5 Dekabr 2025

Cümə, 10:03

12 GÜNLÜK MÜHARİBƏ

Qalib kimdir: ABŞ-İsrail tandemi, yoxsa İran?

Müəllif:

01.07.2025

İsrail Dövləti ilə İran İslam Respublikası arasında həlledici sözü Amerika Birləşmiş Ştatlarının söylədiyi 12 günlük müharibə müasir dünya düzəninin «vizit kartı»na çevrilib. Müharibə başa çatsa da, Yaxın Şərqdə və bütün dünyada təhlükəsizliklə bağlı vəziyyətə tam aydınlıq gəlməyib.

 

«Yüksələn aslan» və «Doğru vəd»

İsrailin İrana qarşı çoxdan gözlənilən hərbi əməliyyatı reallığa çevrilib. HƏMAS-ın İsrailə 2023-cü ilin oktyabrında etdiyi terror hücumundan sonra yaşanan hadisələr məntiqi nəticəsinə çatıb. Suriya və Livanda iranpərəst qüvvələri neytrallaşdırmış, HƏMAS-ı darmadağın etmiş və Qəzzanı xarabalığa çevirmiş İsrail bu hadisələrin həlledici, necə deyərlər, ekzistensional aktına qədəm qoyub. Hədəf İranın hərbi potensialının məhvi idi.

İsrail miqyaslı hücumlara Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (MAQATE) İdarəetmə Şurasının İranın qurumla əməkdaşlıqdan yayındığına, bütün növ nüvə materiallarını bəyan etməklə bağlı öhdəliyi yerinə yetirmədiyinə dair bəyanatından sonra başlayıb. Amma bu qətnamə əslində, ilk növbədə, Qərb ölkələrinin səyləri ilə qəbul olunmuşdu və İsrailin mövqeyini əsaslandırmağa yönəlmişdi. Mövqe ondan ibarət idi ki, İran beynəlxalq ictimaiyyətin tələblərinə məhəl qoymur, nüvə silahı istehsalı istiqamətində işləyir və məqsədinə nail olmağa çox yaxındır. Beləliklə, İsrail «sionist rejim»i məhv etməklə hədələyən Tehranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün bir növ «kart-blanş» əldə etmişdi.

Beləliklə, İsrail 2025-ci il iyunun 13-də «Yüksələn aslan» (yaxud «Aslan kimi xalq») adlı hərbi əməliyyata başlayıb. Əməliyyatın məqsədinin İranın nüvə və raket proqramlarını məhv etmək olduğu bəyan olunub. Raket, aviasiya və pilotsuz uçuş aparatları ilə həyata keçirilən hücumlar zamanı İranın hərbi infrastrukturu hədəfə alınıb, bir sıra yüksək rütbəli hərbçisi və rəsmisi, həmçinin nüvə sahəsində ixtisaslaşmış tanınmış alimləri öldürülüb. Əvəzində Tehran «Doğru vəd» adlı əməliyyata başlayaraq, İsrail ərazilərinə raket zərbələri endirib.

Sonrakı günlərdə İsrail İranın bir sıra şəhərlərinə, məsələn, paytaxt Tehrana, Təbrizə, Kirmanşaha, Şiraza, eyni zamanda ölkənin strateji və sənaye obyektlərinə, nəhəng qaz yatağı olan «Cənubi fars»a hücumlar edib. İsrail ordusunun (SAXAL) əsas hədəfləri arasında Natanz, İsfahan və Ərakdakı nüvə obyektləri də olub. Tehran isə öz növbəsində, Təl-Əviv, Hayfa və digər İsrail şəhərlərinə hücumlar edib. SAXAL və İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) müvafiq olaraq, Tehran və Təl-Əviv sakinlərini şəhəri tərk etməyə çağırmaları hücumların miqyasından xəbər verirdi.

