BÖHRAN, YOXSA ÇEVRİLİŞ?
Daxili fikir ayrılıqları və xarici təzyiqlər ölkənin gələcəyini necə formalaşdırır?
Müəllif: Namiq H. ƏLİYEV
İyunun 17-də İrəvanda erməni əsilli rusiyalı iş adamı Samvel Karapetyan saxlanılıb. Az sonra «Tashir Group» və «Electric Networks of Armenia» («Ermənistan elektrik şəbəkələri») şirkətlərinin həmtəsisçisi olan Karapetyan barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçilib. Ona qarşı «hakimiyyətin qanunsuz yolla ələ keçirilməsinə açıq çağırış» ittihamı irəli sürülüb. Bu, iş adamının siyasətçilərin hərəkətsizliyi fonunda «kilsəyə qarşı aparılan kampaniyaya müdaxilə etməyə» hazır olduğunu söyləməsindən sonra baş verib. Karapetyanın evində axtarış aparılan zaman onun onlarla tərəfdarı polisə müqavimət göstərdiyi üçün saxlanılıb. Onlardan ikisi xəsarət də alıb.
Devirmə planı
Samvel Karapetyan İrəvana erməni kilsəsinə dəstək olan sərt, təhdid xarakterli bəyanatla gəlib: «Siyasətçilər uğur qazana bilmirlərsə, biz bu işə öz bildiyimiz şəkildə qoşulacağıq». O, bu bəyanatı Nikol Paşinyanın katolikos II Qaregini istefaya çağırmasına cavab olaraq səsləndirib. Qeyd edək ki, erməni katolikosu subaylıq andını pozmaqda, nikahdan kənar övlad sahibi olmaqda ittiham edilir. Kilsə qanunlarına görə belə hallara yol vermiş şəxs bütün ermənilərin katolikosu ola bilməz.
Lakin Karapetyan kilsəni dəstəkləyərək, hakimiyyəti «xalqın minillik mənəvi təməlini sarsıtmaqda» günahlandırıb, öz statusundan, resurslarından istifadə edərək, ölkə rəhbərliyinin katolikosla bağlı iddialarına qarşı çıxıb. Bu zaman o, özünü «xalqın müdafiəçisi» kimi təqdim edib. İş adamının «işə qarışacağı»nı deməsi onun özünü vətənpərvər, milli dəyərlərin müdafiəçisi kimi göstərərək, tərəfdar toplamaq niyyətindən qəbul edilib.
Amma bu son deyil. Sonradan hadisələr daha da inkişaf edib. Ermənistanın «Civic» nəşrinin guya müxalifətdəki mənbədən əldə edərək yayımladığı sənəddə Ermənistan hakimiyyətinin devrilməsi planından məhs olunur. Oradakı «İnsan resursu» bölməsində isə bir sıra ictimai-siyasi xadimlərlə yanaşı, həbs olunmuş Samvel Karapetyanın da adı yer alır. Orada Ermənistanın sabiq prezidentləri Robert Koçaryan və Serj Sarqsyandan, həmçinin «Qazprom Ermənistan» və Rusiya Dəmir Yollarına məxsus «Cənubi Qafqaz Dəmir Yolu»ndan da bəhs edilir.
Məqalədə istinad olunan sənədə tezliklə Paşinyan özü də reaksiya verərək, onu sosial şəbəkə hesabında paylaşıb.
Bunun ardınca Ermənistan İstintaq Komitəsi ölkədə dövlət çevrilişinə cəhdlə bağlı bəyanat yayaraq, 16 nəfərin saxlanıldığını açıqlayıb. Məlumata görə, söhbət Ermənistanda terror aktları, hakimiyyətin ələ keçirilməsi cəhdi planlaşdıran «Müqəddəs mübarijzə» adlı hərəkatın rəhbərlərindən gedir. Məhkəmənin qərarı ilə onlardan 14-ü (bəzi mənbələrə görə 15-i) həbs olunub. Həbs edilənlər arasında baş keşiş Baqrat (Vazgen) Qalstanyan, separatçıların qalığı olan David Qalstyan, ehtiyada olan polkovnik Miqran Maxsudyan, «Daşnaksutyun» partiyasının Ali Orqanının üzvü İqor Sarqsyan, iş adamı Tiqran Qalstyan, dyakonlar Qrayr və Movses, «ParaTV»nin direktoru Elizabet Petrosyan və digərləri var.
İrəvana gəlişin əsl səbəbi
Müşahidəçilərin Samvel Karapetyanın ölkəyə gəlişinin Ermənistanda növbəti hakimiyyət dəyişikliyi cəhdi olduğuna dair ehtimalları doğrulub. Bu, Ermənistanda siyasi qarşıdurmanın davam etdiyini təsdiqləyir. Görünən odur ki, iri biznesmenlər və keçmiş məmurlar maliyyə resursları, ideologiya və digər imkanlardan istifadə edərək, Paşinyanı devirməyə çalışırlar.
Bu yerdə eyni məqsəd güdən, lakin iflasa uğramış əvvəlkilə cəhdlərin ən önəmlilərini yada salmaq yerinə düşər. 2020-ci il müharibəsindən sonra sabiq prezidenti Robert Koçaryanın parlament mübarizəsi yolu ilə hakimiyyətə qaytarılması cəhdi zamanı «Ermənistan» bloku yaradılmış, Qərb əleyhinə ritorika gücləndirilmiş, 2000-ci illərin sabitlik dövrünün vətəndaşların yadına salınması üçün təbliğata başlanılmışdı. O zaman ölkənin hər yanında köhnə elitanın hakimiyyətə qayıtmalı olduğuna dair mesajlar verilirdi. Həmin planın uğursuz alınmasının səbəbləri isə Koçaryanın ictimaiyyət tərəfindən real həll yolları təklif edə bilməyən «keçmişin lideri» kimi qəbul olunması idi. Eyni zamanda, gənclər arasında ona dəstəyin çox az olması, xalqın keçmiş elitadan siyasi yorğunluğu da burada öz sözünü demişdi.
İkinci belə cəhd 2022-ci ildə erməni əsilli rusiyalı iş adamı Ruben Vardanyanın gözlənilmədən Azərbaycanın işğal altındakı ərazilərində peyda olması idi. O zaman planı hazırlayanlar «Qarabağ kartı» ilə oynamaq istəyirdilər. Vardanyan Qarabağ vasitəsilə legitimlik qazanmalı, orada alternativ cazibə mərkəzi yaratmalı idi. O, planın icrası üçün qondarma «DQR»in «dövlət naziri», investisiya imkanları, Paşinyana qarşı fasiləsiz sərt tənqidlər kimi alətlərdən istifadə edirdi.
Amma bir sıra amillər bu planın da reallaşdırılmasına imkan verməyib. Bu, ilk növbədə, məlum olub ki, Qarabağ zəif və həssas «platforma»dır (sonda o, işğaldan azad edilib). Ardınca Vardanyanın Azərbaycan ərazisinə qanunsuz gəlişi ilə bağlı vəziyyət daha da gərginləşib, Bakı artan təxribatlara qarşı ciddi reaksiya verib. Nəticədə, 2023-cü ildə Azərbaycan öz əraziləri üzərində suverenliyini tam bərpa edib.
Bundan başqa, Vardanyan Ermənistanda «xarici oliqarx» kimi qəbul olunduğundan, özünə sərf edəcək siyasi şəbəkə də qura bilməmişdi.
