5 Dekabr 2025

Cümə, 10:03

PAŞİYANIN «TÜRK MARŞI»

Ankara ilə İrəvan köhnə münaqişələri çözmədən, sərhədləri tanımadan yeni dialoqa başlayırlar

Müəllif:

01.07.2025

Ermənistanın baş naziri Nikol Paşinyanın Türkiyəyə səfəri istər siyasi dairələrin, istər ekspertlərin, istərsə də jurnalistlərin diqqətini cəlb edən hadisələrdəndir. Hər halda, söhbət aralarında diplomatik münasibətlərin olmadığı iki ölkə tarixində ilk belə səfərdən gedir və üstəlik, səfər son dərəcə dərin intriqalar fonunda baş verir. Nikol Paşinyan İstanbulda olub, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə danışıqlar aparıb, İstanbulun Mavi məscidini ziyarət edib, Erməni Apostol Kilsəsinin kafedralına baş çəkib və nəhayət, yerli ermənilərlə görüşüb. İrəvanla Ankara görüşlər və dialoqun davam etdirilməsi haqda razılığa da gəliblər. Müşahidəçilər və ekspertlər əmindirlər ki, bu iki ölkə arasında «buzun əriməsi», münasibətlərin normallaşması üçün Ermənistan baş nazirinin Türkiyəyə bir səfəri, əlbəttə ki, kifayət deyil. Amma məlum olduğu kimi, ən uzun yollar belə, ilk addımdan başlayır.

Xüsusilə Azərbaycandan kənardakı ekspert dairələrində, adətən, hesab edirlər ki, bu münasibətlərin normallaşmasına əsas maneə Ankara və Bakıdır. Nədənsə normallaşmaya doğru ilk yola İrəvanın çıxmalı olduğunu heç kim dilinə gətirmir. Bu mənada, problem də məhz Ermənistandadır. Daha dəqiq desək, erməni isteblişmentinin ənənəvi istiqamətlərində və bu gün də davam etdirilən davranışında.

 

«Ehtiyatlı nikbinlik»

Bu gün Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşa biləcəyilə bağlı nikbinlik üçün əsas əvvəlki illərlə müqayisədə daha çoxdur. Nə qədər təəccüblü görünsə də, SSRİ-nin dağılmasından sonra Ermənistanın müstəqilliyini tanıyan ilk ölkə Türkiyə olub. O zaman Ankara 15 keçmiş ittifaq ölkəsinin müstəqilliyini eyni vaxtda tanımışdı. Lakin Ermənistanın Azərbaycana qarşı təcavüzü, Azərbaycan torpaqlarını işğal etməsi Ankaranın bu ölkə ilə diplomatik münasibətlər qurmaqdan imtinası ilə nəticələnmişdi. Türkiyə rəhbərliyi bəyan etmişdi ki, İrəvan bu siyasətindən əl çəkməyəcəksə, onların sərhədi bağlı qalacaq. Ermənilər bunu «blokada» kimi qiymətləndirir, eyni zamanda Ankaranı «erməni soyqırımı»nda günahlandırır. Hər bir halda, Türkiyə-Ermənistan sərhədləri hələ də bağlıdır.

Nəhayət, Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsindən sonra Türkiyə ilə Ermənistanın yaxınlaşmasına əsas maneə aradan qalxıb. Bakı da öz növbəsində, bu prosesə regionda ümumi sülh prosesinin bir hissəsi kimi yanaşdığını bildirir. Belə görünür ki, artıq Ankara-İrəvan münasibətlərinin çoxdan gözlənilən normallaşmasına ciddi əngəl yoxdur. Üstəlik, ermənilər anlayırlar ki, bu baş verməzsə, Ermənistanın nəinki inkişafı, ümumiyyətlə dövlət kimi yaşaması mümkünsüz ola bilər.

Rəsmi mətbuat xidmətləri dairələr mütəmadi olaraq Ermənistan və Türkiyə nümayəndələrinin müxtəlif beynəlxalq forumların kluarlarında keçirdikləri görüşlərdən şəkillər yayır. Bu, əlbəttə ki, iki ölkə münasibətlərində ciddi irəliləyişin göstəricisidir. Bundan başqa, Türkiyədə baş vermiş son dağıdıcı zəlzələ zamanı İrəvan oraya xilasedicilər və humanitar yardım belə, göndərib. Bu, ekspertlər tərəfindən vaxtilə yaşanmış «futbol diplomatiyası»na bənzədilərək, «seysmik diplomatiya» adlandırılıb.

Bu gün Nikol Paşinyan Ermənistan-Türkiyə sərhədlərinin açıla biləcəyini nəzərə alaraq, durmadan «sülh qovşağı» haqda danışır. Məlumata görə, artıq iki ölkə arasında sərhəd-keçid məntəqələrinin açılmasına hazırlıq da gedir. Bu, 2010-cu ildəki vəziyyətlə tam ziddiyyət təşkil edir. O vaxt ermənistanlı jurnalistlərdən birinin istehzalı şəkildə dediyi kimi, siyastəçilər bir araya gələrək nikbin bəyanatlar versələr də, köhnəlmiş şlaqbaumların təmiri ilə heç kim məşğul olmurdu.

Bəs bu gün hər şey həqiqətən də bu qədər ümidvericidirmi?

 

Unudulmuş sərhəd

1990-cı illərdə Türkiyə Ermənistanı mövcud sərhədləri çərçivəsində müstəqil dövlət kimi tanısa da, İrəvanın gələcəkdə ona qarşı ərazi iddiaları ilə çıxış edə biləcəyindən narahatlığını ifadə edirdi. Bu narahatlıq heç də əsassız deyildi. Sevr müqaviləsinə əsasən «Qərbi Ermənistan» adlandırılmalı olan «altı vilayət» haqda söz-söhbət, «erməni soyqırımı» tezisi kimi məsələlər erməni ictimaiyyətində aktuallığını itirməyən fikirlər idi.

Ədalət naminə qeyd edilməlidir ki, bu mövzuların aktuallığını qorumasında «aparıcı qüvvə» erməni diasporunun siyasi strukturları olub. Amma Ermənistanın «danışan sinfi» də onlardan geri qalmırdı. Bundan başqa, hələ SSRİ dönəmində İttifaq bu iddialarla açıq həmrəylik göstərməsə də, bu fəaliyyətin qarşısı da alınmırdı. Məsələn, İrəvanda «soyqırımı qurbanları» abidəsi hələ 1960-cı illərin ortalarında ucaldılıb. Elə həmin dövrdən başlayaraq ölkədə hər il  bu münasibətlərlə yürüşlər keçirilib. Halbuki Sovet İttifaqı dövründə arzulanmayan mitinqlər hər zaman amansızlıqla dağıdılıb.

Müstəqillik dövründə Ermənistan Türkiyəyə qarşı açıq ərazi iddiaları ilə çıxış etməyib. Lakin Ağrıdağ (Ararat) hələ də ölkənin gerbində əks olunur, ölkədə «erməni soyqırımı»nı şübhə altına alan istənilən addım isə cinayət sayılır.

Qeyd edək ki, Ermənistanda Türkiyə ilə Bakıdan gizli anlaşmaq, vahid Azərbaycan-Türkiyə cəbhəsini dağıtmaq cəhdlərinə hər zaman rast gəlinib. Amma belə cəhdlər heç vaxt nəticə verməyib. İrəvan ilk belə cəhdi hələ Levon Ter-Petrosyanın dövründə etmişdi. 2010-cu ildə isə eyni şeyə Serj Sarqsyan çalışmışdı. O zaman tərəflər Sürixdə danışıqlar apararaq, ikitərəfli protokol belə, imzalamışdı. Protokolda hər iki ölkənin bölgədə mövcud sərhədləri tanıdığı, mübahisəli tarixi məsələlərin araşdırılması üçün birgə komissiyanın yaradılacağı bildirilirdi. Lakin sonradan Ermənistan Konstitusiya Məhkəməsi İrəvanın «erməni soyqırımı» ilə bağlı mövqeyinin dəyişməz olduğuna, onun araşdırılması ilə bağlı hər hansı komissiyanın yaradılmayacağına qərar verib. Ən əsasın isə İrəvanın «Qərbi Ermənistan» iddialarından imtina etmədiyi məlum olub. Nəticədə, təbii olaraq, Türkiyə həmin protokollardakı imzasını geri çəkib.

Bu gün Ankara ilə İrəvan münasibətlərə «yeni səhifə»dən başlayır. Lakin hələ söhbət əsaslı qərarların qəbulundan deyil, daha çox rəmzi addımlardan gedir. Yəni tərəflər hələ çətin məsələlərin müzakirəsinə başlamayıb, sərhəd məsələsi açıq olaraq qalır. Xatırladaq ki, iki ölkə arasındakı hazırkı sərhəd Moskva və Qars müqavilələri ilə müəyyənləşdirilib. Ermənistan tərəfi isə Sevr müqaviləsinə qayıdılmasından danışır.