Qarşılıqlı zərbələr istər İsrailin İranın sənaye və müdafiə potensialına ciddi zərbə vurmaq iqtidarında olduğunu, istərsə də ərazicə kiçik olan yəhudi dövlətinin intensiv raket atəşi qarşısında nə qədər həssas, müdafiəsiz olduğunu ortaya qoyub. Hər iki tərəf bir-birinin hava hücumundan müdafiə sistemlərinin zərərsizləşdirilməsində əhəmiyyətli uğur qazanıb. Nəticədə, məlum olub ki, müharibənin uzunmüddətli xarakter alacağı təqdirdə həm İsrailin, həm də İranın tam məhvi mümkündür. Bu isə təbii olaraq, nə Tehranın, nə də Təl-Əvivin planına uyğundur. Bu ssenari İsrailin ən yaxın və güclü müttəfiqi olan ABŞ üçün də qəbulolunmazdır. Odur ki, savaşın başlamasından cəmi bir həftə sonra İsrailin Vaşinqtonu münaqişəyə müdaxilə etməyə çağırması təəccüblü deyil. Yəhudi dövləti Amerikadan İranın yeraltı nüvə obyektlərinə güclü bombalarla zərbələr endirməyə çağırıb. Amma əslində Vaşinqtonun bu çağırışa ehtiyacı yox idi. Çünki İsrailin İranla genişmiqyaslı müharibəyə ABŞ-nin razılığı olmadan başlaması inandırıcı deyildi.

 

Tramp iş başında

Müharibədən hələ iki ay əvvəl ABŞ Prezidenti Donald Tramp ultimatum verərək, İranın 60 gün vaxtı olduğunu bildirmişdi. Ağ Ev sahibi demişdi ki, Tehran bu müddətdə nüvə proqramı ilə bağlı yeni müqavilə imzalamalı, onun inkişafından imtina etməlidir. İsrailin hərbi əməliyyatları məhz bu müddətin başa çatmasının səhəri gün başlayıb.

Tramp dərhal bildirib ki, o, Təl-Əvivin əməliyyata hazırlaşdığını bilib. Bu, əslində, Vaşinqtonun İsrailin planını tam dəstəklədiyini göstərirdi. ABŞ administrasiyasının əməliyyatlarda birbaşa iştirak etmədiklərini bildirməsi, Vaşinqton-Tehran danışıqlarının davam etdiyi vaxtda Amerikanın «sülh tərəfdarı» olduğunu göstərməyə çalışması da bu gerçəkliyi dəyişməyib. Hər halda, artıq müharibə başlamışdı və bu şəraitdə danışıqların mənası qalmamışdı. Tehran isə öz növbəsində, ABŞ-ni İsrailin hücumlarına «şərik olmaqda» günahlandıraraq, onunla iyunun 15-də keçirilməli olan növbəti danışıqlardan imtina etmişdi.

Nəhayət, iyunun 22-nə keçən gecə ABŞ müharibəyə birbaşa müdaxilə edib. O, İranın Fordo, Nataz və İsfahan şəhərlərindəki nüvə obyektlərinə zərbələr endirib. «Birdəfəlik əməliyyat» adlandırılan bu hücum zamanı bunkerlər üçün nəzərdə tutulmuş bombalardan və «Tomahawk» qanadlı raketlərindən istifadə olunub. ABŞ-nin bu addımı İsraildə böyük ruh yüksəkliyi ilə qarşılanıb. Yəhudi dövlətinin baş naziri Binyamin Netanyahu İranın nüvə obyektlərinə uğurlu hücum münasibətilə Trampı təbrik edib, Tehran isə Vaşinqtonun «qırmızı xətti keçdiyini» bildirib.

Artıq ABŞ-nin regiondakı qüvvələrinə cavab zərbəsi qaçılmaz idi və İran onun Qətərdəki «Əl-Udeyd» hərbi hava bazasına raket zərbələri endirib. Amma Tramp bunu «gözlədiyimiz kimi, zəif cavab» adlandırıb. Ağ Ev sahibi iranlıların bazaya ümumilikdə 14 raket atdıqlarını, onlardan 13-nün havada məhv edildiyini, birinin isə «təhlükəsiz istiqamətdə» uçduğunu bildirib. «Məmnunluqla bildirirəm ki, heç bir amerikalı zərər görməyib və demək olar ki, bizə heç bir maddi ziyan dəyməyib. Ən önəmlisi isə onlar bütün bunları öz «sistemlərindən» çıxartdılar və ümid edirəm ki, daha nifrətə yer qalmayacaq. İrana təşəkkür edirəm ki, hücumla bağlı bizə əvvəlcədən məlumat verdi. Nəticədə, insan itkisinin, xəsarətlərin qarşısını ala bildik. Bəlkə də, indi Tehran regionda sülh və harmoniya yolu ilə gedə bilər. Mən İsraili də buna çağırıram», - deyə D.Tramp qeyd edib.

