5 Dekabr 2025

Cümə, 10:45

ƏJDAHANIN «YUMŞAQ GÜCÜ»

İkinci Çin-Mərkəzi Asiya sammiti Pekinin regionda liderliyə can atdığını ortaya qoyub

Müəllif:

01.07.2025

Ukrayna müharibəsi, Yaxın Şərqdə münaqişənin eskalasiyası və dünyanın aparıcı fövqəldövlətləri arasında ticarət müharibəsinin qızışması kimi geosiyasi böhranların davam etdiyi şəraitdə Çin ilə Mərkəzi Asiya arasında münasibətlər getdikcə daha mühüm strateji əhəmiyyət kəsb etməyə başlayır. Bu münasibətlər bir yandan regionda sabitliyin təmin olunmasında önəmli rol oynayır, digər tərəfdən qloballaşan dünyada dəyişən şərtlərə uyğunlaşma elementinə çevrilir. Çin-Mərkəzi Asiya formatında keçirilmiş ikinci sammit bunu bir daha hər kəsə nümayiş etdirib. Eyni zamanda o, Çinlə region dövlətləri arasında əməkdaşlığın möhkəmləndirilməsində mühüm mərhələ də sayıla bilər.

 

Qazaxıstan Pekinin Mərkəzi Asiya siyasətinin amili kimi

Məlum olduğu kimi, sammitdən əvvəl ÇXR sədri Si Cinpin Qazaxıstana işgüzar səfər etmişdi. Danışıqların yekununda iki ölkə liderləri ikitərəfli münasibətlərin gələcəyinə deyil, bütünlükdə Mərkəzi Asiyada siyasi və iqtisadi proseslərin gedişinə təsir göstərəcək bir sıra prinsipial qərarlar qəbul ediblər.

Bu, təsadüfi deyil. Qazaxıstan uzun illər boyu Çinlə ticarətdə lider mövqedə olub və bu gün də belədir. Bu, təbii ki, iki ölkə arasındakı siyasi dialoqa da öz təsirini göstərir. Tənqidçilər hesab edirlər ki, Pekin iqtisadi rıçaqları hesabına regionda hökmranlığını artırmağa çalışır. Bu mənada Qazaxıstan bölgədə Çinin «əməliyyat meydanı» kimi qiymətləndirilir. Bəzi müşahidəçilər hətta iddia edirlər ki, Pekin nəinki qonşularına açıq şəkildə öz şərtlərini diktə edir, həm də onları süni şəkildə özündən asılı vəziyyətə salır.

Amma çox zaman bir şey nəzərə alınmır: Çinlə əməkdaşlıq həm də region ölkələrinin öz maraqlarından irəli gəlir. Astananı, Daşkəndi və ya Düşənbəni Pekinlə sıx münasibətlər qurmağa heç kim məcbur etmir və edə bilməz. Yəni bu münasibətlər onların maraqlarına ziddirsə, bu ölkələri Çinin təsiri altına salmağa hesablanıbsa, onlar buna getməyəcəklər. Çin, əlbəttə ki, israrla müxtəlif əməkdaşlıq sahələrini əhatə edəcək əlaqələri üçün inkişaf etmiş infrastruktur yaradır. Amma sonda bu proses region ölkələrinin istəyi və dəstəyi olmadan mümkün deyil.

Bunu Si Cinpinin Astanaya səfəri zamanı imzalanmış sənədlərin sayı və xarakter idə təsdiqləyir. İki ölkə arasında imzalanmış 24 saziş və memorandum enerji, nəqliyyat, aerokosmik sənaye, investisiya, kənd təsərrüfatı, elektron ticarət, turizm, intellektual mülkiyyət, tibb, media, mədəniyyət və elm kimi ən müxtəlif sahələrdə əməkdaşlığı nəzərdə tutur. Tərəflər arasındakı ən diqqət çəkən razılaşmalar isə nadir torpaq metallarının resurs bazasının birgə işlənməsi və dinc xarakterli atom enerjisi sahəsində əməkdaşlıqla bağlıdır.

 

Pekin və Astananın yeni prioritetləri

Çinin əsasən Qazaxıstanda nadir torpaq metallarının çıxarılması və ilkin emalı ilə maraqlandığı əvvəlki illərdən fərqli olaraq, indi tərəflər bu sahədə istehsalın tam mərhələsini həyata keçirməyi və bunun Qazaxıstanda lokallaşdırılmasını müzakirə edirlər. Qazaxıstan hökumətinin Birinci vitse-prezidenti Roman Sklyar bildirib ki, Astana «sərmayə və texnologiyalar əvəzinə xammal» formulu ilə yüksək hərarətə davamlı nikelli ərintilərin, həmçinin batareyalar üçün materialların istehsalını inkişaf etdirmək niyyətindədir. Onlar bu kontekstdə Çin şirkətləri ilə nadir torpaq metalları sahəsində təcrübə mübadiləsi aparmağı düşünür, birgə layihələr həyata keçirməyə ümid edirlər.

Xatırladaq ki, bu ilin yazında Avropa İttifaqı-Mərkəzi Asiya sammitində Avropa liderləri bildirmişdilər ki, onlar bölgə ölkələri ilə Çin və ABŞ-nin imzaladığı müqavilələrdən keyfiyyətcə fərqli razılaşmalar imzalamaq niyyətindədirlər. Aİ region ölkələrinə yalnız hasilat deyil, həm də xammal emalı və zənginləşdirilməsi texnologiyaları vəd edib. Bu mənada yeni Çin-Qazaxıstan razılaşması Pekinin bu sahədə rəqiblərinin çağırışlarına cavab verməyə hazır olduğunu göstərir.

Atom enerjisilə bağlı razılaşmaya gəlincə, Qazaxıstan bu məsələdə son dərəcə ehtiyatlı davranır. Astana istəyir ki, bu məsələ siyasiləşməsin və Moskvanın narazılığına yol açmasın. Odur ki, ölkə kiçik nüvə elektrik stansiyasının tikintisi ilə bağlı ilk investisiya layihəsinin «Rosatom»dan alınmasına qərar verib. Çinin «China National Nuclear Corporation» şirkəti bu sahədə yalnız ikinci layihə ilə çıxış edəcək. Astana çox vacib olan sahədə balansı bu yolla qorumağa çalışır.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Çinlə ikitərəfli münasibətlərin səviyyəsini xarakterizə edərkən münasibətlərdəki hazırkı mərhələni «qızıl dövr» adlandırıb. Bu, özünü iki ölkə arasında ticarət dövriyyəsi həcminin artımı ilə də göstərir. 2024-cü ilin yekunlarına görə Çinlə Qazaxıstan arasında ticarət dövriyyəsi 44 milyard dollar təşkil edib. Müqayisə üçün qeyd edək ki, bu rəqəm Rusiya ilə Mərkəzi Asiyanın bütün ölkələri arasında ümumi ticarət dövriyyəsindən çoxdur.

Çinlə Mərkəzi Asiya ölkələri arasında münasibətlərdən danışarkən qarşılıqlı ticarətdə Qazaxıstanın mütləq lider olduğu vurğulanmalıdır. Pekin özü isə Mərkəzi Asiya ölkələrinin xarici ticarət tərəfdaşları siyahısında ilk yerdədir.

 

Region uğrunda «savaş»ın lideri

Çinin Mərkəzi Asiya ölkələri ilə ümumi ticarət dövriyyəsi 95 milyard dollara çatır. Bu, Avropa İttifaqı ilə analoji göstəricidən təxminən 30% çox, Rusiyanın göstəricisində isə iki dəfə artıqdır. Aİ coğrafi baxımdan regiondan daha uzaqda yerləşsə də, önəmli investisiyalar, enerji sahəsində fəal əməkdaşlıq sayəsində ticarət dövriyyəsinin həcmini 60 milyard dollara (ikinci yer) çatdırıb. Bu sahədə ilk üçlüyü 44 milyard dollarla Rusiya tamamlayır. Amma nəzərə alınmalıdır ki, Rusiya ilə ticarətdə hazırda müəyyən durğunluq müşahidə olunur ki, bu da əsasən Moskvanın üzləşdiyi iqtisadi sanksiyalar və məhdudiyyətlərlə bağlıdır. «Ekonomist.kz» xəbər verir ki, 2024-cü ildə regionun ümumi ticarət dövriyyəsinin təxminən 40%-i Çinin payına düşüb.

