Müəllif: Emil İSMAYILOV Bakı
Kəmiyyətdə əldə olunan istənilən nailiyyətdən sonra o, keyfiyyət göstəricisilə daha da mükəmməlləşdirilməlidir. Bu, əldə olunmuş nəticələrin möhkəmlənməsi və gələcək inkişafı üçün ən məntiqi yoldur. Bu, "fəlsəfi" fikir həyatda, xüsusilə iqtisadiyyatda öz təsdiqini tapır.
Bu gün Azərbaycanda qazlaşdırma sahəsində irəliləyiş məhz bu qayda ilə baş verir - ölkənin bütün yaşayış məntəqələrinin təbii qazla təmin olunması prosesinin başa çatmaq üzrə olduğu bir vaxtda əhaliyə verilən "mavi yanacaq"ın keyfiyyətinin yaxşılaşdırılması prosesinə start verilir. Bu sahəyə məsul olan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) yeni qaz emalı zavodu tikməyə hazırlaşır. Eyni zamanda mövcud magistral qaz kəmərlərinin əsaslı təmiri də həyata keçirilir.
Əla növ emal...
Məlum olduğu kimi, neftdən fərqli olaraq, təbii qazın istifadəçi üçün ciddi emal prosesinə ehtiyac yoxdur. Amma o, dərhal istehlakçıya göndərilməlidir. Ekoloji baxımdan qaz ən təmiz təbii yanacaqdır. Onun yanması zamanı atmosferə minimum zərərli maddə yayılır.
Quyudan çıxarılan qaz dərhal son istifadəçiyə nəql edilməsi üçün hazırlanmalıdır və bu, müxtəlif sxemlərlə həyata keçirilir. Belə sxemlərdən birinə əsasən, yatağa bilavasitə yaxın ərazidə qazın kompleks hazırlanması qurğusu quraşdırılır. Orada quyudan çıxarılan qaz təmizlənir və qurudulur. Məsələn, Azərbaycanda "Azəri-Çıraq-Günəşli" və "Şahdəniz" kimi iri yataqlardan çıxarılan "mavi yanacaq" dəniz vasitəsilə Səngəçal terminalına göndərilir, orada lazımi emal prosesi keçir və istehlakçıya nəql olunur.
SOCAR-ın qaz emalı zavodunda isə "Azneft" İstehsalat Birliyinin qazı emal olunur. Emaldan sonra zavod məhsulu "Azəriqaz" İB-yə (qazın Azərbaycanda satışı və paylaşdırılması üçün), "Məişətmayeqaz" ASC-yə (mayeləşdirilmiş qaz) və ixraca (qaz benzini) verir.
Proqnozlara görə, 2013-cü ildə SOCAR-ın qaz emalı zavodundan, təxminən, 4 milyard kubmetr qaz keçəcək. Bu, ötən ilin göstəricilərilə tam uyğunluq təşkil edir. Ümumi emal olunmuş qazın 98%-ni quru qaz, 26-27 min tonunu mayeləşdirilmiş, təxminən, bir o qədərini də qaz benzini təşkil edir.
SOCAR rəhbərliyi və ekspertlər isə sözügedən zavodun emal gücünün nəinki köhnəldiyini, onun ölkənin qaza artan tələbatını tam təmin edə bilmədiyini dəfələrlə dilə gətiriblər. Üstəlik, ölkənin tam qazlaşdırılması proqramı da icra olunur. Başqa sözlə, bu gün ölkədə qaz emalı prosesinin keyfiyyət və kəmiyyət baxımından tam yenilənməyə ehtiyacı var.
Bu səbəbdən də, SOCAR hazırda yeni neft, qaz emalı və neft-kimya məhsullarının istehsalı kompleksinin (OGPC) inşası layihəsi üzərində işləyir. Bu layihə çərçivəsində 2014-cü ilin ortalarında Bakının cənubunda yeni qaz emalı zavodunun inşasına başlanılması planlaşdırılır. Yeni zavodun detallı layihələndirilməsi bu ilin sonunadək başa çatdırılmalıdır. Zavod hər biri 6 milyard kubmetr olmaqla 2 xətdən ibarət olacaq. Yarım ildən sonra yeni müəssisənin inşası məqsədilə podratçıların seçilməsi üçün tender elan olunacaq. 2014-cü ilin ortalarından zavodun bilavasitə inşasına başlanılması nəzərdə tutulub.
OGPC-nin yaradılması istiqamətində işlər qrafikə uyğun aparılır. Kompleksin 2018-2021-ci illərdə mərhələli şəkildə istifadəyə verilməsi planlaşdırılır. Dəyəri 17 milyard dollar olan (bank kreditlərinin faizləri də nəzərə alınmaqla) yeni kompleksdə 1,7 milyon ton hazır məhsul istehsal edə biləcək neft-kimya müəssisəsi, ildə 10 milyon ton neftin ilkin emalını gerçəkləşdirə biləcək neft emalı zavodu, həmçinin ildə 10 milyard kubmetr (sonradan həcmin artırılması mümkündür) qaz istehsal edə biləcək qaz emalı zavodu olacaq.
Bir sözlə, müəssisənin istifadəyə verilməsindən sonra qaz emalı sahəsində tələbat tam yerinə yetiriləcək və təbii ki, istehlakçılar "mavi yanacaq"ın keyfiyyətində də ciddi irəliləyişin şahidi olacaqlar.
... və ağıllı paylaşdırılma
Qazın emalı prosesi başa çatdıqdan sonra o, mütləq nəql olunmalıdır. Bu yanacağın uzaq məsafəyə nəqlində istifadə olunan əsas vasitə magistral qaz kəmərləridir. Azərbaycan yalnız 2012-ci ildə bu borularla 19,3 milyard kubmetr qaz nəql edib. Bu, 2011-ci ildə qeydə alınmış göstəricidən 3,1% çoxdur.
