5 Dekabr 2025

Cümə, 12:10

QƏLƏBƏ STANSİYASI

Azərbaycan energetika sahəsinin inkişafında kompleks yanaşmaya üstünlük verir

Müəllif:

01.07.2025

Bu ilin birinci yarısı böyük Avropa dövlətlərinin enerji sistemləri üçün sınaq olub - İspaniya, Portuqaliya və Fransada genişmiqyaslı elektrik enerjisi kəsintiləri yaşanıb. 2025-ci ilin birinci yarısında həm Avropa İttifaqı (Aİ) ölkələrində, həm də onun hüdudlarından kənarda qeydə alınan silsilə “bləkaut”lar energetika sahəsində çox ciddi zəif nöqtələri üzə çıxarıb və Avropanın enerji infrastrukturunun gözlənilməz yüklənmələrə, texnogen hadisələrə və xarici təsirlərə nə qədər hazırlıqsız olduğunu göstərib.

Bu fonda Azərbaycanın elektroenergetika sektoru son illərdə yüksək dayanıqlılıq nümayiş etdirir. Belə ki, enerji sisteminin işində ciddi fasilələr qeydə alınmayıb - istehlakçılara elektrik enerjisinin təchizatı normal rejimdə davam edir.

Mövcud infrastrukturun xidməti ilə paralel olaraq, ölkədə yeni generasiya güclərinin yaradılması üzrə layihələr fəal şəkildə həyata keçirilir. Əsas diqqət bərpa olunan enerji mənbələrinə (BOEM), xüsusilə Azərbaycanın Ermənistanın işğalından azad etdiyi ərazilərə yönəldilsə də, təbii qazla işləyən elektrik stansiyalarının tikintisi öz aktuallığını itirməyib. Bunun parlaq nümunəsi Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə iyunun 25-də istismara verilən “8 Noyabr” elektrik stansiyasının tikintisi layihəsinin həyata keçirilməsidir.

 

İşıqlar sönəndə

2025-ci ilin ilk böyük “bləkaut”u yanvarın 11-də Nigeriyada baş verib. Bu ölkənin milli enerji sisteminin tam sıradan çıxması milyonlarla insanı işıqsız qoyub. Nigeriyada tez-tez baş verən fasilələrin səbəbləri köhnəlmiş avadanlıq, modernləşdirməyə qoyulan investisiyaların kifayət qədər olmaması və enerjinin ötürülməsi zamanı yüksək itkilərdir. Əhəmiyyətli enerji resurslarına malik olmasına baxmayaraq, Nigeriya quraşdırılmış gücünün yalnız üçdə birini generasiya edir və paylaşdırır.

“Kavkasioni” elektrik ötürücü xəttində baş vermiş qəza nəticəsində isə aprelin 19-da Gürcüstanda kütləvi işıq kəsintisi baş verib. Bu da Tbilisi və ölkənin regionlarında elektrik təchizatında fasilələrə səbəb olub.

Aprelin 28-də isə elektrik enerjisinin verilməsində genişmiqyaslı fasilələr bir neçə ölkəni əhatə edib: İspaniya, Portuqaliya, Fransa, Andorra və Mərakeş. Bu, ən çox Pireney yarımadasının böyük şəhərlərinin sakinlərinə təsir edib - təxminən 50 milyon insana. Nəticədə, metro, aviasiya və dəmir yolu əlaqələrinin işi dayandırılıb, işıqforlar işləməyib və elektron bank xidmətlərinin fəaliyyəti dayanıb. Avropanın ən böyük hava limanlarından biri olan, Madriddə yerləşən “Baraxas” hava limanı da işıqsız qalmışdı.

Məlum olub ki, problemi enerji sistemində güclü gərginlik sıçrayışı yaradıb və bu da onun hissələrinin kaskad şəkildə sönməsinə səbəb olub. Bundan başqa, şəbəkədə artıq gərginliyin yaranmasının qarşısını almalı olan bəzi adı çəkilməyən özəl enerji şirkətləri koordinasiyanın olmaması, məsuliyyətin qeyri-dəqiq bölüşdürülməsi və ümumiyyətlə,  sistemin qeyri-şəffaflığı səbəbindən bunu etməyiblər.