İndi Samvel Karapetyanın ortaya çıxması və ardınca baş verənlər daha bir rusiyalı iş adamının baş rolda olduğu «yumşaq oliqarx çevrilişi» cəhdi kimi görünür. Bəs onun «arsenal»ında nələr var? Dini ritorika, kilsəyə açıq dəstək, hökumətdən narazılıq əhvalı, «Tashir» şirkətlər qrupu vasitəsilə yaradılmış şəbəkə kapitalı və diasporun gizli dəstəyi. O, işə Ermənistan ictimaiyyətinin parçalandığı şəraitdə hökumətə təzyiqlərlə başlamalı idi.
Koçaryan və Vardanyandan fərqli olaraq, Karapetyan siyasi ritorikadan çox, dəyərlərdən (din, ənənələr) bəhs etməyə üstünlük verir. O, saxlanılanadək, ümumiyyətlə, siyasətçi kimi təqdim olunmurdu və bunun daha effektiv olacağı düşünülürdü. Karapetyan meydana hakimiyyət iddiası ilə deyil, kilsəni, dini qorumaq çağırışları ilə müşayiət olunurdu.
Bəs Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq cəhdi niyə yenə uğursuz alınıb?
Əsas səbəb, əlbəttə ki, əhalinin elitaların manipulyasiyalarından bezməsidir. Xalq Paşinyanı hələ də «pislərin daha yaxşısı» kimi qəbul edir. Bundan başqa, Rusiya Ermənistandakı daxili siyasi vəziyyətə açıq və fəal müdaxilə etməyə hazır deyil, Qərb isə Paşinyanı dəstəkləyir. Belə vəziyyətdə nə vahid koordinasiya mərkəzi var, nə konkret plan, nə də müxalifətin miqyaslı səfərbərliyi. Odur ki, hakimiyyəti dəyişmək cəhdləri daha çox «aşağılar»ın ictimai dəstəyinə arxalanmayan, «yuxarılar»da həyata keçirilən elita layihəsi kimi qəbul olunur.
Aydın proqramı, ciddi ictimai dəstəyi olmayan strukturlaşmış müxalifətin yoxluğunda Ermənistanda hakimiyyət dəyişikliyi ehtiimalı azdır. Elitaların zaman-zaman təşkil etdiyi «rəmzi üsyan»lar bunun üçün kifayət deyil.
Beləliklə, Karapetyanın Ermənistana gəlişi Paşinyana qarşı olan layihənin üçüncü mərhələsi kimi qəbul edilir. Sadəcə o, Koçaryan və Vardanyan layihələrindən fərqli olaraq, birbaşa siyasi iddialarla deyil, mənəviyyat, mədəniyyət mesajları ilə çıxış edir. Görünən isə odur ki, hakimiyyətin çevik reaksiyası bu yanaşmanın da uğur qazanmasına imkan verməyəcək. Paşinyan hüquqi mexanizmlərdən (konstitusiyaya zidd çağırışlara görə həbslər və s.) ağılla istifadə edərək, münaqişənin böyüməsinə imkan vermir. Cəmiyyət isə öz növbəsində, nə Karapetyana, nə də kilsəyə kütləvi dəstək göstərir.
Tərəflərin reaksiyası
Hələlik Rusiyadan baş verənlərlə bağlı rəsmi bəyanatlar eşidilmir. Lakin diplomatik vəziyyətin mürəkkəbliyi ortadadır: Karapetyan Rusiya vətəndaşı, eyni zamanda Ermənistanda önəmli maliyyə oyunçusudur. Bununla yanaşı, onun şirkətləri, o cümlədən elektrik şəbəkələri Rusiya vətəndaşına məxsusdur («Ermənistan Elektrik Şəbəkələri»nin alınmasında Kremlin rolunun olduğu istisna deyil). Moskvanın məsələyə münasibətini dolayısı ilə Vladimir Solovyov Birinci kanaldakı müəllif proqramında özünəməxsus qeyri-etik ifadələrlə dilə gətirib. Marqarita Simonyan isə öz növbəsində, Karapetyanı «bütün ermənilərin həqiqi himayədarı», Paşinyanı «özünü ölməz sayan birisi» adlandırıb.