Məhz, bu səbəbdən, müasir və təhlükəsiz magistral qaz kəmərləri sisteminin yaradılması aktual məsələdir. Onlar, əsasən, ötən əsrin 70-80-ci illərində çəkilib və artıq sistemdə yenilənməyə ehtiyac var. Bir qayda olaraq, boru xətlərində əsas nasazlıq korroziya və mexaniki zədələr nəticəsində üzə çıxır. Belə qüsurların yeri və xarakterinin müəyyənləşdirilməsi xeyli çətinliklə və iri məbləğdə maddi xərclər hesabına başa gəlir. Hətta magistral qaz kəmərlərinə daim xidmət göstərilməsinə, mütəmadi olaraq, onların təmirinin həyata keçirilməsinə baxmayaraq, bütünlükdə sistemin yenilənməsi vacibdir.
SOCAR bu prosesə ölkənin qazpaylayıcı strukturunun təkmilləşdirilməsindən başlayıb. Bununla əlaqədar olaraq, Azərbaycanın bütün magistral qaz xətti sistemi "Azəriqaz" İB-dən alınaraq ARDNŞ-ın Qaz İxracı İdarəsinin tabeliyinə verilib. Bu qurum ölkənin müxtəlif yataqlarından qazı qəbul edir, onun həm ölkə daxilində, həm də xaricinə satışına nəzarəti həyata keçirir. "Azəriqaz" İB isə hazırda yalnız ölkə daxilində qaz satışına baxır.
Həyata keçirilən struktur dəyişiklikləri həm ölkənin qaz nəqli, qazın paylaşdırılması strukturunun idarə olunması prosesinin asanlaşdırılması, həm də daxili bazarda qaz satışının iqtisadi məqsədəuyğunluğunun artırılması baxımından vacibdir.
Həyata keçirilmiş dəyişikliklər ayrı-ayrı strukturlara iki müxtəlif istiqamətlərdə işin fəallaşdırılmasına imkan verib. Məsələn, yanvar-may ayları ərzində "Azəriqaz" İB bütün Azərbaycan üzrə yaşayış məntəqələrinin 96%-ni qazlaşdırıb. Bu işlərin, təxminən, 40%-i yalnız may ayı ərzində həyata keçirilib.
SOCAR-ın Qaz İxracı İdarəsi isə 2013-cü il üçün inşaat-təmir, 2014-2016-cı illər üçün isə tədbirlər planı hazırlayıb. Plana əsasən, ölkənin magistral qaz kəməri sistemində yenidənqurma və müasirləşdirmə işləri tam başa çatdırılmalıdır.
30 il əvvəl tikilmiş və son zamanlar tez-tez qəzaların baş verdiyi Hacıqabul-Qazax magistral qaz kəmərinin 3 il ərzində əsaslı təmiri nəzərdə tutulub. İdarə artıq Altıağac-Ağsu magistral qaz kəmərində təmir işlərinə başlayıb. Bundan başqa, Mingəçevir şəhəri və Mingəçevir İstilik Elektrik Stansiyasını qazla fasiləsiz təmin etmək məqsədilə 12 kilometrlik "Mingəçevir qazpaylayıcı stansiyası" - Mingəçevir şəhəri qaz xəttində də təmir işlərinə start verilib.
Qeyd olunan işlərlə yanaşı, idarə ölkənin digər magistral qaz kəmərlərində də əsaslı təmir və yenidənqurma işlərinə başlamağı planlaşdırır.
Nəzərə almaq lazımdır ki, magistral qaz kəmərləri "mavi yanacaq"ı qazpaylayıcı stansiyalara və nəzarət-paylama məntəqələrinə ötürür, orada qazın mexaniki qatışıqdan, kondensatdan, sudan təmizlənməsi həyata keçirilir, keyfiyyəti yoxlanılır, təzyiq aşağı salınır və qaz odorizasiya (xarakterik qoxunun verilməsi) edilir. Bundan sonra təbii qaz istehlakçılara paylanır. Magistral qaz kəmərlərinin fəaliyyətilə yanaşı, qazpaylayıcı stansiyaların iş imkanlarının təmini də böyük əhəmiyyət daşıyır. Bu məqsədlə Qaz İxracı İdarəsi 300-dən artıq qazpaylayıcı stansiyada və nəzarət-paylama məntəqəsində təmir-tikinti işlərinin həyata keçirilməsini nəzərdə tutur və artıq prosesə başlanılıb. Ölkənin qazpaylayıcı sisteminin yenilənməsi planında şəhərlərdə, kəndlərdə və qəsəbələrdə yeni obyektlərin işə salınması prosesi çərçivəsində yeni paylayıcı stansiyaların inşası da vacib yer tutur.
Beləliklə, qaz nəqli sistemində funksiyaların yenidən bölüşdürülməsi ölkə ərazisində qaz satışının iqtisadi məqsədəuyğunluğunu təmin edəcək, həmçinin ümumilikdə sistemin idarə olunması prosesini asanlaşdıracaq. Sənaye istehsalının artırılması planını, yeni emal güclərinin inşa olunduğunu, elektrik enerjisinin generasiyası üzrə yeni güclərin işə salındığını nəzərə alsaq, ölkənin qaz nəqli infrastrukturunun müasirləşdirilməsi son dərəcə vacibdir. Magistral qaz kəmərlərinin yenidən qurulması və təzələnməsi itkilərdən qaçmağa, qəzaların qarşısını almağa, ölkə ərazisində təhlükəsiz və dayanıqlı qaz nəqlinə, ixrac əməliyyatlarının etibarlılığının artmasına imkan yaradacaq.
MƏSLƏHƏT GÖR: