5 Dekabr 2025

Cümə, 10:44

DƏYİŞİKLİKLƏR ASTANASINDA

NATO və Aİ sammitləri qlobal siyasət üçün nə vəd edir?

Müəllif:

01.07.2025

İyunun sonlarında NATO və Avropa İttifaqının bir gün fərqlə keçirilmiş, təhlükəsizliklə bağlı əsas məsələlərə həsr olunmuş sammitləri Qərb dövlətlərinin aktual siyasəti üçün vacib marker sayıla bilər. Onlar bir yandan bir sıra vacib beynəlxalq mövzularla bağlı ümumi yanaşmanın olduğunu ortaya qoyubsa, digər tərəfdən üzvlər arasındakı fikir ayrılıqlarının hələ də davam etdiyini göstərib. Bu ziddiyyətlər özünü sammitlərin nəticələrilə bağlı qiymətləndirmələrdə də göstərib, Avro-Atlantik məkan daxilində münasibətlərin çətinliyini, çoxşaxəliliyini təsdiqləyib.

 

Təhlükəsizlik üçün beş faiz

NATO-nun Haaqada keçirilən sammiti Alyansın yeni tarixi üçün əlamətdar hadisəyə çevrilib. Bu, qurumun yeni baş katibi – Niderlandın sabiq baş naziri Mark Ryuttenin rəhbərliyi altında ali səviyyədə ilk görüş idi. ABŞ Prezidenti Donald Tramp da fəal xarici siyasi gündəmə qayıtdıqdan sonra ilk dəfə idi ki, NATO sammitində iştirak edirdi. Onun iştirakı sammitə xüsusi ağırlıq və siyasi çəki qatırdı.

Təşkilatçılıq baxımından bu sammit Hollandiya tarixinin ən böyük beynəlxalq hadisəsinə çevrilib. Ölkədə misilsiz təhlükəsizlik tədbirləri görülmüşdü – mühafizəyə 27 mindən artıq insan cəlb olunmuşdu. Havada, o cümlədən dənizin üzərində çox sayda dronlar, patrul qrupları xidmət aparırdı. Haaqa şəhərinin mərkəzi isə faktiki olaraq vətəndaşların hərəkətinə qapadılmışdı. Nəticədə, tədbir hər hansı ciddi insident olmadan keçib. Lakin təhlükəsizlik xidməti sonradan kibermüdaxilə cəhdlərinin olduğuna, ayrı-ayrı yerlərdə bir sıra etiraz aksiyalarının keçirildiyinə dair məlumat yayıb.

Sammit ərəfəsində Fransa və Almaniya liderləri birgə məqalə ilə çıxış da etmişdirlər və bu, çoxları tərəfindən müdafiə sahəsində manifest kimi qiymətləndirilmişdi. Məqalədə Parislə Berlin Avropanın təhlükəsizlik siyasətinin əsas istiqamətlərini göstəriblər. Bu, yenilik hissini daha da artıraraq, əlavə intriqaya yol açıb. Lakin sonda o, gözlənilməz dəyişikliklərə səbəb olmayıb.

Görüşün əsas qərarı NATO üzvü olan ölkələrin 2035-ci ilə müdafiə xərclərini ÜDM-in 5%-dək artırması ilə bağlı olub. Onun 3,5%-i birbaşa hərbi ehtiyaclara, 1,5%-i infrastruktura, kibertəhlükəsizliyə və ikili təyinatlı texnologiyalara xərclənməlidir. Bu, müdafiəyə vurğunu saxlamağa və təşəbbüsün müstəsna olaraq militarist kimi qəbul edilməsinin qarşısını almağa imkan verdi. Bununla yanaşı, öhdəliklərin yerinə yetirilməsi üçün yekun tarix dəqiq göstərilməyib – hədəf ili olaraq 2029-cu il göstərilib.