Ermənistanın baş naziri Nikol Paşinyanın məsələyə reaksiyası sərt olub. O, «Ermənistan Elektrik Şəbəkələri»nin milliləşdirilməli olduğunu bildirib. «Bu (milliləşdirmə), tezliklə həyata keçiriləcək. Odur ki, mən «Ermənistan Elektrik Şəbəkələri»nin əməkdaşlarını vəzifələrini vicdanla icra etməyə çağırıram. Milliləşmədən sonra bu vicdanlı davranış nəzərə alınacaq», - deyə hökumət başçısı sosial şəbəkə hesabında qeyd edib.
Baş verənlərin ardından Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Armen Abazyan vəzifəsindən kənarlaşdırılıb. Paşinyan bu qərarın Karapetyan işi ilə əlaqəli olmadığını desə də, həbsin səbəbi MTX-nin Eçmiədzində keçirdiyi əməliyyat və baş keşiş Mikael Acapaxanyanın həbsindən sonra ortaya çıxıb.
Erməni kilsəsi Paşinyanın katolikosu istefaya çağırmasına rəsmi münasibət bildirməsə də, baş nazirin tənqidlərini «mənəvi birliyə zərbə» kimi qiymətləndirib. Karapetyanın müdafiə bəyanatı isə kilsə tərəfindən dini muxtariyyətin, kilsə institutunun müdafiəsi kimi dəyərləndirilib.
Bakı, hələ ki, baş verənlərə münasibət bildirməyə lüzum görmür. Lakin Karapetyanla bağlı yaşananlar artıq fəallıq üçün əsasdır. Xatırladaq ki, 2021-ci ildə Bakı əsaslı olaraq, bu rusiyalı iş adamını 44 günlük müharibə zamanı Ermənistana silah tədarükündə ittiham etmişdi. Həmin tədarüklə bağlı cinayət işi də açılmışdı. İndi Karapetyanın Ermənistanda mühakimə olunmasından sonra Azərbaycan onun Bakıya təhvil verilməsi üçün sorğu göndərə bilər.
Və sonda…
Dövlət çevrilişinə hazırlıq, ardınca erməni əsilli rusiyalı oliqarxın və digər şəxslərin həbsi yalnız hüquqi hadisə sayıla bilməz. Bu, həm də Ermənistan dünyəvi hakimiyyətlə kilsə arasındakı münaqişənin göstəricisidir. Bu qarşıdurmanın təməlində isə Njde ideologiyasına əsaslanan dövlətin terrorçu mahiyyəti dayanır.
Moskva Karapetyan vasitəsilə onun maraqlarına toxuna biləcək bu böhranı, hələ ki, sadəcə müşahidə edir. Bakı məsafə saxlasa da, onun şübhələri yox olmayıb. Bəlkə də, beynəlxalq axtarışda olan bu cinayətkarın Azərbaycana verilməsi məsələsinə yenidən baxılması yerinə düşər.
«Tashir» şirkətinin rəhbəri Karapetyan isə Paşinyana təzyiqləri artırmaq, milli kimliyin mənəvi simvollarını qorumaq üçün vətəndaşları səfərbər etməyə çalışır. Dini ritorika və iqtisadi mübarizənin birləşməsini nəzərə alsaq, Karapetyan və digərlərinin işi Ermənistanda gələcək güc və təsir balansı üçün əlamətdar hadisəyə çevrilir. Hadisələrin inkişaf davam edərsə, Robert Koçaryanın, Serj Sarqsyanın, hətta bütün ermənilərin katolikosu II Qareginin də cinayət məsuliyyətinə cəlb olunmaları mümkündür.
Bu addımların atılmayacağı təqdirdə Ermənistanda dövlət çevrilişi cəhdləri bitməyəcək.
MƏSLƏHƏT GÖR:



91

