AVROPA İLƏ ASİYA ARASINDA
Gürcüstan və Ermənistan üçün yeni çağırışlar və inteqrasiya trayektoriyaları
Müəllif: Namiq H. ƏLİYEV
Avropa İttifaqı və NATO-nun 2000-ci illərin əvvəllərində genişlənməsindən sonra Cənubi Qafqazın postsovet ölkələri strateji seçim qarşısında qalmışdılar: ya Avropaya inteqrasiya, ya da Rusiya və Avrasiya İttifaqı ilə əlaqələri qoruyub saxlamaq. Gürcüstanla Ermənistan 2004-cü ildən müxtəlif, bəzən isə bənzər trayektoriyalar cızırlar: Avropa həvəsindən, xarici təzyiqlər şəraitində suverenliyin qorunub saxlanması cəhdinədək.
Bu gün – 2025-ci ildə qlobal siyasətdəki transformasiyalar və Rusiya-Qərb münaqişəsi şəraitində bu seçim daha kəskin xarakter alıb.
GÜRCÜSTAN: Avropa optimizmindən geosiyasi dönüşə doğru
2004-2014-cü illər Avro-Atlantik eyforiya və institusional islahatlar dövrü idi. 2003-cü ildə Gürcüstanda baş vermiş «qızılgül inqilabı»ndan sonra Tbilisi inamla Avropaya inteqrasiya yolunu seçmişdi. Artıq 2004-cü ildə o, NATO-ya üzvlük ərizəsi vermiş, 2005-ci ildə isə ölkənin paytaxtında NATO və Aİ-nin İnformasiya Mərkəzi açılmışdı. Qərblə münasibətlərin inkişafı nəticəsində 2014-cü ildə Aİ ilə Assosiasiya Sazişi imzalanması ilə nəticələnmişdi ki, buraya Dərin və Hərtərəfli Azad Ticarət Zonası (DCFTA) da daxildir. 2017-ci ildə Gürcüstanla Aİ arasında vizasız rejimə keçilir.
Bu dövr dərin institusional müasirləşmə, korrupsiya ilə mübarizə, təhsildə və dövlət idarəçiliyində islahatlar dövrü kimi xarakterizə olunur. Lakin Rusiya timsalında xarici problem daim davam edir: 2008-ci il müharibəsinin fəsadları, separatçı Cənubi Osetiya və Abxaziya regionları, iqtisadiyyat və siyasət vasitəs.ilə hibrid təzyiqlər.
Ermənistan isə Rusiyanın qanadı altında Azərbaycan torpaqlarını işğal etmişdi.
2014-2024: daxili ziddiyyətlər fonunda Aİ ilə yaxınlaşma
Gürcüstanın Avropaya inteqrasiya istiqamətində əhəmiyyətli addımlar atmasına baxmayaraq, 2018-ci ildən başlayaraq, Tbilisi-Brüssel münasibətlərində soyuqluq müşahidə olunmağa başlayıb. Bunun əsas səbəbləri arasında ölkədə siyasi qütbləşmə və onun subyektlik qazanması da var. Hakim «Gürcü arzusu» partiyası xarici subyektlərin daxili proseslərə təsirini məhdudlaşdırmaq məqsədilə hakimiyyətin əlində cəmləşdirməkdə, müxalifətə və mediaya təzyiqlərdə ittiham olunmağa başlamışdı. Xarici təsirlərin şəffaflığı haqqında əslində dünya təcrübəsinə əsaslanan qanunun qəbulu isə (2024) miqyaslı etirazlara yol açmış və Aİ tərəfindən ciddi tənqidlərə məruz qalmışdı. Sonradan dəyişikliklərin edildiyi qanun ABŞ-də illərdir qüvvədə olan analoji sənədin, demək olar ki, təkrarıdır.
Səbəblər arasında son illər Gürcüstanda müşahidə olunan Avropa inteqrasiya prosesində daha müstəqil siyasət yürütmək tendensiyası da var. Məhz bu siyasət xarici subeyktlərin dövlətin daxili işlərinə müdaxiləsini məhdudlaşdırır. Nəticədə, Gürcüstanda 2024-cü ildə keçirilmiş seçki müxalifət tərəfindən «saxta», Aİ və ABŞ tərəfindən isə «qeyri-demokratik» adlandırılıb.