Tramp əldə olunmuş razılaşmanı «ABŞ və Qərbin qələbəsi» adlandırıb, bildirib ki, yeni tələbləri yerinə yetirməyə hazır olmayan ölkələr «ticarət tədbirləri» ilə qarşı-qarşıya qala bilər. Ritorikanın sərtliyinə baxmayaraq, tədbir iştirakçılarının əksəriyyəti trans-Atlantik birliyin qorunub saxlanması üçün kompromisin vacibliyini vurğulayıblar. Şərqi Avropa ölkələri təhlükəsizlik qarantının güclənməsindən məmnunluqlarını bildiriblərsə, Qərb dövlətləri maraqlar balansının əhəmiyyətinə vurğu ediblər.

Donald Tramp bir neçə dəfə xatırladıb ki, Birləşmiş Ştatlar daxili çətinliklərinə rəğmən, Avropanın təhlükəsizliyinin təmininə görə yükün əsas hissəsini öz üzərinə götürməkdədir. O hesab edir ki, ÜDM-in 2%-i kimi mövcud meyar artıq geosiyasi reallıqlara uyğun gəlmir. Ağ Ev sahibinin fikrincə, bu rəqəmin 5%-dək artırılması Avropanın müdafiə imkanlarının güclənməsinə stimul verməli, ABŞ-dən izafi asılılığı aradan qaldırmalıdır.

 

Trampı razı salmaq cəhdi

Qeyd edək ki, bu təklif Avropada ABŞ-nin xarici siyasətinin proqnozlaşdırılmasının çətinləşdiyinə dair narahatlıqlar fonunda irəli sürülüb. Brüsseldə düşünürlər ki, müttəfiqlərin ümumi öhdəliklərə sadiq qalmayacağı halda Birləşmiş Ştatların yeni administrasiyası kollektiv müdafiəyə dair şərtsiz öhdəliklərdən imtina edə bilər. Belə bir vəziyyətdə 5%-lə bağlı təşəbbüsə Vaşinqtonda mümkün yeni siyasi dəyişikliklərdən əvvəl yenilənmiş nişanlanma qaydalarını qoruyub saxlamağın bir yolu kimi qiymətləndirilir.

NATO-nun baş katibi Mark Ryutte etiraf edib ki, Trampın təzyiqi olmasaydı, xərclərin artırılmasına dair qərar, yəqin ki, qəbul edilməyəcəkdi. O, Amerika liderinin davranışını «narahatedici, lakin effektiv» adlandırıb.

Baş verənlər fonunda Amerikanın Avropada hərbi mövcudluğunun gələcəyi maraq doğurur. Hazırda NATO-nun çevik reaksiya qüvvələrinin əsasını ABŞ-nin on minlərlə hərbçisi və əhəmiyyətli həcmdə hərbi texnikası təşkil edir. Alyansın qoşunların yerini operativ şəkildə dəyişməsi, kəşfiyyat məlumatları toplanması, havada yanacaqdoldurmanı həyata keçirməsi, raket təhdidlərindən qorunması məhz bu infrastruktur sayəsində mümkün olur. Buna baxmayaraq, sammitin kluarlarında hərbi kontingentin tədricən azaldılması məsələsi də müzakirə olunub ki, bu da Avropada narahatlıq yaradıb: proses müttəfiqlərin reaksiya verə bilməyəcəyi dərəcədə tez reallaşdırıla bilər.

Vaşinqtonun Avropanın təhlükəsizliyinə strateji bağlılığı qoruyub saxlamaq cəhdləri fonunda Avropa liderləri Trampın NATO-ya marağını təmin etməyə çalışırlar. Başqa sözlə, onun Alyansdan məmnun olması ABŞ-nin bu blokdakı rolunun bir anda yenidən nəzərdən keçirilməsinin qarşısını ala bilər. Sammitdən cəmi bir neçə gün əvvəl İranın nüvə obyektlərinə zərbələr endirən ABŞ hərbi gücünü bir daha ortaya qoyub. Onun bu zaman 30000 funtluq aviasiya bombalarından istifadəsi artıq şərhə yer qoymur.