Bu bəyanat, əslində, müharibənin tezliklə sona çatacağının siqnalı idi. Nəhayət, iyunun 24-də Tramp İranla İsrailin atəşkəsə dair razılığa gəldiklərini bəyan edib. Bundan sonra hər iki tərəf bir-birinin ərazisinə bir neçə raket atsa da, müharibənin artıq sona yaxınlaşdığı bəlli idi.

Müharibənin acı nəticələrinə gəlincə, savaş 606 iranlının və 28 israillinin həyatına son qoyub. Qarşılıqlı zərbələr nəticəsində 5332 iranlı və 1272 israilli yaralanıb.

Maraqlıdır ki, indi hər iki tərəf özünü qalib sayır. İranın Ali Milli Təhlükəsizlik Şurası İsrailin «məğlubiyyətini etiraf etməyə, təcavüzü birtərəfli qaydada dayandırmağa məcbur olduğunu» bildirib. İranın ali dini lideri Ayətolla Əli Xamanei isə «müharibəyə qoşulan ABŞ-nin heç bir uğur əldə edə bilmədiyini» xüsusi vurğulayıb. O, «İslam Respublikasının qalib gəldiyini, Amerikaya sərt şillə dəydiyini» söyləyib.

Təl-Əviv isə fərqli fikirdədir. Yəhudilər bildirirlər ki, hərbi əməliyyatlar zamanı nəinki bütün hədəflərə nail olunub, hətta daha da irəli gedilib, çünki İranın ikili təhdidinə son qoyulub – həm nüvə, həm də ballistik raket sahəsində.

 

Suallar cavablardan çoxdur

Lakin müharibənin başa çatması ortaya cavablardan çox suallar çıxarıb. Məsələn, ABŞ və İsrailin zərbələri İranın nüvə proqramına, həqiqətən, son qoyubmu? Bu suala ABŞ administrasiyası daxilində belə, birmənalı cavab yoxdur. Prezident Tramp Amerika bombardmanlarının İranın nüvə obyektlərini məhv etdiyini əminliklə söyləyirsə, Birləşmiş Ştatların kəşfiyyat orqanları Tehranın nüvə proqramına «ciddi zərbə dəymədiyini» bildirir. MAQATE-nin baş katibi Rafael Qrossi də hesab edir ki, ABŞ və İsrailin hücumları İranın nüvə obyektləri üçün «öldürücü nəticələr verməyib». Bu mənada, İranın zənginləşdirilmiş uran ehtiyatının taleyi də qeyri-müəyyən olaraq qalır: bu ehtiyatlar bombardmana məruz qalıbmı? Yoxsa İran əsas nüvə obyektlərindəki zənginləşdirilmiş uran ehtiyatlarını əməliyyatdan əvvəl başqa yerə köçürə bilib?

Ümumilikdə Tehranın nüvə proqramına müəyyən zərbənin dəydiyinə şübhə yoxdur. Amma bu, İranın sözügedən proqramdan imtina edəcəyi anlamına gəlirmi? Tehranın bəyanatlarından belə məlum olur ki, o, nüvə proqramını inkişaf etdirmək niyyətindədir. Demək, 2015-ci ildə imzalanmış, lakin Trampın ilk prezidentliyi dövründə Vaşinqtonun imtina etdiyi nüvə sazişinin bərpa olunacağı haqda danışmaq tezdir. Bununla yanaşı, Tramp indi bu sahədə yeni sazişin imzalanmasında israr etsə də, bu da inandırıcı görünmür. Tehran hələ də bildirir ki, onun nüvə proqramı dinc xarakter daşıyır. Bu azmış kimi, 12 günlük müharibədən sonra o, MAQATE müfəttişlərini nüvə obyektlərinə buraxmaqdan tam imtina etdiyini açıqlayıb. Bütün bunlar azmış kimi, İsrailin hərbi əməliyyatı və ABŞ-nin ona dəstəyi İranda özünü qoruması üçün nüvə potensialına sahib çıxmağın zəruriliyinə əmin edə bilər.