28 aprel “bləkaut”u artıq müasir Avropa tarixində ən böyük “bləkuat”lardan biri adlandırılıb. “Elektrik enerjisinin kəsilməsi həyəcan siqnalı olub. Bu, Avropa elektrik şəbəkəsinin modernləşdirilməsi və gücləndirilməsi zərurətinin təcili və qaçılmaz olduğunu göstərib”, - Avropa Elektroenergetiklər Assosiasiyasının (“Eurelectric”) baş katibi Kristina Rubi bildirib.

Ekspertlər bu hadisəni Aİ-nin bərpa olunan enerji mənbələrinə keçidi ilə bağlı problemlərlə də əlaqələndirirlər. Günəşli və küləkli günlərdə “yaşıl elektrik” enerjisinin artıqlığı, xüsusilə kifayət qədər rəqəmsal idarəetmə və ehtiyat gücləri olmadan köhnəlmiş infrastrukturu həddindən artıq yükləyə bilər. Başqa sözlə, külək və günəş enerjisinin istehsalını nəzarətdə saxlamaq mümkün deyil və bu da operatorlar üçün çətinliklər yaradır. Aİ-nin elektrik şəbəkələri əsasən keçən əsrdə inşa edilib, xətlərin yarısının yaşı 40 ildən çoxdur. Bu baxımdan, aşağı karbonlu enerji istehsalının artması və məlumat mərkəzləri və elektromobillərin artan tələbatı elektrik şəbəkələrinin modernləşdirilməsinə ciddi investisiyalar tələb edir. Üstəlik, bu istiqamətdə kiberhücumların qarşısını almaq üçün rəqəmsal sahədə müdafiəyə ehtiyac var.

Növbəti “bləkaut” mayın 24-də Fransanın cənubunda baş verib və təxminən 160 min evin və Beynəlxalq Kann Film Festivalının işıqsız qalmasına səbəb olub. Belə ki, Kann şəhərinin böyük hissəsində elektrik enerjisi yox idi, şəhər sakinləri bu haqda məlumat axtarışında küçələrə çıxırdılar və vəziyyət xaosa yaxın idi. Elektrik təchizatındakı fasilələr səbəbindən mağazalar bağlanmış, telefon və mobil rabitənin işində fasilələr yaranmışdı. Fransanın Lazur sahilində elektrik təchizatındakı genişmiqyaslı fasilələrə görə məsuliyyəti anarxistlər öz üzərinə götürdülər və iddia etdilər ki, məhz onlar Kann aqlomerasiyasını qidalandıran əsas yarımstansiyanı sıradan çıxarıblar və Nissadan gələn 225 kV-luq elektrik ötürücü xəttini kəsiblər. Öz hərəkətlərinin motivi kimi onlar “öz ideallarını müdafiə etmək” olduğunu bildiriblər və bunun üçün elmi-tədqiqat mərkəzlərini, aviasiya və aerokosmik müəssisələri, startapları, hava limanını və regionun digər sənaye, hərbi və texnoloji obyektlərini elektrik enerjisiz qoymağı qərara alıblar. Doğrudur, bu halda söhbət qəsdən edilmiş hərəkətlərdən gedir. Amma enerji şəbəkələrinin zəifliyi problemi hələ də aktual olaraq qalır.

2025-ci ildə baş verən bir sıra böyük elektrik kəsintiləri göstərib ki, enerji təhlükəsizliyi, hətta texnoloji cəhətdən inkişaf etmiş ölkələrdə belə, kövrək olaraq qalır. Köhnəlmiş şəbəkələr, investisiya çatışmazlığı, təşkilati səhvlər, qeyri-sabit “yaşıl generasiya” səbəbindən yüklənmələr və kiberhücum təhdidi enerji təchizatının etibarlılığını qlobal çağırışa çevirir.

Avropa Komissiyasının qiymətləndirmələrinə görə, 2050-ci ilə qədər Avropanın elektrik şəbəkələrinin 2-2,3 trilyon dollar məbləğində sərmayələrə ehtiyacı var. Keçən il Avropa şirkətləri elektrik şəbəkələrinə 80 milyard avro, əvvəlki illərdə isə 50-70 milyard avro sərmayə qoyub. “Bruegel” tədqiqat təşkilatından olan analitiklər hesab edirlər ki, bu istiqamətdə investisiyalar 100 milyard avroya qədər arta bilər.

