KANASASKİSİN SƏSSİZ SƏDASI
Qlobal Cənubu «görməyən» «Böyük səkkizlik» getdikcə real geosiyasətdən uzaqlaşır və rəmzi quruma çevrilir
Müəllif: İrina XALTURİNA
«Böyük səkkizlik» (G7) ölkələrinin iyunun 16-17-də Kanadanın Alberta vilayətinin Kananaskis qəsəbəsində keçirilən növbəti sammiti müşahidəçilər tərəfindən birmənalı qarşılanmayıb. Çoxları tədbiri nəinki mənfi qiymətləndirib, hətta bu beynəlxalq platformanın tənəzzül dövrünü yaşadığını bildirib. Halbuki sammitə kifayət qədər nüfuzlu nümayəndələr qatılmışdı: birliyin daimi üzvləri ilə yanaşı, Avropa Komissiyası və Avropa İttifaqı Şurasının rəhbərləri, NATO və BMT-nin baş katibləri, Meksika və Ukraynanın dövlət başçıları. Buna baxmayaraq, sammitin beynəlxalq fonu arzuolunan deyildi. Söhbət, ilk növbədə, Yaxın Şərqdə eskalasiyanın yeni mərhələyə keçməsindən, Ukrayna müharibəsinin hələ də davam etməsindən gedir. Qərb dövlətləri arasında əsas fikir ayrılıqlarının məhz bu problemlərlə bağlı olduğu isə getdikcə daha çox üzə çıxır. Məsələ o həddə çatıb ki, ABŞ Prezidenti Donald Tramp sammiti görüşün sonunu gözləmədən tərk edib. Nəticədə, G7 sammitlərinin ənənəsinə zidd olaraq, yekun kommünike qəbul edilməyib. Halbuki ötənilki sammitdə qəbul olunmuş analoji sənədin həcmi 30 səhifədən artıq idi.
Ukrayna ikinci plandadır
Bu fikir ayrılıqlarından ən çox əziyyət çəkən Ukraynadır. Məsələ ondadır ki, son zamanlar Qərbin Kiyevə dəstəyini ifadə etdiyi əsas platformalardan biri məhz G7 idi. Məsələn, ötən il tərəflər Rusiyanın dondurulmuş aktivlərindən istifadə edərək, Ukraynaya təxminən 50 milyard dollarlıq kreditin ayrılmasına dair razılığa gəlmişdi. Lakin bu dəfə sammitin gündəmini İsrail-İran müharibəsi zəbt edib. Bu qarşıdurma liderlərin diqqətinin Ukraynadan yayınmasına səbəb olub. Bundan başqa, «Böyük yeddilik» ölkələri arasında Kiyevlə bağlı fikir ayrılıqları gündən-günə artır. Onlar xüsusilə Ukraynaya ayrılmalı olan yardımın müddəti və forması, həmçinin münaqişədən çıxış yolları ilə bağlı fərqli mövqelərə malikdirlər.
Nəticədə, Ukraynaya dəstək vəd edilsə də, bu dəfə o, liderlərin ortaq və sərt bəyanatı ilə müşayiət olunmayıb. Məlum olub ki, Rusiyanın Avropadakı dondurulmuş aktivləri hesabına Kiyevə cəmi 4,3 milyard Kanada dolları (3,16 milyard ABŞ dolları) məbləğində kredt ayrılacaq.
Bununla yanaşı, Kanada ilə Böyük Britaniya Rusiyanın «kölgə donanması»na qarşı daha sərt sanksiyalar tətbiq edəcəklərini bildiriblər. Sammitə ev sahibliyi edən Kanadanın baş naziri Mark Karni danışıqların gedişində bildirib ki, «Kanadaya təzyiqlərin maksimuma çatdırılması vacibdir». O, hesab edir ki, bu təzyiqlər Moskvanı ciddi sülh danışıqlarına başlamağa məcbur edəcək həddə olmalıdır. Digər liderlər də Vaşinqtonun Rusiyaya əlavə sanksiyalar tətbiq edəcəyinə ümidlərini dilə gətiriblər. Lakin Qərb mediası yazır ki, ABŞ hələlik Moskvanın ünvanına sərt açıqlamalar verməyin əleyhinədir.
Gərginliyi daha da artıran hadisələrdən biri Donald Trampın sammiti vaxtından əvvəl tərk etməsi olub. Ukrayna Prezidenti Vladimir Zelenski onunla görüşə ümid etsə də, Ağ Ev sahibinin Kanadanı vaxtından əvvəl tərk etməsi bu görüşə mane olub. Xatırladaq ki, Zelenskinin Vaşinqtona fevralın sonunda etdiyi səfər zamanı Oval kabinetdə amerikalı həmkarı ilə baş tutmuş qalmaqallı söhbətindən sonra tərəflər yalnız Vatikanda – Roma Papası Fransiskin dəfn mərasimində qısa söhbət edə bilmişdilər. Odur ki, Kiyev bu münasibətləri inkişaf etdirmək istəyirdi. Lakin Zelenski bu istəyinə Kanadada nail ola bilməyib.