Ryutte keçirdiyi mətbuat konfransında Vaşinqtonun bu hərəkətlərini alqışlayıb və NATO-nun regionda nüvə silahlarının yayılmasının qarşısını almaq əzmini vurğulayıb. O, Birləşmiş Ştatlara «qətiyyətinə görə» təşəkkürünü bildirərək deyib ki, Vaşinqton «heç kimin cəsarət etməyəcəyi addımı atıb».

 

Hamı bir nəfər üçündür, bəs o bir nəfər?

Şimali Atlantika Müqaviləsinin 5-ci maddəsi (kollektiv müdafiə təminatı) əsas müzakirə mövzusu olaraq qalır. Rəsmi sənədlərdə bu öhdəlik bir daha təkrarlansa da, Tramp qəti və konkret formuldan son anadək yayınmağa çalışıb. Bu isə Polşada və Baltikyanı ölkələrdə narahatlıq yaradıb. Fransa ilə Almaniya isə Avropanın müdafiə sahəsində daha müstəqil olması ideyasından çıxış edir, bunun özünü xüsusilə logistikada, kibertəhlükəsizlik və silahlanma məsələlərində göstərməli olduğunu bildirirlər.

Maraqlıdır ki, sammitin yekun kommünikesi son onilliklər ərzində qəbul edilmiş ən qısa sənəd olub – cəmi 427 söz! Halbuki cəmi bir il əvvəl Vaşinqtonda qəbul edilmiş analoji sənəddə 5000 söz var. Son kommünikedə Ukrayna iki dəfə xatırlanırsa, Rusiyanın adına cəmi bir dəfə rast gəlinir. Çindən isə sənəddə ümumiyyətlə bəhs olunmur. Qeyd edək ki, Ukrayna Prezidenti Vladimir Zelenski sammit çərçivəsində təşkil olunmuş qeyri-rəsmi şam yeməyinə qatılsa da, əsas sessiyalarda iştirak etməyib. Bununla yanaşı, o, Trampla görüşə bilib. Görüşdə Ukraynaya hava hücumundan müdafiə sistemlərinin tədarükü, ölkənin Avro-Atlantik məkana inteqrasiyası məsələləri müzakirə olunub. Amma bu məsələlərin heç birinə dair konkret tarix və hüquqi təminat açıqlanmayıb. Bu, təbii ki, NATO-nun məsələyə nə qədər ehtiyatla yanaşdığını göstərir.

Bununla yanaşı, Rusiya-Ukrayna müharibəsinin başlamasından bu yana Donald Tramp ilk dəfə rusiyalı həmkarı Vladimir Putinlə bağlı sərt danışıb, onu «yolunu azmış» adlandırıb. Ağ Ev sahibi Ukraynaya əlavə «Patriot» sistemləri göndərəcəklərini də deyib. Bununla belə, ABŞ prezidenti əvvəlkitək, Rusiya ilə qarşıdurmanı «cilovlamaq», diplomatik manevr imkanlarını qoruyub saxlamaq yoluna üstünlük verir.

Ümumilikdə Haaqa sammitini dönüş nöqtəsi saymaq olar: Alyans hərbi gücün artırılmasına, maliyyə öhdəliklərinin yenidən bölüşdürülməsinə, siyasi birliyin qorunub saxlanılmasına üstünlük verir. İndi növbəti mərhələ götürülmüş öhdəliklərə nə qədər əməl olunduğuna dair aralıq yoxlama və Türkiyədə keçiriləcək növbəti sammit olacaq.

 

Avropa yol ayrıcında

Bütün bunların fonunda Avropa İttifaqı liderləri Brüsseldə öz sammitlərini keçiriblər. Məqsəd NATO-nun qərarları nəzərə alınmaqla, davranış istiqamətlərinin müəyyənləşdirilməsi idi. Haaqa toplantısı hərbi yönümlü idisə, Aİ sammitində kompleks yanaşmaların ortaya qoyulmasına diqqət ayrılıb: sanksiyalar siyasəti, iqtisadi dayanıqlılıq, müdafiə sənayesinin gücləndirilməsi və institusional islahatlar.