Avropa Komissiyası qarşısına 2030-cu ilə qədər sistemlərarası birləşmələrin sayını 15%-ə çatdırmaq vəzifəsini qoyub. Bundan əvvəlki hədəf 10% idi. Bu, o deməkdir ki, Aİ-yə üzv hər bir ölkə öz elektrik enerjisi istehsal gücünün azı 15%-ni qonşu ölkələrdən idxal etmək imkanına malik olmalıdır.

 

Qələbə şərəfinə stansiya

Qeyd olunan ölkələrdə baş verən böyük elektrik kəsintiləri digər dövlətlər üçün də birbaşa xəbərdarlıqdır. Bu cür hadisələr xatırladır ki, enerji təhlükəsizliyi özündən razılıq və “bizdə belə şey heç vaxt ola bilməz” düşüncəsi üzərində qurula bilməz. Enerji sistemlərinin dayanıqlığı birdən-birə yaranmır. Bu, daimi işin, investisiya və strateji planlaşdırmanın nəticəsidir. Əgər bəzi ölkələr öz səhvlərindən nəticə çıxarmaq məcburiyyətində qalırsa, digərlərinin hələ də əvvəlcədən nəticə çıxarmaq şansı var.

Bu kontekstdə Azərbaycanın atdığı addımlar xüsusi diqqətəlayiqdir. Ölkədə yaxşı başa düşürlər ki, enerji sistemində nasazlıqlar istənilən ölkədə baş verə bilər.

“Biz son 20 il ərzində Azərbaycanın energetika sistemini, demək olar ki, sıfırdan qurmuşuq. Ölkəmizin müxtəlif yerlərində yeni elektrik stansiyaları qurulmuşdur, eyni zamanda, Mingəçevirdə də yenidənqurma işləri aparılmışdır. Yadınızdadır, burada baş vermiş qəza nəticəsində ölkəmizin böyük hissəsi, demək olar ki, işıqsız qalmışdı”, - Azərbaycan Prezidenti İlham Əliyev 2018-ci ilin iyulunda "Azərbaycan" İES ərazisində baş vermiş qəzanı xatırladaraq, yeni “8 Noyabr” elektrik stansiyasının açılışında bildirib.

“Ondan sonra praktiki tədbirlər görülməyə başlanmış və biz qısa müddət ərzində burada böyük uğurlara nail ola bilmişik”, - Azərbaycan dövlət başçısı vurğulayıb.

Beynəlxalq enerji nəhəngləri ilə memorandumların imzalanması, hibrid və qaz turbinli elektrik stansiyalarının, enerji anbarlarının tikintisi və “yaşıl enerji” dəhlizlərinin inkişafı - bütün bunlar sadəcə iddialı layihələr deyil, gələcəkdə mümkün nasazlıqların qarşısını almağa yönəlmiş preventiv tədbirlərdir.

“Bu gün “8 Noyabr” Elektrik Stansiyası ölkəmizin ən böyük elektrik stansiyasıdır. 1880 meqavat gücündə bu stansiya bizim enerji potensialımızı təbii olaraq daha da gücləndirəcək, enerji sisteminin səmərəliliyini artıracaq və beləliklə, Mingəçevirin nəinki Azərbaycanın, bütövlükdə Cənubi Qafqazın energetika mərkəzi olan statusunu daha da gücləndirəcək. Hazırda bizim elektrik enerjisinin 40 faizindən çoxu Mingəçevirdə istehsal olunur və əlbəttə ki, görülmüş bütün bu işlər bir daha Azərbaycanın doğru yolda olduğunu göstərir”, - Azərbaycan lideri qeyd edib.

Stansiyanın adının seçimi də rəmzidir – “8 Noyabr”, birbaşa Azərbaycanın İkinci Qarabağ müharibəsində böyük Qələbəsinin tarixinə istinad edir. Bu qələbənin bədəli olub və Mingəçevir də bunu yaxşı xatırlayır. Müharibə zamanı Ermənistan təkcə cəbhəyanı əraziləri deyil, həm də dinc şəhərləri, kəndləri, mülki infrastrukturu, o cümlədən enerji obyektlərini məqsədyönlü şəkildə atəşə tuturdu. Mingəçevir də hədəfə alınmışdı: elektrik stansiyasının ərazisinə və ölkənin enerji sistemini təmin edən digər obyektlərə zərbələr endirilirdi. Məqsəd kritik əhəmiyyətli obyektləri sıradan çıxarmaq və Azərbaycanın enerji təchizatını destabilizasiya etmək idi.