Trampın daha bir qalmaqallı bəyanatı xüsusilə böyük rezonans doğurub. O, vaxtilə Rusiyanın «G8» formatından uzaqlaşdırılması ilə bağlı qəbul olunmuş qərarı «böyük səhv» adlandırıb. «Rusiya bu formatda qalardısa, bu gün müharibə yox idi. Əgər mən dörd il əvvəl də prezident olsaydım, bu münaqişələrin heç birini görməzdik», - deyə Birləşmiş Ştatların dövlət başçısı bildirib. Onun fikrincə, siyasi fikir ayrılıqlarından asılı olmayaraq, dünya gücləri ilə birbaşa dialoq vacibdir. Tramp hesab edir ki, Moskva ilə danışıqlar beynəlxalq böhranların, o cümlədən enerji təhlükəsizliyi, strateji sabitlik və ümumi təhlükəsizlik məsələlərinin daha açıq müzakirəsinə imkan yaradardı.
Ağ Ev sahibi Çinin də bu formata qoşula biləcəyini düşünür. Bu, təbii ki, G7-nin eksklüzivliyini, ilkin məqsədini tam şübhə altına alır. Amma görünən odur ki, bu, Trampı narahat etmir.
Ziddiyyətlər fonunda
Sammitin ev sahibi olan Kanadanın baş naziri Mark Karni liderlər arasındakı fikir ayrılıqlarını ört-basdır etməyə çalışıb. Məsələn, deyib ki, belə sammitlər «qısamüddətli faydalar üçün yox, uzunmüddətli dayanıqlılıq naminə yeni əməkdaşlığın başlanğıcı sayıla bilər». Amma nəticə, əslində, kimin sammitdən nə gözlədiyinə bağlıdır. Bu dəfə hər kəs ABŞ Prezidenti ilə onun praktik olaraq, bütün dünya ilə başlatdığı ticarət müharibəsini müzakirə etmək istəyirdi. Bu, Trampın özünün də istəyinə uyğun idi.
Məsələn, ABŞ ilə Kanada sammit çərçivəsində 30 gün ərzində ticarət və təhlükəsizlik sahəsində ikitərəfli saziş imzalamaq haqda razılığa gəliblər. Halbuki, bir müddət əvvəl Karni Vaşinqtonu «öz hegemonluğunu plu çevirməyə çalışmaqda» günahlandırmışdı. Baş nazir Amerikanın öz bazarlarına girişə görə rüsum tətbiq etməsini, kollektiv təhlükəsizliyə maliyyə dəstəyini azaltmasını məhz bu cür qiymətləndirmişdi.
Ümumilikdə nə Yaponiya, nə Kanada ciddi nəticələr əldə edə bilib. Amma danışıqlar davam etdiriləcək. Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen bildirib ki, Aİ ilə ABŞ arasında davam etdirilən ticarət danışınqları mürəkkəb keçir. Bununla yanaşı, o, müzakirələrdə irəliləyişlərin olduğunu söyləyib, iyulda müəyyən kompromisin əldə olunmasının mümkünlüyünü vurğulayıb. ABŞ ilə Böyük Britaniya arasında isə artıq yeni ticarət sazişi imzalanıb.
Bütün bunlardan hansı nəticəyə gəlmək olar? Görünən odur ki, «Böyük yeddilik» daxilində ən azı Trampın prezidentliyi dövründə ziddiyyətlər getdikcə dərinləşəcək. Onun sammiti vaxtından əvvəl tərk etməsi, həqiqətən, birliyin parçalandığı təəssüratını yaradır. İstər sosial mediada, istərsə də mətbuatda bununla bağlı kifayət qədər istehzalı şərhlərə rast gəlinir. Məsələn, «Böyük yeddilik» artıq «Böyük altılığa» çevrilib» kimi.
Görünən odur ki, bu «altılığın» liderləri Ağ Ev sahibinə müqavimət göstərməyə çalışırlar. Lakin onlar, hələ ki, istəklərinə nail ola bilmirlər. Məsələn, Fransa Prezidenti Emmanuel Makron Kanadaya gedərkən yolüstu Qrenlandiyaya baş çəkib və orada «bu adanın satılmadığını» söyləyib. Aydındır ki, o, bununla vaxtilə Qrenlandiyanı almaq niyyətini dilə gətirmiş Trampa cavab verib. ABŞ Prezidenti hələ də bu atmacanı cavablandırmayıb.
Daha sonra Makron Donald Trampın Kanadanı vaxtından əvvəl tərk etməsinə izah verməyə də çalışıb: guya o, Vaşinqtona İranla İsrail arasında atəşkəs razılaşmasına nail olmaq üçün tez qayıdıb. Lakin Ağ Ev sahibinin bu izaha reaksiyası sərt olub. O, «Truth Social» platformasında yazıb ki, «Makronun mənim Vaşinqtona nə üçün yollandığım haqda heç bir anlayışı yoxdur». Fransa liderini özünü reklam etməkdə günahlandıran Tramp onun «həmişə yanıldığını» da bildirib. Bütün bunlar, əlbəttə ki, G7 daxilindəki atmosferi açıq-aydın ortaya qoyur.