Region ölkələri arasında Çinlə ticarət dövriyyəsinin həcminə görə ikinci yerdə Özbəkistan gəlir – 13,7 milyard dollar. Qazaxıstanla müqayisədə bu, xeyli az olsa da, Özbəkistanın Çinin ümumi ticarət dövriyyəsindəki payı 18,9% təşkil edir. Onun idxaldakı payı 26,8, ixracdakı payı isə 7,6%-dir. Ümumiyyətlə, Pekinlə Daşkənd arasında münasibətlər sabit və davamlı xarakter daşıyır. Onların arasındakı ticarət dövriyyəsində ötən il bir qədər azalma müşahidə olunsa da, imzalanmış sazişlərin investisiya portfeli (60 milyard dollar) yaxın gələcəkdə ticarət-iqtisadi münasibətlərinin artacağını deməyə əsas verir. Bu gün iki ölkənin əməkdaşlığında «yaşıl» enerji, əczaçılıq, aqrar-sənaye kompleksi, rəqəmsallaşma, logistika kimi sahələr daha perspektivli görünür.

Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun inşası haqda yəqin ki, ayrıca danışmaq lazımdır. Bu layihə Daşkəndin 2019-cu ilin dekabrında irəli sürdüyü Çin-Qırğızıstan-Özbəkistan-Türkmənistan dəmir yolu arteriyasının yaradılması təşəbbüsünə tam uyğun gəlir.

Qeyd edilməlidir ki, Çinin müsbət ticarət saldosunun təxminən 70%-ni onun region ölkələri ilə ticarət dövriyyəsi təşkil edir. Bununla yanaşı, Pekinlə ticarətdə müsbət saldo göstərən yeganə ölkə Türkmənistandır. Səbəb onun Çinə əsasən təbii qaz ixrac etməsidir. Çin Türkmənistan qazının əsas alıcısıdır. Bu ölkənin «mavi yanacaq» ixracının 70%-dən çoxu məhz ÇXR-in payına düşür. Son dövrlərdə ixrac həcmi bir qədər azalıb ki, bu da tərəfləri perspektivdə həcmin qorunub saxlanılması üçün birgə səylərin artırılmasına təşviq edir.

 

Müttəfiqliyin bir addımlığında

Mərkəzi Asiya ölkələri ilə Çinin institusional əməkdaşlığının inkişafında dönüş nöqtəsi Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan və Çin arasında «Əbədi dostluq, mehriban qonşuluq və əməkdaşlıq haqqında» müqavilənin imzalanması olub. Sənəd tərəflər arasındakı münasibətləri, demək olar ki, müttəfiqlik mərhələsinə qaldırıb. Müqavilədə «dövlətlərin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, suveren bərabərlik və sərhədlərin toxunulmazlığı prinsiplərinə sarsılmaz dəstək»dən də bəhs olunur. Bu, həm Çin, həm də daxili işlərinə müdaxilə və ərazi bütövlüyünə təhdid riskləri ilə üzləşə biləcək Mərkəzi Asiya ölkələri üçün xüsusi önəm daşıyır.

Tərəflərin «çəki fərqi»ni nəzərə alsaq, Pekin faktiki olaraq, regional qonşularının ərazi bütövlüyü və suverenliyinin zəmanətçisi kimi çıxış etmək qərarına gəlib. Ətrafda münaqişələrin bitmək bilməməsi, SSRİ-nin dağılmasının nə qədər qanuni olduğuna dair müzakirələrin açıldığı bir vaxtda Mərkəzi Asiya ölkələri gərginliyin onların regionuna da keçə biləcəyinə dair narahatlıqlar var. Qeyd olunan müqavilənin mətnindən isə aydın olur ki, bu narahatlığı Çin də bölüşür və o, region üçün mümkün risklərin qarşısının alınmasında iştiraka hazırdır.

Müqavilədə ayrıca maddə kimi müdafiə, hərbi-texniki, təhlükəsizlik kimi sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinə dair öhdəliyin götürülməsi də çox vacib məqamdır. Sənəddə bildirilir ki, «bu müqavilənin müddəalarının həyata keçirilməsi üçün tərəflər zərurət yaranacağı təqdirdə qarşılıqlı maraq doğuran konkret sahələr üzrə ayrıca beynəlxalq müqavilələr də bağlaya bilər». Demək, təhlükəsizlik və müdafiə sahəsində çoxtərəfli tərəfdaşlığın dərinləşdirilməsi, ayrı-ayrı sazişlərin imzalanması da mümkündür.

Qeyd olunan sammit, həmçinin Çinlə Mərkəzi Asiya ölkələri arasında münasibətləri tənzimləyəcək sənədin qəbulu göstərir ki, tərəflər bütün mürəkkəbliklərə, ziddiyyətlərə rəğmən, bir məqamı yaxşı anlayır: əməkdaşlıq potensialı ziddiyyətli məqamlardan çoxdur və bu gün bu əməkdaşlığın alternativi yoxdur.



MƏSLƏHƏT GÖR:

84