaşlığın möhkəmləndirilməsini nəzərdə tutur. Aİ xüsusilə Ukrayna müharibəsi fonunda baş verən geosiyasi dəyişikliklər şəraitində müdafiə sahəsində daha güclü və etibarlı oyunçuya çevrilməyə çalışır.
Ekspertlərin fikrincə, bütün bu səylərə baxmayaraq, Aİ-nin müdafiə funksiyaları daha qabarıq görünən bloka çevrilməsi daimi, məqsədyönlü səylər tələb edir, eyni zamanda bunun üçün lazımi institusional strukturların yaradılması da vacibdir. Koordinasiya problemləri, satınalmalarda milli maraqların üstün tutulması və fiskal parçalanma effektiv müdafiə əməkdaşlığının təmini üçün həlli vacib məsələlər olaraq qalır.
MƏSLƏHƏT GÖR:



102