Format daxilindəki ziddiyyətlərə çox misal çəkmək olar. Məsələn, Tramp Ottavanın ABŞ-nin «Qızıl günbəz» hava hücumundan müdafiə layihəsinə qoşulmaq istədiyini desə də, Kanada rəsmiləri buna şərh verməkdən boyun qaçırıb. Bununla yanaşı, məlumdur ki, Karni ölkəsinin Aİ-nin yenidən silahlanma planına qoşulmaq, bununla da, bu sahədə Vaşinqtondan asılılığı azaltmaq niyyətində olduğunu söyləmişdi…
G7 məna axtarışında
Qərbin aparıcı iqtisadi güclərinin liderləri ildə bir dəfə toplaşmağa 1970-ci illərdə – dünyanın ağır enerji böhranı ilə üzləşdiyi dövrdə başlayıblar. Zaman keçdikcə bu format «Böyük yeddilik» adı alıb və 1980-ci illərdən etibarən burada yalnız iqtisadi yox, həm də siyasi məsələlər müzakirə olunmağa başlayıb.
Lakin bu platformada aparılan dialoq getdikcə daha çox beynəlxalq problemləri önə çəkməyə başlayıb. Amma bu, həmin problemlərin həllinə, hələ ki, kömək etmir. Kağız üzərində qalmayacaq, real nəticələr verəcək qərarların qəbulu, demək olar ki, mümkün olmur.
Tramp artıq prezident təyyarəsinin göyərtəsində olarkən deyib: «Sammitdə etməli olduğumuz hər şeyi etdik. Sammit yaxşı keçdi».
Maraqlıdır ki, Tramp bu fikirləri səmimi söyləyib. Çünki onu yalnız bəzi konkret məsələlər, özünün «saziş» adlandırdığı işlər maraqlandırır. Doğrudur, Ağ Ev sahibi gurultulu ifadələri, iddialı çıxışları sevir, bir şərtlə ki, əsas rolda məhz o özü olsun. Güman etmək olar ki, sammitin əsas məğzini təşkil edən G7 kimi çoxtərəfli formatlar Trampı yorur və qıcıqlandırır.
Yəqin bu, burada məsələ Trampın və digər liderlərin xarakterində yox, zamanda, dövrdədir. Rəqəmsallaşma və sosial şəbəkələr yalnız informasiyanın təqdim olunması və qavranması üsullarını dəyişməyib, həm də diplomatiyanın klassik metodlarına, dövlətlərarası münasibətlərə birbaşa təsir göstərib. Dünya dəyişir, yeni geosiyasi qütblər yaranır və belə bir vəziyyətdə G7 kimi formatlar tədricən aktuallığını itirir. Qərb ölkələri yola Çin, Hindistan, Rusiya, Türkiyə, Yaxın Şərq və ərəb dövlətləri, həmçinin Qlobal Cənubun digər üzvləri ilə dialoq qurmadan, «orta güc»lərin səsini eşitmədən davam edəcəklərsə, müxtəlif münaqişələr, ziddiyyətlər daha da dərinləşəcək.
Bir vaxtlar «ən inkişaf etmiş» ölkələrin eksklüziv klubu sinxron hərəkət edirdi və bu ona xüsusi çəki qazandırırdısa, indi belə deyil. İndi G20, BRICS kimi başqa beynəlxalq formatlar, regional təşkilatlar getdikcə daha ciddi əhəmiyyət qazanır. Çünki onlar dialoq və əməkdaşlıq üçün daha inklüziv platformalar təklif edirlər.
1975-ci ildə dünyada ÜDM-in 63%-i G7 təşkilatının ilk altı üzvünün payına düşürdüsə, 2024-cü ildə bu rəqəm cəmi 29% təşkil edib. Bununla yanaşı, indi dünya öklələri, regionları bir-birindən daha asılı vəziyyətdədir. Artıq iqtisadiyyat qlobal təhlükəsizlikdən, təhlükəsizlik isə iqtisadiyyatdan ciddi şəkildə asılıdır. Ötən əsrlə müqayisədə indi bu asılılıq qat-qat çoxdur. Belə bir vəziyyətdəki qarşıdurmada birmənalı qalib olmaq çətindir. Yaxın Şərqdəki son böhran bunu bir daha sübut edib.
Eyni şey iqlim problemlərinə, qlobal səhiyyə ilə bağlı məsələlərə də aiddir. Çünki viruslar nə sərhəd tanıyır, nə «inkişaf etmiş» və «inkişaf etməkdə olan» ölkə. Rəqəmsallaşma və süni intellektin inkişafı isə dünyanın hər nöqtəsinə eyni dərəcədə təsir edir.
Belə bir vəziyyətdə aydındır ki, G7 təkbaşına qlobal lider rolu oynaya, dünyaya yol göstərə bilməz. Bu mənada, birliyin Kanada görüşünü tarixi sammit də adlandırmaq olar – o, G7 formatının tənəzzülə doğru getdiyini bütün dünyaya nümayiş etdirib.
MƏSLƏHƏT GÖR:



83