Bundan başqa, Cənubi Qafqazda Ermənistanda «məxməri inqilab» nəticəsində hakimiyyətə gəlmiş Nikol Paşinyanın hökumətinin timsalında yeni avropapərəst qüvvə də peyda olub.
Gürcüstanda müxalifətin «Rusiya qüvvələrinin iştirakı ilə saxtalaşdırılmış» saydığı 2024-cü il seçkisindən sonra Aİ bu ölkəyə ayırmalı olduğu 121 milyon avroluq qrantı «dondurub». Üstəlik, Avropa Parlamenti və ABŞ hakim «Gürcü arzusu» partiyasının əsas fiqurlarına, o cümlədən milyarder Bidzina İvanişviliyə, baş nazir İrakli Kobaxidzeyə sanksiyalar tətbiq edib. Onlar demokratiyanı pozmaqda, Rusiya ilə yaxınlaşmaqda günahlandırılırlar.
2024-cü ilin oktyabrında Kobaxidze Avropa fondlarını ölkənin daxili işlərinə qarışmaqda, «daxili siyasətə təsir rıçaqı» olmaqda ittiham edərək, Tbilisinin Aİ-yə üzvlüklə bağlı danışıqları 2028-ci ilin sonunadək dayandırdığını bildirib. O, artıq Avropadan qrantlar almayacaqlarını da deyib. Baş nazir qeyd edib ki, Gürcüstan Aİ-yə inteqrasiya istiqamətində yoluna davam edəcək, lakin Qərblə münasibətlərdə şantaja, manipulyasiyaya imkan verməyəcək.
Bu bəyanat Tbilisidə və ölkənin digər şəhərlərində etirazlara, həmçinin Aİ və ABŞ-nin tənqidlərinə yol açıb. Avropa İttifaqının Gürcüstandakı səfiri Pavel Qreçinski bu qərardan təəssüfünü dilə gətirib, bunun ölkənin keçmiş hökumətinin siyasətilə və Gürcüstan əhalisinin əksəriyyətinin iradəsi ilə ziddiyyət təşkil etdiyini söyləyib. Diplomat bununla yanaşı, Gürcüstanın müstəqil dövlət olduğunu, Avropaya inteqrasiya yolu ilə getmək istəyib-istəmədiyinə dair qərarı özünün verdiyini də əlavə edib.
Baş verənlərə cavab olaraq, Gürcüstan Prezidenti Mixail Kavelaşvili ölkəsinin Avropaya inteqrasiya prosesini davam etdirəcəyini, bunun xalqın sivil seçimi olduğunu və Konstitusiyada öz əksini tapdığını söyləyib. O, bu mövzuda spekulyasiyaların cəmiyyətin qütbləşməsinə xidmət etdiyini deyərək bildirib ki, Gürcüstan Aİ-yə üzvlüklə bağlı danışıqlara başlamağa hazırdır.
Beləliklə, Gürcüstan hökumətinin Aİ ilə danışıqların dayandırıldığına dair ilkin bəyanatı etiraz və tənqidlərə yol açmışdısa, sonrakı qərarlar Tbilisinin Avropaya inteqrasiya yolu ilə getmək niyyətinin dəyişmədiyini göstərib.
2025: Gürcüstanın subyektliyinə alışma dövrü
2025-ci ilin iyununda Tbilisidəki Aİ və NATO İnformasiya Mərkəzinin bağlanması Qərblə münasibətlərin sərinləşməsinin rəmzi aktına çevrilib. Hökumət Avropaya inteqrasiyanın strateji hədəf olaraq qaldığını bildirsə də, siyasi reallıq xarici təsirlərin məhdudlaşdırılmasını zərurətə çevirir. Belə ki, Gürcüstan Rusiya ilə Saakaşvilinin dövrünə xas sərt qarşıdurmadan imtina edir, praqmatik neytrallığa üstünlük verir.
Amma ölkədə daxili siyasi atmosfer hələ də bölünmüş haldadır: azlıqda olan və artıq o qədər də aqressiv davranmayan müxalifət (artıq onların maliyyələşməsi də azalıb) Avropa yoluna qayıdılmasını tələb edirsə, hökumət bunu rədd etməməsinə rəğmən, «suveren demokratiya»ya üstünlük verir.