Politoloqlar hesab edirlər ki, ABŞ-ni 2000-ci illərin əvvəllərində Ankara ilə İrəvan arasında münasibətlərin normallaşması prosesinə ciddi şəkildə təkan verməyə məhz «sərhəd məsələsi» vadar etmişdi. Belə ki, razılaşdırılmamış istənilən sərhəd silahlı qarşıdurma riski yaradır. Belə bir vəziyyətdə Ermənistanın Türkiyəyə müqavimət göstərmək imkanı sıfıra bərabərdir. Amma İrəvan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT), Türkiyə isə NATO-nun üzvü olduğundan, Birinci Dünya müharibəsi dövründən qalan gərginlik nə vaxtsa qlobal qarşıdurmaya yol aça bilər.

Türkiyə Ermənistanın öz «ölülərini anması»na etiraz etmir, sadəcə, bunun «erməni soyqırımı» kimi təqdim olunması ilə barışmır. Ankara hesab edir ki, Ermənistan «erməni soyqırımı»nın üçüncü ölkələr tərəfindən tanınması prosesindən əl çəkməlidir.

İndi isə bütün bunlara daha bir təhlükəli element – terrora pərəstiş də əlavə olunub. İrəvanda «Nemesis» qruplaşmasının terrorçularına abidə ucaldılmasına, Monte Melkonyan kimi şəxslərin milli qəhrəman səviyyəsinə yüksəldilməsinə Ankaranın reaksiyasız qalacağı inandırıcı deyil.

Bir sözlə, bu problemlər yumağı, hələ ki, qalmaqdadır və hələlik onların həlli prosesinə başlanılmayıb.

 

Paşinyan sülhə hazırdırmı?

2026-cı ildə Ermənistanda parlament seçkisi keçiriləcək və hazırkı hökumət başçısının həmin seçkini qazanması çətin olacaq. Paşinyan xüsusilə uduzduğu iki müharibədən sonra əvvəlki populyarlığını itirib. Bununla yanaşı, onun Ermənistana rəhbərliyi dövründə ölkədə nə iqtisadi, nə də sosial sahədə ciddi nailiyyət qazanılıb. Üstəlik, revanşistlər baş naziri durmadan xəyanətdə ittiham edirlər. Belə bir vəziyyətdə onun yalnız bir yolu var – sülh gündəliyi davam etdirilməli, seçki kampaniyasının başlamasınadək Türkiyə və Azərbaycanla münasibətlərin normallaşmasından minimal da olsa, dividend qazanılmalıdır. Bəs Paşinyan buna hazırdırmı?

Hazırkı baş nazir «sülhməramlı» imicini hələ «kabab inqilabı»ndan dərhal sonra qazanmışdı. Amma 44 günlük müharibə ərəfəsində o, Türkiyə ilə qarşıdurmanı belə, yeni səviyyəyə yüksəltmişdi. Erməni əsilli amerikalı tarixçi və diplomat Jirayr Liparityan BBC-yə verdiyi və səs-küyə səbəb olmuş müsahibəsində bu haqda açıq danışırdı: «…Ermənistan rezidenti və baş naziri bu yay (2020) Sevr müqaviləsinin ildönümü ilə bağlı bəyanatlarla çıxış ediblər ki, bu da Türkiyəyə ərazi iddialarının ifadəsi sayıla bilər».

Bundan başqa, İrəvanda «Nemezis» qruplaşmasının terrorçularına abidə məhz Nikol Paşinyanın baş nazir olduğu dövrdə ucaldılıb.

Əlbəttə, Paşinyan istər özünü, istərsə də digərlərini uduzduğu iki müharibədən sonra «dəyişdiyinə» inandırmağa çalışa bilər. Guya indi o, bütün varlığı ilə sülh istəyir və s. Lakin nəzərə alınmalıdır ki, o, indiyədək dəfələrlə ümidverici jestlərlə sülhpərvər görüntüsü yaratsa da, vəziyyəti kökündən dəyişə biləcək heç bir qərar qəbul etməyib. Bunu 44 günlük müharibə zamanı qoşunların işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması məsələsində də görmüşük. Eyni şeyi Azərbaycanla sülh müqaviləsinin imzalanması məsələsinə də aid etmək olar. Odur ki, Türkiyə ilə münasibətlərin normallaşdırılması prosesinin də sonda «yerində sayacağı» istisna deyil. Bu, Paşinyanın siyasətinin özünəməxsus xüsusiyyətinə çevrilməkdədir.



MƏSLƏHƏT GÖR:

87