Gündəlikdəki əsas məsələ Rusiyaya qarşı sanksiyaların tətbiqi ilə bağlı olub. Aİ Moskva ilə bağlı məhdudlaşdırıcı kursun sərtləşdirilməsinə qərar verib və onun üçüncü ölkələr vasitəsilə sanksiyalardan yayınmasının qarşısının alınması istiqamətində ciddi tədbirlərin görüləcəyini bəyan edib. Liderlər həssas texnologiyaların ixracına nəzarətin gücləndirilməsi haqda da müzakirə aparıblar.

Digər prioritet Aİ-nin müdafiə potensialının gücləndirilməsi məsələsi olub. NATO-nun təklifinə uyğun olaraq, Aİ liderləri Avropanın müdafiə sənayesinin maliyyələşdirilməsinin artırılması yollarını, birgə silah alışının genişləndirilməsi, hərbi sahədə koordinasiyanın gücləndirilməsi imkanlarını nəzərdən keçiriblər. Bütün bunlar isə Vaşinqtondan asılılığın azaldılması, strateji muxtariyyətin gücləndirilməsi kontekstində qiymətləndirilib.

Sammitdə, eyni zamanda Aİ-nin gələcək genişlənmə kursu da təsdiqlənib. Əsas namizədlər kimi, Ukrayna, Moldova və Gürcüstan göstərilib. Bununla yanaşı, həmin ölkələrin Aİ-yə mümkün üzvlüyündən öncə daxili islahatların aparılmasının vacibliyi vurğulanıb. Həmçinin Qərbi Balkan ölkələrinin Avropa memarlığının vacib elementləri olduqları bir daha təsdiqlənib.

İclasın iqtisadi blokunda inflyasiya, enerji çağırışları və texnoloji rəqabət şəraitində dayanıqlılıq məsələləri gündəmdə olub. Təchizat marşrutlarının şaxələndirilməsi, Çindən asılılığın azaldılması, innovativ sahələrin stimullaşdırılması kimi məsələlər də müzakirə edilib.

Liderlər Aİ-nin geosiyasi subyektliyinin gücləndirilməsi məsələsinə xüsusi diqqət ayırıblar. Çıxış edənlər bildiriblər ki, Avropanın qlobal məsələlərdə daha fəal rol oynaması vacibdir. Söhbət trans-Atlantik məkandan kənardan, xüsusilə Qlobal Cənub ölkələri ilə tərəfdaşlığın genişləndirilməsindən də gedir.

Amma strateji subyektlik məsələsində çətinliklər qalmaqdadır. Aİ daxilində fikir ayrılıqlarının olduğu heç kimə sirr deyil. Məsələn, Şərqi Avropa ölkələri ABŞ və NATO ilə yaxınlaşmanın tərəfdarıdırlarsa, Fransa ilə Almaniya strateji muxtariyyət ideyasını önə çəkirlər. Bu isə vahid xarici siyasi kursun formalaşdırılmasında problemlər yaradır.

Sammitdə veto hüququ məsələsi ayrıca müzakirə edilib. Bəziləri hesab edir ki, məhz bu hüquq suverenliyin təminatçısıdır. Digərləri isə onun effektiv xarici siyasətə mane olduğu qənaətindədirlər. Misal kimi, Macarıstanın Ukrayna ilə danışıqlara dair mövqeyi və birgə bəyanata veto qoyması göstərilib. Budapeşt isə Aİ-nin qaydaları çərçivəsində davrandığını, bu zaman milli maraqların müdafiəsini əsas götürdüyünü bildirir. Halbuki bu, əksər üzv dövlətlərin mövqeyi ilə üst-üstə düşmür.

Beləliklə, hər iki sammit yeni reallıqların əksi kimi qiymətləndirilə bilər: Qərb təhlükəsizlik, iqtisadiyyat və diplomatiyada modellərini yenidən nəzərdən keçirməkdədir. Çoxqütblü dünyanın yeni reallıqlı fonunda NATO hərbi gücünü artırmağa və təhlükələrin qarşısını almağa sadiqdirsə, Aİ suverenliklə inteqrasiya arasında balans axtarır.



MƏSLƏHƏT GÖR:

81