“Bu gün bu stansiyanın adının seçilməsi də çox vaxt aparmadı. Təklif edilən variantlar arasında “8 Noyabr”ı mən seçdim. Çünki bu, bizim şanlı Zəfərimizin tarixidir. Zəfər xalqımıza, dövlətimizə yaraşır. Əminəm ki, bu stansiyanın ömrü uzun və fəaliyyəti uğurlu olacaq”, - Prezident İlham Əliyev vurğulayıb.

“Ansaldo Energia” şirkətinin baş icraçı direktoru Fabrizio Fabbri isə qeyd edib ki, stansiyada onların şirkətinin istehsalı olan dörd müasir qaz turbini və generatorlar quraşdırılıb və bu da karbon dioksid emissiyalarını əhəmiyyətli dərəcədə azaltmağa və təbii qaz istehlakında qənaət etməyə imkan verir: “Bu, həm ətraf mühitin qorunmasına, həm də enerji səmərəliliyinə əhəmiyyətli töhfədir”.

Elektrik stansiyasının tikintisi 2023-cü il fevralın 13-də “Azərbaycan” İES-in ərazisində başlayıb. Layihə hər biri 320 MVt gücündə olan dörd qaz turbininin “Azərbaycan” İES-in mövcud 7 və 8 nömrəli buxar turbinləri ilə inteqrasiyasını əhatə edib. Nəticədə, yeni stansiyanın gücü 1880 MVt-a çatıb, artıq buxardan istifadə sayəsində isə əlavə olaraq daha 90 MVt, yəni ümumilikdə 1970 MVt-a qədər enerji istehsal edə bilər.

Bununla yanaşı, stansiyada şərti yanacaq sərfiyyatını "Azərbaycan" İES-in digər bloklarındakı 340 q/kVt/saat göstəricisinə qarşı 225 q/kVt/saata qədər azaltmaq mümkün olub. Bu, ildə 1 milyard kubmetrə qədər qaza qənaət etməyə və istixana qazı emissiyalarını 2 milyon tona qədər azaltmağa imkan verir.

 

Növbəti 5 il üçün

“8 Noyabr” elektrik stansiyası - heç də son hədd deyil. Azərbaycan Energetika Nazirliyi artıq növbəti 5 il üçün planlarını açıqlayıb, bu planlara görə, 2030-cu ilə qədər ölkədə 90 elektrik stansiyasının tikilməsi nəzərdə tutulur. Ümumi gücü 1,6 QVt olan yeni generasiya obyektləri Qarabağ və Şərqi Zəngəzurda inşa ediləcək və onlar yalnız bərpa olunan enerji mənbələri ilə işləyəcəklər. Energetika Nazirliyinin qiymətləndirmələrinə görə, bu stansiyaların fəaliyyəti ildə 1 milyard kubmetrə qədər təbii qaza qənaət etməyə imkan verəcək, istixana qazlarının emissiyası isə 2 milyon tondan çox azalacaq.

Ümumilikdə, 2030-cu ilə qədər ölkədə ümumi gücü 6,7 GVt olan “yaşıl enerji” layihələrinin həyata keçirilməsi planlaşdırılır ki, bunun 2,7 GVt-ı ölkəmizin enerji sistemi üçün, 4 GVt-ı isə Xəzər-Qara dəniz-Avropa yaşıl enerji dəhlizi vasitəsilə ixrac üçün nəzərdə tutulub.

Ölkənin enerji sistemində “yaşıl enerji”nin payının 38%-ə qədər artırılması ilə yanaşı, bu güclər hesabına ümumilikdə 4,4 milyard kubmetr təbii qazın istehlakının qarşısı alınacaq. Bu da öz növbəsində xaricə qaz ixracının həcminə müsbət təsir göstərərək onun artmasına kömək edəcək.