Maraqlıdır ki, Prezident Kavelaşvili hakimiyyətin mötədil qanadını təmsil etsə də, Avropaya inteqrasiyanın «xalqın sivil seçimi olduğunu və Konstitusiyada əksini tapdığını» vurğulayır.
ERMƏNİSTAN: «postsovet balansı»ndan Avropaya doğru
2004-2013: Moskvanın təzyiqi altında çoxvektorlu siyasət
Ermənistan Avropa İttifaqı ilə yaxınlaşmağa maraq göstərməyə hələ 2000-ci illərin əvvəllərindən çalışırdı. O, bunu Avropa Qonşuluq Siyasətində iştirakla, 2006-cı ildə Aİ ilə fərdi fəaliyyət planını imzalamaqla ortaya qoymuşdu. Bu addımlar dövlət idarəçiliyində və ədliyyədə islahatlar cəhdi, elm və təhsil sahəsində əməkdaşlığın inkişafı (məsələn, «Tempus» proqramı vasitəsilə), həmçinin transsərhəd əməkdaşlıq layihələrində iştirakla müşayiət olunurdu.
Lakin bütün bu addımlara baxmayaraq, Ermənistan hərbi, iqtisadi və enerji sahələrində Rusiyadan ciddi şəkildə asılı idi. Gümrüdə Rusiya hərbi bazası; Ermənistanın formal olaraq, kollektiv təhlükəsizliyin «çətiri altında» olduğu KTMT; aparıcı sektorlarda (enerji, nəqliyyat, telekommunikasiya) Rusiya investisiyasının payının həddindən artıq yüksək olması – bütün bunlar «Rusiya - Forpost» münasibətlərinin sarsılmazlığının qarantıdır.
Bu xarici siyasi maraqlar münaqişəsinin kulminasiyası 2013-cü ildə «gözlənilmədən» Aİ ilə Assosiasiya Sazişinin imzalanmasından imtina olub. O zaman Ermənistanın dövlət başçısı Serj Sarqsyan (Moskvaya çağırıldıqdan sonra) qəflətən Rusiyanı himayəsi altında olan Gömrük İttifaqına qoşulmaq qərarını açıqlayıb. Bu kəskin dönüş Moskvada aparılmış danışıqlardan sonra baş verib və «çoxvektorlu siyasət»in daha sərt versiyasının başlanğıcına çevrilib – indi manevr üçün real məkan Rusiya ilə məhdudlaşırdı. İrəvanın Rusiyanın himayəsi altındakı Gömrük İttifaqına qoşulması daha sonra onun Avrasiya İqtisadi İttifaqına da üzv olması (2015) ilə nəticələnib.
2014-2021: «ikili inteqrasiya» cəhdi – CEPA kompromis kimi
Ermənistan 2015-ci ildə Aİİ-yə üzv olsa da, Aİ ilə də münasibətləri qorumaq və davam etdirmək imkanı axtarırdı. Nəticədə, kompromis variant tapılıb – Hərtərəfli və Genişlənmiş Tərəfdaşlıq Sazişi (CEPA). 2017-ci ildə imzalanmış və 2021-ci ildə imzalanmış bu saziş Aİ üçün unikal formata çevrilib. Ermənistanın Aİİ çərçivəsində öhdəlikləri olduğundan, bu saziş azad ticarət zonasının yaradılmasını (Gürcüstan, Moldova və Ukrayna ilə razılaşmalardan fərqli olaraq) nəzərdə tutmur. Əvəzində «acquis communautaire» (Aİ-nin hüquqi bazasını təşkil edən qanunlar, hüquqi aktlar və məhkəmə qərarları toplusu) hüquq sahəsinin təxminən 80%-ni əhatə edir. Söhbət o cümlədən dövlət satınalmalarından, istehlakçıların hüquqlarının müdafiəsindən, ətraf mühitin mühafizəsindən, anti-korrupsiya siyasətindən gedir. Ermənistana gəlincə, CEPA onu Aİ standartlarına Rusiya ilə geosiyasi qarşıdurmaya getmədən, yumşaq uyğunlaşma aləti verib.
Bu dövr balanslaşdırma dövrü olub: İrəvan Avropadan investisiyalar almağa, onun inkişaf layihələrində iştiraka davam etməklə yanaşı, Aİİ ilə iqtisadi inteqrasiyanı dərinləşdirə bilib, Rusiya isə bu ölkənin suverenlik bəyanına rəğmən, onun enerji və təhlükəsizlik sahəsindəki nüfuzunu qoruyub saxlayıb.
2022-2025: Rusiyaya qarşı məyusluq fonunda Avropaya meyillənmə
2018-ci ildə Nikol Paşinyanın başçılığı ilə baş vermiş «məxməri inqilab»dan sonra Ermənistanın xarici siyasi kursu dəyişməyə başlayıb. Amma bu, daxili sabitlik nəzərə alınmaqla edilib. Ciddi tərpəniş yalnız Qarabağ müharibəsindən (2020), həmçinin Azərbaycanın antiterror əməliyyatlarından və İrəvanın Qarabağ məsələsində kapitulyasiyasından sonra (2023-2024) yaşanıb. Bu, Ermənistan ictimaiyyəti arasında Rusiyaya qarşı böyük məyusluğun yaşandığı dövrdür.
Təhlillər İrəvanın Avropaya istiqamət almasının aparıcı əlamətlərini üzə çıxarmağa imkan verirdi. Birincisi, 2022-ci ildə Avropa Siyasi Birliyində iştirak Ermənistanın Aİ ilə daha sıx siyasi və strateji koordinasiya istədiyini göstərirdi. İkincisi, Aİ ilə viza liberallaşmasına gedilmişdi. 2024-cü ildə isə bu istiqamətdə rəsmi dialoqa başlanılıb və 2026-2027-ci illərdə vizasız rejimə keçidin mümkün ola biləcəyi bildirilib. Bunun üçün İrəvan qarşı tərəfin şərtlərinə tam əməl etməlidir. Üçüncüsü, Ermənistan Aİ-yə üzvlük ərizəsi vermək qərarına gəlib və 2025-ci ilin mayında parlament bununla bağlı qanun layihəsini təsdiqləyib. Bu, nəhəng rəmzi və siyasi əhəmiyyəti olan hadisə idi. Üstəlik, Paşinyan Rusiyanın xarici işlər naziri Lavrovla görüşdə belə, ölkəsinin Avropaya inteqrasiya yolu seçdiyini inkar etmirdi.
Bundan başqa, Qara dəniz hövzəsinin «Interreg» proqramını (2025-ci ilin fevralı) da vurğulamaq olar. Ermənistan bu proqram sayəsində ekologiya, dayanıqlı inkişaf, innovasiya və rəqəmsallaşma sahəsində onlarla transsərhəd layihəsinə çıxış əldə edib.
Lakin uzun illərdən gələn və Ermənistanı subyektlikdən məhrum edən İrəvan-Moskva münasibətləri ermənilərin Avropaya inteqrasiyasını əngəlləyən amilləri ortaya çıxarır. Burada ilk olaraq iqtisadi asılılığı önə çəkmək olar: Ermənistanda ÜDM-in 25%-ə qədəri Rusiyadan transferlərə (əmək miqrasiyası, köçürmələr) bağlıdır. Üstəlik, enerji sahəsində birmənalı və aşılması mümkün olmayan asılılıq. Belə ki, Ermənistanın aparıcı qaz nəqliyyat aktivlərinə və infrastrukturuna nəzarət «Qazprom»dadır. Nəhayət, Gümrüdəki hərbi baza və KTMT çərçivəsində hərbi-siyasi öhdəliklər. Doğrudur, İrəvan faktiki olaraq, 2023-cü ildən sonra bu blokun missiyalarında iştirakını «dondurub», amma o, hələ də KTMT üzvüdür.
Rusiya Təhlükəsizlik Şurasının qiymətləndirməsinə görə, Ermənistanın Aİİ-ni mümkün tərk etməsi ölkəyə ÜDM-in 40%-i bahasına başa gələcək. Ən azı buna görə münasibətlərin qəflətən kəsilməsi hələ ki, az ehtimal olunandır. Bununla yanaşı, Aİİ ilə inteqrasiya öhdəliklərinin yerinə yetirilməsinin tədricən zəifləməsi artıq müşahidə olunur – standartlar, texniki reqlamentlər və ritorika səviyyəsində.
