5 Dekabr 2025

Cümə, 10:03

XAÇ YÜRÜŞÜ

Paşinyan erməni kilsəsinə qarşı: revanşizmlə mübarizə, yoxsa hakimiyyət uğrunda savaş?

Müəllif:

15.06.2025

«Çörək və tamaşa!» - şəhər yoxsullarına aid bu şüar hələ Qədim Roma dövründən məşhurdur. Ermənistanda isə «çörək» məsələsi birmənalı məsələ deyil. Ermənistan iqtisadçıları gözəl statistik rəqəmləri nümayiş etdirməyə çoxdan öyrəşiblər. Rusiyanın üzləşdiyi sanksiyalardan Ermənistan vasitəsilə yayınması isə rəqəmlərin daha da şişirdilməsinə əlavə imkanlar yaradır. Halbuki ölkə iqtisadiyyatının real sektoru hələ də iflic vəziyyətindədir. Bununla yanaşı, İrəvan Azərbaycanın uzun illər işğalda saxladığı əraziləri itirməklə, oranın sərvətlərini də əlindən buraxıb, bu torpaqları talamaq imkanından məhrum olub. Bu torpaqlardakı yalnız qızıl yataqları Ermənistan büdcəsinə ciddi gəlir gətirirdi.

Yuxarıda qeyd olunan şüarın «tamaşa» hissəsinə gəlincə, Ermənistan ictimaiyyəti bu məsələdə qıtlıq çəkmir. Son həftələrin xəbərləri bunu bir daha təsdiqləyir. Ermənistanın baş naziri Nikol Paşinyan Erməni Qriqoryan kilsəsinə az qala müharibə elan edib.

 

«Dayının həyat yoldaşını sev!»

Nikol Paşinyanın kilsə ilə münasibətləri onsuz da yaxşı deyildi. Onların arasındakı münaqişə uzun müddət idi ki, «xroniki» vəziyyətdə idi. Lakin bu yaxınlarda ehtiraslar yenidən coşub. Məsələ o həddə çatıb ki, ölkədə son etiraz dalğasına məhz baş keşiş Baqrat Srbazyan başçılıq edib. Lakin o, ətrafına kifayət qədər etirazçı toplaya bilmədiyindən, aksiyaların nəticəsi də olmayıb. Amma Paşinyan ona qarşı edilən bu hərəkəti unutmayıb. Hər halda, baş nazir hər imkanda kilsə iyerarxlarını «sancmaq» şansını əldən vermir.

Bu kontekstdə Ermənistanın baş naziri 1996-cı ildə işğal altındakı Laçında azərbaycanlı İbrahimovlar ailəsinin dağıdılmış evinin yerində kilsənin tikildiyini xatırlada bilərdi. Amma buna onun cəsarəti çatmadı. Əvəzində, Paşinyan erməni kilsələrinin «anbara çevrildiyinə» diqqət çəkmək qərarına gəldi. O, sosial şəbəkə hesabında belə bir paylaşım edib: «Ən lazımsız əşyalar kilsələrə yığılır – lazımsız mərmər piltələr, sement kisələri, paslanmış armatur qırıntıları. İnsanlar kilsəyə niyə üz tutur? Ruhani nəyəsə toxunmaq üçün. Lakin oraya daxil olduqda görürsən ki, hər yana zibil səpələnib, kiminsə paltarı, ayaqqabısı, bir başqasının çarpayısı».

Baş nazirin bu paylaşımına Eçmiədzin kilsəsinin dəftərxanası cavab verib. Deyilənlərə açıq məktubla cavab verən dəftərxananın rəhbəri Arşak Xaçatryan bildirib ki, o, Nikol Paşinyanın diqqətini Azərbaycanın artan iddialarına yönəldəcəyinə ümid edir. Xaçatryan baş naziri, eyni zamanda «azərbaycanlılar tərəfindən ələ keçirilmiş Artsax»da mədəni irs abidələrinin qorunmasına diqqət ayırmağa da çağırıb.

Bu çağırışa əhəmiyyət verməyən baş nazir isə daha da irəli gedərək, baş keşiş Baqrat Srbazyanın ünvanına «Facebook» sosial şəbəkəsində kobud, qeyri-etik ifadələr işlədib. Onun cavabı məzmun etibarilə «get əminin arvadı ilə məhəbbət yaşa» şəklindədir.

Din xadimlərinin buna da cavabı özünü çox gözlətməyib. Onlar Paşinyana xanımı Anna Akopyanla «vətəndaş nikahında», yəni günah içində yaşadığını xatırladıblar. Cavabında baş nazir katolikos II Qareginin subaylıq əhdini pozuduğu, kilsə başçısının övladının olduğunu bildirib.