Artıq qeyd edildiyi kimi, lakin enerji sisteminin dayanıqlılığı əhəmiyyətli dərəcədə şəbəkələrin etibarlılığı və dözümlülüyündən asılıdır. Azərbaycanda işin bu hissəsini enerji şəbəkə infrastrukturunun layihələndirilməsi və modernləşdirilməsi sahəsində əhəmiyyətli təcrübəyə malik Çin mütəxəssislərinə etibar etməyi qərara alıblar. Belə ki, Dövlət Bərpa Olunan Enerji Mənbələri Agentliyi elektrik şəbəkələrinin inkişafı və “yaşıl enerji”nin etibarlı ötürülməsini təmin etmək üçün birgə fəaliyyət məqsədilə Çinin “China Datang Overseas Investment Co. Ltd” şirkətini cəlb edib. Bu istiqamətdə anlaşma memorandumu imzalanıb. Sənəd bərpa olunan enerji generasiya güclərinin elektrik şəbəkəsinə təhlükəsiz qoşulması məsələlərini, həmçinin bütün ölkə üzrə elektrik enerjisinin dayanıqlı və sabit ötürülməsinə dəstəyi əhatə edir.

Tərəflər yüksək gərginlikli sabit cərəyan kabellərinin layihələndirilməsi və həyata keçirilməsində Çin şirkətinin texniki imkanlarından və təcrübəsindən istifadə etməyi, həmçinin Azərbaycanın enerji infrastrukturunun kompleks inkişafı üçün texniki və maliyyə yardımını cəlb etməyi planlaşdırırlar.

Bundan əlavə, Energetika Nazirliyi Çinin Elektrik Enerjisi Planlaşdırma və Mühəndislik İnstitutu ilə ölkənin elektrik ötürmə sisteminin tədqiqatının aparılması barədə razılaşıb. Çin institutu enerji sisteminin cari vəziyyətinə uyğun modelləşdirmə və simulyasiya aparacaq, həmçinin şəbəkə təhlili edəcək, hədəf illər üçün elektrik enerjisinə tələbatı proqnozlaşdıracaq və böyük miqyaslı bərpa olunan enerji obyektlərinin inteqrasiyası üzrə tövsiyələr hazırlayacaq. Sazişin həyata keçirilməsi üçün Azərbaycanda zəruri strukturların iştirakı ilə işçi qrup yaradılacaq.

Bundan başqa, 2026-cı ilə qədər Azərbaycanda ümumi gücü 250 MVt və saxlama həcmi 500 MVt/saat olan iki akkumulyator enerji saxlama sisteminin enerji sisteminə qoşulması planlaşdırılır. Bu sistemlər bərpa olunan enerji mənbələrinin milli enerji şəbəkəsinə səmərəli inteqrasiyası və onun işinin dayanıqlılığının artırılması üçün vacib element olacaq.

Mütəxəssislərin qeyd etdiyi kimi, “yaşıl generasiya”nın təhlükəsiz idarə edilməsi üçün iki əsas şərt lazımdır: qonşu ölkələrin enerji sistemləri ilə etibarlı şəbəkələrarası əlaqələrin olması və öz enerji toplayıcılarının mövcudluğu. Sistemlərarası əlaqələrin potensialı hələ məhdud olan Azərbaycan halında, məhz akkumulyator sistemlərinin tətbiqi həlledici rol oynayacaq. Onlar təxminən 2 GVt quraşdırılmış BOEM güclərinin işini səmərəli idarə etməyə və günəş və külək generasiyası üçün xarakterik olan tərəddüdləri hamarlamağa imkan verəcək.

Beləliklə, Azərbaycan energetikanın inkişafına kompleks yanaşmaya üstünlük verir - təkcə yeni elektrik stansiyaları tikmir, həm də şəbəkələri gücləndirir, enerji toplayıcıları tətbiq edir və “yaşıl layihələr”i inkişaf etdirir. Bütün bunlar bərpa olunan mənbələrin artan payı şəraitində belə sistemin sabit və fasiləsiz işləməsinə yönəlib. Qlobal risklər və dəyişikliklər şəraitində bu, sadəcə inkişaf deyil, etibarlı və təhlükəsiz enerji gələcəyinə doğru düşünülmüş addımlardır.



MƏSLƏHƏT GÖR:

105