İctimai-siyasi aspekt: konsensus və risklər
Avropaya inteqrasiya məsələsinin hakimiyyətlə müxalifət arasında siyasi mübarizə meydanına çevrildiyi Gürcüstandan fərqli olaraq, Ermənistanda bu məsələ tədricən partiyalararası konsensusa çevrilib. Amma bu proses də ağrısız keçə bilməz və keçməyəcək. Çünki o, ən azı iki əsas çağırışla qarşı-qarşıya qalacaq. 1) Rusiya ilə münasibətlərin gərginləşməsi fonunda daxili radikalizmin güclənməsi və Azərbaycanla müharibədəki məğlubiyyətdən sonra millətçiliyin artması. 2) Aİİ-nin tərk olunması, yaxud hələ də təhlükəsizlik və iqtisadiyyatda vacib amil kimi qalan Moskva ilə münasibətlərə yenidən baxılması ilə bağlı vahid strategiyanın olmaması.
2025: strateji dönüş nöqtəsi
2025-ci ildə Ermənistan yolayrıcındadır. Bir yandan o, Aİ-yə tərəf ciddi addımlar atır: qayda yaratma, siyasi dialoq, regional proqramlara qoşulma. Digər tərəfdən Aİİ ilə, Rusiya ilə bağları qopara bilmir, iqtisadi təzyiq qarşısında zəifdir.
Rusiyanın xarici işlər naziri Sergey Lavrovun 2025-ci ilin yazında İrəvana səfəri, orada keçirdiyi mətbuat konfransı, həmçinin baş nazir Paşinyanın mayın 9-da Vladimir Putinlə heç də birmənalı qarşılanmayan görüşü bu mənada maraqlıdır. Bu siqnallar Kremlin itirilmiş nəzarəti geri qaytarmaq cəhdlərini, buna o cümlədən sanksiyalar, ixracın məhdudlaşdırılması təhdidləri ilə nail olmağa çalışdığını göstərir.
Bütün bunlardan belə qənaətə gəlmək olar ki, Ermənistan Aİ-yə tərəf «yumşaq inteqrasiya» modeli ilə, Rusiya ilə qarşıdurmaya getmədən, ondan asılılığını tədricən azaltmaqla meyil etməyi düşünür. Bu yolda əsas nailiyyət CEPA, üzvlüyə müraciət, Aİ proqramlarında iştirak sayıla bilər. Bunlar yaxınlaşma üçün institusional əsas yaradır. Əsas təhlükə isə xarici təzyiq yox, iqtisadiyyatın asılılığı və Aİİ-dən çıxmaqla bağlı dəqiq «yol xəritəsi»nin olmamasıdır. Eyni zamanda, Avropaya inteqrasiyanın parçalanma səbəbinə çevrildiyi Gürcüstandan fərqli olaraq, Ermənistanda bu, yeni kimlik axtarışı alətinə və böhran halında dayaq vasitəsinə çevrilir.
2025-ci ildə Cənubi Qafqaz geosiyasi yarış meydanına çevrilib. Avropaya inteqrasiyaya daha əvvəl start vermiş və bu yolda ciddi nailiyyətlər əldə etmiş Gürcüstan prosesi dondurmalı olubsa, Ermənistan əksinə, Rusiyadan strateji asılılığına rəğmən, Avropaya doğru addımlar atır, Moskvanın kölgəsindən çıxmağa çalışır. Amma bu zaman o, təbii ki, addımlarının ciddi iqtisadi fəsadları ilə üzləşmək riskini də daşıyır.
Bu iki ölkənin taleyi üç amildən asılıdır. Daxili islahatlar aparmaq və müasirləşmək iradəsindən, suverenliyi itirmədən balanslı xarici siyasət yürütmək bacarığından və aparıcı xarici tərəfdaşlarla (Aİ, Rusiya, Çin və ABŞ) münasibətlərdə sabitlikdən. Yəqin ki, qlobal dəyişikliklər şəraitində milli maraqların qorunmasında əsas açar birdəfəlik seçim deyil, balans qurmaq bacarığı olacaq.
MƏSLƏHƏT GÖR:



97