Və kulminasiya: Nikol Paşinyan hesab edir ki, Eçmiədzin katolikosunun seçilməsində həlledici səs Ermənistan hökumətinin olmalıdır.

 

«Həlledici səs»

Din-dövlət münasibətləri çox incə məsələdir. Xüsusilə də «milli» kilsəsi olan monoetnik Ermənistanda. Bu ölkənin konstitusiyasında belə, açıq şəkildə yazılıb ki, «Ermənistan Respublikası erməni xalqının mənəvi həyatında, milli mədəniyyətinin inkişafında və milli mənsubiyyətinin qorunmasında Erməni Apostol Kilsəsinin bənzərsiz missiyasını tanıyır». Əslində, Ermənistanda kilsə bir növ «rəhbər», «istiqamətverici»dir. Sovet İttifaqı Kommunist Partiyasının Sovet Konstitusiyasını xarakterizə etdiyi kimi. Beləliklə, Paşinyanın kilsə xadimləri ilə «baş-başa gəlməsi» vaxtilə Konstitusiya Məhkəməsi ilə çəkişməsi qədər asan olmayacaq.

Üstəlik, baş nazir kilsəyə qarşı savaşı katolikosun timsalında «babanın sağ vaxtı» başladıb. Kilsə iyerarxiyasında bu qədər yüksək post tutan şəxsi kənardan, xüsusilə də mülki hökumətin qərarı və ya növbəti mitinqin iştirakçılarının tələbi ilə vəzifəsindən kənarlaşdırmaq mümkün deyil. Yəqin ki, bunun üçün II Qareginin öz istəyi ilə istefaya getməsini gözləmək lazımdır ki, o da hələ ki, bu niyyətdə deyil.

Doğrudur, Ermənistan kilsəsində bir sıra hallarda məsələlər son dərəcə radikal şəkildə həll olunur. Məsələn, 1938-ci ildə katolikos Xoren Muradbekyan boğularaq öldürülüb. 2009-cu ilin fevralında isə baş keşiş Nerses Pozapalyan evində huşsuz vəziyyətdə tapılıb. Sonradan məlum olmuşdu ki, o, naməlum şəxslər tərəfindən amansızcasına döyülüb. Baş keşiş elə həmin ilin mayında dünyasını dəyişib. Deyilənə görə Pozapalyan katolikosluğa iddialı imiş. Bəs indi Paşinyan necə davranacaq? O, çətin ki bənzər ssenarilərə əl atsın. Xüsusilə ölkədə ehtirasların pik həddə olduğu indiki vaxtda, xəyanət ittihamları fonunda Paşinyana əlavə başağrısı lazım deyil.

Katolikos seçimində mülki hökumətin «həlledici səsi» məsələsinə gəlincə, bunun üçün Ermənistan hakimiyyəti ilə kilsə arasında münasibətlər sistemi tamamilə dəyişməlidir. Bu halda isə keşişlər sadəcə, dövlət qulluqçusuna çevriləcəklər. Aydındır ki, dindar dairələr buna hər vasitə və bütün gücləri ilə müqavimət göstərəcəklər.

 

«Kahinin cübbəsinin altında gizləndiyi yerdə...”

Ermənistan ictimaiyyəti arasında kilsənin real nüfuzunun nə qədər yüksək olması sualının cavabı birmənalı deyil. Burada kilsə ilə bağlı qalmaqallı hadisələr həddindən artıq çoxdur. Misal kimi, baş keşiş Navasard Kçoyanı xatırlatmaq kifayətdir. Onun adı məşhur «ofşor qalmaqalı»nda keçirdi. O zaman məşhur oliqarxlardan birinin əmlakı əlindən alınmışdı. Bundan başqa, Fransanın Nssa şəhərindəki erməni kilsəsinin başçısı Vaçe atanın «rus mafiyası» ilə əlaqəli olduğu üzə çıxmışdı. Strasburqdakı erməni kilsəsinin baş keşişi isə saxta pul hazırlamaqda ittiham olunurdu… Baş keşiş Baqrat Srbazanın rəhbərliyi ilə keçirilmiş mitinqlər də məlumatlı insanlara çox şey deyir.

Amma kilsənin arxalanacağı kimlərsə və nələrsə əlbəttə ki, var. İlk növbədə o, ciddi maliyyə rıçaqlarına malikdir. Hələ Sovet illərində erməni kilsəsi xaricdən kifayət qədər ciddi maliyyə dəstəyi alırdı. O zaman bu, əsasən pul yox, «xeyriyyəçilik bağlamaları» olurdu. Nəticədə, Eçmiədzin gündəlik tələbat mallarının qaçaqmalçılığını həyata keçirən əsas mərkəzlərdən birinə çevrilmişdi.