Amma İranın nüvə silahına sahib olmasını nəinki ABŞ, onun Avropadakı müttəfiqləri və İsrail, həm də Tehranın tərəfdaşı və dostu sayılan ölkələr də istəmir. Vaşinqton ilə Təl-Əvivin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatlara Rusiya və Çin başda olmaqla, bir çox dövlətin son dərəcə təmkinlik reaksiya verməsi də buradan irəli gəlir. Bu, Tehranın qlobal və regional siyasətdə öz mövqeyini bir daha nəzərdən keçirməli olduğunu göstərir. Onun mövqeyi istər İsraillə ABŞ-nin zərbələri, istərsə də daha əvvəl iranpərəst «müqavimət oxu»nun «sındırılması» ilə onsuz da əhəmiyyətli dərəcədə sarsılıb.

Bununla yanaşı, bəllidir ki, ABŞ və İsrailin əməliyyatları İrandakı molla rejiminin dəyişdirilməsinə də hesablanmışdı. Lakin rejim bu sınaqdan çıxa bilib. Bəs belə bir halda İran hakimiyyəti düşmən üzərində qazanılmış «qələbə»ni daxildə müxalif fikrə, düşüncəyə qarşı sərt repressiyalar üçün istifadə edəcək, yoxsa əksinə, həmrəyliyi möhkəmləndirmək, əhalinin mollakratiya ətrafında daha sıx birləşməsi üçün yumşalmaya gecədək?

Bəs Tehranın ABŞ və İsraillə qarşıdurma kontekstində İran rejiminin daha da güclənməsi, nüvə proqramnın icrasından daha bərk yapışması ehtimalı nə qədərdir? Aydındır ki, tərəflər arasındakı qarşıdurma ümumilikdə 12 günlük müharibə ilə başa çatmayıb və Trampın elan etdiyi atəşkəs, əslində, yalnız növbəti miqyaslı savaş ərəfəsində müvəqqəti sakitlik ola bilər. ABŞ Prezidenti özü də deyir ki, İranın uranın zənginləşdirilməsi prosesini bərpa edəcəyi təqdirdə Vaşinqton ona yeni zərbələr endirməyə hazırdır. Eyni tonda xəbərdarlıqlar Təl-Əvividən də gəlir. Bu, xüsusilə 12 günlük müharibənin nəticələri fonunda ortaya bir sual da çıxarır: daimi müharibə rejimində yaşamaq İsrailə strateji təhlükəsizlik zəmanəti verə bilərmi?

12 günlük müharibə bütünlüdə qlobal təhlükəsizlik sistemi üçün ciddi çağırışların mövcudluğunu ortaya qoyub. İndi beynəlxalq münasibətlər sistemində az da olsa nəzərə alınan «oyun qaydaları» təəssüf ki, artıq tamamilə yox olub. Bu sistemdə «soyuq müharibə»dən sonra baş verənlər – ABŞ və Qərbin Yuqoslaviyaya, İraqa, Liviyaya qarşı hərbi əməliyyatları, Rusiyanın Ukraynaya hərbi müdaxiləsi, İsrailin Livan, Suriya, indi isə İrana hücumları beynəlxalq hüququi tam iflasa uğradığını göstərir.

Beləliklə, mövcud dünya nizamının çökməsi, nəticədə ölkələrin «yırtıcılar» və onların «qubanlar»ına bölünməsi kimi risk var və bunun qarşısını heç bir hüquqi və siyasi mexanizmlə almaq mümkün deyil. Belə vəziyyətdə «qurban» rolunda olmaq həmin ölkələr üçün son dərəcə ağır nəticələr vəd edir. Yəni indi ən güclülərdən olmayan, böyük güc mərkəzlərində yer almayan əksər ölkə üçün «qurbana çevrilməmək», öz təhlükəsizliyini təmin etmək çox böyük əhəmiyyət kəsb edir.

Qlobal təhlükəsizlik baxımından bu qədər kritik məqama tam hazır görünən dövlətlərdən biri isə Azərbaycandır. Ərazi bütövlüyünü bərpa etmiş, demək olar ki, bütün qonşuları, həmçinin aparıcı qlobal və regional güclərlə qarşılıqlı faydalı münasibətlər qurmuş, «orta güc» statusunu möhkəmləndirmiş Bakı bu gün də, gələcəkdə də Cənubi Qafqazda təhlükəsizlik və əməkdaşlıq sisteminin nüvəsi rolunu oynayacaq. Bu, onun bundan sonra da hərtərəfli və davamlı güclənməsini zəruri edir.



MƏSLƏHƏT GÖR:

87