Ermənistanda bu haqda danışmamağa üstünlük verilsə də, kilsə iyerarxiyasının terrorçu qruplaşmalarla sıx əlaqədə olduğu da məlumdur. Bir sıra ölkələrdə «millət vergisi»nin yığımını məhz kilsə həyata keçirir ki, burada da məsələ reketirlərlə əlaqələrədək gedib çıxır.

Paşinyan üçün ən xoşagəlməz olanı isə kilsənin xaricdən, ilk növbədə isə Ermənistanda vəziyyətə təsir üçün öz imkanları və alətləri olan Moskvadan ciddi dəstək almaq imkanıdır. İrəvan Rusiyadan çox asılıdır və baş nazirin daha çox şouya bənzəyən qərbpərəst gedişləri bunu dəyişmək iqtidarında deyil. Bu gün, Ermənistanın gələn il keçiriləcək seçkiyə hazırlaşdığı bir vaxtda Moskvadan gələn mesajlar onu göstərir ki, Paşinyan geosiyasi tərəddüdləri ilə Rusiyanı əməlli-başlı bezdirib. Bu səbəbdən Moskva ona qarşı açıq informasiya müharibəsi aparmaqdadır.

Bu vəziyyətdə kilsə ölkə daxilində Paşinyana müxalif olaraq, vahid cəbhədən çıxış edəcək. «Qarabağ klanı» ilə, daşnaklarla və bir çox digər partiya və qruplarla birgə. Əvvəlki populyarlığını itirmiş Paşinyanın onlara müqavimət göstərməsi elə də asan olmayacaq. Üstəlik, baş nazirin nə «yol xəritəsi» var, nə kilsə içərisində ciddi dəstəyi. Belə bir vəziyyətdə bu cür proqramın öhdəsindən gəlinməsi asan iş deyil.

 

Sülh gündəliyinin gücləndirilməsi, yoxsa hakimiyyət uğrunda mübarizə?

Nikol Paşinyanın Ermənistanda revanşizmin dayaqlarından birinə zərbə vurmaq niyyətində olduğunu düşünmək, əlbəttə ki, cəlbedicidir. Katolikos II Qaregin moizələrində mütəmadi olaraq açıq revanşist bəyanatlar səsləndirir. Erməni kilsəsi Azərbaycan ərazilərinin işğalından sonra yaradılmış «Artsax yeparxiyası»nı buraxmaqdan da imtina edir. Erməni kilsəsinin ən radikal siyasi qruplaşmaları dəstəkləməsi də çox şeydən xəbər verir. Erməni kilsəsinin təmsilçiləri buna öyrəşiblər.

Bununla yanaşı, Paşinyanın kilsəyə hücumunda «revanşizmlə mübarizə» çalarları görmək arzulanan olsa da, onun əməlləri daha çox hakimiyyət uğrunda mübarizəyə bənzəyir. Paşinyan tərəfdarlarının II Qareginə «hücum»u hələ «kabab inqilabı»ndan dərhal sonra başlamışdı. O zaman katolikosun istefası tələbi ilə mitinqlər belə, keçirilirdi. Nümayişçilər hesab edirdilər ki, kilsə başçısı əvvəlki hakimiyyətlə çox yaxın olub və bu səbəbdən indi istefaya getməlidir. Bu, Paşinyanın «Qarabağ Ermənistandır və nöqtə!» kimi bəyanatlar səsləndirdiyi, öz komandasına David Tonoyan, Vaqarşak Arutunyan kimi «qırğı»ları cəmlədiyi, hətta Qars müqaviləsini sual altına qoya biləcəyinə eyham vurduğu, «yeni ərazilər uğrunda yeni müharibə»dən bəhs etdiyi dövr idi. «Qatı demokrat» Nikol Paşinyan bununla yanaşı, Ermənistanda praktik olaraq bütün institutlara nəzarəti ələ almağa, şəxsi diktaturasını qurmağa çalışırdı. Xatırladaq ki, o, hakimiyyətə gəldikdən az müddət sonra Ermənistan Konstitusiya Məhkəməsini özünə tabe edə bilmişdi. Onun tərəfdarları xoşlarına gəlməyən media orqanlarının redaksiyalarını talan edir, Paşinyan özü isə «Qarabağ klanı» təmsilçilərinin çox olduğu orduda təmizləmənin anonsunu verirdi… Ədalət naminə qeyd olunmalıdır ki, baş nazirin bu hücumları ona Konstitusiya Məhkəməsindən başqa heç yerdə uğur gətirməyib. Bu gün baş nazirin mövqelərini sürətlə itirməsi fonunda kilsə ilə savaşın açılması isə görünür daha çox məcburi addımdır. Bu savaşda kimin qalib gələcəyindən asılı olmayaraq, Ermənistan artıq uduzub.



MƏSLƏHƏT GÖR:

113